“İKT-nin inkişafı istiqamətində görülən tədbirlər rəqəmsal transformasiya proseslərinin reallaşmasını şərtləndirir”

İnformasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin və dövlətin davamlı inkişafında, yeni hədəflərə doğru irəliləməsində rolu mühümdür.  İKT-nin inkişafında yeni, daha yüksək  mərhələlərə keçid bu gün dünya üzrə dayanıqlı inkişafın təminində əsas hədəflərdən biridir. Davamlı və dayanıqlı inkişafa çatmaq, sənaye cəmiyyətindən informasiya cəmiyyətinə keçid, elektron xidmətlərin inkişafı kimi məsələlərə ölkəmizdə də mühüm əhəmiyyət verilir və bütün bu qeyd edilənlər ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

Hazırda bu istiqamətdə ölkəmizdə də mühüm tədbirlər reallaşdırılır. İnformasiya və kommunikasiya texnologiyaları sahəsinin davamlı inkişafı istiqamətində son illər ərzində Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş bir çox dövlət proqramları (“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və s.) və digər normativ-hüquqi aktlar bu sahənin dayanıqlı inkişafında müstəsna rol oynayır və rəqəmsal transformasiya proseslərinin sürətli  şəkildə reallaşmasını şərtləndirir. 

Hazırda müasir tendensiyalara cavab vermək iqtidarında olan texnoloji sistemin qurulması, rəqəmsal transformasiyanın tam sürətlə həyata keçirilməsi heç də asan deyil. Bu həm müvafiq texnologiyaların tətbiqini, həm də sərmayə yatırımını tələb edir. Həmçinin mühüm məqamlardan biri də ilk növbədə texnoloji təməlin – sabit infrastruktur şəbəkəsinin (fixed infrastrukture network)  olmasıdır. Belə bir təməl olmadan texnoloji inkişaf mümkün ola bilməz. İnkişaf etmiş ölkələrdə müşahidə olunan texnoloji inkişafın da əsasında məhz sağlam və keyfiyyətli baza dayanır. Digər məqamlardan biri də texnoloji təməlin, yəni bazanın müasir standartlara cavab vermək imkanına malik olması, düzgün qurulması və onun üzərində innovativ texnoloji platformaların yüksəldilməsidir.

Hazırda dünya miqyasında istər mobil biznes, “Fixed Broadband Business” (Sabit Genişzolaqlı Biznes), istərsə də MFS (Mobile Financial ­Services - Mobil Maliyyə Xidmətləri), “FinTech” (Maliyyə texnologiyaları) və ya Iot kimi platformalar üzrə sistemlər sabit texnoloji baza və infrastruktur olmadan çalışa bilməz. Məsələn, keyfiyyətli İPTV və ya OTT xidməti üçün sürətli internet və proqram təminatı, MFS üçün mobil telefon üzərindən maliyyə ödəmələrinə imkan verən infrastruktur və hüquqi nizamlama mexanizmlərinin olması vacibdir. Həmçinin də FMC (Fixed Mobile Convergence – Sabit Mobil Konvergensiya) sisteminin işləməsi üçün sabit xətt biznesi ilə mobil biznesin konvergensiyası – yəni fəaliyyət nöqtələrinin birləşməsi istiqamətində tam bir infrastruktur olmalıdır. Əks halda bu biznes üçün böyük itkilərə gətirib çıxara bilər. Eləcə də M2M (Maşınlararası əlaqə – Machine to Machine), “Big Data” kimi texnoloji istiqamətlərdə də bu amil mühüm əhəmiyyət kəsb edir.

Bu gün mobil operatorların güclü sabit infrastruktur şəbəkənin (fixed infrastrukture network) üzərindən sürətli xidmətlər təqdim etməsi günün tələbidir. Hazırda bütün dünya üzrə mobil operatorlar özlərinin yeni inkişaf mərhələsinə qədəm qoyur, gələcək biznesin artıq səsli rabitə deyil, data xidmətləri və məzmun (kontent) əsasında inkişaf edəcəyini yaxşı anlayırlar. Mobil və sabit xətt biznesinin konvergensiyası şəraitində
dünya üzrə telekommunikasiya operatorları tərəfindən təqdim edilən “triple play” (3 xidmət – mobil rabitə, televiziya, internet xidməti) və ya “quadruple play”
­­(4 xidmət – mobil rabitə, televiziya, sabit (fix) xətt telefon xidməti və internet) xidmətlərinin sürətli və qüsursuz şəkildə çalışması üçün də ilk növbədə sabit bazanın güclü və dayanıqlı olması lazımdır.

 

“5G” şəbəkəsi 2025-ci ilə qədər dünya əhalisinin üçdə birini əhatə edəcək

 

Hazırda dünya miqyasında yeni inkişaf istiqaməti olan “5G” texnologiyasının tətbiqi ilə bağlı da mobil operatorların ilk növbədə bu sistemə hazır olması, sabit (fixed) şəbəkəni düzgün şəkildə qurması lazımdır ki, bu da yeni sərmayə yatırımı və əməliyyat xərclərini qaçılmaz edir. Qarşıdakı dövrdə mobil operatorların “4G” sistemindən “4.5G Pro” sisteminə daha sonra isə “5G” sisteminə keçidilə bağlı sabit infrastruktur daha da güclənməli, innovativ texnoloji istiqamətlərdə həm dövlət, həm də özəl sektorun sərmayə yatırımı ilə bağlı işlər aparılmalıdır. Bu gün dünya miqyasında “5G” texnologiyası test rejimindədir və yaxın müddətdə bu sistemin tətbiqi planlaşdırılır. Mobil operatorlar bu texnologiyanın onlara yeni imkanlar açacağını dərk edirlər. Onlar həm də bunun tətbiqi üçün sabit infrastruktura olan yatırımların da həcminin artacağını anlayırlar. Eyni zamanda operatorlar istifadəçilərin artan tələbləri fonunda mövcud “4G” sistemini də təkmilləşdirirlər. Mobil Operatorların Assosiasiyası olan GSMA təşkilatının “Mobil İqtisadiyyat 2017” adlı hesabatına əsasən, “5G” istiqamətində bir çox ölkələr tezliklə kommersiya buraxılışını həyata keçirəcəklər. Belə ki, Cənubi Koreyanın “KT” (Korea Telekom) korporasiyası “5G” kommersiya buraxılışını 2019-cu ildə reallaşdıracaq. Yaponiyanın “NTT DoCoMo” şirkəti bu xidməti 2020-ci ildə istifadəyə verəcək. Çin Xalq Respublikasının “China Mobile” şirkəti 10 min “5G” stansiyasını 2020-ci ilə qurmağı planlaşdırır. Avropa ölkələrində Avropa İttifaqının ən azı bir şəhərində 2020-ci ildə bu xidmətin istifadəsi planlaşdırılır. Yaxın Şərqdə isə “Etisalat” şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 2020 Expo üçün ümummilli miqyasda “5G”ni buraxmağı nəzərdə tutur. Təşkilatın hesabatına əsasən, “5G” şəbəkəsi 2025-ci ilə qədər dünya əhalisinin 1/3 hissəsini əhatə edəcək.

“Deloitte” şirkəti də 2023-cü ilə qədər “5G” sisteminin bir çox inkişaf etmiş bazarlarda tətbiqini qeyd edir. Şirkət “Texnologiya, Media və Telekommunikasiya proqnozları 2018” adlı hesabatında bildirir ki, 5G daha yüksək sürət və qoşulma imkanları təklif edəcək.

Ümumilikdə, beynəlxalq təşkilatlar operatorların gələcəkdə infrastruktur xərclərinin artacağını qeyd edirlər. IDC (International Data Corporation – Beynəlxalq Data Korporasiyası) təşkilatının proqnozlarına görə 2021-ci ilə qədər bulud xidmətlərə və infrastruktura, avadanlıq, proqram təminatı və bulud hesablamaları üçün dünya üzrə xərclər ikiqat artacaq və 530 milyard dollara çatacaq.

 

Yerli şirkətlər düzgün texnoloji bazanın qurulmasına xüsusi diqqət yetirməlidirlər

 

Qeyd olunan məsələlər bu gün Azərbaycan üçün də aktuallıq kəsb edir. Hazırda ölkəmizdə İKT sahəsində yeni istiqamətlər formalaşmaqdadır. 10 il öncə reallaşması çətin görünən texnoloji layihələr bu gün uğurla icra olunur. Dövlət tərəfindən İKT sahəsinin inkişafına mühüm diqqətin yetirilməsi, bu sahənin dayanıqlı inkişafı üçün cənab Prezident tərəfindən müvafiq sərəncam və fərmanların imzalanması bunun bariz nümunəsidir. Həmçinin son dövrlər ərzində müasir standartlara cavab verən Data Mərkəzlərin təsis edilməsi, operatorlar tərəfindən mobil maliyyə texnologiyaları istiqamətində ilk addımların atılması, internetə qoşulan əşyaların sayının gündən-günə artması və beləliklə də IoT (Əşyaların interneti – Internet of Things) və M2M (Maşınlararası əlaqə - Machine to Machine) istiqamətlərinin inkişafı da bunu göstərir. Qeyd etmək lazımdır ki, bir müddətdən sonra ölkəmizdə mobil maliyyə xidmətlərinin inkişafında yeni mərhələ açılacaq. Mobil operatorlar artıq səs, əlavə dəyər yaradan xidmətlər, internet rabitəsi ilə yanaşı, mobil ödəmələr bazarına daxil olacaqlar. Bu rəqəmsal ödənişlər sistemində yeni imkanlar yaradacaq ki, bunun üçün də müasir standartlara cavab verən texnologiyaların tətbiqi, sabit (fixed) texnoloji bazanın qurulması və ya yenilənməsi indidən aktuallıq kəsb edir.

Hazırda ölkəmizin telekommunikasiya sahəsinin iştirakçıları olan özəl sektorun nümayəndələri də innovativ texnologiyaların tətbiqi üçün texnoloji təməlin inkişafı məsələsinə xüsusi diqqət yetirməli, bu sabit bazanın inkişafı və yenilənməsinə sərmayə yatırmalıdırlar, çünki bir qayda olaraq məhz keyfiyyətli və sağlam sabit texnoloji baza gələcəkdə əlavə xərclərin çəkilməsinin qarşısını əhəmiyyətli şəkildə alır. Eyni zamanda, müxtəlif şirkətlərin – telekommunikasiya operatorlarının təşəbbüslərlə çıxış etməsi, yeni texnoloji istiqamətlərə sərmayə yatırması İKT sektorunun dayanıqlı inkişafını da təmin edər və informasiya cəmiyyətinə keçid prosesini daha da sürətləndirər.

Qeyd etmək lazımdır ki, indiki şəraitdə mobil cihazlar üzərindən əməliyyatların sayının artması, mobil telefonun artıq şəxsiyyətin identifikasiyası vasitəsinə çevrilməsi, elektron xidmətlərdə istifadəsi hər ötən gün texnoloji transformasiyanı, elektron hökumətin inkişafı və yeni istiqamət olan mobil hökumət konsepsiyasının daha da aktuallaşmasını şərtləndirir ki, bu da məhz sağlam baza üzərində uğurla həyata keçirilə bilər. Yeri gəlmişkən, onu da bildirək ki, rəqəmsal ödənişlərin genişləndirilməsi, mobil hökumətə keçid məsələsi cənab Prezident İlham Əliyev tərəfindən 2016-cı il 6 dekabr tarixli fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə də qeyd olunur. Burada “Elektron hökumət”in növbəti inkişaf mərhələsi olan “mobil hökumət” (mGov) konsepsiyasının hazırlanması məsələsi əks olunur. Ümumilikdə, Strateji Yol Xəritəsində qeyd olunur ki, informasiya və kommunikasiya sektoru üzrə 2025-ci ildən sonrakı dövr üçün hədəf  uzunmüddətli perspektivdə İKT sahəsində regionda lider ölkəyə çevrilmək, güclü potensialı olan İKT sənayesi, cəmiyyətin artan tələbatını təmin edən telekommunikasiya infrastrukturu yaratmaq, sabit və mobil genişzolaqlı şəbəkə vasitələrinin əhatə dairəsini 95 faizə çatdırmaq, təhsil sistemində texnologiyayönümlü strukturlaşmanın, o cümlədən rəqəmsal iqtisadiyyatın daha da inkişafına şərait yaratmaq, ölkədə bank, maliyyə, təhsil, tibb və s. sosial sahələrdə artıma təkan vermək və elektron xidmətlərin daha geniş tətbiqinə nail olmaqdır.

Həmçinin qəbul olunan ən müxtəlif sənədlərdə elektron hökumətin inkişafı, vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmətlərin göstərilməsi üçün dövlət xidmətlərinin tam elektronlaşdırılması və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruriliyi də hər zaman qeyd olunur. Elə Prezident İlham Əliyev tərəfindən 14 mart 2018-ci ildə qəbul edilmiş “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı tədbirlər haqqında” fərmanda da bu məsələlərə toxunulub və fərmanla idarəetmə sisteminin təkmilləşdirilməsi, dövlət nəzarətinin gücləndirilməsi və görülən işlərin səmərəliliyinin artırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Rəqəmsal hökumətə keçid üzrə Fəaliyyət Planı”nın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Göründüyü kimi, ölkəmizdə elektron hökumətin inkişafı, rəqəmsal hökumətə keçid, texnoloji transformasiya, informasiya və kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında payının artırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir ki, bütün bu tədbirlər ölkəmizin dünya miqyasında öncül yerə çıxmasına və innovasiyaların cəmiyyətin ən müxtəlif sahələrində tətbiqinə, ölkəmizdə biliklərə əsaslanan bir iqtisadiyyatın qurulmasına, eləcə  də müasir və gələcək çağırışlara adekvat cavab verməyə imkan yaradacaq.

Fuad Allahverdiyev,
“AzerTelecom” MMC-nin Baş icraçı direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında