Azərbaycan son illərdə dünyadakı mövqeyini daha da möhkəmləndirmişdir

Aprelin 11-də ölkə qanunlarına uyğun olaraq azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası vətəndaşları öz siyasi iradələrini bir daha ifadə edərək, dövlət başçısı İlham Əliyevə yenidən çox böyük inam və etimad göstərdilər. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 18-də keçirilmiş andiçmə mərasimində ötən 15 il ərzində ölkəmizin keçdiyi yola nəzər salaraq müasir dövrdə dövlət siyasətimizin prioritet istiqamətlərini açıqladı.

Dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının görülən işlərə yüksək qiymət ver­diyini, xüsusilə inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verdiyini bildirdi: “Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçiril­miş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqı­mızın iradəsini, onun fikirlərini əks etdirir”.

 

Sabitlik ölkəsi

 

Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq və ötən 15 il ərzində bu yolla gedərək böyük uğurlara imza atdığımızı, Azərbaycan xalqının təhlükəsizlik, sabitlik şəraitində yaşadığını bildirən Prezident İlham Əliyev bu dövr ərzində dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə, eləcə də Avropa­da çox təhlükəli proseslərin – qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri və dövlət çevrilişlərinin baş verdiyini diqqətə çatdırdı.

Təhlükəsizlik baxımından bu illərin gərgin keçdiyini, Azərbaycanda isə xalqımızın təhlükəsizlik şəraitində yaşadıgını bildirən dövlət başçısı demişdir: “Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Bu da inkişafımız üçün əsas şərtdir”. Dövlət başçısı bildirmişdir ki, Azərbaycanda sabit­liyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, sabitlik po­zulanda inkişafdan söhbət gedə bilməz və sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və dövlətlərin gələcəyi böyük sual altına düşür.

Azərbaycanda ötən 15 il ərzində demokratik inkişafın çox sürətlə getdiyini, ölkəmizdə bütün azadlıq­ların təmin edildiyini və demokra­tik inkişaf baxımından çox uğurlu illər olduğunu, siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz, azadlığını, sərbəst toplaşma, siyasi fəaliyyət azadlığını təmin etdi­yimizi diqqətə çatdıran dövlət başçısı bu gün Azərbaycan vətəndaşlarının 80 faizinin internet istifadəçisi oldu­ğunu bildirmişdir.

Bununla yanaşı, dövlət başçısı son vaxtlar Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunduğunu və prezident seçkiləri kampaniyasının bunu bir daha göstərdiyini bildirərək demişdir: “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kam­paniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır”.

Eyni zamanda, dövlət başçısı antimilli qruplaşmanın tam margi­nallaşmasını vurğulayaraq bildirdi ki, bu seçkilər onların Azərbaycanın siyasi səhnəsində yerinin olmadığı­nı bir daha göstərdi: “Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”.

 

Müasir multikulturalizm nümunəsi

 

Son 15 il ərzində dünyada çox təhlükəli proseslərin cərəyan etdi­yini, islamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrildiyini, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərildiyini diqqətə çatdıran Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsinin ölkəmizdə bərqərar olduğunu bildi­rib. O, xalqımızın vahid milli ideya ətrafında birləşdiyini və ölkəmizin çox uğurla inkişaf etdiyini, Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıdığını diqqətə çatdırdı.

Dövlət başçımız son illərdə qonşu dövlətlərlə daha sıx əlaqələrin qurul­duğunu, ikitərəfli münasibətlərimizin indi ən yüksək səviyyədə olduğu­nu bildirməklə yanaşı, çoxtərəfli əməkdaşlığın da Azərbaycanın təşəbbüsü ilə baş verdiyini, bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradıldığını və bunun işlək formatlar kimi bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda ver­diyini, eyni zamanda, qonşularla isti münasibətlərimizin regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərdiyini qeyd etdi. Bununla yanaşı, Prezident İlham Əliyev bildirdi ki, son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak edirik və beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qara­bağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir.

 

Beynəlxalq aləmdə nüfuz sahibi

 

Azərbaycan Prezidenti bildirdi ki, son 15 il ərzində bir sıra mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizə uyğun olaraq, çox önəmli qətnamələr qəbul etmişlər. Münaqişənin ölkəmizin ərazi bütöv­lüyü çərçivəsində həllini tapmalı olduğunu bildirən dövlət başçısı bir daha diqqətə çatdırdı ki, BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Av­ropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyi­mizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır”. Eyni zamanda, Ermənistanın işğalçılıq siyasətini ifşa etdiyimizi bildirən dövlət başçısı xüsusi olaraq vurğuladı ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir, həmçinin, erməni lobbi təşkilatlarının bizə qarşı kampaniyalar aparmasına baxmayaraq, dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq.

Ermənistan-Azərbaycan, Dağ­lıq Qarabağ münaqişəsinin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu bildirən möhtərəm Prezidentimiz İlham Əliyev bir daha bəyan etdi: “Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımız­dır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasi­yaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir”.

Eyni zamanda, Azərbaycan Prezidenti qeyd etdi ki, yaxın tarix və bölgədə gedən proseslər bir çox hal­larda beynəlxalq hüquq normalarının işləmədiyini göstərir: “Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmü­şük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq. Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düz­gün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü”.

 

Güclü ordu – güclü dövlət

 

Son 15 il ərzində ordu quruculuğu prosesinin sürətlə getdiyini bildirən dövlət başçısı bu gün Azərbaycan Ordusunun dünya miqyasında təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından güclü silahlı qüvvələrin sırasında olduğunu qeyd etdi. Dövlət başçısı 2016-cı il aprel döyüşlərini şanlı tariximiz, böyük qələbəmiz kimi dəyərləndirməklə yanaşı, Cocuq Mərcanlı qəsəbəsinin bizim dirçəliş rəmzimizə çevrildiyini də bildirdi. Eyni zamanda, bildirdi ki, Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etmişdir, artıq minlərlə hektar torpağa biz nəzarət edirik. Azərbaycan Prezidenti bizim hərbi qələbəmizin xalqımızın gücünü, yenilməz ruhunu göstərdiyini, eləcə də Azərbaycan xalqının bu işğalla heç vaxt barışmayacağını və öz torpaqla­rımızı azad edəcəyimizi vurğulayaraq bəyan etdi ki, buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq.

 

İqtisadi uğurlarinkişafın dayağıdır

 

Prezident İlham Əliyev bütün sahələrdə qazanılan uğurlarla yanaşı, sənaye istehsalının 2,6 dəfə, valyuta ehtiyatlarının 24 dəfə artdığını və bu gün 44 milyard dollara çatdığını bildirərək, ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulduğunu diqqətə çatdırdı. Bundan əlavə, dövlət başçısı qeyd etdi ki, Davos Ümumdün­ya İqtisadi Forumunun Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görmüşdür. İnkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə respublikamız üçüncü yerdədir. Bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar tarixi nailiyyətlərdir.

Eyni zamanda, Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, qazanı­lan uğurlar sırasında ümummilli lider Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilmiş, bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2012-ci ildən “Cənub” qaz dəhlizinə start verildiyini, hazırda bu layihənin icra edildiyini və bizim təşəbbüsümüzlə həyata keçi­rildiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu bu layihəyə qoyulan sərmayə 40 milyard dollara bərabərdir.

Eyni zamanda, dövlət başçısı bizim artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirdiyimizi bildirərək qeyd etdi ki, “Cənub” qaz dəhlizi layihələrinin üçü bu il istifadəyə veriləcəkdir – “Şahdəniz-2”, “Cənubi Qafqaz kəməri” və TANAP. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olmuş və bir-iki ildən sonra “Cənub” qaz dəhlizi tam istifadəyə veriləcəkdir. Bununla yanaşı, keçən illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımların atıldığını, yeni müqavilənin imzalandığını, kontraktın müddətinin 2050-ci ilə qədər uzadıldığını və öz payımızı artıra bildiyimizi vurğuladı.

Eyni zamanda, qonşularla əməkdaşlıq edərək regional infrastruk­tur da yaratdığımızı, xüsusilə, 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının növbəti tarixi nailiyyətimiz olduğunu bildirən dövlət başçısı bununla paralel olaraq, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması və Azərbaycan ərazisində bütün işlərin tamamlandığını bildirdi: “Beləliklə, açıq dənizlərə çıxışı olma­yan ölkə olan Azərbaycan Avrasiya­nın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bu, real işlərin nəticələridir. Bizim coğrafi yerləşməyimiz bir tərəfdən əlverişlidir, digər tərəfdən əlverişsizdir. Biz Avropa ilə Asiya ara­sında yerləşirik, ancaq, eyni zamanda, bizim açıq dənizlərə çıxışımız yoxdur. Əgər olsa idi, onda heç neft və qaz kəmərlərini tikməyə ehtiyac qalmazdı. Ona görə, belə qapalı şəraitdə Avrasi­yanın nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz tarixi nailiyyətimizdir”.

Azərbaycan Prezidenti bütün bu uğurların ancaq müstəqillik dövründə mümkün olduğunu diqqətə çatdıraraq demişdir: “Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.

Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında