(Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Ramiz Mehdiyevin ictimaiyyətə təqdim etdiyi, geniş əhatəli azərbaycançılıq ideyası ilə birləşdirilmiş məqalələrdən ibarət ikicildliyə - “Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası haqqında” və “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitablarına politoloqun refleksiyaları)
AZƏRTAC siyasi elmlər doktoru, professor, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlının Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqalələrindən ibarət ikicildliyi - “Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası haqqında” və “Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” kitabları haqqında məqaləsini təqdim edir.
Xalqın öz birliyini dərk etməsi müasir yetkin millətin əsas xarakteristikalarından biridir. Bu yaxınlarda keçirilən seçkilərdə Prezident İlham Əliyevin siyasi kursunun Azərbaycan xalqı tərəfindən dəstəklənməsinin görünməmiş yüksək reytinqi milli birliyin yüksək səviyyəsini və ölkəmizin səmərəli davamlı inkişafının uzunmüddətli perspektivini göstərdi. Prezident İlham Əliyevin siyasi nüfuzunun və onun kreativ idarəçiliyinin əsas güc qaynağı Azərbaycan xalqının qəti və dönməz mövqeyidir. Yenidən Prezident seçilmiş İlham Əliyev Azərbaycan xalqına müraciətində ona göstərilən dəstəyə və etimada görə təşəkkür edərək qeyd edib ki, xalqın dəstəyi inkişafımızın əhəmiyyətli şərtidir və ölkə vətəndaşları öz seçimi ilə təhlükəsizliyə, tərəqqiyə və inkişafa səs verdilər. Prezident İlham Əliyev deyib: “Son 15 il ərzində görülən işlərə yüksək qiymət verilmişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır. Amma biz daha güclü olmalıyıq”. Ötən seçkilər təsdiq edir ki, daxili və xarici suverenliyin dəstəklənməsi, milli təhlükəsizliyin təmin edilməsi sisteminin sabit inkişafı üzrə səyləri yalnız sıx birləşmiş xalq uğurla akkumulyasiya edə bilər.
1993-cü ilin iyunundan etibarən ötən illər göstərdi ki, millətimizin bu cür düşünməyə hər cür əsası var: biz tarixdə şəxsiyyətin rolu mövzusunda ən parlaq illüstrasiyalardan birini əks etdirən əsrdə yaşayırıq. Heydər Əliyev Azərbaycan xalqını layiqli zirvəyə qaldırdı, o, bizə özümüzü müstəqil və suveren dövlətin tam dəyərli vətəndaşları kimi hiss etmək imkanı verdi. İlham Əliyev qloballaşma çağırışlarını layiqincə qəbul edərək artmış maliyyə-iqtisadi və siyasi imkanları insan kapitalının hərtərəfli inkişafına, regional və beynəlxalq arenada milli maraqların irəlilədilməsinə konversiya etdi: “Məqsədimiz Azərbaycan xalqının daha yaxşı yaşaması üçün, ölkə qarşısında duran bütün məsələlərin öz həllini tapması üçün, regionda mövqelərimizin güclənməsi üçün ölkəmizin qüdrətini möhkəmləndirmək və artırmaqdır”. İlham Əliyevin bu sözləri seçkiqabağı təşviqat və populist təbliğat deyildir. Bu, öz vəzifələrini daim yerinə yetirən məsuliyyətli milli liderin kredosudur.
Ötən seçkilərdə təzahür edən milli birliyin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış, milli dövlətçiliyin, milli identikliyin və milli ləyaqətin möhkəm təməlini qoymuş azərbaycançılıq ideyası dayanır. Müasir Azərbaycanın siyasətinin əsasını milli liderlə ölkə vətəndaşları arasında həmrəylik və qarşılıqlı anlaşma təşkil edir. Azərbaycan dövlətçiliyinin ümummilli lider Heydər Əliyevin dövlət idarəçiliyinin zirvəsinə qayıdışından sonra toplanmış bütün təcrübəsi təsdiq edir ki, məhz ümumi, Prezidentlə möhkəmləndirilmiş legitimlik platforması müstəqil dövlət quruculuğu üçün ən yaxşı təməl rolunu oynayır.
Prezident İlham Əliyev fəxrlə bəyan edir ki, ölkəmizdə bütün məsələlər müəyyən dairələrin təhriki ilə deyil, xalqın iradəsi ilə həll olunur. Konstruktivlikdən uzaq, ölkənin siyasi həyatında onsuz da cüzi olan mövqelərini də itirən müxalifət və ölkəmizə bədxah münasibət bəsləyən bəzi KİV-lər klip şüuru məhdud olduğuna görə aşkar bir fakt üzərində düşünmək istəmir. Prezident İlham Əliyevə səs vermiş Azərbaycan seçicilərinin 86,02 faizi əlverişli sabit inkişaf atmosferində özünün dərk edilmiş rasional seçimini edib. Prezident İlham Əliyev mövqeyini belə müəyyənləşdirir: “Biz həmişə populizmdən, populist ritorikadan uzaq olmuşuq. Bəzən hətta çalışmışıq ki, özümüzü o qədər də nümayiş etdirmədən, sadəcə, ölkənin uğurla inkişaf etməsi üçün lazım olan işi görək. Bir daha deməliyəm ki, bizim daxili inkişafla bağlı məsələlər sarıdan heç bir çətinliyimiz olmayıb və düşünürəm ki, olmayacaq”.
Belə bir məsələni də xatırlamaq yerinə düşər ki, “etalon” demokratiyalı ölkələrdə də yüksək reytinqlərə təsadüf olunur. Məsələn, ata və oğul Buşların reytinqi 88 faizə çatmışdı. Ancaq bir əhəmiyyətli məsələ də var ki, yüksək reytinq millətin birliyə kəskin tələbat hiss etdiyi dövrlərdə - Küveytdə və İraqda hərbi əməliyyatların qızışdığı vaxtlarda qeydə alınmışdı.
Qlobal yayğın mənəvi-əxlaqi və sosial dəyərlər və oriyentirlər şəraitində azərbaycançılıq ideyası suveren dövlət siyasətinin de-fakto əsasını qoyub. Azərbaycan dövlətçiliyinin inkişaf perspektivləri karbohidrogen xammalın qiymətləri və ya enerji daşıyıcılarının nəqli marşrutları problemləri deyildir. Əlbəttə, bunların əhəmiyyətini heç kəs şübhə altına almır. Amma beynəlxalq birliyin tamhüquqlu üzvü kimi, bizim gələcəyimiz milli ideya və Azərbaycan xalqının dəyərləri ilə bağlıdır. Xalqın birliyini de-yure və de-fakto təcəssüm etdirən Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, o, nə Azərbaycana, nə də onun xalqına etinasız və hörmətsiz münasibətə dözməyəcək və buna yol verməyəcək.
Azərbaycan siyasi sisteminin Prezident İlham Əliyev tərəfindən iqtisadi və sosial tərəqqiyə istiqamətləndirilmiş iddialı yeni dizaynı artıq təşəkkül tapmış azərbaycançılıq fəlsəfəsindən danışmağa imkan verir. Bu fəlsəfə hər bir vətəndaşa özünü dövlətin bir hissəsi kimi hiss etmək, güclü dövlətin və güclü iradəli liderin olmasının vacibliyini başa düşmək imkanı verir. Prezident İlham Əliyev əmindir ki, “azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Müstəqil siyasət, milli maraqların müdafiəsi, milli ləyaqət, milli və dini həmrəylik – uğurlarımızı şərtləndirən bax bunlardır”.
Ölkəmizin inkişafının mənəvi əsası kimi azərbaycançılıq fəlsəfəsinin dəyəri haqqında Prezident İlham Əliyevin fundamental qənaəti Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin Moskvada nəşr olunmuş ikicildliyinə epiqraf seçilib. Hər iki kitab – “Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası haqqında” və “Qlobal transformasiyalar şəraitində Azərbaycan milli ideyası” kitabları 1993-cü ilin iyunundan milli müstəqillik və suveren dövlət formulunda inkişaf edən Azərbaycan milli ideyasının inkişafı probleminin çoxşaxəliliyini birləşdirir. “XX əsrin sonları və XXI əsrin əvvəlləri taleyüklü olub. Milli tarixin məhz bu mürəkkəb dövründə sosial-siyasi hadisələr yenidən Heydər Əliyevi, sonra İlham Əliyevi milli dövlət arenasına çıxardı. Məhz onlar - əsl milli liderlər bizim heç də sadə olmayan dövrümüzün gözlənilməz çətinliklərini dəf edərək, millətin daxili enerjisini yaradıcı məsələlərin həllinə yönəldə, sağlam vətənpərvərliyi dövlət siyasəti səviyyəsinə qaldıra və Azərbaycanda XXI əsr cəmiyyətinin əsasını qoya biliblər”(c.2,səh.354).
Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri kimi məsul dövlət missiyasını icra edir, bu günün reallıqlarını əsaslandırır və Azərbaycanın modernləşdirilmiş inkişafının innovativ modelini gələcəyə ekstrapolyasiya edir. Akademik Ramiz Mehdiyevin tarixi idraka müraciəti “nə Qərbi təqlid etməyə, nə də Qərb dəyərləri ilə əlaqəni kəsməyə deyil, əsas milli inkişaf strategiyasına uyğun ümummilli birlik zərurəti ilə izah olunur” (c.1, səh.31). Ramiz Mehdiyev Azərbaycan vətəndaşlarının dünyada və bəşəriyyət tarixində öz layiqli yerini müəyyənləşdirməyə çalışan gənc nəslinin dünyagörüşü impulsunu dəqiq tutur. “Razılaşın ki, bizim innovativ resursumuz bir çox cəhətdən məhz bu nəsildir və ölkəmizin gələcəyi onun ideya-əxlaqi, dünyagörüşü və siyasi inam və mövqelərindən asılıdır. Azərbaycanı təhvil verəcəyimiz nəsil “milli ideyasız və müvafiq ideologiyasız uğurlu və tarixi baxımdan sabit ola bilməz” (c.1.səh.7).
Azərbaycan xalqının milli ideyasının akademik Ramiz Mehdiyev tərəfindən fəlsəfi-metodoloji araşdırılmasının aktuallığı, bir tərəfdən, Azərbaycan xalqının milli-mədəni özünəməxsusluğunun qorunub saxlanılması məqsədi ilə milli identiklik haqqında tam təsəvvürün işlənib hazırlanması, digər tərəfdən, dünya birliyinə yolverilən inteqrasiyanın sərhədlərinin axtarışı üçün vacibdir. Milli ideya və milli identiklik probleminin aktuallaşdırılması bir sıra ölkələrin mənfi təcrübəsi ilə determinə edilir və bu da aşağıdakı əlamətlərdə təzahür edir: modernləşdirmənin identiklik böhranı yaradan sosiomədəni ənənənin müsbət rolu nəzərə alınmadan həyata keçirilməsi; konfliktogenlik səviyyəsi təhdidedici olan etnik və konfessional fərqlərin yüksək dərəcədə siyasiləşdirilməsi.
Müasir cəmiyyətlər əvvəllər olduğu kimi, özünəməxsusluğunu və unikallığını müəyyənləşdirmək və qoruyub saxlamaq tələbatını dövlət və milli səviyyədə, habelə şəxsiyyət səviyyəsində saxlayırlar və bu tələbat yalnız milli ideya əsasında təmin oluna bilər. Yalnız Azərbaycan sivilizasiyasının tarixi baxımdan işlənib hazırlanmış dəyərli optimumunu fəallaşdırmaqla, inkişafımızın qlobal perspektivləri uzunmüddətli müsbət proyeksiyaya malik ola bilər.
Tarixi şüur, əvvələn, cəmiyyət həyatının, demək olar, bütün sahələrinə mental təsir göstərir, ikincisi, mədəniyyətdəki statusuna, milli identiklikdəki roluna görə sosial praqmatika məsələlərini həll edir və siyasi reallıqlarda yeni olduğunu göstərir.
Düzünü deyim ki, özümü akademik R.Mehdiyevin ikicildliyə yazdığı müqəddiməsində qeyd etdiyi ağıllı oxucular cərgəsinə aid edirəm. Amma özümdən əlavə edim ki, bir çox səbəblərə görə - zəmanəmizin sosial kamertonunun ən mürəkkəb səslənmələrini Ramiz Mehdiyevin əsərlərində dəqiq izləməyə imkan verən həm peşəkarlıq, həm də vətəndaşlıqla bağlı olan; indi dəb halını almış “Şəxsiyyətin baza keyfiyyətləri” bu elmi əsərlərdə açıldığı üçün sırf insaniliklə bağlı olan səbəblərə görə özümü biganə olmayan oxucular cərgəsinə aid edirəm. Məhz bu üç keyfiyyət - görkəmli dövlət xadimi, geniş tanınan, nüfuzlu alim, çağırışları qəbul etməyi və təhlükələri dəf etməyi bacaran güclü və etibarlı insan olması qeyri-adi şəxsiyyətin portretini cızmağa imkan verir. Ramiz Mehdiyevin qətiyyəti, ruh yüksəkliyi və peşəkarlığı həmişə Azərbaycanın dövlət maraqlarına xidmət edir. Mənə belə gəlir ki, Ramiz Mehdiyevin həyat kredosu onun bu sözlərini yaxşı illüstrasiya edir: “Azərbaycan elə bir müqəddəs məkandır ki, onu sevən hər kəs onun üçün bütün varlığından keçməyə hazırdır. Bütün həyatımız boyunca hər birimizin mahiyyəti yalnız Vətənə layiqli xidmət olan həyat prinsiplərinə möhkəm inanması lazımdır”.
Bu məqalədə təqdim edilən və təbii ki, qiymətləndirmə iddiası üçün heç bir əsası olmayan politoloji refleksiyalar akademik Ramiz Mehdiyevin milli tarixi və milli ideyanı dünya məkanında qlobal dəyişikliklər fonunda fərdi və ictimai şüurun vəhdətində konseptuallaşdırmaq üçün tədqiq etdiyi siyasi problemlərə müəllifin baxışlarını əks etdirir. Tarixi fəlsəfənin hamı tərəfindən qəbul edilmiş klassiki Karl Yaspers bu cür refleksiyanı “tarixdə ola-ola, tarixi nə varsa hamısının hüdudlarından kənara çıxaraq, geniş əhatəliliyə nail olmaq. Yaşanan indi bizi əbədi qaynaqlara baxmağa vadar edir” kimi xarakterizə edib.
Tarixi təcrübə göstərir ki, Azərbaycan dövlətçiliyinin bütün dəyişiklikləri həmişə ictimai şüurun dərin transformasiyası ilə müşayiət olunub. Akademik Ramiz Mehdiyevin tarixi, milli, mental dəyərli, mədəni-mənəvi, təbii faktorlar məcmusunu bir araya gətirən fəlsəfi axtarışı artıq 25 ildən çoxdur Azərbaycan dövlətçiliyi fəlsəfəsinin dərk edilməsi, milli identikliyin inkişafı prosesinin dövlət tərəfindən idarə olunması və irs ilə novatorluğun harmoniyasında milli ideyanın rolu üzərində cəmləşib.
Akademik Ramiz Mehdiyevin əsərlərinin ikicildliyində toplanmış ideya-siyasi istiqamət, zənnimizcə, aşağıdakı əsas prinsiplərlə təmsil olunub:
·Müəllifə Azərbaycan milli ideyasına öz baxışını milli dəyərlərə və milli dövlət maraqlarına əsaslanaraq dünya tarixi kontekstində şərh etməyə imkan verən tarixi
aksiologizm;
·Azərbaycan xalqının inkişafının yeni tarixi şəraitində milli identifikasiyanın mənəvi qaynağı kimi, milli təfəkkürün nailiyyətlərini və milli tarixi müəyyən edən siyasi praqmatizm;
·qlobal qarşılıqlı asılılıq şəraitində Azərbaycanın siyasi və sosial-iqtisadi modernləşdirilməsinin davam etdirilməsinə yönəldilmiş sosial-siyasi instrumentalizm;
·Azərbaycan xalqının milli ideyasını “dəbdə olan” siyasi doktrinalardan müdafiə edən milli və siyasi identifikasiyasının qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədi daşıyan konstruktiv tradisionalizm.
Dərin dövlətçilik təfəkkürünə malik olan akademik R.Mehdiyev üçün daim bir müddəa sübut tələb etməyən aksiom olub: “milli-dövlət mənşəyinin spesifikası nəzərə alınmadan güclü dövlət ideyası reallaşdırıla bilməz. Bu ideya başlanğıcını milli özünəməxsusluq, hakimiyyət və dövlətin inkişaf səviyyəsi ilə əlaqələndirməlidir” (c.1.səh.258).
Əlbəttə, akademik Ramiz Mehdiyevin elmi araşdırmalarının miqyası təkcə milli ideya ilə məhdudlaşmır, hərçənd mürəkkəb ümumbəşəri və milli dəyərlər iyerarxiyasında sistemyaradıcı ideya kimi çıxış edir. Ramiz Mehdiyev dünya siyasətinin turbulent məkanında Azərbaycanın müasir inkişafının və rolunun qlobal problemlərini dərk edərək, milli demokratik tranzitin və innovativ modernləşdirilmənin spesifikasını açıb, dövlətin özünəməxsusluğuna əsaslanan, “nə qərbləşməni, nə də şərqləşməni” nəzərdə tutan xüsusi suveren demokratiya modelinin yaradılması zərurətini əsaslandırıb, kreativ millətin formalaşdırılmasının əhəmiyyətini göstərib.
“Xalq” sosial-fəlsəfi kateqoriyasının konkret tarixi mənşəyi var və o, istər maddi, istərsə də mədəni-mənəvi xarakterli müəyyən tələbatlar nöqteyi-nəzərindən bu anlayışın məkan və zamanda inkişafı dialektikasını təsdiqləyir. Akademik Ramiz Mehdiyev praktiki olaraq dünyanın bütün xalqlarının indisi və keçmişi ilə əlaqələndirilən qlobal tarixi proses haqqında tezisi bu kontekstdə inkişaf etdirir: “İnsanların dəstəklənməsinə və təhlükəsizliyinə (fiziki, iqtisadi, intellektual və s.) zəmanət verən tamın tərkib hissəsi olmaq onlar üçün həmişə zəruri olub” (c.2. səh.182). Xalq müxtəlif şəkildə fərdi və ictimai münasibətlərin əlaqəsində çulğalaşmış son dərəcə mürəkkəb çoxaspektli sistemdir. Akademik Ramiz Mehdiyev Azərbaycan ictimaiyyatçılarının sinergetik səylərinin zəruriliyini inandırıcı şəkildə sübut edir. Azərbaycan xalqının etnogenezi haqqında elmi nəticələr xalqımızın antropologiyasının, molekulyar-genetik bazasının, paleoantropologiyasının və etnopsixologiyasının, təbii-coğrafi mühitin kompleks və keyfiyyətli tədqiqatlarını tələb edir. Akademik R.Mehdiyevin Azərbaycanın bütün tarixinin qarşılıqlı surətdə əlaqədar, tam və elmi cəhətdən əsaslandırılmış məzmunu ilə bağlı yerli alimlərin birgə elmi səylərinin zəruriliyi barədə gəldiyi nəticə qanunauyğundur və dərindən əsaslandırılıb.
Qloballaşma şəraitində səmərəli inkişaf yalnız elə sosiumda ola bilər ki, burada milli-mədəni identikliyin müasir formaları bir xalqı bütün başqa xalqlara qarşı qoymur, sivil əlaqələrin yaradılmasına kömək edir. Akademik Ramiz Mehdiyev erməni tarixçilərinin milli dövlətlərin ərazi bütövlüyünə qəsd etmək məqsədi ilə “erməni xalqının beşiyi”nin ərazicə genişləndirilməsi ilə bağlı araşdırmalarının siyasi mahiyyətini açır. Ermənilərin etnogenezi prosesində genin mutasiyası autosom-resessiv xəstəliyi səbəb olur. Bu xəstəlik özünü xüsusən başqa xalqın torpaqları hesabına varlanmaq arzusu ilə kəskin şəkildə büruzə verən psixi xarakterli fəsadlar törədir. Akademik R.Mehdiyev nüfuzlu elmi mənbələr əsasında sübut edir: “Ermənilərdə vaxtaşırı təzahür edən xəstəlik psixi xəstəlikdir, yaxud tibbi ədəbiyyatda adlandırıldığı kimi, psixi funksiyaların pozulması, sərsəm ideyaların qəbul etdirilməsi və s. şəkildə təzahür edir. 1988-ci ildə biz onun kəskin təzahürü ilə üzləşdik. Vəhşiləşmiş erməni dəstələri azərbaycanlı əhalini Ermənistandakı əzəli torpaqlarımızdan zorla qovmağa başladılar” (c.1.səh.313). Azərbaycan öz ərazisinin bir hissəsinin itirilməsi ilə heç vaxt barışmayacaq. Bu məsələdə Azərbaycanın mövqeyi ədalətlidir və beynəlxalq hüquq normalarına əsaslanır, amma təkcə beynəlxalq vasitəçilərə ümid bəsləməklə məhdudlaşmır. “Biz böyüməkdə olan nəsildə xarakter, iradə, qətiyyət və ölkənin BMT tərəfindən qəbul edilmiş ərazi sərhədlərinin bərpa olunması naminə fədakarlığa hazır olmaq hissi tərbiyə etməliyik”(c.2.səh.352).
Müasir fəlsəfi-siyasi təfəkkürün ən aktual problemlərini işləyib hazırlayan görkəmli filosof-erudit, eyni zamanda, böyük dövlət xadimi, Azərbaycanın milli maraqlarına aid olan bütün məsələlərdə siyasi realist və sağlam düşüncəli praqmatik olan Ramiz Mehdiyev “öz məqsədini sosial reallığı yaratmaqda” (c.1.səh.365) görür. Bizə cənab Ramiz Mehdiyevə tükənməz enerji, həyat gücü və Azərbaycan rifahı naminə çoxşaxəli fəaliyyətində yeni-yeni uğurlar diləmək qalır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.