O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.
Ulu öndər Heydər Əliyevin
Azərbaycan xalqına 1 oktyabr
2003-cü il tarixli müraciətindən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən, xalq, dövlət qarşısındakı növbəti andiçmə mərasimindən hazırlanmış televiziya materialına diqqətlə tamaşa etmiş istənilən soydaşımızın yadına düşən ilk məqam məhz ulu öndərin 1 oktyabr 2003-cü il tarixli müraciəti olur. Ümummilli lider həmin müraciətdə bir məqamı xüsusilə qeyd etmişdi ki, öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Xalqa xidmətin həqiqi nümunəsi olan ömrünün fiziki cəhətdən başa çatmasından sonra da öz xalqına xidmət etməyi mənəvi borc kimi qəbul edən ulu öndər ölkə əhalisinə xitabən deyirdi: “Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir”.
O tarixi müraciətdən keçən 15 ilin nəinki hər ayında, hətta, hər günündə cəmiyyətimizdə müasirləşmə, inkişaf, tərəqqi və beynəlxalq aləmdə səs salan hadisələr baş verdiyinə görə, ölkə əhalisi az qala hər gün ulu öndərin həmin müraciətini xatırlayır. Aprelin 18-də Milli Məclisin böyük zalında təşkil edilmiş andiçmə mərasiminin iştirakçıları və həmin tədbiri televiziya vasitəsilə izləyən soydaşlarımız da məhz 15 il əvvəlki müraciətin həqiqətə çevrildiyinin şahidi oldular. O vaxtdan bəri ölkəmizin daha firavan sabaha aparılması məqsədilə hazırlanan plan, proqram və layihələrin hamısının uğurla başa çatmasını biz bu gün görürük, ulu öndərin siyasi bəsirəti isə həmin nailiyyətləri hələ 15 il əvvəl görürdü.
Seçicilərin etimadı xalqın iradəsinin təsdiqi idi
Dövlətimizin başçısı özünün növbəti andiçmə mərasimində xüsusi olaraq vurğuladı ki, Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib: “İlk növbədə, bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm,” – deyən Prezident əlavə etdi ki, Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir.
Uğurlarımızın təməlində “xalq-iqtidar” birliyi dayanır
Maraqlıdır ki, cənab Prezidentin özü də andiçmə mərasimində 2003-cü ili yada salaraq xatırlatdı ki, mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm: “Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur”.
Xüsusilə vurğulanmalı məqamdır ki, Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır. Bu da ölkənin inkişafı üçün əsas şərtdir. Beynəlxalq aləmdəki proseslər hamının gözü qarşısındadır. Hansı ölkədə ki, sabitlik pozulur, orada xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür: “Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə “xalq-iqtidar” birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.
Demokratiya zamanın tələbidir
Prezident İlham Əliyevin ölkədə qazandığı çoxsaylı uğur və nailiyyətlərin ən dəyərlilərindən biri də, cəmiyyətin daha sürətlə demokratikləşdirilməsi, eləcə də, vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində qətiyyətli addımların atılmasıdır. Məhz bunun nəticəsidir ki, ötən 15 il demokratik inkişaf baxımından çox uğurlu dövr olmuşdur.
Prezident həmin məsələyə toxunarkən dinləyici və ya tamaşaçıda belə bir təsəvvür yaranır ki, o, ölkədə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını sadəcə fakt kimi yada salmır və ya hesabat kimi söyləmir. O, rəhbərlik etdiyi ölkədə insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasından yaranan məmnunluq hisslərini dilə gətirir: “Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir”.
Ölkəmizin dünyadakı reputasiyası durmadan yüksəlir
Bu gün dünyanın bütün reytinq müəyyən edən və rəy sorğusu keçirən beynəlxalq təşkilatları səmimi şəkildə etiraf edirlər ki, Azərbaycan dünyada çox müsbət reputasiyaya malik olan ölkədir. Bunun səbəbi kimi isə ölkədə həyata keçirilən hərtərəfli islahatların nəticələri göstərilir. Beynəlxalq aləmdəki politoloq, siyasətçi və ekspertlərin hamısı yazırlar ki, Azərbaycan son illərdə beynəlxalq aləmdə böyük uğurlara imza atıb.
Bu məsələyə dövlət başçımızın münasibəti isə daha maraqlı və əsaslandırılmış şəkildədir: “Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir”.
Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq reytinqimizə əsaslanacağıq
Yaranmış vəziyyət onu göstərir ki, dövlətimizin yeganə problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı beynəlxalq aləmdəki nüfuz və reytinqimizdən yüksək səviyyədə bəhrələnə biləcəyik. Çünki bu gün dünya Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Məhz İlham Əliyevin siyasi-diplomatik fəaliyyəti nəticəsində dünyaya sübut edə bilmişik ki, Dağlıq Qarabağ münaqişəsində biz haqlıyıq. Ermənistanın işğalçı dövlət olduğunu sübut etmək üçün bizə çoxlu vaxt və səylər lazım olmuşdur.
Prezident xatırladır: “Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır”.
Bizi qarşıda nələr gözləyir?
Bu sualın cavabını Prezident çox sadə şəkildə verərək deyir ki, bundan sonrakı illərdə bu günə qədər görə bilmədiyimiz işləri başa çatdıracağıq: “Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar”.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.