Qarabağa qayıdacağımız gün uzaqda deyil

Laçının işğalından 26 il ötür

1992-ci ilin yazında Azərbaycanda yaranmış xaotik vəziyyət, hakimiyyətsizlik, gündən-günə artan  hərc-mərclik və özbaşınalıq mənfur ermənilərin dəyirmanına su tökdü. Düşmən öz havadarlarına arxalanaraq alınmaz qala saydığımız Laçının işğalı üçün ələ düşmüş fürsətdən istifadə etdi. Nəticədə, 1992-ci il may ayının 17–18-də Laçın rayonu asanlıqla işğal edildi. Bununla düşmənin Dağlıq Qarabağda hərbi-siyasi mövqeyi daha da gücləndi. Mühüm strateji əhəmiyyətə malik  Laçın dəhlizi ələ keçirildikən sonra Dağlıq Qarabağla Ermənistan arasında əsas maneə aradan qalxdı. Bölgəyə nəzarət tamamilə Ermənistanın əlinə keçdi.

İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd viran olunmuş, 64 min dinc sakin məcburi köçkünə çevrilmişdir. 8 min 950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarixi abidə işğal altında qalaraq talan edilmişdir. 

Laçın uğrunda gedən döyüşlərdə 264 rayon sakini şəhid olmuş,  65 nəfər girov götürülmüş, 103 nəfər sağlamlığını itirərək əlil olmuşdur. Hərbi əməliyyatlar zamanı 18 uşaq şəhid, 225 azyaşlı əlil olmuş, 31 uşaq hər iki valideynini itirmişdir. Laçın uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə 5 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarca təhsil müəssisəsi hələ də işğal altındadır.

Qarabağ bölgəsinin dilbər guşələrindən olan Laçın rayonunun işğalından 26 il ötür. Laçınlıların qəlbi daim Vətən həsrəti, yurd nisgili ilə döyünür. Müstəqillik illərində nizami ordu quruculuğu istiqamətində ölkəmizdə böyük işlər görülmüşdür. Ümummilli lider Heydər Əliyevin yaratdığı konstruktiv əsaslar üzərində Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət belə bir inam yaradır ki, tezliklə işğal olunmuş torpaqlar azad ediləcək,  laçınlılar da yurd-yuvalarına, doğma el-obalarına qayıdacaqlar.

Bütün bunlara baxmayaraq, bu gün laçınlılar ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edirlər. Ölkəmizdə keçirilən elə bir siyasi kampaniya yoxdur ki, Laçın əhalisinin orada payı olmasın. Ölkə başçısı İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi böyük qayğı və diqqət laçınlıları da daim qurub-yaratmağa, ölkəmizin ictimai həyatında baş verən proseslərdə fəal iştirak etməyə səfərbər edir.

Son illərdə ölkəmizin sosial-iqtisadi sahədə qazandığı uğurlarda Laçın rayonunun da özünəməxsus payı var. 2017-ci il isə Laçın rayonu üçün daha uğurlu il olmuşdur. Ötən il rayonda xidmət sahələrinə nəzarət artırılmış, əhaliyə əməkhaqqı, pensiya, və müavinətlərin ödənişi vaxtında həyata keçirilmiş, vətəndaşlarla iş günün tələbləri səviyyəsində qurulmuşdur.

Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsi artmış, kommunal xərclərin Laçın rayon rabitə qovşağında ödənilməsi təmin edilmişdir. Taarif gəliri 20,8 min manat plana qarşı 33,6 min manat, əhaliyə göstərilən rabitə xidmətinin həcmi 14, 6 min manata qarşı 15,4 min manat icra olunaraq qarşıya qoyulan plan vaxtında və artıqlaması ilə yerinə yetirilmişdir.

Keçən il rayonda icrası nəzərdə tutulmuş yol, elektrik, su xətləri təmir olunmuş, təmir-tikinti və abadlıq işləri yerinə yetirilmişdir. Qayğı qəsəbəsindəki Heydər Əliyev prospektində 73 kvadratmetr beton kəmər tikilmiş, 649 kvadratmetr kərpic divar hörülmüş, 668 kvadratmetr aqlay daşı ilə, 106 kvadratmetr gülbax daşı ilə üzlənmiş,  440 kvadratmetrdə isə suvaq işi görülmüşdür. Qəsəbənin giriş hissəsində ulu öndər Heydər Əliyevin şəkli olan stend, yolun digər tərəfində isə “Laçın obaları” adlı lövhə yerləşdirilərək qranit lövhələrlə üzlənmişdir. İnzibati binaların fasadları və hasarları təmir olunaraq rənglənmişdir. Daxili imkanlar hesabına 37 ailəlik qəsəbədə olan artezian quyularından qidalanan su xətlərinin üzərində bulaq tikilərək əhalinin istifadəsinə verilmişdir.

2017-ci ildə Taxtakörpü ərazisində olan avtomobil yollarının saxlanılması və cari təmiri işləri diqqət mərkəzində olmuşdur.  56 saylı Yol İstismarı MMC-nin xidmət ərazisində çınqıl örtüklü avtomobil yollarının 57 kilometr hissəsində cari təmir işləri görülmüş, 235 metr bardür quraşdırılmış, 90 metr səki tikilərək asfaltlanmışdır.  Qayğı qəsəbəsi ərazisində 4 min 346 kvadratmetr asfalt salınmış və 1099 kubmetr çınqıl gətirilərək yol yataqlarına yayılmışdır. Rayonun daxili imkanları hesabına 21 və 552 ailəlik, Qayğı qəsəbəsində, Fingə, Vağazin, Sadınlar, Mişni, Qarıqışlaq,  Nurəddin, Alxaslı, Ağcakənd, Qarakeçdi və Ərdəşəvi obalarında avtomobil yollarının yararsız hissələrinə 950 kubmetr qum-çınqıl qarışığı  tökülərək təmir olunmuş, Qarakeçdi obasında 140 metr torpaq yol yastığı düzəldilmiş, beton kanal üzərindəki körpü təmir edilmişdir. 

Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə Rayon Sukanal İdarəsi bir sıra tədbirlər həyata keçirmişdir. Vağazin,  Sadınlar və Mayıs obalarında yeni subartezian quyuları  qazılmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.

Rayon üzrə  keçən il 2 min 345 ton ət, 19 min 846 ton süd 351 ton yun və 1 milyon 8 min ədəd yumurta istehsal olunmuşdur.  280 hektar payızlıq buğda, 1263 hektar arpa sahəsi olmaqla 1543 hektar sahədə payızlıq dənlilər səpilmiş, 1118 hektar sahədə biçin aparılmışdır. Sahələrdən məhsuldarlıq  20,2 sentner olmaqla, 2 min 259 ton buğda və arpa götürülmüşdür. Taxtakörpü ərazisində 18 hektar sahədə 16,2 ton tərəvəz, 122,6 ton bostan məhsulları istehsal olunmuşdur. 

Rayonda sosial sahələrdə də işlər uğurla icra edilmişdir. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması üçün respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən tibb məntəqələrinin dislokasiyasına uyğun olaraq monitorinq aparılmış, tibbi maarifləndirilmə istiqamətində müvafiq işlər görülmüşdür. Rayon Mərkəzi Xəstəxanasında 307 xəstə stasionar şəraitdə müalicə almış, təcili təxirəsalınmaz tibbi yardım şöbəsində 2 min 851 xəstəyə ambulator yardım göstərilmiş, 2 min 852 çağırış yerinə yetirilmişdir. Tibb müəssisələrinə il ərzində 21 min 910 müraciət edilmiş, laboratoriya şöbəsində 1461 xəstə laborator analizdən keçmişdir.

Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin  tibbi müayinəsinin aparılması ilə əlaqədar Laçın Rayon Mərkəzi Xəstəxanası tərəfindən  xidmət ərazisində ötən ilin 2 minə yaxın rayon sakini pulsuz tibbi müayinədən keçirmiş, 361 nəfər ambulator müayinəyə alınmış, 49 nəfər xəstə respublikanın ixtisaslı xəstəxanalarına göndərilmiş və müalicələri təmin edilmişdir. Kampaniya bu il də uğurla aparılmışdır.

Təhsil şöbəsi də rayon ümumtəhsil müəssisələrində yeni təlim metodlarının tətbiqi və təhsilin səviyyəsinin artırılması istiqamətində xeyli iş görmüşdür. 1779 müəllim diaqnostik qiymətləndirmədən keçmiş,  onlardan 321 nəfəri 48 baldan yuxarı nəticə göstərmişdir.

Rayon sakini Bəbirzadə Fərid İlqar oğlu tələbə qəbulu imtahanlarında rayon üzrə ən yüksək nəticə göstərərək 691 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşdur.

Prezident İlham Əliyevin tapşırığına əsasən, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyaları keçirilmişdir. Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi ilə şagirdlər Lənkəran şəhəri, Masallı, Qəbələ, Şəki və Zaqatala  rayonlarına səfər etmiş bölgələrin tarixi yerləri, mədəniyyəti, tarixi abidələri və digər görməli yerləri ilə tanış olmuşlar.

Rayonda mədəni-kütləvi tədbirlərin keçirilməsi davam etdirilmiş, bayram və əlamətdar günlər ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş qeyd edilmiş, Yeni il şənliyi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə əsgərlərlə birgə qeyd olunmuşdur.

Əhalinin müvəqqəti məskunlaşdığı rayonlarda, Laçın Rayon İcra Hakimiyyətində və Bakı şəhəri Nərimanov rayonunda fəaliyyət göstərən qərargahlarda vətəndaşların qəbulu təşkil olunmuşdur. Hesabat dövründə 49 səyyar qəbul keçirilmişdir. 3437 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi bu görüşlərdə 336 nəfərin müraciəti dinlənilmişdir.  RİH başçısının aparatında isə 3573 nəfər qəbul olunmuşdur. Sakinlərin müraciətləri ətraflı araşdırılmış, mənzil-məişət şəraitləri ilə yaxından tanış olunmuş, yerlərdə problemlərin həlli üçün aidiyyəti rayon təşkilatlarına göstərişlər verilmişdir.

2017-ci ildə rayonun Məşğulluq Mərkəzinə işsiz və işaxtaran kimi 213 nəfər müraciət etmiş rayon sakinindən 27-si ixtisasına uyğun işlə təmin olunmuş, 83 nəfərə işsizlik statusu verilmiş, 112 nəfərə isə işsizlik müavinəti təyin edilmişdir. 

Ötən il 62 min 173 nəfərə vahid aylıq müavinət, 1676 nəfərə sosial müavinət, 3658 nəfər pensiya, 106 ailəyə sosial ünvanlı yardım, dövlət büdcəsindən maliyyələşən idarə və müəssisələrdə çalışan 6 min 474 nəfərə aylıq əməkhaqqı ödənilmişdir.

2018-ci ilin əvvəlində qarşıya qoyulmuş vəzifələr cari ilin birinci rübündə ardıcıllıqla həyata keçirilmiş, rayonda işlər günün tələbləri səviyyəsində qurulmuşdur.

2018- ci ilin birinci rübü də rayonun sosial-iqtisadi inkişafı baxımından uğurlu olmuşdur. Bəhs edilən dövrdə rayon üzrə yerli büdcənin mədaxil hissəsi 1 milyon 100 min 599 manat proqnoza qarşı 1 milyon 235 min 789 manat və ya 112, 28 faiz, yerli vergi daxilolmaları üzrə 359 min 395 manat proqnoza qarşı 456 min 489 manat və ya 127 faiz yerinə yetirilmiş, 97,1 min manatdan çox vəsait daxil olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixdə imzaladığı “Ağdam, Laçın, Füzuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” sərəncamına əsasən Laçın rayonunun Ağbulaq obasında 56 şagird yerlik tam orta, Sonasar obasında 40 şagird yerlik, Katos obasında 40 şagird yerlik modul tipli ümumi orta məktəblər quraşdırılır. Ölkə başçısının 5 mart 2018-ci ildə imzaladığı “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncamında Taxta körpü qəsəbəsinin qazlaşdırılması, 9 aprel 2018-ci il tarixdə “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncamlarında isə Taxtakörpü obalarında içməli su  təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. 

Bəhs edilən dövrdə vətəndaşların qəbulu  və müraciətlərinin dinlənməsi ön plana çəkilmiş, səyyar-görüşlər  qrafikə uyğun keçirilmişdir. Cari ilin birinci rübündə əhalimizin daha sıx məskunlaşdığı şəhər və rayonlarda  8 səyyar-qəbul keçirilmiş, 540 nəfərin iştirakı ilə keçirilən bu görüşlərdə 39 nəfərin müraciəti dinlənilmişdir. Rayon ira hakimiyyəti başçısı aparatında 687 nəfər sakin qəbul olunmuş, qaldırılan məsələlər bir daha təhlil olunaraq yerlərdə həlli mümkün olan məsələlərlə  bağlı aidiyyəti üzrə müəssisə və təşkilatlara tapşırıqlar verilmişdir.

Birinci rübdə rayon məşğulluq mərkəzinə işsiz və iş axtaran kimi 172 nəfər müraciət etmiş, 13 nəfər ixtisasına uyğun işlə təmin olunmuşdur.

Taxtakörpü ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin fasiləsiz elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə  xətlər təmir edilmiş, 12 min 300 metr naqil yenisi ilə əvəzlənmişdir.  Qayğı qəsəbəsində,  Vağazin, Qarakeçdi, Şeylanlı, Fingə, Ağbulaq, Ərdəşəvi obalarında istismar müddətini başa vurmuş 109  dayaq dəyişdirilmişdir. Vağazin, Hacılar, Əhmədli, Malıbəy obalarında 100 kva-lıq, Cağazu obasında 63 kva-lıq transformator yenisi ilə əvəzlənmiş, Fərraş obasına bir ədəd 250 kva-lıq transformator verilmişdir.

Hazırda rayonun fermer təsərrüfatlarında 34 min 112 baş iri, 177 min 268 baş xırda heyvan bəslənir. Laçınlıların da barama istehsalı ilə məşğul olması üçün Taxtakörpü ərazisində tut bağı  salınmışdır. Ötən il 10 min, cari ilin birinci rübündə isə min ədəd Çindən gətirilmiş, 2,3 min isə yerli tut tingi əkilmişdir.

Sonda rayon sakinləri üçün yaradılmış hər bir şəraitə görə, ölkə başçısı İlham Əliyevə minnətdarlığımızı bildiririk. Laçınlılar gündən-günə güclənən Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyinə möhkəm əmindirlər. Laçına, doğma el-obaya qayıdacağımız gün uzaqda deyil.

Aqil NƏZƏRLİ, 
Laçın Rayon İcra Hakimiyyətinin başçısı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında