Ancaq böyük xalq bu qədər nəticələr əldə edə bilər. Ancaq müstəqillik şəraitində Azərbaycan bu qədər uğurlar əldə edə bilər. Bizim taleyimiz öz əlimizdədir. Mən Azərbaycan gənclərinə üz tutub deyirəm, – görürəm ki, burada toplaşanların əksəriyyəti gənclərdir, – ölkəmizin gələcəyi sizin əlinizdə olacaq. Biz gənclərimizlə fəxr edirik. Bu gün yetişən gənc nəsil Azərbaycanı gələcəkdə idarə edəcək, müstəqillik yolu ilə xoşbəxt gələcəyə aparacaq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 11 aprel
Beləliklə, dövlət başçımızın bu il fevral ayının 5-də imzaladığı sərəncam əsasında aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidenti seçkiləri böyük uğurla başa çatdı. Buradakı “böyük uğur” ifadəsi təkcə Yeni Azərbaycan Partiyasının namizədinin, xalqın şəriksiz liderinin möhtəşəm qələbə qazanmasını əks etdirmir. Böyük uğurumuzu təsdiq edən məqamlardan biri də odur ki, seçkiyə hazırlıq mərhələsində və seçki ərəfəsində həm ölkə daxilində, həm də xaricdə Azərbaycanın əleyhinə çalışanların əl-qol açmasına imkan verilmədi. Ölkəmizin sürətli inkişafını dayandırmaq üçün çalışan qüvvələr xalqın qətiyyəti qarşısında iflasa uğradılar. Azərbaycan xalqı növbəti dəfə sübut etdi ki, o, ulu öndər Heydər Əliyevin müstəqilliyimizin əbədiləşdirilməsi üçün başladığı titanik fəaliyyətin davam etdirilməsində Prezident İlham Əliyevin dayağı və dəstəyidir.
Xalq nə üçün məhz cənab İlham Əliyevə səs verdi? Əsas səbəb odur ki, Azərbaycan dövləti bilavasitə İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara xidmət edən müstəqil siyasət yeridir. Kənardan kimsənin əmrlərinə boyun əymir. Rəsmi Bakı bütün situasiyalarda ilk növbədə xalqın və dövlətin maraqlarını gözləyir. Təbii ki, bu da bir sıra dairələri heç cür qane etmir. Bir müsəlman respublikasının bu qədər qürurlu durması bədxahlarımızın gözünə ox kimi sancılır.
Böyük əksəriyyətin İlham Əliyevi yenidən dövlət başçısı postunda görmək istəyinin digər səbəbi Azərbaycanın daxili siyasətdə ciddi uğurlara imza atması ilə bağlıdır. Məsələ ondadır ki, İlham Əliyev ölkəyə başçılıq etdiyi müddətdə Azərbaycanda dünyanın diqqətini çəkən irəliləyişlər əldə edilib. İnfrastruktur tamamilə yeniləşib. Bütün sahələr üzrə idarəetmədə islahatlar aparılıb. İqtisadi və enerji sferalarında sürətli inkişaf özünü göstərib. Azərbaycan cəmiyyəti modernləşmə sayəsində bütövlükdə inkişaf edib. Daxili sabitlik hökm sürür. Ölkədə yaşayan bütün insanların hüquqları təmin edilir. Harmonik inkişaf tempi azalmır. Cəmiyyət sürətlə güclənir və müstəqillik möhkəmlənir.
Həm ölkədə, həm də xaricdə hamı görür ki, dövlət strukturları ictimai təşkilatlarla fəal surətdə qarşılıqlı əlaqədədirlər. Dövlət proqramlarının reallaşmasına ictimai nəzarət həyata keçirilir. Bu da cəmiyyətin idarə edilməsində şəffaflığı yüksəldir. Qeyri-neft sektoruna diqqət daha da artır. Bu sferada olan inkişaf özünü getdikcə daha çox göstərir.
Prezident İlham Əliyev ona görə xalqın etimadını qazanır ki, o, cəmiyyətdə sosial münasibətlərdə harmoniyanın təmin edilməsi istiqamətində ciddi addımlar atır. Azərbaycanda multikultural cəmiyyət modeli artıq bir nümunəyə çevrilib. Burada müxtəlif etnik qruplara mənsub olan insanlar, fərqli dinlərə etiqad edənlər, müxtəlif mədəniyyətlərin daşıyıcıları dinc yanaşı yaşayırlar. Artıq düşmən də anlayır ki, Azərbaycanda daxili ixtilaflar yaratmaq qeyri-mümkündür.
Bu yazıda seçkinin hazırlanması, keçirilməsi, beynəlxalq müşahidəçilərin iştirakı, Mərkəzi Seçki Komissiyasının səsvermənin nəticələri barədə qərarı və ən nəhayət, Konstitusiya Məhkəməsi Plenumunun bu nəticələrlə bağlı qərarı haqqında qısa olsa da söz açmaq istəyirik. Təbii ki, xronoloji ardıcıllığa əməl etməklə.
Mərkəzi Seçki Komissiyasının aprelin 15-dəki iclasında 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə edilib. Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin seçkiləri azad, ədalətli və şəffaf şəkildə keçirilməklə ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyət kəsb edən tarixi hadisəyə çevrilib. Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK və aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılıb.
Seçki prosesinin mühüm mərhələləri olan seçici siyahılarının dəqiqləşdirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, seçicilər də daxil olmaqla, bütün seçki prosesi iştirakçılarının maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi, qeydə alınması, bərabər şərtlərə əsaslanan geniş seçkiqabağı təşviqat imkanının yaradılması, müşahidəçilər, kütləvi informasiya vasitələri nümayəndələrinin azad və sərbəst fəaliyyəti üçün tam maneəsiz şəraitin yaradılması və bütün digər addımlar MSK-nın hazırlayıb təsdiq etdiyi Təqvim Planına əsasən atılıb.
Ancaq beynəlxalq təcrübədə rəsmi olmasa da, belə bir qayda var ki, istənilən ölkədəki hər hansı seçki ən mükəmməl hüquqi bazaya və müvafiq məcəlləyə uyğun hazırlanıb keçirilsə belə, onun nəticələrinin mötəbərliyini göstərən amillərdən biri də səsvermə və səslərin sayılması proseslərində dünya təcrübəsinə, hamılıqla qəbul edilmiş demokratik dəyərlərə əsaslanılmasıdır. MSK-nın iclasında qeyd edilib ki, bu məsələlər Azərbaycanda daim diqqət mərkəzində saxlanılır.
MSK sədri Məzahir Pənahov deyib: “900-ə yaxın beynəlxalq müşahidəçinin, habelə nüfuzlu 51 beynəlxalq kütləvi informasiya vasitəsindən KİV təmsilçilərinin izlədikləri seçkilər Azərbaycanın şanlı səhifəsi kimi tarixə düşdü. Ən əsası odur ki, cəmiyyətimizin bütün tərəfləri seçkilərə böyük maraq göstərirdi. Namizədləri qeydə alınmış siyasi partiyalarla yanaşı, digər partiyalar da seçkiləri müşahidə edirdilər. Həmçinin fərdi olaraq, öz istəyi ilə seçkiləri izləmək istəyənlər də müşahidəçi kimi qeydiyyatdan keçmişdilər. Yəni bütün bunlar cəmiyyətin seçkilərə olan marağının göstəricisi idi. Çox sevindirici haldır ki, seçkiləri izləyən beynəlxalq müşahidəçilərin, demək olar, əksəriyyəti seçkilərin yüksək səviyyədə hazırlanıb keçirildiyini ifadə etmişdir”.
Seçki Məcəlləsinə əsasən prezidentliyə namizədlərə geniş və səmərəli seçkiqabağı təşviqat imkanı yaradılması məqsədilə İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulduğundan 2 dəfə artıq – həftəlik 6 saat (3 saat televiziyada, 3 saat radioda) pulsuz efir vaxtı,”Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərində dərc üçün ödənişsiz yer ayrıldığını deyən MSK sədri əlavə edib ki, bununla yanaşı, ödənişli təşviqat üçün 34 kütləvi informasiya vasitəsi tərəfindən namizədlərə təklif olunan qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olmaları üçün komissiyanın internet səhifəsində yerləşdirilib. Bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim nəzarətdə saxlanılıb. Martın 11-dən start götürmüş seçkiqabağı təşviqat kampaniyası aprelin 10-dək davam edərək, ümumilikdə sivil və müasir tələblərə cavab verən şəraitdə keçirilib.
Xüsusilə qeyd edilib ki, seçkilərə hazırlıq, səsvermə və səslərin sayılması prosesləri dünya ictimaiyyəti üçün tamamilə açıq olduğuna görə heç bir mənfi hal baş verməyib, məhkəmə, hüquq-mühafizə orqanları və ya dövlət qurumlarına şikayət edilməyib.
Nəhayət, prezident seçkilərinin yekunlarının müəyyən edilməsi ilə əlaqədar işlər başa çatmış hesab edilib, səsvermənin nəticələrinə dair MSK-nın protokolu tərtib olunub və komissiya üzvləri tərəfindən imzalanaraq təsdiqlənib. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK-nın protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb.
Mərkəzi Seçki Komissiyasının seçkinin nəticələri barədə hazırladığı sənədlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ciddi şəkildə yoxlanıldıqdan sonra – aprelin 17-də Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib. Plenumda aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası
Prezidenti seçkilərinin nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsi hakimlərin məruzələrini, maraqlı subyektin qanuni nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini dinləyib, işin materiallarına baxaraq, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarının təsdiq və rəsmən elan olunmasına dair qərar qəbul edib. Qərarda deyilir ki, 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2018-ci il 15 aprel tarixli protokolunda əks etdirilmiş nəticələr təsdiq edilsin və Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilsin.
Bu isə xalqımızın seçkiyə hazırlıq prosesində və səsvermə günü nümayiş etdirdiyi iradənin, qətiyyətin mütləq şəkildə rəsmiləşdirilməsi deməkdir. Çünki Konstitusiya Məhkəməsinin bu qərarı elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.