(əvvəli qəzetimizin 11 aprel 2018-ci il tarixli sayında)
Onlar məlumatları ayda bir-iki dəfə, fövqəladə olanları isə dərhal göndərməyi xahiş edirdilər. Nəticədə, İrəvandan, Şimali Qafqazdan Xarici İşlər Nazirliyinə diplomatik missiyadan daxil olmuş onlarla əməliyyat əhəmiyyətli şifrteleqram həm də Hərbi Nazirliyə ünvanlanırdı.
Diplomatik missiyanın nümayəndələri Ermənistanda hərbi qüvvələrin vəziyyəti, sayı, səfərbərlik, ərzaq və silah təminatı, ingilislərin müsəlmanlara münasibəti, Böyük Vedi ətrafında azərbaycanlılarla ermənilər arasında baş verən toqquşmalar barədə Baş Qərargaha geniş məlumat göndərmişdilər. Arxivdə Azərbaycan kəşfiyyatçılarının döyüş bölgələrindən mərkəzə göndərilən siyasi və hərbi əhəmiyyətli məlumat saxlanılır. Özü də bunlar “Şahzadə Məmməd” imzası ilə verilmişdi. Təbii ki, bu hansısa kəşfiyyatçının kod adı idi. “Bakıya. Qarsda səfərbərlik elan edilməyib. Ermənilərin əhval-ruhiyyəsi aşağıdır. Ermənilərin dava etməyə həvəsləri yoxdur. Müsəlmanlar özlərini əla hiss edirlər. Türklərlə əlaqə vardır. Üsyan yoxdur. Şəhərə müsəlmanları buraxmırlar.
Şahzadə Məmməd”.
Daha bir Azərbaycan kəşfiyyatçısı Mullayevin Şimali Qafqazda yaranmış vəziyyətlə əlaqədar hazırladığı 5 səhifəlik arayış həm Baş Qərargahda, həm də Xarici İşlər Nazirliyində böyük diqqətlə qarşılanmışdı. Hərbi Nazirliyin Baş Qərargahının Tiflisdəki Azərbaycan diplomatik missiyasının hərbi attaşesi polkovnik Məmməd bəy Əliyevlə yazışmaları da maraq kəsb edir. O, eyni zamanda, mərkəzdən verilən kəşfiyyat tapşırıqlarını da yerinə yetirirdi. Bunu onun Bakıya göndərdiyi onlarla məxfi sənədlərdə də görmək olur.
Tiflisdən M.Əliyev Baş Qərargahın rəisi M.Sulkeviçin ünvanına göndərdiyi məlumatda göstərirdi ki, ayın 23-ü saat 4-də poruçik İvanov Tiflisə gəldi. 28-də Gəncə ilə, praporşik Mordvinovla danışdı. Elə həmin gün axşam Bakı istiqamətinə yola düşdü. “31.03.1919-cu il. Tiflis, Azərbaycan diplomatik missiyasına, Əliyevə. Poruçik İvanov 29-da həbs edilmişdir. O, Tiflisdə Kərpiç döngəsi ev 13, ya da 14-də yaşayan kəşfiyyat bölməsinin rəisi podpolkovnik Dobrotinə məlumat ötürürdü. Müşahidəni davam etdirin. Sulkeviç”. “2 aprel 1919-cu il, № 1302, Tiflis. İvanov Duşet küçəsi 24-də qaldı. İlk görüş... arvadının köməyi ilə Dobrotinin özü ilə oldu. İvanovla Dobrotinin münasibətlərini dəqiq aydınlaşdırmaq və mükafatın həcmini müəyyənləşdirmək lazımdır. Əliyev”.
Ermənistanda diplomatik missiyada hərbi attaşe olmadığından erməni qoşunları və s. barədə məlumatların toplanması da Tiflisdəki hərbi attaşe polkovnik Məmməd bəy Əliyevə etibar edilmişdi. Ona Gürcüstanın Baş Qərargahı ilə birlikdə gizli kəşfiyyat təşkil etmək tapşırılmışdı. Əldə edilmiş materialların və Məmməd bəy Əliyevin fəaliyyətinin təhlili onun AXC-nin xaricdə fəaliyyət göstərən ilk kəşfiyyat zabiti olduğunu göstərir.
Hərbi nazirin və Baş Qərargah rəisinin Xarici İşlər Nazirliyinə daha bir mək-tubu diqqəti cəlb edir: “Bizim hökumət Ermənistanın Bakıda diplomatik missiyasında hərbi attaşe vəzifəsinin təsis edilməsi təklifini rədd etdi. Ancaq əldə edilmiş məlumata görə, bu missiyanın üzvlərinin çoxu zabitlərdən ibarətdir, onlardan birini isə “missiya qərargahının rəisi” adlandırırlar. Bunları deməklə, Ermənistan XİN-in bu cür hərəkətinə qarşı hansı qərar qəbul edilməsi barədə məlumat verməyinizi xahiş edirəm”.
Ermənistanın Bakıda diplomatik missiyasının üzvlərinin əksəriyyətinin hərbiçilərdən təşkil edilməsi kəşfiyyat və əks-kəşfiyyat bölməsinin səyi nəticəsində öyrənilmişdi. Bu da beynəlxalq normalara zidd olduğundan Azərbaycan hökuməti Ermənistanın Bakıdakı diplomatik missiyasında hərbi attaşe vəzifəsinin təsis edilməsinə icazə verməmişdi. Hərbi Nazirliyin Baş Qərargahı da bu barədə Azərbaycan xarici siyasət idarəsindən məlumat istəmişdi.
Denikinin ordusunun 1919-cu ilin mayında Petrovsk və Dərbəndi tutması, Azərbaycan və Gürcüstanın sərhədlərinə tərəf irəliləməsi Bakıda vəziyyəti daha da kəskinləşdirmişdi. Yaranmış vəziyyətlə bağlı parlamentin fövqəladə iclasında Denikin təhlükəsinin qarşısının alınması üçün hökumətə konkret tapşırıqlar verilmişdi və ölkə vətəndaşlarına müraciət edərək, hökumət ətrafında sıx birləşməyə çağırış edilmişdi. Gürcüstanla təcili hərbi-müdafiə haqqında saziş imzalanmışdı. Bağlanmış müqaviləyə əsasən, tərəflərin birinin ərazi bütövlüyünə qəsd edildiyi halda, birgə müdafiə tədbirləri nəzərdə tutulmuşdu.
İyunun 9-da Azərbaycan hökuməti parlamentin tapşırığı əsasında dövlətin müdafiəsi ilə məşğul olacaq xüsusi yeni bir qurumun – Dövlət Müdafiə Komitəsinin (DMK) yaradılması barədə qərar qəbul etmişdi. DMK yaranmış vəziyyəti nəzərə alaraq, iyunun 11-də ölkədə hərbi vəziyyət elan etmişdi. Ölkədə əks-kəşfiyyat funksiyasını yerinə yetirəcək müstəqil xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac vardı. 1919-cu ilin iyun ayının 11-də Əksinqilabla Mübarizə Təşkilatı (ƏMT) yaradıldı. Polkovnik İrza bəy Hacıbəylinskinin rəhbərlik etdiyi kəşfiyyat qurumu Hərbi Nazirliyin tərkibində saxlanıldı.
AXC-nin xüsusi xidmət orqanlarının ikinci mərhələsi, yəni Əksinqilabla Mübarizə Təşkilatının (ƏMT) fəaliyyəti 11 iyun 1919-cu ildən 6 mart 1920-ci ilədək olan dövrü əhatə edir. ƏMT-yə əməkdaşların işə qəbulunda partiya prinsipi əsas götürülürdü. Belə ki, əməkdaşların üçdə ikisi “Müsavat”, üçdə biri isə “Hümmət” partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərinin “Müsavat”dan, müavininin isə “Hümmət”dən təyin edilməsi nəzərdə tutulmuşdu. Sənədləşdirmə zamanı müsavatçıları cüt, hümmətçiləri tək rəqəmlə nömrələyirdilər.
“Müsavat” partiyasının, AXC parlamentinin və aqrar komissiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanov (11 iyun 1919-cu il – 20 avqust 1919-cu il) təşkilatın rəisi, “Hümmət” partiyasının üzvü Mirfəttah Musəvi (11 iyun 1919-cu il – 5 sentyabr 1919-cu il) isə rəis müavini vəzifəsinə təyin edildilər. Aleksandr Qoberidze agentura (xəfiyyə), Lavrenti Beriya isə senzura şöbəsinin rəisi vəzifələrinə təyinat almışdılar. Bakıda 8 rayon bölməsi (Məmmədtağı Dadaşov, Seyfulla Əzimzadə, Məmməd Hacızadə, Qasım İsmayılov, Aleksandr Şengeliya, Qəmbər Tahirov, Əbdüləziz Tağıyev, İslam Əliyev) yaradılmışdı. Lənkəranda və Hacıqabulda təşkilatın nümayəndələri vardı.
Lakin Məmmədbağır bəy Şeyxzamanov ƏMT-yə çox az müddətə rəhbərlik etdi. Belə ki, o, həmin il avqustun 20-də öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad edildi və parlamentin aqrar komissiyasında öz fəaliyyətini millət vəkili kimi davam etdirməyə başladı. Elə həmin gün ƏMT-nin yeni rəisi, Məmmədbağır bəyin qardaşı Nağı bəy Şeyxzamanov (20 avqust 1919-cu il – 6 mart 1920-ci il) şəxsi heyətə təqdim edildi. 5 sentyabr 1919-cu ildə M.Musəvinin öldürülməsindən sonra, 15 noyabrda rəis müavini vəzifəsinə Mahmud Səfikürdski (15 noyabr 1919-cu il – 6 mart 1920-ci il) təyin olundu.
Ümumiyyətlə, ƏMT-nin fəaliyyət göstərdiyi müddətdə təşkilatın dəyişən tərkibində təxminən 120-dək əməkdaş işləmişdir. ƏMT-nin əməliyyat heyəti ştat vəzifələrinə görə, baş agent (baş əməliyyat müvəkkili) və agent (əməliyyat müvəkkili) vəzifələrindən ibarət idi. Burada əməkdaşlar arasında, azərbaycanlılarla yanaşı, türklər, ruslar, ukraynalılar, gürcülər və s. millətin nümayəndələri də işləyirdilər. Tanınmış mollanəsrəddinçi şair Əli Razi Şamçızadə də bu təşkilatda çalışırdı.
ƏMT fəaliyyətini “Azərbaycan Respublikası əks-kəşfiyyat xidməti vəzifəlilərinin hüquq və vəzifələri haqqında” 22 maddədən ibarət Əsasnaməyə uyğun olaraq qurmuşdu. Təşkilat Hərbi Nazirliyin kəşfiyyat bölməsi ilə sıx əlaqə saxlayır, mütəmadi olaraq informasiya mübadiləsi aparırdı. Əks-kəşfiyyatçılarla Baş Qərargahın kəşfiyyat bölməsinin əməkdaşlığını sübut edən arxiv sənədləri çoxdur: “Mənə etibar edilmiş idarədə əks-kəşfiyyat bölməsinin olmadığını nəzərə alaraq, Sizdən xahiş edirəm ki, hərbi xarakterli bütün məlumatları mənə göndərəsiniz”. Yaxud, “Əks-kəşfiyyatın rəisinə, təcili. Xahiş edirəm, yaranmış zərurəti nəzərə alaraq erməni dilini bilən tərcüməçi göndərəsiniz. Baş Qərargah”.
ƏMT erməni və Denikin casuslarına qarşı qətiyyətli mübarizə aparmağa çalışırdı. Bolşeviklərə qarşı mübarizə isə o qədər də effektli aparılmırdı. Bir çox hallarda bolşevik ƏMT-çilər açıq və ya gizli şəkildə hazırlanmış əməliyyat tədbirlərini pozurdular. Onlar Azərbaycanı Sovet Rusiyasız təsəvvür etmirdilər. Təbii ki, belə tipli xidmətlərdə partiya prinsipləri ilə işləmək ölkənin milli maraqlarına zidd idi. Elə bu məqsədlə 12 oktyabr 1919-cu ildə hərbi nazir S.Mehmandarov hərbi əks-kəşfiyyatın təsisi məsələsi ilə bağlı DMK-ya məruzə təqdim etmişdi. Həmin məruzədə ƏMT-ni ləğv etməklə hərbi əks-kəşfiyyat təşkilatı təsis etmək və ya DİN-nin yanında mərkəzi cinayət axtarışı şöbəsi yaratmaq, xarici kəşfiyyatın yenə də Hərbi Nazirliyin tərkibində qalması məsələləri təklif olunurdu.
Bu məruzə əsasında xeyli dəyişikliklər edilmiş, lakin ƏMT ləğv edilməmiş, o, digər qurumlarla birlikdə 26 oktyabr 1919-cu ildə Bakı Möhkəmləndirilmiş Rayonunun rəisi general-mayor Murat Tlexasın tabeçiliyinə verilmişdi. Yalnız bundan sonra ƏMT-nin fəaliyyətində irəliləyiş baş vermiş, hətta namizədlər partiya prinsipinə görə deyil, şəxsi keyfiyyətlərinə və AXC vəzifəlilərinin təqdimatlarına əsasən isə qəbul edilməyə başlanmışdı.
Arxiv sənədləri arasında təşkilatın əməliyyat tədbirləri barədə xeyli məlumatlar saxlanılır. ƏMT-nin həbs etdiyi Denikin casusu yüzbaşı Starkov Azərbaycan Baş Qərargahına məxsus qiymətli sənədlər toplaya bilmişdi. O, izahatında göstərirdi ki, bu sənədi hərbi nazir S.Mehmandarovun nəvəsinin dayəsi ələ keçirmişdi. ƏMT əməkdaşları məlumatı araşdırmış və öyrənmişdilər ki, sənədlər başqa yolla ələ keçirilmişdir. Starkov izi itirmək üçün bu məsələni uydurmuşdu.
Erməni casuslarına qarşı aparılmış əməliyyat işlərindən biri isə Ermənistan diplomatının Azərbaycandan çıxarılması ilə nəticələnmişdir. Əməliyyat işçiləri Bakı-1 stansiyasında S.Balasanyants adlı ermənini saxlamışdılar. Onun üzərindən denikinçi polkovnik Zdanovskinin verdiyi vəsiqə və Bakıda erməni diplomatik missiyasının informasiya şöbəsinin müdirinin köməkçisi A. Sarkisovun Denikin ordusunda olan erməni əsgərlərinin, həmçinin döyüş sursatı və silahların Ermənistana göndərilməsi üçün icazənin alınması barədə yazdığı məktub tapılmışdı. A. Sarkisovdan da izahat alınmış, hadisə barədə general-mayor Tlexas və DİN rəhbərliyi məlumatlandırılmışdır. Nəticədə erməni diplomat respublikadan çıxarılır.
Mart ayının 6-da Nazirlər Şurasının iclasında daxili işlər nazirinin çıxışı dinlənilmiş və ƏMT-nin ləğv olunması barədə qərar qəbul edilmişdir. AXC-nin xüsusi xidmət orqanlarının üçüncü mərhələsi, yəni İnformasiya şöbəsinin fəaliyyəti 12 mart 1920-ci ildən – 28 aprel 1920-ci ilədək olan dövrü əhatə edir. ƏMT-nin ləğv edilməsindən sonra onun əməliyyat təsərrüfatı Bakı general-qubernatorluğunun tərkibində yaradılmış İnformasiya şöbəsinə təhvil verilmişdi.
İnformasiya şöbəsinə rəhbərliyə Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş və sonuncu iş yeri Qarabağ general-qubernatorluğunda məsləhətçi olan Ələkbər xan Şahsuvarov təyin edilmişdi. Rəisin köməkçiləri vəzifələrinə Həsən bəy Fətəlibəyov (bir həftə bu vəzifədə çalışmışdı) və keçmiş türk ordusunun polkovniki Cəmil bəy (həm də xüsusi tapşırıqlar üzrə məmur) təyinat almışdılar. Şöbənin fəaliyyət göstərdiyi müddətdə yalnız 13 əməkdaşın adı və ya soyadını müəyyənləşdirmək mümkün olmuşdur.
Arxivdə saxlanılan istintaq materiallarından da məlum olur ki, İnformasiya şöbəsinin rəisi Ələkbər xan Şahsuvarov fəaliyyətinin ilk günlərindən artıq yaxınlaşmaqda olan bolşevik təhlükəsinə qarşı yorulmadan mübarizə aparmışdır. Onun şəxsi rəhbərliyi altında 3 uğurlu əməliyyat tədbirinin keçirilməsi barədə sənədlər mövcuddur. Əməliyyatların birində həmin dövr Bakıda gizli fəaliyyət göstərən məşhur bolşevik Çurayevin müəyyənləşdirilərək həbsinə nail olunmuşdu.
İnformasiya şöbəsi fəaliyyətini 28 aprel 1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etdikdən sonra dayandırmağa məcbur olmuşdu.
AXC-nin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında Azərbaycan parlamentinin Mühafizə Dəstəsi də özünəməxsus yer tutur. Bu məqsədlə də Azərbaycan parlamentinin, onun rəhbərlərinin və digər dövlət əhəmiyyətli obyektlərin mühafizəsinin təşkili üçün 18 fevral 1919-cu ildə Azərbaycan parlamentinin 15-ci iclasında “Azərbaycan parlamentinin Mühafizə Dəstəsinin yaradılması haqqında” Qanun qəbul edilmişdi. Qanunda göstərilirdi: “1. Parlamentin 200 nəfərlik mühafizə dəstəsi təsis edilsin. 2. Mühafizə dəstəsi parlamentin Rəyasət Heyətinə tabe edilsin. 3. Mühafizə dəstəsi parlamentin Rəyasət Heyəti tərəfindən formalaşdırılsın. 4. Parlamentin mühafizə dəstəsinin saxlanılması üçün dövlət xəzinəsindən 2. 200.000 rubl məbləğində vəsait ayrılsın”.
Xüsusi və vacib əhəmiyyətli tapşırıqların icrası daha çox Mühafizə Dəstəsinin şəxsi heyətinə etibar olunurdu. Parlamentin Mühafizə Dəstəsinin rəisi vəzifəsinə podpolkovnik Nağı bəy Əliyev təyin edilmişdi. Nağı bəy Əliyev əvvəllər 1-ci tatar alayında rotmistr rütbəsində xidmət etmişdi. Dəstənin şəxsi heyəti Qarabağda aparılan döyüşlərdə də ləyaqətlə iştirak etmişdi. Belə məlumat xüsusən general-mayor Həbib bəy Səlimovun Hərbi Nazirliyin Baş Qərargahına göndərdiyi raportlarda öz əksini tapıb.
1920-ci ilin 28 aprelində ölkənin bolşevik işğalı nəticəsində digər qurumlar kimi xüsusi xidmət və təhlükəsizlik orqanlarının əməkdaşları da təzyiqlərə məruz qaldılar. ƏMT-nin qurulmasında müstəsna əməyi və təşkilatın ilk rəisi Məmmədbağır bəy Şeyxzamanov işğalın ilk günlərində güllələndi. Məmmədbağır bəydən sonra ƏMT-yə rəhbərlik etmiş Nağı bəy Şeyxzamanov və onun müavini Mahmud Səfikürdski Türkiyəyə mühacirət etdilər. İnformasiya şöbəsinin rəisi Ələkbər xan Şahsuvarov 28 apreldə həbs edildi, 13 may 1920-ci ildə Qızıl Ordunun xüsusi şöbəsinin əməkdaşları tərəfindən güllələndi.
ƏMT-nin Balaxanı – Sabunçu rayon bölməsinin rəisi Məmmədtağı Dadaşov bir neçə dəfə həbs olunmuşdur. Sonuncu dəfə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Şair Əli Razi Şamçızadə də ƏMT-nin şəxsi heyəti sıralarında özü-nəməxsus yeri vardı. Sovet cəza maşını onu sonralar – 1937-ci ildə güllələdi.
Polkovnik Məmməd bəy Əliyev bir neçə dəfə həbs olunmuşdur. Sonuncu dəfə 1937-ci ildə həbs edilmiş, 1 il 9 aydan sonra azad olunmuşdur. ƏMT-nin əməkdaşları Mirzəbaba Sadıqova, İbrahim Rzayevə 10 il və Hüseynqulu Hü-seynova 3 il həbs cəzası verilmişdir. Müslüm Yusifxanov həbsxanada dünyasını dəyişmişdir. Hərbi Nazirlikdə kəşfiyyat bölməsinə rəhbərlik etmiş polkovnik İrza bəy Hacıbəylinski də 1938-ci ildə güllələnmişdir.
Göründüyü kimi, AXC-nin xüsusi xidmət və təhlükəsizlik orqanlarında çalışmış fədakar insanlar az müddət ərzində böyük işlər görə bilmişdilər. Bəzən adama elə gəlir ki, belə spesifik sahədə işləyənlərin peşə təcrübəsi olmasa tapşırılan işin öhdəsindən gələ bilməzlər. Lakin AXC-nin xüsusi xidmət və təhlükəsizlik orqanlarında çalışmış fədakar insanların fəaliyyəti göstərdi ki, əsas məsələ Vətənə, xalqa, dövlətə, müstəqilliyə sevgidir, sadiqlikdir. İnsanda bu keyfiyyətlər olarsa, ən çətin problemlərin öhdəsindən də gəlmək mümkündür. Bunu çoxsaylı arxiv sənəd-ləri də sübut edir...
Elşad QOCA
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.