Nümayişçilər qanlı rejimi devirməkdə iddialıdırlar

Son saatlarda əldə etdiyimiz məlumatlara görə Ermənistanda vəziyyət gərginləşməkdə davam edir. “Sputnik” agentliyinə istinad edən “regnum.ru” portalı yazır ki, dünən “Ermənistan polisi İrəvanın mərkəzindəki Fransa meydanına əlavə qüvvələr cəlb etmişdir. Hazırda meydanın ərazisi tam dövrəyə alınmışdır”. Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının ayrı-ayrı qrupları “nümayişçilərin axınına” təzyiq göstərirlər.

ABŞ Dövlət Departamenti Ermənistandakı son vəziyyətlə bağlı bəyanat verərək, polisi və aksiya iştirakçılarını təmkinli olmağa, həmçinin gərginliyin dərinləşməsinə yol verməməyə və zor işlətməməyə çağırmışdır.

Dövlət Departamentinin bəyanatında deyilir: “Biz müşahidə etdik ki, Yerevanda və Ermənistanın başqa şəhərlərində böyük sayda etiraz nümayişləri keçirilir. Ermənistanın minlərlə sakini öz fikirlərini sərbəst söyləmək və azad yığıncaq keçirmək hüquqlarını reallaşdırmaq üçün küçələrə çıxmışlar. Biz Yerevanın mərkəzində və Ermənistanın başqa şəhərlərində keçirilən etirazları diqqətlə izləyirik.

Biz son bir neçə gündə əksər etirazçıların və polislərin anlaşıqlı və məsuliyyətli davaranış nümayiş etdirmələrindən məmnunuq. Lakin biz polislə nümayişçilər arasında baş vermiş toqquşmadan və nəticədə zərərçəkənlərin olmasından narahatıq. Biz bütün tərəfləri təmkinli olmağa və gərginlikdən, həmçinin zor işlətməkdən yayınmağa çağırırıq”,- deyə “Amerikanın səsi” ABŞ Dövlət Departamentinin bəyanatından sitat gətirir. 

Ermənistanın mətbuat orqanları isə xəbər verirlər ki, polis Ermənistanın eks- prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə  etiraz  edən aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə etmişdir. Nəticədə 70 nəfərdən çox adam yardım üçün tibb müəssisələrinə müraciət etmişdir. Onların arasında polislər də var.

Erməni hüquq müdafiəçiləri açıq bildirirlər ki, polis nümayişçilərin qarşısını almaq üçün böyük qüvvə cəlb etmişdir. Hüquq müdafiəçisi Vardan Arutyunyan yazır: “Xüsusi vasitələrdən kəskin zəruriyyət olan məqamlarda, cinayətkarları, silahlı qruplaşmaları başqa cür saxlamaq mümkün olmayanda istifadə etmək lazımdır. Bizim ölkəmizdə insanlar dinc nümayişə çıxmışlar, onlar silahlanmamışlar, qarşıdurmaya cəhd göstərmirlər, onlar daim bəyan edirlər ki, əllərini qaldıraraq etirazlarını bildirirlər”.  Amma, görünür, onların dinc etiraz nümayişi belə, Serj Sarkisyanın müharibə rejimini qoruyan polisi qətiyyən maraqlandırmır.

Etiraz hərəkatının lideri Nikol Paşinyan aprelin 18-də mətbuata bildirmişdir ki, son iki gündə hərəkat öz mahiyyətini dəyişmişdir. O dəfələrlə bəyan etmişdir ki, nümayişçilər arasında “Respublika Partiyasının bandit qrupları tərəfindən xüsusi göndərilmiş təxribatçılar ola bilər”.

Onun sözlərinə görə, “qələbəyə aparan yol, hər bir vətəndaşın lider olduğu  şəbəkə mübarizəsinin təşkil edilməsindən ibarətdir. Çoxları mənə deyir ki, bunu sadəcə Serj Sarkisyana qarşı hərəkat adlandırmaq lazım deyil, çünki bu erməni xalqının ikinci oyanışıdır”.

“NEWS.am” portalı axşama yaxın xəbər vermişdir ki, İrəvanın Fransa meydanında qalmış “nümayişçilər indi də meriyanın binasına tərəf yürüş edirlər. Onlar hərəkətin intensiv olduğu küçə ilə gedir, polis isə onları səkiyə tərəf sıxışdırmağa çalışır. Bir neçə dəqiqədən sonra polislər nümyişçiləri küçədən kənara sıxışdırmağa nail olurlar”.

Nikol Paşinyanın son bəyanatından aydın olur ki,  etiraz nümayişləri onların istəyi həyata keçməyənə qədər davam edəcək: “Yaxın günlərdə bu hərəkata rəhbərlik edəcək inqilabi komitə yaradılacaq və o qələbəyə nail olacaq”,- deyə Paşinyan bildirib.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında