Tarix göstərir ki, hər bir xalq ancaq yetişdirdiyi müdrik siyasi liderin zəkası, iradəsi sayəsində öz milli sərvətlərinə sahib ola və onu gələcək inkişafına yönəldə bilər. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqı üçün eyni missiyanı uğurla yerinə yetirib. Bu böyük şəxsiyyətin irəli sürdüyü strategiya indiki nəslin gözü önündə reallığa çevrilib. Ölkəmizin hazırkı nailiyyətləri, müstəqilliyimizin daha da möhkəmlənməsi Heydər Əliyev kursunun, azərbaycançılıq ideyasının uğurla reallaşdırılmasının bəhrəsidir. Bu gün fəxrlə deyirik ki, təlatümlü bir dövrdə respublikamızı parçalanmaq təhlükəsindən qurtaran, onu inkişaf etdirən, beynəlxalq aləmdə tanıdan, nüfuz qazandıran məhz ulu öndər Heydər Əliyev olub. Başqa sözlə, ümummilli lider bugünkü güclü, qüdrətli Azərbaycanı öz zehni, düşüncəsi, müdrikliyi ilə yaradıb, inkişaf etdirib, bütün dünyaya tanıdıb. Məhz elə buna görə də dahi şəxsiyyətin adı hazırda, sözün həqiqi mənasında, müasir müstəqil Azərbaycan dövlətinin rəmzi kimi səslənir.
Ulu öndər ölkəmizin siyasi, sosial-iqtisadi inkişaf konsepsiyasını işləyib hazırlayıb, dönmədən həyata keçirilməsini təmin edib, eyni zamanda, müstəqil Azərbaycanın dünyanın aparıcı dövlətlərinin etibarlı tərəfdaşına çevrilməsində böyük işlər görüb.
Ümummilli lider həm keçmiş sovet dönəmində, həm də müstəqil Azərbaycanda bir sıra mühüm layihələr gerçəkləşdirib. Bununla bərabər, millətini, xalqını üzləşdiyi bütün bəlalardan qoruyub, respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu reallaşdırıb.
Böyük fəxrlə, qürur hissi ilə xatırladım ki, Heydər Əliyev 1969-1982-ci illərdə sosial-iqtisadi cəhətdən geridə qalan ölkəmizi çiçəklənən, inkişaf edən bir diyara çevirib. Dahi şəxsiyyət həmin dövrdə Azərbaycanda ən böyük sənaye obyektlərinin tikilib istifadəyə verilməsi, sosial infrastrukturun formalaşdırılması, yüksək səviyyədə elmi-tədqiqatların aparılması, kadr hazırlığı, gənclərin respublikanın elmi-texniki və mədəni potensialını yüksəltmək üçün mühüm ixtisaslara yiyələnmələri məqsədilə keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi və digər istiqamətlərdə əzmkar fəaliyyət göstərib. Reallaşdırılan institusional islahatlar sayəsində kənd təsərrüfatında, təhsil və səhiyyə sektorlarında, eləcə də neft sənayesində böyük inkişaf tempi əldə edilib. Beləliklə, ulu öndərimizin 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyi dövründə həyata keçirilən islahatların və görülən strateji tədbirlərin fonunda ölkəmiz sürətli inkişaf yolu keçərək keçmiş SSRİ miqyasında xüsusi çəkiyə malik respublikaya çevrilib. Bununla bərabər, paytaxt Bakının inkişafı, burada onlarla sənaye müəssisəsinin yaradılması, mikrorayonların və yeni qəsəbələrin salınması, kəndlərimizin abadlaşdırılması, gənclərin işlə təmin edilməsi, idarəetmədə irəli çəkilməsi kimi məsələlər bu dövrdə Heydər Əliyev hakimiyyətinin əsas prioritetləri kimi diqqət çəkib.
Yeri gəlmişkən, möhtərəm Prezidentimiz İlham Əliyevin aşağıdakı fikirləri də o vaxtın siyasi, sosial-iqtisadi mənzərəsi haqqında aydın təsəvvür yaradır: “1969-cu ilə qədər Azərbaycan haqqında heç sovet məkanında o qədər də çox məlumat yox idi. 1970-80-ci illərin əvvəlləri Azərbaycanın intibah dövrü olmuşdur. Azərbaycan sürətlə inkişaf etdi və sovet məkanında qabaqcıl respublikalardan birinə çevrildi. 1983-1993-cü illərdə, Heydər Əliyevin respublikada olmadığı dövrdə yavaş-yavaş Azərbaycan yenə tənəzzülə uğradı və bu tənəzzül əslində təzəcə əldə edilmiş müstəqilliyin itirilməsi ilə nəticələnirdi. Biz deyəndə ki, Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur, tam həqiqəti deyirik. Çünki formal olaraq müstəqillik 1991-ci ildə əldə edilsə də, bu müstəqillik yarımçıq idi. Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycan müstəqil ölkə kimi yaşaya bilmirdi, müxtəlif təzyiqlərə məruz qalırdı və bu təzyiqə davam gətirə bilmirdi. Ölkəmizin müstəqilliyi əldən gedirdi. Azərbaycanın dövlət quruculuğu məhz 1993-cü ildən başlanmışdır. Heydər Əliyev Azərbaycana siyasi rəhbərliyə qayıtdıqdan sonra başlanmışdır və on il ərzində Azərbaycan yenə də postsovet məkanında ən geridə qalmış, ən problemli ölkədən ən qabaqıcıl ölkəyə çevrilmişdir. Bu gün bu, tam həqiqətdir və bu gün Heydər Əliyev siyasəti uğurla davam edir”.
Keçmiş SSRİ dövründə ən məşhur dəmir yolunun –Baykal-Amur magistralının çəkilməsi, Bakıda ittifaq əhəmiyyətli məişət kondisionerləri zavodu kimi onlarla müəssisənin tikilməsi Heydər Əliyev dühası haqqında, onun gərgin fəaliyyəti barədə dolğun təsəvvür yaradır, eyni zamanda, bu dahi şəxsiyyətin gələcəyi görmək qabiliyyətini, hədəfi düzgün, dəqiq seçən qərarlar vermək istedadını sübuta yetirir.
Onu da vurğulayım ki, bügünkü Azərbaycanda dinamik iqtisadi tərəqqinin, milli mənəvi dəyərlərə bağlılığın və ictimai şüurun formalaşmasının əsası həmin dövrdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. O, respublikamıza rəhbərlik etdiyi illərdə öz parlaq siyasi zəkası və istedadı sayəsində Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarıb, müasir müstəqil Azərbaycanın etibarlı bünövrəsini yaradıb və gələcəyə aparan yollarını müəyyənləşdirib. Respublikamıza rəhbərliyinin birinci dönəmində xalqına sevgisini bütün sahələrdə hiss etdirən müdrik siyasətçi imperiyanın təsir və təzyiqlərinə baxmayaraq, Azərbaycana intibah dövrünü yaşadıb. Xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti, adət-ənənələri, düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdırıb. Bu dövrün Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmununun azərbaycançılıq olduğunu dəfələrlə diqqətə çatdırıb. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu da, əslində, 1969-cu ildən - məhz ulu öndərin hakimiyyətə gəlişindən sonra başlayıb.
1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən kompleks islahatlar nəticəsində müstəqil Azərbaycanın iqtisadi inkişafı təmin olundu. İqtisadiyyatın əsasını təşkil edən neft sektoru ilə yanaşı, digər sahələrdə də genişmiqyaslı islahatlara başlanıldı. Bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində bazar iqtisadiyyatına keçidin əsası qoyuldu və sahibkarlar sinfi formalaşdı. Bunlarla bərabər, neft-qaz sektorunda gerçəkləşdirilən genişmiqyaslı tədbirlər iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və bundan sonra davamlı iqtisadi artım nəzərə çarpmağa başladı, iqtisadiyyatın bütün sahələrində islahatlar aparıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Qanunvericiliyin təkmilləşdirilməsinə mühüm önəm verildi və xarici investorların ölkəyə axınını sürətləndirmək, onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaratmaq, xarici ticarəti sərbəstləşdirmək, özəl bölməni inkişaf etdirmək, habelə milli iqtisadiyyatın beynəlxalq iqtisadi sistemə uyğunlaşdırılmasını, inteqrasiyasını gerçəkləşdirmək məqsədilə mükəmməl qanunvericilik bazası yaradıldı.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən ulu öndərin müstəqil gənc respublikamıza rəhbərliyi dövründə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana investisiya yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ümummilli liderin beynəlxalq arenadakı şəxsi nüfuzu ilə tərəddüdlərə son qoyuldu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı.
Bütövlükdə, iqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. Məsələn, 2002-ci ildə dövlət büdcəsinin bütün mənbələrdən daxil olan gəlirləri 1993-cü ilə nisbətən 85 dəfə artaraq 4,6 trilyon manata (köhnə manatla) çatdı. Bununla da Azərbaycan iqtisadiyyatı inkişaf və yüksəliş yoluna qədəm qoydu. Qeyd edim ki, 1995-2003-cü illər ərzində respublikamızda ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı 53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə artdı. Sözügedən dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard dollar həcmində sərmayə yönəldildi.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası hazırda yeni dövrün çağırışlarına uyğun olaraq möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dünyada son illər baş verən qlobal iqtisadi böhranların, arası kəsilmədən davam edən, dərinləşən və əhatə dairəsi getdikcə genişlənən siyasi çaxnaşmaların təsirinin Azərbaycandan da yan keçmədiyi bir şəraitdə ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafının təmin olunması ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələbinə uyğunlaşdırılaraq mükəmməl səviyyədə davam etdirilməsi sayəsində mümkün olub. Ötən 15 il ərzində ölkənin makroiqtisadi sabitliyi nəinki qorunub saxlanılıb, eyni zamanda, iqtisadi potensialı daha da gücləndirilib. Belə ki, 2004-2017-ci illərdə Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi real ifadədə 3,2 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulu istehsalı 1,7 dəfə, büdcə gəlirləri 13,5 dəfə, əhalinin nominal gəlirləri 8,6 dəfə, əsas kapitala yönəldilən investisiyalar 3 dəfə, orta aylıq nominal əmək haqqı 6,8 dəfə, minimum əmək haqqı 12,9 dəfə artıb. İşsizlik səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluq səviyyəsi isə 44,7 faizdən 5,4 faizə enib.
Yeri gəlmişkən, Azərbaycanda 2004-2017-ci illərdə sənaye müəssisələrinin və fərdi sahibkarların fəaliyyəti nəticəsində sənaye məhsulu istehsalı hər il orta hesabla 7,1 faiz artaraq 508,8 milyard manat təşkil edib. Bu illər ərzində ölkədə qaz kondensatı da daxil edilməklə 554,4 milyon ton xam neft, 308,5 milyard kubmetr təbii qaz hasil olunub. 2003-cü illə müqayisədə neftin hasilatı 2,5 dəfə, təbii qazın hasilatı isə 5,6 dəfə artıb. Ötən il sentyabrın 14-də dünyanın aparıcı neft şirkətləri ilə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni saziş imzalanıb ki, bununla da ölkəmizdə yeni neft strategiyasının icrasına başlanılıb.
Sənayenin qeyri-neft bölməsi üzrə 2004-2017-ci illərdə istehsal 2,2 dəfə və ya orta hesabla hər il 5,7 faiz artıb. Güclü sənaye potensialının inkişafı üçün ölkədə zəngin xammal bazasının mövcudluğu, çoxprofilli sənaye kompleksinin yaradılması istiqamətində imkanların səfərbər edilməsi hesabına bu sahənin inkişafı üçün güclü zəmin formalaşdırılıb. Qeyri-neft sənayesinin ənənəvi sahələrində keyfiyyət dəyişmələri baş verib, yerli xammal və materiallardan istifadəyə diqqət yetirilməsi bir sıra sənaye məhsulları üzrə ölkənin ehtiyaclarının təmin edilməsinə imkan yaradıb.
Ölkədə biznes mühitinin əlverişliliyinin artırılması məqsədi ilə dövlət tərəfindən ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlara dövlət dəstəyi və təşviq mexanizmlərinin təkmilləşdirilməsi, rəqabətqabiliyyətliliyin, habelə ixrac imkanlarının genişləndirilməsi, ən yüksək beynəlxalq standartlara uyğun elektron dövlət xidmətlərinin göstərilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilib.
Son illərdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər ölkənin regionlarında qeyri-neft sahələrinin, xüsusilə emal sənayesinin sabit inkişafına təkan verib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına istiqamətlənən dövlət proqramlarının uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasını təmin edib, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi bölgələrdə müasir infrastruktur layihələrinin reallaşdırılmasına, yeni istehsal və emal müəssisələrinin fəaliyyətinə müsbət təsir göstərib.
Ölkə sənayesinin innovativ inkişaf istiqamətlərindən biri olan sənaye parklarının, məhəllələrinin yaradılması nəticəsində həmin qurumların nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən 2017-ci ildə 144,4 milyon manatlıq məhsul istehsal edilib.
Ölkədə azad sahibkarlıq mühitinin səmərəliliyi fərdi sahibkarlıq kimi yeni təsərrüfatçılıq formalarının yaranmasına təkan verib, bununla da qeyri-dövlət bölməsinin payı xeyli yüksəlib. Belə ki, əgər 2003-cü ildə sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulu 56,8 faizlik paya malik idisə, növbəti illərdə aparılan məqsədyönlü iqtisadi islahatlar nəticəsində onların xüsusi çəkisi artaraq sənayenin ümumi məhsulunda 79,9 faiz təşkil edib.
Bu illər ərzində neft sektoruna 64,5 milyard manat, qeyri-neft sektoruna isə 98,4 milyard manat vəsait yönəldilib. Yalnız 2017-ci ildə qeyri-neft sektorunun inkişafına 7,1 milyard manat investisiya qoyulub ki, bu da 2003-cü illə müqayisədə 5,9 dəfə çoxdur.
Beləliklə, istər ümummilli liderin hakimiyyəti dönəmində, istərsə də onun layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycana rəhbərliyi illərində əldə edilən uğurlar ulu öndər Heydər Əliyevin dövrün çağırışına cavab verən, zamanı qabaqlayan dahi şəxsiyyət olmasını sübuta yetirir. Bəli, onun fəaliyyəti sabaha, bügünümüzə ünvanlanmışdı. Ona görə də Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan ulu öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət başçısı və siyasi lider tapmaq mümkün deyil.
Ümummilli lider Heydər Əliyevin təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərindən biri olaraq əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.
Ağalar VƏLİYEV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.