Tənəzzül, aclıq və səfalət hökm sürən Ermənistanda siyasi böhran getdikcə dərinləşir

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın baş nazir postunu ələ keçirməklə yenidən  ölkəyə nəzarət etmək planı baş tutmadı. Ümidi hər yerdən üzülmüş erməni xalqı artıq sabiq prezidentin korrupsiyalaşmış cinayətkar komandasına qarşı kütləvi mübarizəyə başladı və nəhayət, Serj Sarkisyanı baş nazirlikdən istefa verməyə məcbur etdi. Əhali canını bu cinayətkardan qurtardığına görə,Yerevanın mərkəzi meydanında bayram edir, Sarkisyanın şəkillərini ayaq altına ataraq tapdalayır,  Dağlıq Qarabağ kartından istifadə edərək, ölkəni girov saxlayan insanlara zülmlər edənlərə lənətlər yağdırırlar.

Ermənistanda baş verənlər ölkənin sosial, iqtisadi və siyasi həyatında uzun müddət davam edən tənəzzülün nəticəsidir. Faktiki olaraq işğalçı ölkədə yaranmış iqtisadi böhran, siyasi ziddiyyətlər, həmçinin işsizlik, orduda baş alıb gedən korrupsiya halları, yoxsulluq səviyyəsinin sürətlə yüksəlməsi  inqilabi hərəkatla nəticələnməkdədir. Əslində, bu gün Ermənistanda baş verənləri nə demokratiyanın tənətənəsi, nə də müxalifətin qələbəsi adlandırmaq olar. Bunun yalnız bir adı var: “Aclıq və səfalətdən, işsizlikdən əziyyət çəkən kütlənin qəzəbinin alovlanması və inqilabi hərəkat”.  Etirazçılar ölkədə insan haqlarının kobud şəkildə tapdalandığı, hakimiyyət rəsmilərinin əhalini qul kimi işlətmələri, ordudakı ölüm hallarının getdikcə artması iddiası ilə çıxış edirlər. Bu barədə kifayət qədər faktın olduğu bildirilir.  Bundan əlavə, bu da bir faktdır ki, Serj Sarkisyan ölkəyə rəhbərlik etdiyi 10 il müddətində Ermənistan heç bir uğura imza atmayıb.

İşğalçı ölkənin iqtisadiyyatı ildən-ilə çöküb, beynəlxalq aləmdəki reytinqi tamamilə heçə enib. Bunun əsas səbəbi isə ölkədə korrupsiya və korporativ maraqların baş alıb getməsi ilə yanaşı, xarici siyasətdəki uğursuzluqdur.  Serj Sarkisyan iqtidarının tutduğu məntiqsiz, ədalətsiz və reallıqdan uzaq işğalçılıq siyasətinə görədir ki, ölkənin qonşu dövlətlərlə, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərinin qismən də olsa, yaxşılaşdırılmasında heç bir irəliləyiş hiss olunmur, Dağlıq Qarabağ münaqişəsi hələ də öz həllini tapmayıb. Bu da Ermənistanı bütün infrastruktur layihələrindən kənarda qoyub. Bunun acı nəticəsi iqtisadi tənəzzüldə özünü acıq şəkildə büruzə verir.

Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin Aprel döyüşlərindəki acınacaqlı məğlubiyyəti Serj Sarkisyan hakimiyyətinin iç üzünü tamamilə açıb  ortaya qoydu. Məlum oldu ki, müstəqilliyini əldə etdiyi vaxtdan  bu günə qədər Ermənistan ümidini Rusiyanın köhnə, heç nəyə yaramayan silah-sursatına bağlayıbmış. Ordu quruculuğu yarıtmaz vəziyyətdədir. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrini darmadağın etməsi, qısa müddət ərzində min hektarlarla ərazini işğaldan azad etməsi, həmçinin strateji əhəmiyyətli yüksəklikləri ələ keçirməsi işğalçı ölkədə ordu quruculuğunun yarıtmaz olmasından xəbər verirdi. Bundan sonra yerli əhaliyə məlum oldu ki, onların təhlükəsizliyi Serj Sarkisyan hakimiyyətindən, onun “formalaşdırdığı ordudan” deyil, kənardakı havadarlarından asılı imiş.  Bunun isə gələcəyi yoxdur.

Əhali öz güzəranının, gələcək taleyinin uçuruma yaxınlaşdığını  sabiq prezident Serj Sarkisyanın  10 illik hakimiyyəti dövründə ölkədə baş verənlərdən bir daha yəqinləşdirmişdi. Yerli əhali artıq dərk etmişdi ki, Dağlıq Qarabağ onlar üçün əlavə problemdir, başağrısıdır və ağır yükdür.  Bu yükü də onların çiyninə məhz Köçəryan – Sarkisyan iqtidarı qoyub.  Digər tərəfdən, insanlar bu hakimiyyətin yalan vədlərindən təngə gəlib. Verilən vədlərin heç biri yerinə yetirilməyib. Onlar görürlər ki, qonşu Azərbaycanın 20 faizi işğal altında olsa da, gündən-günə inkişaf edir, beynəlxalq aləmdə əlaqələri getdikcə möhkəmlənir, sosialyönümlü layihələr reallaşdırılır, Ermənistanda isə vəziyyət getdikcə ağırlaşır. Sarkisyan rejimi  vəziyyəti daha da pisləşdirir. Bu da son nəticədə özünü göstərdi. Yəni, əhali hətta ölümünü gözü önünə gətirərək, meydanlara axışdı. Sarkisyandan canını qurtarmaq üçün polislə qarşı-qarşıya gəldi və istəyinə nail oldu. Xunta hakimyyətinin sonu yetişdi.

Aprel ayı bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda və Ermənistanda seçkilər ayı kimi yadda qaldı. İşğalçı dövlətlə eyni aya təsadüf etmiş seçkilərin nəticələri tamamilə fərqli perspektivlər yaratdı. Bu gün Ermənistanda əhali seçkinin nəticələrini ləğv etməklə bayram edir, Azərbaycanda isə seçkidən sonra ölkədə baş verən struktur dəyişiklikləri, modernləşmə siyasəti, “Formula-1” yarışlarına hazırlıq  və digər yeniliklər hər iki ölkədəki kəskin fərqli mənzərəni aydın şəkildə ortaya qoyur. 

Ermənistanda siyasi böhranın bundan sonra hələ nə qədər davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Çünki bu ölkədə təkcə Serj Sarkisyan hakimiyyətdən uzaqlaşdırılmayıb, bütövlükdə “Qarabağ klanı” ciddi zərbə alıb və  tam demək olmasa da, zərərsizləşdirilib. Buna baxmayaraq,  onsuz da Ermənistan son illər böhran içərisində çapalayırdı. Azərbaycan isə  mötəbər beynəlxalq təşkilatların öz tədbirlərini keçirdikləri məkana çevrilib. Bunun əsasını ölkədə davamlı olan ictimai-siyasi sabitlik, iqtisadiyyatın sürətli inkişafı və “Prezident-xalq” vəhdətinin sıxlığı təşkil edir. Bu ilin aprel ayında Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələri də bunu təsdiqlədi.

Ölkəmiz müstəqilliyini bərpa edəndən bəri daim Qərbin təzyiq və təhdidləri ilə üzləşmişik. Son illər bu təzyiqlər daha da artıb.  2005 və 2010-cu illərdə keçirilən parlament seçkiləri  zamanı Qərb və bir sıra Avropa dövlətləri Azərbaycana yenidən təzyiqlər göstərməyə cəhd etsə də, istəklərinə nail ola bilmədilər. Ölkə rəhbərliyinin düzgün müəyyənləşdirdiyi düşünülmüş siyasi kurs bu təzyiqləri neytallaşdırdı və yenə də sabitlik, əmin-amanlıq təmin olundu. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasətin nəticəsidir ki, bu gün Azərbaycan sabit, təhlükəsiz, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik ölkədir.

 Ermənistan isə bu uğurların heç birinə nail ola bilmədi. Çünki işğalçı ölkə ianələr, yardımlar hesabına yaşayır, özünün müstəqil siyasəti yoxdur. Kimdənsə asılı olan ölkənin müstəqil siyasət yeritməsi qeyri-mümkündür. Ermənistanda baş verən sonuncu hadisələr də bunu təsdiqlədi. İşğalçı ölkənin rəsmi statistika qurumlarının verdiyi məlumata görə, ölkədə yoxsulluğun səviyyəsi 30 faizdən yuxarıdır. Qeyri-rəsmi rəqəmlərdə bu, daha çoxdur. Azərbaycanda isə yoxsulluğun səviyyəsi 5 faizə enib. Bu faktlar bir daha təsdiqləyir ki, Ermənistan iqtidarı əhalinin dolanışığını xarici ianələr, yardımlar hesabına təmin edir. Dolanışığın səviyyəsi isə göz qabağındadır. Son günlər bu ölkədə küçəyə axışıb inqilab edənlərin əsas məqsədi demokratiya yox, sadəcə, insan kimi yaşamaq, acından ölməmək, ailəni dolandırmaq haqqını tələb etmək idi. Bundan əlavə, yerli əhali, ziyalılar, siyasi xadimlər görürdülər ki, Serj Sarkisyanın yarıtmaz fəaliyyəti, siyasi səbatsızlığı, işğalçılıq siyasəti bu ölkəni beynəlxalq aləmdə bir küncə sıxışdırıb. Artıq hərbçilər də bu ədalətsizliyə, orduda baş alıb gedən haqsızlığa, hegemonluğa davam gətirə bilmədi və etirazçılara qoşuldular.

Azərbaycanda keçirilən prezident seçkilərindən sonra Prezident İlham Əliyev böyük səs üstünlüyü ilə daha 7 il hakimiyyətdə qalmaq, ölkəyə rəhbərlik etmək şansını qazanaraq, yeni hökumət formalaşdırdı. Bu, dövlət başçısının siyasi uzaqgörənliyinin, qətiyyətli siyasi iradəsinin nəticəsidir. Ermənistanda isə seçkilərdən sonra əhali Serj Sarkisyanı ölkədən qovdu. Xalq cinayətkardan, qatildən canını qurtardığına görə bayram edir.

Azərbaycanın müstəqil siyasəti ölkəmizin nüfuzunu getdikcə artırır, əlaqələrini genişləndirir. “Siyasi məhbus” və “demokratiya” adı ilə pərdələnmiş beynəlxalq institutların ölkəyə kənardan  “demokratiya ixracı”nın qarşısı siyasi uzaqgörənliklə alındı.  Ölkəmizin daxili işlərinə kənardan müdaxilələr sərt təpkilərlə qarşılaşdı. Azərbaycanın daxili işlərinə qarışmaq istəyən,  qarşıdurma yaratmağa cəhd edən Qərb institutlarının ölkəmizdəki  fəaliyyəti dayandırıldı. Vaxtında  atılan qətiyyətli addımlar idi. Çünki belə müdaxilələrin digər ölkələrdəki acı nəticələrini görmüşdük. Məhz bu müdaxilə Ukraynanı qarışdırdı, Moldovada ciddi parlament-prezident böhranı yaratdı, Ermənistanı isə hakimiyyət böhranına və xaosa sürüklədi.

Bu ölkəni nələrin gözlədiyi hələ məlum deyil. Yəqin ki, klanlararası münaqişə getdikcə daha kəskin xarakter alacaq. Narazı xalq yeni prezident Armen Sarkisyanı da qəbul etmir. Bu da kəskin siyasi hakimiyyət böhranı yaradıb. Azərbaycan isə bölgənin və postsovet məkanının sabitlik adasına çevrilib. Bu sabitliyin əsasını iqtidar-xalq vəhdəti təşkil edir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında