Ermənistanın siyasi landşaftında zəlzələ effekti yaradan son narazılıqlar işğalçı rejimi süquta yaxınlaşdırdı. Artıq ayrı-ayrı siyasətçilər “batan gəmini” tərk etməyə və küçə etirazlarının başında dayanan Nikol Paşinyanın yanında yer tutmağa can atırlar. Dünənə kimi İrəvandan kənarda tanınmayan N.Paşinyanın dediklərinə diqqət yetirən keçmiş hakim dairələrin üzvləri, siyasi təşkilat və partiyalar qüvvələr balansının dəyişməsini narahatlıqla izləyərək, gələcək hökumətdə təmsil olunmaları üçün fürsət gözləyirlər. Amma reallıq budur ki, hakimiyyətə hansı qüvvənin gəlməsindən asılı olmayaraq, Ermənistanın güclü və inkişaf etmiş ölkəyə çevrilmək şansı sıfıra bərabərdir. Çünki qonşularının torpaqlarına göz dikən, başqa dövlətə məxsus əraziləri işğal altında saxlayan və iqtisadi potensialını artırmaq üçün zəruri təbii ehtiyatlara malik olmayan, yürütdüyü aqressiv siyasətilə bölgənin “kor bağırsağına” çevrilən ölkənin gələcəyini küçə etirazlarının həll edəcəyini gözləmək çox sadəlövhlük olardı.
Beləliklə, İrəvan küçələrini dolduran ermənilər keçmiş prezident Serj Sarkisyanı hakimiyyətdən getməyə məcbur etdilər. Bu hadisədən sonra dünyanın müxtəlif analitik mərkəzləri və siyasi şərhçiləri Ermənistanda narazılıqları “məxməri inqilab” kimi qiymətləndirməyə tələsdilər. Ancaq ermənilər ölkədə baş verənləri “inqilab” adlandırmağa meyilli deyillər. Elə İrəvan sakinlərini küçələrə çıxaran Nikol Paşinyan da paytaxtda cərəyan edən hadisələri daxili narazılıqdan doğan proseslər kimi qiymətləndirir. Etirazların təşkilatçılarından biri Alen Simonyan da “BBC”-yə verdiyi müsahibədə küçə etirazlarının hansısa xarici qüvvələrlə əlaqəsinin olmadığını iddia edir və bunu “sırf erməni etirazı” adlandırır. Erməni analitikləri də son hadisələrin “spontan” xarakter daşıdığını qabardır və əsas məqsədin baş nazirin istefası olduğunu vurğulayırlar.
Əslində, erməni xalqının Serj Sarkisyanı qovmağa tam haqqı vardı. Hakimiyyətdə olduğu 10 il ərzində S.Sarkisyan Ermənistanın sosial-iqtisadi dalana dirənməsi üçün əlindən gələni etmişdi. Rəsmi rəqəmlər ermənilərin hakim partiyaya niyə nifrət etməsini çılpaqlığı ilə ortaya qoyur. İşsizlik 18 faiz təşkil edir, inflyasiya dayanmadan artır, dövlət borcu ÜDM-in 50 faizini keçir. Bundan başqa, son illərdə Ermənistanda maaş və pensiya artımı da baş vermir. Mühüm ərzaq məhsullarının və kommunal xidmətlərin qiymətləri də kəskin artır. Ən əsası, ölkəyə 2017-ci ildə yatırılmış xarici sərmayənin 250 milyon dollar olması da S.Sarkisyan hökumətinin bacarıqsızlığını nümayiş etdirir. Mühacirət də kiçik ölkə üçün dəhşətli bəlaya çevrilir. Son rəqəmlərə istinad edən keçmiş deputat Ovannes İgityan Ermənistanı 70 min nəfərin tərk etdiyini bildirir. İgityanın sözlərinə görə, bu gün Ermənistanda təqribən 1 milyon nəfər yoxsulluq şəraitində yaşayır və bu proses getdikcə pisləşir.
İşğal etdikləri Azərbaycan torpaqları da Ermənistanın iqtisadi potensialına və sıravi erməninin rifahına müsbət təsir göstərmir. Əksinə, işğalçılıq siyasəti nəticəsində Ermənistan hazırda regional dalandadır və ölkə Azərbaycanın Türkiyə və Gürcüstanla birlikdə böyük əhəmiyyət kəsb edən neft-qaz və nəqliyyat layihələrindən kənarda qalıb.
Qonşuları ilə siyasi-iqtisadi əlaqələrini inkişaf etdirə bilməyən Ermənistanın müstəqillik əldə etməsindən bu yana milli iqtisadiyyatını başqa ölkənin ixtiyarına verməsi də işğalçı dövlətin gələcəyini qaranlıq edir. Bu gün Ermənistanın bütün strateji infrastrukturu özünə məxsus deyil. İqtisadi gələcəyini başqa dövlətin iradəsinə calayan cinayətkar S.Sarkisyanın xalqına xidməti də məhz bundan ibarətdir. Hazırda yerli əhali yeni hökumətdən ciddi islahatlar gözləyir. Lakin ölkənin məhdud potensialı və xarici yardımlardan asılı olması kiçik və orta sahibkarların gözləntilərini heçə endirir. Hakimiyyət dairələri də narahatlıqla bildirirlər ki, siyasi böhran onsuz da ağır olan iqtisadi mühiti pisləşdirir. Əlbəttə, demokratiya və iqtisadiyyatın inkişafı bir-biri ilə sıx bağlıdır. Amma bu əlaqə müəyyən ardıcıllığın da olmasını tələb edir. Bu gün aydındır ki, demokratikləşmə müəyyən institutların olması şəraitində müsbət iqtisadi səmərə verə bilər. Ancaq Ermənistanda belə institutların olmaması və perspektivdə belə görünməməsi son narazalıqların demokratikləşməyə gətirib çıxaracağına və bunun nəticəsində də ölkədə iqtisadi çiçəklənmənin baş verəcəyinə əminlik yaratmır.
Bəs Nikol Paşinyan Ermənistana nə vəd edir? Gözləmədiyi halda S.Sarkisyanın kreslosunu devirən keçmiş məhbus və jurnalistin üzünə hakimiyyətin qapıları birdən-birə açıldı. Ömrünün yarısını barrikadalarda və zirzəmilərdə keçirmiş 42 yaşlı N.Paşinyan Ermənistanda “təcrübəli qiyamçı” kimi tanınır. Bütün siyasi karyerasını S.Sarkisyanla mübarizəyə həsr edən N.Paşinyan Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın silahdaşıdır. 2012-ci il parlament seçkilərini uduzmasına baxmayaraq, sonrakı illərdə fəaliyyətini hakim rejimin tənqidi üzərində quran N.Paşinyan bu gün partiyasız, işsiz və gələcəyə ümidini itirmiş gənclərin köməyi ilə baş nazir kürsüsündə oturmaq niyyətindədir. Bununla yanaşı, müxalifət lideri səsvermə prosesinədək kütləni tonusda saxlamağı və hakimiyyətə qarşı gücünü səngitməməyə çağırmağı da unutmadı. Belə ki, N.Paşinyan mayın 1-nə keçən gecə videomüraciət yayaraq, hakim partiyanın–Ermənistan Respublikası Partiyasının baş nazir təyinatı ilə bağlı prosesə maneələr törətməyə hazırlaşdığını bildirdi. “Mən Serj Sarkisyanın və Respublika Partiyasının yeni planına qarşı çıxmaq məqsədilə israrla sizin hamınızı səhər tezdən oyanmağa və Respublika meydanında toplaşağa çağırıram”, – deyən N.Paşinyan tərəfdarlarını hazır olmağa səslədi. Ermənistan Respublika Partiyasından isə bildirirdilər ki, müxalifət liderinin proqramı ilə tanışlıqdan sonra baş nazirin seçilməsi məsələsinə dair qərar veriləcək.
Politoloqların böyük əksəriyyəti ali təhsili olmayan N.Paşinyanın baş nazir olacağı təqdirdə Ermənistanın ictimai-siyasi həyatına güclü təsir göstərəcək addımlar atmayacağını düşünürlər. Çünki ölkənin daxili siyasətinin xarici siyasətində atacağı addımlardan çox asılı olduğunu vurğulayan siyasi analitiklər deyirlər ki, N.Paşinyan SSRİ-nin dağılmasından sonra meydana çıxmış erməni siyasətçilərinin nümayəndəsidir və onun Rusiya ilə əməkdaşlıq və Avrasiya inteqrasiyası barədə tam fərqli düşüncəsi və gözləntiləri var. Təsadüfi deyil ki, onun rəhbərlik etdiyi “Yelk” müxalifət bloku Ermənistanda ən qatı qərbyönümlü liberal müxalifət hesab olunur. Məhz N.Paşinyan dəfələrlə bildirmişdi ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü səmərəli deyil, əksinə, bu üzvlük Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradır. Bundan başqa, 2017-ci ildə “Yelk” bloku hətta Ermənistanın AİB-dən çıxması barədə bəyanat da hazırlamışdı. Həmçinin N.Paşinyanın Ermənistanın Rusiya ilə dialoqda bərabər hüquqa malik olmadığından həmişə gileyləndiyini də bu gün İrəvanda yaxşı xatırlayırlar.
Bununla belə, mütəxəssislər əmindirlər ki, kimin baş nazir seçilməsindən asılı olmayaraq, ölkənin xarici siyasəti 180 dərəcə dəyişməyəcək. Ona görə ki, regional təcrid şəraitində yaşayan ölkənin xarici siyasət kursunda kəskin dönüş etmək imkanları olduqca məhduddur. Yəni Ermənistanın Avrasiya inteqrasiyasına arxa çevirərək Qərblə münasibətlərini inkişaf etdirməyə başlayacağını gözləməyə dəyməz. N.Paşinyan da deyir ki, Rusiya ilə dostluq münasibətlərinə heç bir təhlükə yoxdur və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyi (AİB) kimi təşkilatlarda qalmalıdır. Parlamentdə çıxışında N.Paşinyan bir daha bildirdi ki, Ermənistanın yeni hakimiyyəti xarici siyasətdə dəyişikliklər etmək niyyətində deyil: “Ermənistan mənim baş nazirliyim dönəmində də Avrasiya İttifaqı və KTMT-nin üzvü olaraq qalacaq. Bu, təkcə bir nəfərin yox, ümummilli hərəkatın məntiqi mövqeyidir. Rusiya Ermənistanın strateji tərəfdaşıdır və ümumxalq hərəkatı Ermənistan-Rusiya münasibətlərinə təhdid yaratmır”. Bununla belə, o, Avropa İttifaqı ilə münasibətlərin dərinləşdiriləcəyini də bildirir. “Biz Aİ ilə viza rejiminin liberallaşdırılmasına çalışacağıq. ABŞ-la dostluq münasibətlərinin yeni stimula ehtiyacı var. Çinlə münasibətləri inkişaf etdirəcəyik və hesab edirik ki, bu istiqamət çox vacibdir”, – deyən N.Paşinyan Dağlıq Qarabağ probleminin həllinə də münasibətini açıqladı. Burada da yeni baş nazir sələfindən fərqli yeni mövqe sərgiləmir: “Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli çox vacibdir. Burada bizim üçün stereotiplər vacib deyil. Əsas məsələ Qarabağ xalqının öz taleyini müəyyən etmək hüququnun beynəlxalq aləm tərəfindən tanınmasıdır. Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq”.
Bundan başqa, N. Paşinyan bildirdi ki, erməni xalqının birliyi Bakının Qarabağ məsələsini hərbi yolla həll etməsinə mane olacaq: “ATƏT-in Minsk qrupunun həmsədrləri Bakıya düşünülməmiş addımlardan çəkinmək üçün təsir etməlidir”. O, Qarabağ ətrafındakı rayonların Azərbaycana verilməsi ilə bağlı adından yayılan ifadələrin dezinformasiya olduğunu da vurğuladı. N.Paşinyan Qarabağ məsələsində heç bir kompromisə getməyəcəyini açıqladı. Göründüyü kimi, yeni baş nazir də sələfinin xarici siyasət kursunu davam etdirməyə meyilli görünür. Əslində, rəsmi İrəvanın yürütdüyü işğalçılıq siyasəti nəticəsində Ermənistan ətrafında yaranmış regional reallıq baş nazirdən daha cəsarətli addımlar atmağı tələb edir. Görünən odur ki, erməni xalqını belə küçə etirazları hələ çox gözləyir. Erməni publisisti Tiqran Paskeviçyanın dediyi kimi, “...yeni Ermənistanda yaşamaq üçün hərdən keçmişə boylanmaq və köhnə Ermənistanı görmək lazımdır”. Biz də əminik ki, yeni Ermənistan da köhnədən fərqlənməyəcək. Qonşularla mehriban yaşamağın önəmini anlayana və başqasına məxsus olanı qaytarmağın həyati əhəmiyyət kəsb etdiyini başa düşənədək belə olacaq...
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.