AŞPA-nın yaz sessiyası çərçivəsində “Redaktor müstəqilliyinin müdafiəsi” və “Avropada jurnalistlərin statusu” adlı iki məruzə dinlənilərək müzakirə edilib.
Müzakirələrə qatılan Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə son onilliklərdə dünyanın siyasi mənzərəsində baş verən dəyişikliklərin birbaşa jurnalistikaya təsirinin də məntiqli olduğunu qeyd edib. Bildirib ki, jurnalistika daim dəyişən, inkişaf edən, vaxta uyğunlaşan sənətdir. Ancaq dövründən asılı olmayaraq jurnalistin və jurnalistikanın iki cəhəti dəyişməz qalır. Birinci, keyfiyyətli jurnalistikanın mahiyyətindəki nəciblik. Yəni, jurnalistika hər zaman insanları məlumatlandırmaq, onların gözünü açmaq, biliyini artırmaq kimi xeyirxah vəzifə daşıyır. İkinci, jurnalistikanın dövründən asılı olmayaraq həmişə riskli, müəyyən qədər də təhlükəli peşə olması, yəni, jurnalistin həmişə bir qədər fövqəladə vəziyyətdə çalışan xilasediciyə oxşaması.
Dünyanın həyatındakı ciddi dəyişikliklər əks-sədasını, ilk növbədə, jurnalistikada tapdığı kimi, bu dəyişikliklərin əsas təsirlərindən biri də elə jurnalistikaya olub. İnformasiyanın hərəkət məkanı həddən çox böyüyüb, informasiyanı almaq və ötürmək imkanı və sürətləri dəyişib. İfadə azadlığı anlayışının özündə prinsipial dəyişiklik yaranıb. Bu dəyişiklik, ilk növbədə, özünü ifadə azadlığı və ifadə sərbəstliyinin fərqində göstərir.
Sosial şəbəkələrdən istifadə azadlığından sui-istifadə nəticəsində arzuolunmaz halların da meydana çıxdığını vurğulayan R.Hüseynov deyib: “Sosial şəbəkə az qala hər kəsə sərbəst jurnalistə, bloggerə çevrilmək imkanı verir. İstədiyini yaz, istədiyin süjeti çək, hazırla və sosial şəbəkələrdə yerləşdir. Saniyələr sonra sənin informasiyan bütün dünyada yayıla bilər. Lakin sənin bu sərbəstliyin hansı peşəkar səviyyədə icra olunur, başqalarının hüquq və azadlıqlarına nə dərəcədə riayət edir, bu, artıq mübahisəlidir. Bu baxımdan jurnalistin, jurnalist işini yerinə yetirən şəxsin və ya jurnalistika pərdəsi arxasında gizlənən pozucunun fəaliyyətində ifadə azadlığı ilə ifadə sərbəstliyinin qətiyyən eyni şey olmadığı aşkarlanır. Çünki məhz bu cür sərbəstliyin, nəzarətsizliyin bəzən ifadə özbaşınalığına çevrilməsinin, söyüş, təhqir, təhdid jurnalistikasının da ayaq açmasının, mətbuat terrorunun yaranmasına gətirib çıxarmasının şahidi olmuşuq.
Dünən jurnalistikanın ifadə azadlığı baxımından ən birinci qorxusu siyasi təzyiqlər idisə, indi iqtisadi mexanizmlər daha artıq təzyiq vasitəsinə çevrilib. Çox zaman mətbuat siyasətini yerinə görə iri oliqarxlardan başlamış nəhəng maliyyə resurslarına malik olan iri şirkətlər, konsernlər, iqtisadi güclər müəyyən edir. Onlar mətbuatı da birbaşa yönəltmək bacarıqlarını ortaya qoyurlar. Bir ölkənin ən nüfuzlu, dünyada təsdiqlənmiş informasiya agentliyinə, qəzetinə, jurnalına digər xarici ölkədəki iqtisadi güc göstəriş verir, tapşırıq da yerinə yetirilir”.
Deputat Rafael Hüseynov dünyanın bir sıra aparıcı mətbuat orqanları və informasiya agentliklərinin bu yolla ayrı-ayrı ölkələrə siyasi təzyiq mexanizminə çevrilməsinin təhlükəli meyil olmasını diqqətə çatdırıb. Bildirib ki, ən narahatedici cəhət dünyanın ən təcrübəli, ən tanınmış və mötəbər informasiya agentlikləri, nəşrlərinin bu yolla rahat yönləndirilə bilməsinin adiləşməsidir. İstənilən anda istənilən ölkəyə, şəxsiyyətə, siyasi liderə və xəttə qarşı geniş əhatəli kampaniyalar başladılır, məqalələr dərc edilir, reportajlar hazırlanır və bu hal nəticə etibarı ilə jurnalistikanın anatomiyasında dəyişikliyə bais olur. Jurnalistika tədricən həqiqətə xidmət edən qüvvədən məqsədlərə xidmət edən qüvvəyə çevrilir, daha doğrusu, çevrilib.
“Mən mətbuata hələ məktəbli olarkən gəlmişəm və fasiləsiz olaraq onillərdir ki, jurnalistikadayam. Sovet dövrünün siyasi senzurasını və o senzuradan da betər mühafizəkar redaktorluq sistemini də görmüşəm, neçə illər “Azadlıq” radiosunun müxbiri, “Amerikanın səsi” radiosunun xüsusi müxbiri işləmişəm. Yəni, keçmişlə bu günü həm lokal, həm beynəlxalq səviyyədə ən azı öz şəxsi təcrübəm əsasında müqayisə etmək imkanım var. Keçmişə nisbətən jurnalist sözünün meydanı indi həddən artıq genişdir. Lakin keçmişdə maneəmiz yalnız siyasi senzura idi və onu da üstüörtülü yazmaqla müəyyən qədər aşmaq da olurdu. İndi senzura vəzifəsini yerinə yetirən aşkar və örtülü maneələr ağla gələ biləcəkdən də çoxdur”, - deyə R.Hüseynov qeyd edib.
Milli Məclisin deputatı jurnalisti və jurnalistikanı inkişaf etdirməyin və qorumağın ilk ümdə şərtinin peşəkarlığın artırılması, bu sahədə bütün dünyada həmrəyliyin, əməkdaşlığın dərinləşdirilməsi olduğunu söyləyib. O, jurnalistikanı və jurnalisti qorumağın, bu sahədə yeni uğurlara nail olmağın yolunun peşəkarlığın daim yüksəldilməsində, qeyri-peşəkarların bu sahəyə nüfuz etməsinin qarşısının alınmasında, dünyada jurnalist həmrəyliyinin daha da artırılmasında olduğunu diqqətə çatdırıb.
Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.