XX əsrdə dünya siyasəti tarixinə özünəməxsus parlaq səhifələr yazmış görkəmli dövlət xadimlərindən, məşhur siyasətçilərdən və nadir tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev olmuşdur. Adı qızıl hərflərlə tariximizə həkk olunmuş Heydər Əliyev dünya tarixində böyük rol oynamış və silinməz izlər qoymuş, təkcə öz xalqının və dövlətinin yox, bütövlükdə dünya xalqlarının taleyinə həlledici təsir göstərmiş böyük şəxsiyyətlərdən biridir.
Liderlər lideri
Heydər Əliyevin həyatı Azərbaycanın respublikaçılıq tarixinin yarıdan çoxunu əhatə edir. Azərbaycanın son 50 illik tarixinin hər bir səhifəsi Heydər Əliyevin fəaliyyəti ilə bağlıdır. Onun 1969-cu ilin 14 iyulunda Azərbaycan rəhbəri seçilməsindən sonra göstərdiyi titanik fəaliyyət Vətənimizin inkişafına, onun çiçəklənməsinə, dünya dövlətləri cərgəsində öz layiqli yerini tutmasına xidmət etmişdir.
Ulu öndəri təkcə Azərbaycan xalqı yox, bütün türk və müsəlman dünyası sevir və onunla fəxr edirdi. Fəqət, təkcə türk və müsəlman dünyasımı? Sovetlər Birliyi tərkibində olduğumuz dövrdə bütün SSRİ xalqları onun şəxsində öz gələcək dövlət başçısını və liderini görürdü. Amerika Birləşmiş Ştatlarında onu Corc Vaşinqtonla, Yaponiyada bu dövlətin qurucusu olan Siyaqunla, Almaniyada Konrad Adenauerlə, Fransada Şarl de Qolla, Böyük Britaniyada Uinston Çörçillə müqayisə edirdilər. Kiminlə, hansı tarixi şəxsiyyətlə müqayisə olunmasına baxmayaraq Heydər Əliyev bənzərsiz idi. Bəs onun bənzərsizliyi nədədir? Heydər Əliyev konkret olaraq bir siyasi sistemə sığışmayan lider idi. O, Sovet İttifaqı dövründə marksizm-leninizm ideologiyasının təsiri altında böyüyüb, sovet sisteminin qanun-qaydaları çərçivəsində işləyərək, bu ideyalara inanaraq və sədaqətlə xidmət edərək SSRİ –nin ən yüksək partiya və dövlət vəzifələrinə qədər yüksəldi. O, həmin sistemin müsbət cəhətlərindən Azərbaycan dövlətinin inkişafı, xalqımızın milli-mənəvi dəyərlərinin dünyada tanınması və təbliği naminə istifadə edə bildi. O, Azərbaycan xalqının keçmiş SSRİ məkanında mədəni, əməksevər, qonaqpərvər, dünya şöhrətli şair və yazıçılar, alimlər, bəstəkarlar, müğənnilər, dövlət xadimləri və başqa sahələrdə istedadlı şəxsiyyətlər yetirmiş, qədim tarixi, zəngin mədəni irsi: musiqisi, incəsənəti, ədəbiyyatı və s. olan bir millət olduğunu sübut etmişdir.
Lakin Heydər Əliyev Sovet ideologiyasının başında duran M.S.Qorbaçov başda olmaqla o vaxtkı rejimin əsirinə çevrilmədi. O, kommunist ideologiyasının hər bir müddəasını öz zəngin və əzəmətli təfəkkür süzgəcindən keçirir, onları praktikada yoxlayır, elmi-siyasi baxımdan düzgün olanları saxlayır, onların yaxşı cəhətlərini götürüb dövlət və xalq naminə istifadə edir, pis tərəflərini isə atırdı. Bəzi sovet liderləri kimi o, öz dilini, dinini, milli mənsubiyyətini unudan, milli – mənəvi dəyərlərdən uzaq düşən kosmopolit siyasətçilərdən və dövlət xadimlərindən olmadı. Ona görə ki, Heydər Əliyev bir siyasi lider və tarixi şəxsiyyət kimi milli-mənəvi köklərə bağlı olan, milli ideyalara və bəşəri dəyərlərə söykənərək öz siyasi təlimini yaradan, həmin ideologiya ilə milyonları öz ardınca apara bilən dühalardan idi.
Ona görə də SSRİ-nin son rəhbəri M.S.Qorbaçovun və onun yaxın ətrafının yeritdiyi dağıdıcı, səriştəsiz, mücərrəd “yenidənqurma” siyasəti nəticəsində keçmiş SSRİ məkanında siyasi, iqtisadi və mənəvi böhran yarananda bu siyasətə qarşı ilk çıxanlardan biri məhz Heydər Əliyev oldu. 1985-ci ildən sonra Sovet rəhbərliyi tərəfindən antimüsəlman və ermənipərəst mövqe tutularaq Azərbaycan, Özbəkistan, Qazaxıstan və digər türk və müsəlman respublikalarına qarşı ədalətsiz qərarlar qəbul ediləndə də ilk olaraq məhz o, Siyasi Büro üzvü kimi öz etiraz səsini qaldırdı. Heydər Əliyev SSRİ-nin dağılması prosesinin başlanması nəticəsində tarixi zərurət yarananda, həmin siyasi təlim və ideyalardan vaxtında uzaqlaşa bildi. O vaxtkı Sov.İKP MK və Siyasi Büro üzvlərini və rəhbər vəzifə tutmuş tarixi şəxsiyyətlərin hər birinin tərcümeyi-halını götürüb təhlil etsək, onların həmin siyasi sistemin və mövcud konkret tarixi dövrün qəhrəmanı, lideri olduğunun şahidi olarıq. Lenin, Stalin XX əsrin əvvəllərində inqilab edərək yeni dövlət quran inqilabçı liderlər idilər. N.S.Xruşşov, L.İ.Brejnev, Y.V.Andropov, M.S.Qorbaçov isə SSRİ-ni dinc dövrlərdə idarə edən rəhbərlər idi. Yalnız mənsub olduqları mövcud siyasi sistemin, ideologiyanın və şəraitin qəhrəmanı olan bu liderlərin bəziləri inqilabçı, bəziləri islahatçı-reformator, bəziləri konservator, bəziləri də diktator kimi tarixdə qaldılar. Amma Heydər Əliyevdə bu liderlərdən heç birinə bənzəməyən xüsusiyyətlər var. Onun özünəməxsusluğu, bənzərsizliyi ondan ibarətdir ki, tarixi şəxsiyyət kimi, həm sovet dövrünün, həm də müasir dövrümüzün lideri və qəhrəmanı olub.
Necə olub ki, iki müxtəlif ictimai-siyasi quruluşda, müxtəlif baxışların hökmran olduğu dövrdə o, eyni məharət və bacarıqla, sevgi və istəklə öz xalqına və dövlətinə rəhbərlik edib, eləcə də bütün dünya liderləri və xalqları tərəfindən eyni dərəcədə qəbul olunub, sevilib və rəğbətlə qarşılanıb? Bunun əsas səbəbi bir siyasi lider kimi Heydər Əliyevi xarakterizə edən əsas xüsusiyyətlərdə özünü göstərir: Heydər Əliyev dünyagörüşü baxımından azərbaycançılıq ideologiyasına, İslam dininə, milli-mənəvi dəyərlərə bağlı, inamlı, təmiz əxlaqlı, vicdanlı, demokratik düşüncəli bir tarixi şəxsiyyət; sadə insanların hüquqlarının qorunması uğrunda barışmaz və ardıcıl mübarizə aparan demokrat; dövrünün görkəmli maarifçi filosofu; realist, praqmatik reformator, güclü dövlətçi, qeyri-adi təşkilatçılıq bacarığına, idarəçilik məharətinə malik bir dövlət rəhbəri; dünyada sülh, demokratiya və haqq-ədalət, ümumbəşəri, multikulturalizm ideyalarının daşıyıcısı olan, onları yorulmadan təbliğ edən, başqa millətlərə və dinlərə qarşı həqiqi tolerant olan beynəlmiləlçi idi.
Tədqiqatçılar Heydər Əliyevi bir siyasətçi, dövlət xadimi olaraq xarakterizə edərkən onun özünəməxsus lider kimi əsas xüsusiyyətlərindən, əbədiyaşar, ölməz ideyalarının müasir dövrə tətbiqinin vacibliyindən, qurub-yaratmaq bacarığından, dövlətçilik və idarəetmə təcrübəsindən, elmi-nəzəri, fəlsəfi baxışlarından nə qədər bəhs etsələr də yenə azdır və bu mövzu daim aktual olaraq qalacaqdır. Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı, xilaskarı və qurucusudur.
Heydər Əliyev məktəbi
Bir sıra görkəmli dövlət xadimləri, alimlər, tarixçilər, filosoflar, jurnalistlər, politoloqlar və başqaları Heydər Əliyev ideyalarının və siyasi kursunun əsas müddəalarını, prinsip və xüsusiyyətlərini müxtəlif aspektdən işıqlandıran xeyli sayda sanballı əsər yazmışlar. Onlar Heydər Əliyev siyasi idarəetmə məktəbinin, iqtisadi idarəetmə məktəbinin, elmi-fəlsəfi məktəbinin mövcudluğundan bəhs etmişlər. Lakin bütöv halda “Heydər Əliyevçilik” siyasi kursunun konkret olaraq nədən ibarət olduğunu dürüst şəkildə, elmi sistem halında təhlil edib, indiyə qədər yazılmış məqalələri təhlil edərək bir kitab halında yazıb ortaya qoyan bir akademiyaya hələ də ehtiyac var. Bir müəllifin görə bilməyəcəyi bu işi kollektiv şəkildə həyata keçirmək daha məqsədəmüvafiq olardı.
Bəs nədir “Heydər Əliyevçilik” siyasi kursu və dövlət idarəçiliyi məktəbi?
Bir dövlət xadimi kimi Heydər Əliyevin Azərbaycan dövlətinə istər sovet dövründə, istərsə də müstəqillik dövründə rəhbərlik etdiyi zaman söylədiyi fikirlər, müxtəlif yığıncaqlarda etdiyi nitqlər və məruzələr, verdiyi bəyanatlar “Heydər Əliyev siyasi kursu”nun əsas prinsip və xüsusiyyətlərini özündə əks etdirir. Bizim vəzifəmiz onları ardıcıl şəkildə oxumaqdan, sistemləşdirib vahid nəzəri sistem halında gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Əgər biz bu tarixi şəxsiyyətin yetirmələri və davamçıları olaraq, həmin məktəbin əbədiyaşar olmasını istəyiriksə, bunu etməliyik. Ona görə etməliyik ki, müstəqil Azərbaycanın qurulmasının və inkişafının elmi-nəzəri bazasının hansı prinsiplərə söykəndiyini gələcək nəsillər asanlıqla dərk edə bilsinlər.
Heydər Əliyevçilik – müstəqil, azad və müasir Azərbaycan dövlətini qurmaq, inkişaf etdirmək və əbədiləşdirmək üçün Azərbaycan xalqının milli-mənəvi potensialından, onun tarixi təcrübəsindən qaynaqlanan, milli dövlətçilik ənənələrini real şəkildə dirçəldən və gerçəkləşdirən, ona əbədiyyət qazandıran, müasir və qabaqcıl dövlətlərin təcrübəsindən və bəşər sivilizasiyasının nailiyyətlərindən istifadə edərək demokratik islahatlar və təkamül yolu ilə Azərbaycan xalqını və dövlətini daim müasirləşdirən və yeniləşdirən, bütün dünya azərbaycanlılarını vahid bir ideya ətrafında birləşdirən, sosial-ədalət və humanizm prinsiplərinə söykənərək dövlət daxilində ümummilli-mənəvi birliyə və sosial-iqtisadi rifaha doğru aparan, dünyanın bütün xalq və millətləri ilə sülh və əmin-amanlıq şəraitində yaşamağa önəm verən mükəmməl fəlsəfi- siyasi, milli-mənəvi və dövlət idarəçiliyinə aid zəngin və zəruri baxışlar sistemidir. Bu siyasi idarəetmə məktəbinin əsas prinsip və xüsusiyyətləri, zənnimizcə, aşağıdakılardan ibarətdir:
1. Milli dövlətçilik, qanunçuluq və demokratiya.
2. İslahatçılıq.
3. Azərbaycançılığa və milli-mənəvi dəyərlərə bağlılıq.
4. Sosial ədalət və humanizm.
5. Beynəlmiləlçilik və bəşərilik.
Birinci prinsip haqqında danışarkən, ilk növbədə, ümummilli liderin belə bir fikrini yada salmaq istərdim: “Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir. Böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da böyük xoşbəxtlikdir”. Azərbaycan xalqı bu gün o xöşbəxtliyi yaşayır. Lakin bu xoşbəxtlik xalqımıza elə-belə, asan başa gəlməyib. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın azadlıq uğrunda apardığı qanlı mübarizənin, əzmkarlığının, döyüşkənliyinin və son anda müdrik seçimi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə dəvət etməsi sayəsində əldə olunub. 1993-cü ilin 15 iyununda Azərbaycan Respublikası parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı zaman xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdarkən ulu öndər bəyan etdi: “Mən ömrümün bundan sonra qalan hissəsini də Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.
Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində qısa zaman kəsiyində 1988-92-ci illərdə ölkəmiz düşdüyü xaosdan, vətəndaş müharibəsi təhlükəsindən, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin qətiyyəti və dövlətçilik əzmi sayəsində 1993-cü ilin iyununda Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında başlanmış etiraz aksiyaları dinc yolla, qansız-qadasız aradan qaldırıldı və ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. 1993-cü ilin sentyabrında Lənkəranda Əlikram Hümbətovun rəhbərliyi altında başlanmış separatçı “Talış-Muğan Respublikası”nın varlığına ulu öndərin cəsarəti və qətiyyəti sayəsində son qoyuldu, Simalda bədnam “Sadval” separatçı hərəkatı darmadağın edildi və beləliklə də, ölkəmizin bir neçə yerə parçalanmasının qarşısı alındı. 1994-cü ilin oktyabrında yenə ovaxtkı baş nazir Surət Hüseynovun rəhbərliyi altında planlaşdırılan dövlət çevrilişi cəhdinin, 1995-ci il 13-17 mart tarixlərində baş qaldıran Rövşən və Mahir Cavadov qardaşlarının dövlətçilik əleyhinə başladıqları qiyam cəhdlərinin qarşısı məhz onun cəsarəti, qətiyyəti və müdrik idarəetmə təcrübəsi sayəsində məharətlə alındı. Bununla da Azərbaycanı müxtəlif hissələrə parçalamaq, müstəqilliyinə son qoymaq, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyən daxili və xarici qüvvələrin bədnam niyyətləri puç oldu. Ulu öndər xalqın vətənpərvər, qeyrətli nümayəndələrinə: sadə insanlara, gənclərə, ziyalılara arxalanaraq müstəqilliyimizi xilas etdi. O demişdir: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Ulu öndər öz çıxışlarında vurğulayırdı ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Azərbaycan dövlətçiliyi qanunçuluğun möhkəmləndirilməsi və hüquqi demokratik islahatların həyata keçirilməsi yolu ilə möhkəmlənməli və tədrici demokratik islahatlar yolu ilə inkişaf etməlidir.
Ulu öndərin söylədiyi bir fikir “Yaxşı hökumət o deyil ki, xalqını xoşbəxt görmək istəyir, yaxşı hökumət o hökumətdir ki, bunu hansı vasitələrlə etməyi bacarır.”– fikri hakimiyyətin fəaliyyətində əsas tezis, şüar kimi götürülməlidir. Bu fikri analoji olaraq XX əsrdə Azərbaycana rəhbərlik etmiş dövlət xadimlərinə də şamil etmək olar. Yaxşı dövlət başçısı o şəxs deyil ki, Azərbaycanı müstəqil, azad, demokratik və xoşbəxt görmək istəyir. O şəxsiyyətdir ki, bu məqsədlərə hansı vasitələrlə çatmağı, onu reallığa çevirməyi bacarır.
Azərbaycan Prezidenti Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət və ölməz ideyaları Azərbaycanı işığa boyadı, “Əsrin müqaviləsi”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, “Bakı-Tbilisi-Qars” və s. kimi layihələr isə bütün dünyanı heyran etdi.
Qanunçuluq prinsipi dövlətçiliklə sıx bağlıdır. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldiyi ərəfədə Azərbaycanda tam xaos, anarxiya hökm sürürdü və qanunçuluq barədə danışmaq belə mümkün deyildi. Ulu öndərin hakimiyyətə qayıdışı nəticəsində ölkədə qanunsuz əlisilahlı dəstələr dərhal tərk-silah olundu. Ölkədə möhkəm ictimai-siyasi sabitlik bərqərar oldu və real dövlət quruculuğu prosesi başlandı.1995-ci il noyabrın 12-də keçirilən parlament seçkiləri, ümumxalq səsverməsi ilə qəbul olunan yeni Konstitusiya, 1994-cü il 9 avqust tarixli “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında “Azərbaycan Respublikası Prezidentinin fərmanı,1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmünün ləğvi haqqında fərman, 1998-ci ildə Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, 1998-ci il iyunun 18-də “Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” və s. kimi tarixi əhəmiyyətli sənədlər məhz ümummilli liderin zəkası və müdrik rəhbərliyi sayəsində qəbul edilmiş və bununla da ölkəmizdə hüquqi dövlət quruculuğunun möhkəm bünövrəsi qoyulmuşdur.
Heydər Əliyevin siyasi lider kimi özünəməxsus xüsusiyyətlərindən biri də onun dinc dövrdə, seçkilər yolu ilə hakimiyyətə gəlib dövləti məharətlə idarə edən, lakin ekstremal şəraitlərdə və böhran dövründə öz xalqının qabağında gedə bilməyən keçmiş sovet rəhbərlərindən fərqli bir lider olmasıdır. Belə ki, Heydər Əliyev Azərbaycanı tərk edib Moskvada SSRİ rəhbərliyinə – Sov. İKP MK Siyasi Bürosunun üzvü seçilməsindən və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olunmasından sonra da bir an belə olsa, Azərbaycanla əlaqəsini kəsmirdi. O vaxtlar Moskvada və SSRİ-nin başqa yerlərində tez-tez Azərbaycan mədəniyyət günləri keçirilir, Mərkəzi telekanallarda, teatr səhnələrində Azərbaycanın ictimai-siyasi həyatı, “Koroğlu”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Min bir gecə” və s. kimi filmləri, opera, balet əsərləri, musiqisi nümayiş etdirilirdi.
Ulu öndər Heydər Əliyev SSRİ-yə başçılıq edə biləcək ən real və perspektivli rəhbərlərdən biri idi. Lakin Sovet rəhbərliyində təmsil olunan bəzi millətçi və şovinist əhval-ruhiyyəli siyasətçilər tərəfindən müsəlman və türk mənşəli olduğuna görə ona imkan verilmədi. 1987-ci il oktyabrın 21-də Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək istəyən SSRİ rəhbəri M.S.Qorbaçov ilk öncə yolu üzərindən bu məqsədinə mane ola biləcək yeganə qüvvəni – Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırdı. Bundan az sonra Dağlıq Qarabağ məsələsi ortaya atıldı və Azərbaycan torpaqlarının işğalına start verildi. Bununla əlaqədar olaraq, Azərbaycanda kortəbii xalq hərəkatı başlandı. Bu hərəkat başlayarkən Azərbaycan xalqının lideri Heydər Əliyev Ümumittifaq əhəmiyyətli fəxri təqaüddə olsa da, Moskvada onun rəqibləri deyirdi ki, bütün bu xalq hərəkatının arxasında Heydər Əliyev durur. Ona görə də M.S.Qorbaçov öz yaxın ətrafının və Azərbaycanın yerli rəhbərləri olan Ə.Vəzirov, A.Mütəllibov, V.Hüseynov və başqalarının köməyi ilə var-gücünü “Əliyevçilik”lə mübarizəyə sərf edirdi.
Sovet rəhbərliyi və onların Azərbaycandakı əlaltıları xalqımızın gözünü qorxutmaq və genişlənməkdə olan xalq hərakatını yatırmaq məqsədi ilə 1990-cı ildə 20 Yanvar faciəsini törətdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə erməni millətçiləri tərəfindən XX əsrin ən böyük və dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı törədildi. Lakin ovaxtkı Sovet rəhbərliyi və erməni millətçiləri torpaqlarımızın bir hissəsini işğal etsələr də, neçə-neçə digər faciələr törətsələr də, bir milyondan çox əhalimizi qaçqın və köçkün gününə salsalar da, öz məqsədlərinə nail ola bilmədilər. Onlar Azərbaycan xalqının iradəsinə qalib gəlməyi sadəcə bacarmadılar. Ona görə ki, Moskvanın planlarına qarşı çıxa biləcək güclü xalq hərəkatı və bu hərəkatın Heydər Əliyev tərəfindən vaxtilə müxtəlif peşə sahələrində yetişdirilmiş fəal nümayəndələri var idi.
1990-cı ilin Yanvar hadisələri zamanı Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Sovet rəhbərliyini, onların Azərbaycanda müxtəlif vəzifələrdə olan yerli əlaltıları ilə birlikdə Azərbaycan xalqına qarşı faciə törətməsi haqqında bəyanat verdi və onları siyasi və hüquqi cəhətdən cinayət törətməkdə ittiham etdi.
Daha sonra Heydər Əliyev Azərbaycana – anadan olduğu doğma Vətəninin ayrılmaz bir parçası olan Naxçıvana gəldi. Beləliklə, 1990-cı il iyunun 18-də Heydər Əliyevin Azərbaycana qayıtması, daha sonra Naxçıvana getməsi, Sovet İttifaqı Kommunist Partiyası üzvlüyündən bəyanatla çıxaraq orada Naxçıvan MR Ali Məclisinin və Azərbaycan Ali Sovetinin deputatı və 1991-ci il sentyabrın 9-da Naxçıvan Ali Məclisinin sədri seçilməsi ilə Azərbaycanda 1988-ci ildə başlanmış kortəbii xalq hərəkatı 1991-ci ildən başlayaraq ardıcıl, müntəzəm və planlı milli azadlıq hərəkatı mərhələsinə qədəm qoydu. Heydər Əliyev Vətəni darda olan vaxt ölkəyə qayıtdı və o zaman yenicə vüsət alan xalq hərəkatına qoşuldu. Artıq qısa müddət keçəndən sonra bu hərəkatın lideri Azərbaycan xalqının vətənpərvər oğlu və əvəzolunmaz rəhbəri Heydər Əliyev idi.
Həmin vaxt Azərbaycanın paytaxtı Bakıda hakimiyyət uğrunda amansız mübarizə gedirdi, moskvapərəst A.Mütəllibov müstəqillik haqqında qətiyyən düşünmürdü. O, ölkəni faciələrlə, vətəndaş müharibəsi ilə üz-üzə qoyub Moskvaya qaçdı. Daha sonra Azərbaycanın müstəqilliyinə tərəfdar olan, lakin bu müstəqilliyi əldə etməyin və qoruyub-saxlamağın üsul və vasitələrini bilməyən, hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin qarşısında aciz qalan Azərbaycan Xalq Cəbhəsinin sədri, xalq hərəkatının liderlərindən olan Əbülfəz Elçibəy də Azərbaycanın suverenliyini təmin edə bilmədi. Sonda o da öz vəzifəsini qoyub anadan olduğu Kələki kəndinə getməyə məcbur oldu.
Bu sözləri yazmaqda məqsəd Azərbaycanda “xalq hərəkatı”, “milli azadlıq hərəkatı” ifadələrini tez-tez dillərində əzbər edən, özlərini isə bu hərəkatın fəal iştirakçıları və rəhbərləri hesab edən, SSRİ-nin guya onlar tərəfindən dağıdıldığını və Azərbaycanın müstəqillik qazanmasını öz adlarına çıxan bəzi müxalifət nümayəndələrinə onu xatırlatmaqdır ki, onların özlərini lider adlandırması ilə xalqın əsl lider kimi qəbul etdiyi və tanıdığı şəxsiyyət arasında böyük fərq var. 1988-ci ildə başlanan xalq hərakatının da, 1990-cı il 20 Yanvardan etibarən başlanan milli azadlıq hərəkatının da əsl və həqiqi lideri Heydər Əliyev olmuşdur.
Heydər Əliyev dərin düşüncəyə söykənən müdrik fəaliyyəti ilə addım-addım, nəzərə çarpmadan Azərbaycanı milli müstəqilliyə doğru aparıb. SSRİ dağıldıqdan sonra isə yaranmış tarixi şəraiti nəzərə alaraq, müstəqillik bayrağını məhz özü ilk dəfə olaraq qaldırıb.
Heydər Əliyev öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və bu müstəqilliyin əldə edilməsində hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Bu səmimi sözlərin doğruluğunu qəbul etməklə bərabər, onu deməliyik ki, Azərbaycanın müstəqilliyinin qazanılması və qorunub-saxlanması uğrunda mübarizənin rəhbəri və bayraqdarı elə məhz Heydər Əliyevdir.
Ötən əsrin siyasi proseslərindən çıxarmalı olduğumuz ən əsas ibrət dərsi odur ki, dəfələrlə müstəqillik qazansaq da, onu qoruyub saxlaya bilməmişik. Mən bir daha ulu öndər Heydər Əliyevin belə bir fikrini vurğulamaq istəyirəm ki, Azərbaycanın müstəqilliyinin qorunub-saxlanması onun əldə edilməsindən çox-çox çətindir. Heydər Əliyev həm müstəqilliyimizin qazanılmasında, həm qurulmasında, həm də onun qorunub-saxlanılaraq möhkəmləndirilməsində əvəzsiz rol oynamış dövlət xadimidir.
Heydər Əliyev Azərbaycan xalqına xas olan mənəvi dəyərləri daim yüksək qiymətləndirmiş və onları bütün dünyaya tanıtmışdır. “Xalqımız nikbindir, başını heç vaxt aşağı tutmayıb, sınmayıb, əyilməyib, heç vaxt diz çökməyib”, – deyən ulu öndərin gücünün, qüdrətinin mənbəyi də məhz elə öz xalqı olub. Heydər Əliyev heç bir zaman öz xalqına kütlə və yaxud “obıvatel” kimi yanaşmayıb. Əksinə, o, həmişə öz xalqının milli qürurunu uca tutub və “xalqımız qəhrəman xalqdır”, – deyib. O, öz millətinə və xalqına inandığı kimi, Azərbaycan xalqı da məhz ona inanıb, ona etimad göstərib və bütün taleyini ona etibar edib.
Böyük siyasətin uğurlu davamı
Bu gün müasir Azərbaycan dövlətçiliyini möhkəmləndirən, onu güclü edən iki mühüm əhəmiyyətli faktor var: Heydər Əliyev ideyaları və xalq-iqtidar birliyi. Əbədiyaşar Heydər Əliyev ideyaları və bu ideyaların və siyasi kursun ən layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında iqtidarla xalqın birliyi, həmrəyliyi ölkəmizdə möhkəm ictimai-siyasi sabitliyin qorunub saxlanmasının, milli həmrəyliyin və sosial-iqtisadi inkişafın təminatıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il mayın 26-da “Buta” sarayında 28 May – Respublika Günü münasibəti ilə keçirilən rəsmi qəbulda etdiyi nitqində demişdir:
“Sabitliyin əsl mahiyyəti ondadır ki, xalq dövlət siyasətini dəstəkləsin, xalq vəziyyətlə razı olsun, xalq inkişafla qürur duysun. Biz, bax bu sabitliyi yaratmışıq və Azərbaycanda möhkəm sürən sabitliyin təməlində bu amillər dayanır: xalq-iqtidar birliyi, bizim siyasətimiz və əldə edilmiş uğurlar. Ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan çoxşaxəli şəkildə inkişaf edir və bütün istiqamətlərdə böyük uğurlar qazanıb”. (Bax: “Xalq qəzeti”, 27 may 2017-ci il, №113, səh.2.).
Son 20 il müddətində Azərbaycan iqtisadiyyatına 200 milyard dollardan artıq investisiya qoyulmuş, böyük infrastruktur layihələri həyata keçirilmişdir. Yeni-yeni yollar, körpülər, binalar, yaşayış massivləri, aeroportlar, limanlar tikilmiş, müasir Azərbaycanın siması tamamilə dəyişmişdir. Azərbaycanın valyuta ehtiyatları 2010-cu ildə 28 milyard ABŞ dollarından 2017-ci ilin ortalarına 40,6 milyard dollara, ÜDM 2010-cu ildə 40 milyard dollardan 60 milyard dollara, dövlət büdcəsi 2010-cu ildə 15 milyard dollardan 2014-cü ildə 25 milyard dollara çatmışdır. 2014-cü ildən sonra baş verən iqtisadi böhran nəticəsində bu rəqəmlərdə bir qədər azalma baş vermişdir.
Azərbaycanda son 15 ildə 20-dən çox elektrik stansiyası tikilmişdir. 2004-cü ildən 2017-ci ilədək 11 min kilometr yeni yollar çəkilmişdir. Sosial siyasət sahəsində son illərdə 600-dən artıq xəstəxananın, 3 mindən artıq orta məktəbin tikilməsi və ya təmir edilməsi nəticəsində əhaliyə göstərilən tibbi xidmətin, təhsilin səviyyəsi xeyli yüksəlmişdir. 2016-cı ildə 5 milyondan artıq Azərbaycan vətəndaşı pulsuz tibbi müayinədən keçmişdir. Məcburi köçkünlər üçün son illər ərzində 100-ə yaxın qəsəbə salınıb.
Bu gün ən qabaqcıl texnologiyaya, silahlara, yüksək vətənpərvərlik ruhuna malik olan, istənilən vəzifəni layiqincə yerinə yetirməyə və işğal altındakı torpaqlarımızı Ermənistan silahlı birləşmələrinin təcavüzündən azad etməyə qadir olan güclü Azərbaycan Ordusu var. 2016-cı ilin Aprel döyüşləri ordumuzun real gücünü bütün dünyaya sübut etdi.Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə dünyada 37-ci yerdədir. Azərbaycan bu gün dünya miqyaslı böyük nəqliyyat və enerji layihələri, o cümlədən, “Cənub” qaz dəhlizi, “Şahdəniz-2”, “Trans-Anadolu Qaz Kəməri–TANAP”, “Trans-Adriatik Kəməri–TAP”, “Bakı-Tbilisi-Qars” dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Limanı və s. layihələri uğurla həyata keçirməkdədir.
Heydər Əliyev ideyalarının və siyasi kursunun davam etdirilməsinin zəruriliyini dərk edən Azərbaycan xalqı 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində bir daha ulu öndərə olan sonsuz hörmət və məhəbbətini nümayiş etdirmişdir. Azərbaycan Respublikasının prezidentliyinə namizəd İlham Heydər oğlu Əliyev 86,02 faiz səslə yenidən 7 il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Bütün bu uğurların və qələbələrin təməlində, şübhəsiz ki, ümummilli lider Heydər Əliyevin ölməz dövlətçilik və müstəqillik ideyaları dayanır. Müstəqillik bizim üçün ən böyük sərvətdir, biz bu suverenliyi qoruyuruq və daim göz bəbəyi kimi qoruyacağıq.
Qafar ƏLİYEV,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri,
YAP Siyasi Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.