Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra qarşıya qoyulan prioritet vəzifələrdən biri də Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını təmin etmək, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələri möhkəmləndirmək və həmin qurumların fəal üzvünə çevrilmək idi. Söz yox ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirirdi. Ancaq həmin dövrdə ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi qonşu dövlətlərlə münasibətləri getdikcə gərginləşdirir, respublikanı beynəlxalq aləmdən təcrid edirdi. Lakin, ümummilli liderin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycan dövlətçiliyini möhkəmləndirməyə, inkişaf etdirməyə, milli mənafeləri qorumağa yönəlmişdir. Həmin dövrdən başlayaraq, ölkəmizin xarici siyasəti beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurulub.
Dünyada baş verən qloballaşma, demokratikləşmə və beynəlxalq aləmə inteqrasiya fonunda öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan kimi dövlətin müstəqil xarici siyasət kursunun müəyyən edilməsində beynəlxalq təşkilatlarla əməkdaşlıq və nüfuzlu qurumların üzvü olmaq zəruri məsələlərdən idi. Buna görə də ilk növbədə respublikamızın müstəqil bir dövlət kimi gələcək dünya nizamında yeri, daxili və xarici siyasətinin xarakteri və prioritetləri müəyyən edilməli idi. Bütün bunlar ulu öndərin siyasi uzaqgörənliyi sayəsində öz həllini yüksək səviyyədə tapdı.
Hazırda Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi əsası ulu öndər tərəfindən qoyulmuş siyasi kursun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsinin nəticəsidir. Hələ 2003- cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyev vəd etmişdi ki, əgər xalq ona etimad göstərərsə, ulu öndər Heydər Əliyev siyasətini davam etdirəcək. Dövlətimizin başçısı aprelin 18-dəki andiçmə mərasimində də bu məsələni xüsusi vurğuladı: “Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Müstəqillik yolunda inamla irəliləyən Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı dövlət siyasətinin prioritetinə çevirdi və Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və digər təşkilatlarla əməkdaşlığı genişləndirərək həmin qurumların üzvü oldu. Ölkəmiz, həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də antiterror koalisiyası tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Qürurverici haldır ki, Azərbaycan həm də GUAM-ın təsisçilərindən biridir. Dövlətimiz bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə öz milli maraqlarını gerçəkləşdirir. Düşünülmüş siyasi kursun nəticəsidir ki, hazırda Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Eyni zamanda, Qərb və Şərq sivilizasiyaları, habelə, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoyub. Azərbaycanın beynəlxalq aləmdə qazandığı nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi məntiqli diplomatik fəaliyyətin nəticəsi olduğu hər kəsə bəllidir.
Son 15 ildə həyata keçirilən xarici siyasət ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırdı, respublikamızın beynəlxalq aləmdəki reytinqi yüksəldi və Azərbaycan dünyanın inkişaf etmiş demokratik dövlətləri sırasına qoşuldu. Dövlətimizin başçısı andiçmə mərasimindəki nitqində bu reallıqları bir daha diqqətə çatdırdı: “Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir”.
Bu illər ərzində qonşu dövlətlərlə əməkdaşlıq daha da yaxşılaşdırılmış, ikitərəfli münasibətlər yüksək səviyyəyə çatmışdır. Azərbaycan bütün məsələlərdə konstruktivlik nümayiş etdirərək, sülh, əmin-amanlıq tərəfdarı olduğunu nümayiş etdirib. Respublikamızın təşəbbüsü ilə çoxtərəfli əməkdaşlıq üçün əlverişli mühit yaradılıb. Bu əməkdaşlıqda ölkəmiz, eləcə də, bütün qonşu dövlətlər üçün çox önəmli məsələlər müzakirə edilmiş və öz həllini tapmışdır. Ən əsası isə, qonşularla isti münasibətlərin qurulması regional sabitliyə, təhlükəsizliyə də müsbət təsirini göstərir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Bundan yetərincə yararlanaraq, qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edir, beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini daha da möhkəmləndirir.
Ölkəmizin beynəlxalq miqyasda etibarlı tərəfdaş olması, 26 illik müstəqillik tarixində dünyada hörmət qazanması və nüfuzlu beynəlxalq təşkilatların layiqli üzvünə çevrilməsi dövlət başçısının düşünülmüş strategiyasının məntiqi nəticəsidir. Azərbaycan, hətta, üzv olmadığı, amma, müvafiq mexanizmlərlə əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla –Avropa İttifaqı, NATO, Körfəz Əməkdaşlıq Şurası, Ərəb Dövlətləri Liqası, Şanxay Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı və digər qurumlarla da əlaqələrini daim inkişaf etdirməyi prioritet vəzifə kimi qarşıya qoyub.
Azərbaycan Prezidenti andiçmə mərasimindəki nitqində bundan sonra da beynəlxalq təşkilatlarla əlaqələrin sıx olacağını, əməkdaşlığın daha da genişləndiriləcəyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, ötən illərdə olduğu kimi, bundan sonra da bu istiqamətdə fəaliyyətimizi gücləndirəcəyik. Dövlət başçısı beynəlxalq təşkilatların Azərbaycanı dəstəklədiyini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ölkəmizin ədalətli mövqeyinin müdafiə olunduğunu bildirmişdir: “Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək, çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır”.
Son hadisələr də təsdiqləyir ki, ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişdir. Uğurlu xarici siyasət sayəsində artıq Ermənistanın işğalçı siyasəti beynəlxalq aləmdə də ifşa olunub. İşğalçı dövlətin bu gün bütün regional layihələrdən təcrid edilməsi bu ölkədə iqtisadi və siyasi vəziyyəti tamamilə gərginləşdirib. Son günlər işğalçı ölkədə baş verən hadisələr, qarşıdurmalar, hakimiyyət böhranı Ermənistanın müstəqil siyasət yeridə bilməməsindən, kimlərdənsə asılı vəziyyətdə olmasından və iqtisadiyyatının tamamilə çökməsindən xəbər verir. Əli həm öz əhalisinin, həm də günahsız azərbaycanlıların qanına batmış qatil Serj Sarkisyan hakimiyyəti xalqın qəzəbinə davam gətirə bilmədi və artıq siyasi səhnədən silindi. İndi işğalçı ölkənin gələcək taleyi hələ də qaranlıqdır. Münaqişənin həlli üçün əsas hüquqi baza olan nüfuzlu beynəlxalq qurumların qətnamələrinə, həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edən bir dövlətin və onun cinayətkar başçısının aqibəti belə də olmalı idi.
Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır: “Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir”.
Əminliklə demək olar ki, Azərbaycan bundan sonra da bütün sahələr üzrə inkişafını davam etdirəcək. Çünki ölkəmiz müstəqil siyasət yeridir, heç bir dövlətdən asılı deyil və kimsənin də diktəsi ilə hərəkət etmir. Ən əsası isə ölkədə “xalq-iqtidar” birliyi var. Məhz buna görə də xalqımız gələcəyə çox böyük nikbinliklə baxır.
Kamil SEYİDOV,
Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.