İki həftədən artıqdir ki, Ermənistanda kütləvi aksiyalar, qarşıdurmalar, hakimiyyət uğrunda mübarizə səngimək bilmir. Vəziyyət getdikcə daha da ağırlaşır. Prezidentlik səlahiyyəti başa çatdıqdan sonra özünü baş nazir “seçdirən” Serj Sarkisyan yeni vəzifəsinin icrasına başlamamış bu vəzifədən qovuldu. On ildir ki, Sarkisyanın diktatorluğundan, zülmündən, əzab-əziyyətlərindən təngə gəlmiş yerli əhali kütləvi şəkildə meydanlara axışaraq, onu istefa verməyə məcbur etdi. Həmin vaxtdan Ermənistanda hakimiyyətsizlik böhranı davam edir. Etirazçılar ölkənin yeni prezidenti Armen Sarkisyanın da saxta yolla seçildiyini bildirərək, onu da dövlət başçısı kimi tanımadıqlarını bəyan ediblər.
Xəbər verildiyi kimi, aprelin 9-da Serj Sarkisyanın son, ikinci prezidentlik müddəti başa çatdıqdan sonra onun və rəhbərlik etdiyi hakim Ermənistan Respublikaçılar Partiyasının (ERP) təşəbbüsü ilə ölkə prezidenti vəzifəsinə bu ölkənin Britaniyadakı keçmiş səfiri Armen Sarkisyan seçilib. Lakin hakim ERP öz liderinin, sabiq prezident Serj Sarkisyanın namizədliyini, 2015-ci il Konstitusiyasına əsasən, daha geniş səlahiyyətlərə malik olacaq ölkənin baş naziri vəzifəsinə irəli sürmüşdü. Müxalifət və siyasi ekspertlər əvvəllər də ölkənin parlament idarəetmə üsuluna keçməsinin nəzərdə tutulduğu bəyan edilən konstitusiya islahatının məhz Serj Sarkisyanın hakimiyyətdə qalmasını təmin etmək üçün düşünüldüyünü deyirdilər.
Serj Sarkisyanın bu oyunu uzun davam etmədi, edə də bilməzdi. Çünki Sarkisyan həm öz ölkəsində, həm də ölkədən kənarda cinayətkar kimi tanınır. O, günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinin həm təşkilatçısı, həm də rəhbəri olub. Bunu Ermənistanda da etiraf edirlər. Mayası sanki qətllərdən, terror aktlarından, uşağı, qocanı qətlə yetirməkdən tutulmuş və bundan sanki zövq alan Sarkisyana ermənilər də nifrət edirdilər. Bunu yerli kütləvi informasiya vasitələri də təsdiqləyirlər. İşğalçı ölkədə populyar olan “Lragir” portalı yazır ki, Serj Sarkisyan sanki öz xalqına qənim kəsilib: “Sarkisyan hakimiyyəti ölkəni şəxsi mənafeyini güdməklə, xalqı talamaqla idarə edir. O, heç xalqını düşünməyib. Sarkisyan öz xalqını məhv edən hökmdardır. O, prezident deyil, işğalçıdır. Dağlıq Qarabağ münaqişəsi erməni xalqına, Dağlıq Qarabağda yaşayan ermənilərə faciə və göz yaşları gətirib, bundan başqa heç nə bəxş etməyib. Sarkisyan rejimi öz xalqını həmişə qorxu içində yaşadıb, bu hakimiyyətə etiraz edənlər gecə ikən yoxa çıxırlar və ya soraqları həbsxanalardan eşidilir. Ermənistan rəhbərliyi öz xalqına qarşı soyqırımı törədib”.
Yerli əhali iddia edir ki, xalq son on ildə sanki sivil dünyada yox, hansısa Afrika ölkəsində yaşayır. “İrs” Partiyasının üzvü Armen Mıkırtıçyan isə Sarkisyan rejiminin talançılıqla məşğul olduğunu, xalqa zülm etdiyini bildirirb: “Heç bir şərəfsiz erməni öz xalqına bunun kimi zülm eləməz, ölkədən vətəndaşları didərgin salmaz. Sarkisyanın hakimiyyəti dövründə 400 mindən artıq iş qabiliyyətli erməni ölkəni tərk edib”.
Bütün bunlar Ermənistan ictimaiyyətini bezdirdi. Artıq ölkədəki mövcud siyasi rejim əhalini dözümsüzlük həddinə çatdırdı və insanlar hakimiyyətdə Sarkisyanı və Qarabağ klanını görmək istəmədiyini küçə və meydanlara çıxıb etiraz səsini qaldırmaqla bildirdi. Serj Sarkisyanın müxtəlif yollarla Ermənistan ictimaiyyətini öz təsiri altında saxlamaq cəhdi boşa çıxdı. Əsgər analarının ordudakı ölüm hallarına çoxsaylı etirazları, gənclərin hərbi xidmətdən yayınmaq üçün müxtəlif ölkələrə üz tutmaları, əhalinin acından ölməmək üçün Ermənistanı kütləvi şəkildə tərk etmələri vəziyyəti son həddə çatdırdı.
Ermənilərin özləri də etiraf edirlər ki, son 8 ayda 18 min 800 nəfər vətəndaş Ermənistanı tərk edib. Bu, çox böyük itkidir və proses indi də davam etməkdədir. Ziyalılar etiraf edirlər ki, Ermənistanda hər şey köhnədən qalmadır, avtonəqliyyat, silah-sursat sovet dövrünə aiddir, əhalinin rifahı aşağıdır, işsizlik, yoxsulluq tüğyan edir. Son illər ölkədə heç bir quruculuq işləri aparılmır. Bütün bunlardan sonra əhali Serj Sarkisyanı baş nazir vəzifəsində görmək istəmədi.
Hazırda Ermənistanda həm siyasi gərginlik, həm də iqtisadi böhran getdikcə dərinləşir. Bu gün Ermənistan parlamentində ölkənin baş naziri vəzifəsinə namizədin kimliyi bəlli olcaq. Namizədlər arasında "Yelk" (Çıxış) fraksiyasının rəhbəri Nikol Paşinyanın da adı çəkilir. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Ermənistan parlamentində 105 yerdən 58-nə malik olan hakim respublika partiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. 30 səsə malik "Tsarukyan" bloku da bu seçkidə öz namizədi ilə çıxış etməyəcək və "xalqın namizədi"ni dəstəkləyəcək. "Daşnaksütyun" Partiyası isə birbaşa Nikol Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləyəcəyini bildirib. Bu partiyanın isə 7 deputat yeri var.
"Yelk" fraksiyası 9 nəfərlə parlamentdə azlıqdadır. Lakin ölkədə keçirilən mitinq zamanı müxalif "Mənim addımım" hərəkatı öz lideri Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb. Hazırda Ermənistanda baş nazirin səlahiyyətlərini birinci müavin Karen Karapetyan icra edir. O isə "Yelk" fraksiyasının rəhbəri, mitinqlərin təşkilatçısı, Ermənistanda Serj Sarkisyanın qənimi kimi tanınan Nikol Paşinyanla görüşməkdən imtina edib.
Artıq Ermənistan parlamentinin "Yelk” (Çıxış) fraksiyası baş nazir vəzifəsinə Nikol Paşinyanın namizədliyini irəli sürüb. "News.am” saytına istinadən yayılan məlumata görə, bu barədə fraksiyanın üzvü Edmon Marukyan məlumat verib.
Parlamentin bu gün keçiriləcək iclasında baş nazir seçkisi müzakirə olunmalıdır. "Çıxış” fraksiyasından başqa, Qaqik Tsarukyanın bloku və Daşnaksütyun da Paşinyanı dəstəkləyir. Onların hamısının birlikdə 47 səsi var. Baş nazir seçilmək üçün 53 səs tələb olunur. 58 mandata malik Respublika Partiyası səsverməyə qatılacağını, lakin namizəd irəli sürməyəcəyini açıqlayıb. Bunu partiyanın mətbuat katibi, parlament sədrinin müavini Eduard Şarmazanov bəyan edib: "Biz namizəd təklif etməyəcəyik, lakin kimin lehinə səs verməyimiz namizədlərin kimliyi və onların proqramından asılı olacaq”.
Parlamentdə sayca ikinci (31 deputat olan) "Tsarukyan" fraksiyasının rəhbəri Qaqik Tsrukyan sahibi olduğu "Kentron" (Mərkəz) televiziya kanalına müsahibəsində bəyan edib ki, fraksiyası "xalqın namizədini" dəstəkləyir və ona da səs verəcək. Belə olan halda, məsələn, 7 nəfərdən ibarət daşnaklar və 31 mandata sahib olan "Tsarukyan" fraksiyası 9 nümayəndəsi olan "Yelk"in namizədini dəstəkləsələr də, Paşinyanın seçilməsi üçün daha 13 səs lazımdır. Qələbə üçün parlament üzvlərinin 50 faizi plyus 1 – 53 səs lazımdır.
N. Paşinyan deyib ki, baş nazir təyin edilərsə, ilk növbədə qanuni, azad və ədalətli parlament seçkilərinin keçirilməsinə hazırlıqla məşğul olacaq. Ancaq ekspertlərin fikrincə, Nikol Paşinyanın baş nazir seçilməsi ölkədə heç nəyi dəyişməyəcək. Çünki N. Paşinyan hələ indidən Ermənistanın 2015-ci il yanvarın 2-dən rəsmən üzvü olduğu Avrasiya İqtisadi İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini davam etdirəcəyini bildirib.
Ermənistanın “armradio.am” saytının verdiyi məlumata görə, bu arada Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya İnteqrasiyası və Soydaşlarla Əlaqələr Komitəsinin üzvləri erməni həmkarları ilə görüşmək üçün Yerevana gəlib. Komitənin 9 üzvü – sədr Leonid Kalaşnikovun rəhbərliyi ilə hazırda Ermənistandadırlar və orada parlamentin nümayəndələri ilə görüşəcək, həmçinin digər məsələləri də “yoluna qoyacaqlar”. Yerli kütləvi informasiya vasitələrinin yazdıqlarına görə, baş nazir məsələsi də bu gəlişlə həll olunacaq. Demək, Paşinyan baş nazir seçilərsə, Ermənistan yenə də Rusiyanın sözü ilə “durub-oturacaq”. Yəni müstəqil yox, sifarişli siyasət yeridəcək.
Bu gün Ermənistan parlamenti baş nazir vəzifəsinə namizəd məsələsini həll etməlidir. Parlamentdə təmsil olunan siyasi qüvvələr öz namizədlərini əvvəlki baş nazirin istefasından sonra 7 gün ərzində, aprelin 30-na kimi təqdim etməlidirlər. Bundan sonra ölkədə vəziyyətin normallaşacağına yenə də inam yoxdur.
Nikol Paşinyan isə hamını ruhdan düşməməyə, "xalq namizədi"nin qələbəsi üçün "daha bir addım" atmağa, bazar günündən Yerevanda keçirilən genişmiqyaslı "ictimai itaətsizlik" aksiyalarına qatılmağa və axşam saat 19-da mitinqdə iştirak etməyə çağırıb.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.