Ermənistan: Etirazçılar Sarkisyan rejimini devirməyə müvəffəq oldular

Məlum olduğu kimi, Yerevanda etiraz aksiyaları Qarabağ klanının başçısı Serj Sarkisyanın bədnam istefası ilə başa çatıb. Bu xəbəri dərin sevinc hissi ilə qarşılayan sakinlər dünən etirazçılara qoşularaq bütün günü ölkənin şəhər və qəsəbələrində meydanlara toplaşıblar. Onlar canlarını, nəhayət, cinayətkar rejimdən qurtardıqlarını düşünürlər.

Xatırladaq ki, Yerevanda etiraz aksiyaları başlayarkən etirazçıların əsas tələbi Serj Sarkisyanın istefa verməsi idi. On illik prezidentliyi dönəmində yalançı, fırıldaqçı və korrupsioner kimi mənfi imic qazanan S.Sarkisyan ölkədə cəmi 11 gün çəkən etiraz aksiyalarında xalqın kəskin qəzəb və tələbi qarşısında istefa verməyə məcbur oldu. Bəli, Sarkisyan cəmi bir neçə gün baş nazir kürsüsündə əyləşə bildi. Qarabağda əli dinc, günahsız soydaşlarımızın qanına bulaşmış qatilin bu dəfə hökumətə rəhbərlik etmək niyyəti gözündə qaldı.

Hazırda Ermənistanda baş nazirin səlahiyyətlərini Karen Karapetyan icra edir. Dünən onunla Rusiyanın Baş naziri Dmitri Medvedev arasında telefon danışığı olub. Telefon bağlantısı rəsmi Moskvanın təşəbbüsü ilə gerçəkləşib. Söhbət zamanı Ermənistandakı küçə hərəkatı, ölkədəki mövcud siyasi və ictimai durum, sabitliyin tez bir zamanda təmin olunması və sair məsələlər müzakirə edilib. Bu barədə məlumatı Ermənistan baş nazirinin mətbuat xidməti yayıb.

Məlumata görə, D.Medvedev indiki halda Ermənistanda konstitusiyanın tələbləri daxilində parlamentli respublika idarəçilik quruluşunun qorunub-saxlanılmasının vacib olduğunu da dilə gətirib. Tərəflər Avrasiya İqtisadi İttifaqı çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunublar.

Yeri gəlmişkən, Sarkisyanın ətrafı ümid edirdi ki, baş nazir postunun K. Karapetyana tapşırılması xalqı sakitləşdirəcək. Ancaq aksiya təşkilatçıları xalqın böyük dəstəyini gördükdən sonra daha sərt tələblər irəli sürməyə başlayıblar. Belə ki, mitinqə rəhbərlik edən Nikol Paşinyan dünən izdiham qarşısında çıxış edərək bildirib ki, növbəti addımımız növbədənkənar parlament seçkilərinin keçirilməsi olmalıdır.

N.Paşinyan həmçinin bildirib ki, o, aprelin 25-də “Mariott” mehmanxanasında baş nazirin səlahiyyətlərini icra edən K.Karapetyanla görüşərək, hakimiyyətin dinc yolla xalqa ötürülməsini müzakirə edəcək. Onun fikrincə, hakim Respublikaçılar Partiyası heç bir zoraklığa yol vermədən erməni xalqının “məxməri inqilabı”nı birmənalı şəkildə tanımalıdır.

N.Paşinyan keçmiş prezident və Serj Sarkisyanın yaxın müttəfiqi olan Robert Koçaryanın tənqidçilərindən biri olub. O, “Oragir” qəzetindəki kəskin tənqidi məqalələrinə görə dövlət başçısına böhtan atmaqda ittiham edilib və 1999-cu ildə istintaqa cəlb olunub. 2006-cı ildə Paşinyan siyasətə qoşulub və növbəti il keçirilmiş parlament seçkilərində uğursuzluğa məruz qalıb.

S.Sarkisyanın 2008-ci ildə ilk dəfə prezident seçilməsindən sonra iqtidara qarşı keçirilən kütləvi etirazlarda fəal iştirak edib. Həmin etirazlar xüsusi təyinatlılar tərəfindən yatırılıb. N.Paşinyan isə etirazlarda iştirakına görə yeddi il həbs cəzası alıb. Lakin erkən azadlığa çıxan N.Paşinyan 2012-ci və 2017-ci illərdə keçirilmiş parlament seçkilərində deputat seçilib. O, parlamentin üzvü kimi Ermənistanın Rusiya ilə yaxınlığını tənqid edib və Avrasiya İqtisadi İttifaqından çıxmağı təklif edib.

Maraqlıdır ki, bir həftə əvvəl baş nazir kimi təsdiq edildikdən sonra S.Sarkisyan N.Paşinyanı etirazlara rəhbərlik etməyi dayandırmağa və parlamentə geri qayıtmağa çağırıb. Lakin N.Paşinyan bu xahişi qəti surətdə rədd edib.

Ermənistanda bundan sonra hadisələrin hansı məcrada davam edəcəyini proqnozlaşdırmaq çətindir. Ümid edək ki, qonşu ölkədə formalaşacaq yeni hakimiyyət heç olmasa bundan sonra sağlam düşüncəni üstün tutacaq, Qarabağla bağlı işğalçı siyasətindən əl çəkəcək. Əks təqdirdə, yeni iqtidarı da eyni aqibət gözləyəcək.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında