“Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Azərbaycançılıq məfkurəsi tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideologiya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
18 aprel 2018-ci il tarixli andiçmə mərasimdəki çıxışından
Ölkəmizdə 2018-ci il aprelin 11-də keçirilən daha bir ümummilli siyasi tədbir – prezident seçkiləri şəffaf, ədalətli və obyektiv şəkildə sona çatdı və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya bəyan etdi. Siyasi mədəniyyət, möhkəm hüquqi baza, yüksək fəallıq bu ilki seçkilərin ən mühüm cəhətlərindən biridir. Xalq artıq kimə və nə üçün səs verdiyinin fərqindədir. Belə ki, seçki prosesində ölkə vətəndaşının mövqeyi ilə siyasi təbliğatın üst-üstə düşməsi yekunda bir-birini tamamladı. Xalqımız bir daha ulu öndər Heydər Əliyev siyasətinin alternativsizliyinə səs verdi və onu dəstəklədi. Eyni zamanda xalq özünün cəsarətli mövqeyi ilə ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin son 15 il ərzində həyata keçirdiyi məqsədyönlü, müdrik siyasətə, əldə olunmuş mühüm nəticələrə öz yüksək qiymətini verdi, daha parlaq gələcəyə, zəfərli sabahlara olan inamına səs verdi.
Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı, dünya dövlətləri sırasına çıxardığı suveren Azərbaycan Respublikası əsrin dörddə biri qədər dövrdə nəinki müstəqil yaşamağa, eyni zamanda, bir sıra sahələrdə beynəlxalq maraq doğuran ciddi iqtisadi, sosial, siyasi və mədəni uğurlara imza atmağa nail olmuşdur. Bu möhtəşəm uğurların qazanılmasında ölkəyə 15 ildən bəri rəhbərlik edən Prezident İlham Əliyevin xidmətləri olduqca böyükdür. O yüksək intellektinin, sarsılmaz iradəsinin, tükənməz quruculuq enerjisinin, ən əsası, mənsub olduğu xalqın ideallarına sədaqətinin nəticəsi olaraq ümummilli etimad qazanmış, yalnız ölkəsinin deyil, bütövlükdə, dünya azərbaycanlılarının lideri kimi şöhrətlənmişdir!
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik və hərtərəfli, dinamik inkişafın göstəriciləri seçkinin taleyinin həll olunmasında ciddi rol oynadı. Xalq gördüyünə, yaşadığına əsaslandı və qarşıdakı dövrdə taleyini inandığı siyasətçiyə, indiki anlamda öz həqiqi lideri İlham Əliyevə etibar etdi. Böyük mütəşəkkilliklə keçən seçkilər müstəqillik epoxasının möhtəşəm yekunu və yeni tarixi mərhələnin mühüm start nöqtəsi oldu.
Bu möhtəşəm hadisənin doğurduğu misilsiz, bir millətin tarixi idealları baxımından isə təbii coşqunun miqyasını təsəvvür etmək üçün istiqlal tariximizə üz tutmaq lazım gəlir. Bu yaxınlarda 100 illiyini qeyd edəcəyimiz Azərbaycan Xalq Cümhuriyyətindən üzü bəri həqiqi vətənpərvərlərin keçirdiyi hissləri xatırlamaq kifayətdir. Cümhuriyyətimizin 100-cü ildönümündə Prezident İlham Əliyevin qazandığı bu qələbə sanki bir rəmzi məzmun kəsb edir və onun Demokratik Respublika dəyərlərinin layiqli davamçısı olduğunu təsdiqləyir.
Ölkəmizin eks maliyyə naziri, iqtisadçı alim kimi qətiyyətlə deyə bilərəm ki, bu triumfal qələbənin öz iqtisadi, siyasi və mənəvi dayaqları vardır. Belə ki, son illərdə ölkədə baş vermiş dinamik iqtisadi artımın təmin edilməsi yeni tipli büdcə-vergi siyasətinin həyata keçirilməsinə, elmi cəhətdən əsaslandırılmış optimal maliyyə-bank tarazlığının təmin edilməsinə və nəticə etibarilə ədalətli sosial siyasət mexanizminin qurulmasına gətirib çıxarmışdır. Vurğulayaq ki, təkcə 2017-ci ildə ölkə üzrə ÜDM 56 milyard 481,5 milyon manat, o cümlədən neft sektoru üzrə 21 milyard 090,6 milyon manat, qeyri-neft sektoru üzrə isə 35 milyard 380,9 milyon manat olmuşdur. 2017-ci ildə ölkənin valyuta ehtiyatları 4,4 milyard ABŞ dolları artaraq, 42 milyard ABŞ dollarına çatmışdır.
İqtisadi və sosial uğurlar ölkəmizin beynəlxalq nüfuzunun və imicinin də durmadan artmasına, onun regionda söz sahibi olmasına gətirib çıxarmışdır. Bu baxımdan Prezident İlham Əliyevin ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlara verdiyi qiymət daha obyektiv səslənir: “Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə eldilən nəticələr bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir”.
Prezident İlham Əliyev daim vurğulayır ki, iqtisadi artım məqsəd deyil, insanların rifahının yüksəldilməsi vasitəsidir. Son illər ölkədə reallaşdırılan sosial siyasət də bu istiqamətə yönəldilib. Beynəlxalq ictimayyətin Azərbaycan Respublikasında gerçəkləşdirilən sosial siyasətə verdiyi qiymət bir çox sənədlərdə, o cümlədən 2017-ci il martın 21-də Stokholmda BMT tərəfindən təqdimatı keçirilən İnsan İnkişafı Haqqında Hesabatda da əksini tapıb.
Dövlət başçısının prezident seçkilərində əldə etdiyi qələbənin fundamental dayaqlarından biri də onun Azərbaycan təhsilinə və elminə sonsuz qayğısı və diqqəti nəticəsində əldə olunmuş uğurlardır.
XX əsrlə XXI əsrin qovuşuğunun fenomeni olan Heydər Əliyevin milli təhsil quruculuğu strategiyası Prezident İlham Əliyev tərəfindən ölkənin sosial-iqtisadi strategiyasına, tərəqqi və inkişafına, müstəqillik və dövlətçilik ənənələrinin möhkəmlənməsinə, milli-mənəvi və bəşəri dəyərlərin qorunmasına, təhsildə köklü islahatlar aparılmasına yönəldildi. Elm və təhsilə böyük önəm verilməsi, təhsildə idarəetmənin demokratikləşdirilməsi, normativ-hüquqi bazanın yaradılması, təhsil infrastrukturunun yeniləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ali məktəblərdə gənc kadrların hazırlanmasına, gənclərin xarici ölkələrdə təhsil almasına, elmin inkişaf strategiyasının yeni istiqamətlərinin müəyyənləşdirilməsinə, Azərbaycan Respublikasının ali təhsil müəssələrinin Avropa ali təhsil məkanına inteqrasiyasına, ali məktəblərdə təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə nail olunması kimi mühüm məsələlər də Prezident İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn uğurlu inkişaf istiqamətləridir.
“Təhsil və informasiya əsri” elan edilən XXI yüzillikdə ölkəmiz informasiya cəmiyyəti yaratmağa qoşulan ölkələr sırasına daxil oldu, “elektron təhsil” konsepsiyası qəbul edildi, təhsilin vahid informasiya mərkəzinin təşkilinə, texnoparklar yaradılmağa başlandı, təhsilin müasir səviyyədə qurulması prioritet istiqamətə çevrildi. Belə bir dinamik inkişaf dövründə Prezidentin “müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir”, “təhsil bizim gələcəyimizdir”, “təhsil hər bir cəmiyyəti irəli aparan amildir” fikirlərinin gerçəkləşdirilməsi ön planda yer aldı, ölkəmizin davamlı sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində mühüm addımlar atıldı.
Prezident İlham Əliyevin təhsillə bağlı 130-dan artıq fərman və sərəncam imzalaması, 100-dən artıq tədbirdə iştirak etməsi, 1000-dən artıq təhsil işçisini müxtəlif orden və medallarla, fəxri adlarla təltif etməsi onun elm və təhsilə nə qədər bağlı olduğunu, bu sahəyə böyük önəm verməsinin, diqqət və qayğı göstərməsinin parlaq təzahürüdür.
Elmə, innovasiyalara, elmi-tədqiqatlara və texnologiyalara dəstək Prezidentimizin fəaliyyətində diqqətçəkən məqamlardandır. Dövlət büdcəsindən bu sahələrə yönəldilən investisiyalar mütəmadi olaraq artırılır.
Azərbaycan xalqının son 15 il ərzində əldə etdiyi qələbələri Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində yüksək qiymətləndirilmişdir. Onun bu tarixi çıxışında bəzi məqamları xüsusi olaraq vurğulamaq yerinə düşərdi:
- Azərbaycanda keçirilən prezident seçkiləri bir daha hakimiyyətin mənbəyinin məhz xalq olduğunu qeyd-şərtsiz sübut etmiş oldu;
- Azərbaycan xalqı vahid milli ideologiya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir;
- Ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olunub;
- 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştiraka nail olunmuş və böyük uğurlar əldə edilmişdir;
- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini qazanmışdır;
- Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır;
- Ölkəmizdə növbəti illərdə də islahatlar davam etdiriləcək, işsizlik və yoxsulluq minimuma endiriləcək, yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır;
- Bu illər ərzində Azərbaycan intellektual məhsulun ixracatçısına cevrilir, “ASAN xidmət” başqa ölkələrdə tətbiq olunur;
- İqtisadi islahatlar uğurla aparılmış, ölkə iqtisadiyyatı son 15 ildə 3,2 dəfə, o cümlədən, sənaye məhsulu 2,6 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artmışdır;
- Sahibkarlığın inkişafına 2 milyard manatdan çox vəsait ayrılmışdır;
- Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri reallaşdırılıb, dörd böyük su anbarı tikilib, 100 min hektardan çox sahə suvarma sistemi ilə təmin olunmuşdur. Perspektivdə ixrac yönümlü sahələrin, o cümlədən pambıqçılığın , baramaçılığın, üzümçülüyün və bağçılığın yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi nəzərdə tutulmuşdur.
- Bu müddət ərzində ölkə daxilində enerji təminatı yaxşılaşdırılmış, o cümlədən, qazlaşdırma 95 faizə çatmışdır;
- Nəqliyyat infrastrukturunun yeniləşməsi prosesi davam etdirilmiş və bu sahədə ciddi uğurlar əldə edilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı növbəti tarixi nailiyyətimizdir. Bundan əlavə bu müddət ərzində ölkəmizdə 7 hava limanı tikilmiş, Azərbaycan Xəzər dənizində ən boyük donanmaya sahib olmuşdur;
- Azərbaycan dünyanın sivil, mədəni, inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir. Təkcə bu il ölkəmizə gələcək qonaqların sayı 3 milyon nəfərə çatacaqdır. Bu müddət ərzində ölkəmizdə çoxlu sayda mədəniyyət obyektləri tikilmiş, restavrasiya olunmuş və xalqın istifadəsinə verilmişdir. Qeyd edək ki, Azərbaycanın tarixi abidələrinin, mədəni və təbii irsinin qorunması UNESCO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir;
- Son illərdə biz böyük idman uğurları ilə də fəxr edə bilərik. Bizim idmançılarımız Olimpiya oyunlarında, dünya, Avropa çempionatlarında böyük qələbələr qazanmışlar;
- Cənab İlham Əliyevin imza atdığı hələ sadalamadığımız çoxlu sayda qələbələrimiz və uğurlarımız bir amala, bir istəyə xidmət etmişdir: Azərbaycanın bütöv və müstəqil olması, onun vətəndaşlarının sosial rifahının daim yüksəldilməsi, sevimli vətənimizin həmişə çiçəklənməsi.
Beləliklə, 2018-ci ilin aprel ayı yeni Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və ölkəmizin ən yeni tarixinin şanlı səhifəsinə çevrildi. Bu qələbə xalqımızı yeni-yeni zirvələr fəth etməyə ruhlandırır. Azərbaycanın regionda lider dövlətə çevrilməsi, insanların maddi rifahının yüksəlməsi, modernləşmə və tərəqqinin sürətlənməsi istiqamətində reallaşdırılan islahatlar, kardinal dəyişikliklər demokratik inkişaf kursunun dönməz xarakter almasının parlaq sübutudur.
Əvəz Ələkbərov,
Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və maliyyə institutları kafedrasının müdiri,
iqtisad elmləri doktoru, professor, “Professorlar klubu”
Rəyasət Heyətinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.