Ermənistan əhalisi Serj Sarkisyanın baş nazir postunu mənimsəməsinə etiraz edir

Xunta rejimi insan hüquq və azadlıqlarına məhəl qoymadan nümayişçilərə divan tutur

Aprelin əvvəllərindən Ermənistanda sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı başlanan etiraz dalğası aprelin 16-da və 17-də nümayişçilərin polis əməkdaşları ilə toqquşmaları ilə nəticələndi. Etirazçılar aprelin 17-də Sarkisyanın təyinatına baxacaq parlamentin binasını blokadaya almağa çalışdılar, amma bu, mitinqçilərin polislə toqquşmasına səbəb oldu. Polislərdən də, təbii ki, əzilənlər oldu. Bəzi məlumatlara görə, onların sayı 5-ə çatdı. Amma müxtəlif dərəcəli zədələr alan mitinqçilərin sayı daha çox oldu – dünənki məlumatlara görə, 72 nəfər. Etiraz dalğasının rəhbəri, Ermənistan parlamentinin deputatı, “Yolk” (“Çıxış”) müxalifət fraksiyasının lideri Nikol Paşinyan da onların arasında idi. Paşinyan ölkədə insan haqlarının kobud surətdə pozulduğunu, polis tərəfindən zorakılığa yol verildiyini bildirdi, eyni zamanda, “Məxməri inqilab” komitəsi yaradıldığını elan etdi.

Dünən yüzlərlə nümayişçi Serj Sarkisyanın hökumət başçısı təyin edilməsinə etirazını davam etdirərək Paşinyanın rəhbərliyi ilə Yerevanın mərkəzində yürüşə başlayıb. Xatırladaq ki, aprelin 17-də Ermənistan parlamenti səs çoxluğu ilə Sarkisyanı hökumət başçısı seçib. Ermənistan prezidenti Armen Sarkisyan onun təyinatı ilə bağlı fərman imzalayıb. Serj Sarkisyanın seçkisi aprelin 17-də parlamentin xüsusi iclasında baş tutub. Açıq səsvermə zamanı onun lehinə 77, əleyhinə 17 deputat səs verib. 2015-ci ildə Ermənistan konstitusiyasına edilmiş dəyişiklikdən sonra ölkədə prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

Beləliklə, Ermənistanda baş nazir postuna səsvermə kütləvi etirazlar fonunda baş tutub. Parlamentdə Sarkisyanın seçilməsindən sonra N.Paşinyan bildirib ki, etiraz aksiyaları davam etdiriləcək. Polis əməkdaşları ictimai asayişin pozulmasını bəhanə gətirərək mitinqin dayandırılması barədə çağırış etsələr də, etirazçılar buna heç bir əhəmiyyət verməyiblər. Dünən səhər saatlarından etibarən etirazçılar mütəşəkkil şəkildə İrəvanın mərkəzi küçələrinə axışmağa başlayıb, Nikol Paşinyanın liderliyi ilə hökumət başçısının iqamətgahı önünə toplaşıblar. Paşinyan iqamətgahın blokadaya alınacağını elan edib. O çıxış edərək bildirib ki, gecə Serj Sarkisyan polis qüvvələrinin və tikanlı məftillərin küçələrdən yığışdırılması barədə göstəriş verib: “Mən dünən Respublika meydanında bəyan etmişdim ki, bundan sonra Serj Sarkisyan Ermənistana tikanlı məftillərin arxasından boylanacaq”.

Hazırda Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda etiraz aksiyaları davam etdirilir. Hüquq-mühafizə orqanlarının əməkdaşları isə etiraz aksiyalarında iştirak edənləri birucdan maşınlara dolduraraq yaxınlıqdakı polis bölmələrinə daşıyırlar. Bir qədər əvvəl “Sputnik Armeniya” saytı təsadüfən küçədən keçən orta yaşlı bir qadının da etirazçı qismində saxlanılaraq maşına oturdulduğunu əks etdirən videomaterial yayıb. Materialdan məlum olur ki, qadın qışqıraraq aksiya iştirakçısı olmadığını, sadəcə küçədən keçdiyini bildirir. Lakin ona əhəmiyyət verən yoxdur. Qadın polislərə söyüşlər yağdırır.

Aksiyalarla bağlı öz mövqeyini bildirən İrəvan Şəhər Polis İdarəsi isə mitinqləri qeyri-qanuni elan edib. İdarənin mətbuat xidmətinin rəhbəri Edqar Canoyan deyib ki, 18 aprel saat 14 radələrinə İrəvandakı qeyri-qanuni etiraz aksiyalarının 72 iştirakçısı saxlanılaraq polis idarələrinə təhvil verilib.

Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən isə elan edilib ki, artıq aksiya iştirakçıları ilə bağlı cinayət işləri açılıb. Məlumata görə, ilk cinayət işi deputat Nikol Paşinyanın başçılığı ilə etirazçıların aprelin 13-də İrəvan Dövlət Universitetinin binasına soxulması ilə bağlıdır. Materialdan məlum olur ki, binaya hücum nəticəsində təhsil müəssisəsinin bir qapısı sındırılıb, mitinqçilər universitetin mühafizəçisinə bədən xəsarəti yetirib, bundan əlavə, tədris prosesi və ictimai asayiş pozulub.

İkinci cinayət işi Nikol Paşinyanın rəhbərliyi ilə müxalifətçilərin aprelin 16-da İrəvan Tibb Kollecinin binasına daxil olması epizodu ilə bağlıdır. Bu zaman kollecin giriş qapısı zədələnib, müxalifətçilər uzun müddət binada qalaraq tədris prosesinə mane olub və təhsil müəssisəsinin ictimai asayişini pozublar.

Məlumata görə, etiraz aksiyaları və onun iştirakçıları ilə bağlı yeni-yeni cinayət işləri açılmaqdadır. Belə işlərdən biri də etirazçıların Baqramyan prospektində güc strukturlarının əməkdaşları ilə toqquşmasına aiddir. Cinayət işinin materiallarından aydın olur ki, aksiya iştirakçıları parlamentin binasına doğru hərəkət edərkən polisləri itələyiblər və onlara “bədən xəsarəti yetiriblər”. Təbii ki, bütün bunları Ermənistanda insanların sərbəst toplaşmaq azadlığının pozulması hesab etmək olar. Eyni zamanda, etiraz aksiyalarının iştirakçılarına qarşı polis orqanları tərəfindən güc tətbiqi, insanların kütləvi surətdə yaralanması, eləcə də polis məntəqələrində həbsə alınması insan haqlarının pozulması deməkdir.

Şübhəsiz ki, Ermənistanın sabiq dövlət başçısı Serj Sarkisyanın prezidentlik müddətini başa vurmasından sonra ölkənin baş naziri postunu tutması müxalifət tərəfindən hakimiyyətin zəbt olunması kimi qiymətləndirilir və buna bütün ölkə boyu etiraz edilir. İnsanlar açıq şəkildə, mitinqlərdə çıxışları zamanı bəyan edirlər ki, Serj Sarkisyanın baş nazir olmasını istəmirlər. Onun prezidentliyi dövründə ölkədə ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin daha da pisləşdiyini, əhalinin kütləvi şəkildə ölkəni tərk edərək xaricə üz tutduğunu görmüş insanlar Serjin baş nazir olmasına qəti etirazlarını bildirirlər. Lakin əhalinin düşdüyü acınacaqlı durum hakimiyyəti əlində cəmləməyə can atan Serji az düşündürür. Ona erməni xalqının hansı vəziyyətdə yaşaması, işinin, çörəyinin olub-olmaması az maraqlıdır. Əsas məsələ 2008-2018-ci illərdə başında oturduğu hakimiyyəti əldən verməməkdir. Ancaq bu, Serj Sarkisyanı istəməyən Ermənistan əhalisini qane etmir. Onlar Sarkisyanın ölkəni bundan sonra da bərbad vəziyyətə qoymasına dözə bilmirlər. Əli Qarabağda günahsız azərbaycanlıların qanına batmış, Xocalı soyqırımının müəlliflərindən olan Serj Sarkisyan isə Ermənistanı terrorçu dövlət kimi tanıtmaqda davam etmək istəyindən əl çəkmir. Yəqin ki, indi baş nazir postunda ölkəsinin başını aşağı eləmək ona daha rahat başa gələcək.

Paşa ƏMİRCANOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında