Azərbaycanda xalq-iqtidar birliyi qələbə və uğurlarla dolu şərəfli yol keçir

Aprelin 11-də həmin birliyin növbəti təntənəsinin şahidi olduq

 

 

 

 

 

 

 

 

 

 

 


Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq.

Prezident İlham Əliyevin aprelin 11-də keçirilən seçkilərdə
ona göstərilən böyük etimada görə xalqımıza ünvanladığı müraciətdən

 


İlham Əliyevin növbəti  prezident seçkilərində də qalib gəlməsinə xalqımız sevindi, beynəlxalq aləmdəki dost və tərəfdaşlarımız isə bu qələbədən məmnun oldu və onu  təqdir etdilər. Məsələn, “Seçkilərdə inamlı qələbəniz Sizin yüksək siyasi nüfuzunuzu əyani şəkildə təsdiqləyir, Azərbaycanın qarşısında duran aktual sosial-iqtisadi və xarici siyasət məsələlərinin həllində xidmətlərinizin etiraf olunmasına dəlalət edir”,  – deyə dövlət başçımızı növbəti qələbə münasibətilə təbrik edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin əlavə edir: “Sizin ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsinə yönəlmiş səylərinizi
 Rusiyada yüksək qiymətləndirirlər.

Əminəm ki, biz birgə səylərimizlə bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, habelə regional və beynəlxalq məsələlərdə qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin daha da genişlənməsini təmin edəcəyik. Bu, şübhəsiz, Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına uyğundur”.

Yaxud, öz qardaş təbrikinə  “Azərbaycanın daha da demokratikləşməsində mühüm bir mərhələ təşkil etdiyinə inandığım bu seçkilərin uğurla başa çatmasından duyduğum məmnunluq hissini xüsusi vurğulamaq istəyirəm” – səmimiyyəti ilə başlayan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu seçkinin gələcək əməkdaşlığımızda oynayacağı roldan əminlik ifadə edir: “Əminəm ki, prezidentliyinizin yeni dönəmində də Azərbaycanın rifahına, inkişafına və beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə əhəmiyyətli töhfələrinizi davam etdirəcəksiniz. Xalqlarımız arasında qədim tarixə və qardaşlığa söykənən Türkiyə-Azərbaycan münasibətləri Zati-alinizin rəhbərliyi və birgə səylərimizlə yüksək səviyyəyə çatıb. Zati-alinizin növbəti illərdə də bu istiqamətdə mühüm töhfələr verməyə davam edəcəyinə ürəkdən inanıram”.

Bu qəbildən olan təbriklər onlarcadır və dövlət başçımızın ünvanına səmimi ürək sözlərinin gəlməsi davam edir. Ancaq zənnimizcə,  Prezident İlham Əliyev ən böyük təbriki məhz Azərbaycan xalqından aldı və həmin həqiqəti böyük səmimiyyətlə etiraf etdi. Biz, dövlət başçımızın növbəti prezident seçkilərində də inamlı qələbə qazanması münasibətilə Bakıda təşkil olunmuş konsert proqramında həmin həqiqətin şahidi olduq. Konsertdə iştirak edən dövlət başçımız dedi: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim.

 Azərbaycan xalqı dünən öz seçimini etdi. Azərbaycan xalqı dünən bir daha bizim siyasətimizə öz səsini verdi. Bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətimizə səs verdi. Sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu gün ən yüksək zirvələrə çatıbdır. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq bir ölkədir. Daxili vəziyyətimiz sabitdir. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır. Bütün azadlıqlar təmin olunur”.

Azərbaycan Prezidenti yaxşı bilir ki, ölkə əhalisinin və beynəlxalq aləmdəki soydaşlarımızın yeganə problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasıdır. Ona görə də bilavasitə seçki günü, səsvermənin ilkin nəticələri məlum olandan sonra xalqımıza ünvanladığı müraciətdə həmin məsələni xüsusilə qabartmağı məqsədəuyğun saydı: “ Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar bizim mövqeyimizi, ədaləti dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul etmişlər. Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda, döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycan əsgəri, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizləndi və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdırlar. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir”.

Seçkilərin nəticələri  barədə danışan politoloq və ekspertlər yazırlar ki, Azərbaycanın bugünkü inkişafı İlham Əliyevin fəaliyyəti ilə bağlıdır. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan böyük inkişaf mərhələsi keçib. Azərbaycanın siması dəyişib. Azərbaycanın dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib. Azərbaycan dövləti güclənib, qüdrəti artıb. Ölkənin dünyadakı mövqeyi güclənib, iqtisadiyyatı inkişaf edib. Ordunun qüdrəti artıb.

Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov aprelin 11-də  partiyanın qərargahında seçkinin ilkin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, Prezident İlham Əliyev Azərbaycanın inkişafı üçün çox böyük xidmətlər göstərib. Buna görə də seçicilərin böyük əksəriyyəti öz səslərini İlham Əliyevə verib: “Bununla da Azərbaycan vətəndaşları İlham Əliyevin rəhbərliyi ilə qarşıdakı 7 il ərzində daha sürətli inkişafa, sabitliyə, əmin-amanlığa, rifaha səs veriblər. Hesab edirəm ki, növbəti 7 il Azərbaycanda inkişafın yeni mərhələsi olacaq. Bu illər ərzində Azərbaycanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi və Azərbaycan vətəndaşlarına məlum olan geniş proqramı, strategiyası əsasında ölkə iqtisadiyyatı daha da güclənəcək, şaxələnəcək, respublikada yeni iqtisadi model formalaşacaq. Azərbaycanda iqtisadiyyatın inkişafı nəticəsində insanların rifahının yaxşılaşması üçün daha genişmiqyaslı hökumət proqramları işlənib hazırlanacaq və uğurla həyata keçiriləcək.”

O ki qaldı Azərbaycan xalqının böyük  mütəşəkkilliklə iştirak etdiyi və gələcəyin daha da yaxşı təmin edilməsi  ümidləri ilə səs verdiyi seçkiyə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT PA və AŞPA-nın bəzi müşahidəçilərinin kölgə salmaq cəhdinə, biz bu barədə  seçkilərdən sonra eşitmiş və yazmışıq. Ona görə də həmin əsassız ittihamlara bilavasitə öz sözlərimizlə deyil, dünyanın tanınmış diplomatlarından olan  Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın fikirləri ilə cavab verməyi məqsədəuyğun hesab edirik:  “Bir sıra siyasi qüvvələrin Azərbaycandakı prezident seçkilərinə mənfi yanaşması hələ seçkilər keçirilənədək aydın görünürdü.”

Yəni bəzi xarici dairələr Azərbaycanda keçirilən istənilən seçkidən sonra ağına-bozuna baxmadan böhtan və qarayaxmalar uydururlar. Bu məkrli planlar isə xalqımızın iradəsini qıra bilməyib və bundan sonra heç qıra bilməz.  Odur ki, aprelin 12-də adıçəkilən beynəlxalq təşkilatların təmsilçiləri öz cəfəng hesabatlarını təqdim etmək üçün keçirdikləri mətbuat konfransında KİV təmsilçilərinin ciddi etirazları ilə qarşılaşdılar. Onlara başa salındı ki, hələ 100 il əvvəl demokratik dövlət yaratmış, Avropanın əksər ölkələrindən əvvəl mükəmməl seçki təcrübəsi formalaşdırmış Azərbaycan xalqının kimdənsə demokratiya dərsi almağa ehtiyacı yoxdur. Eyni zamanda,  kimlərinsə Liviya, İraq, Suriya, Yəmən və digər müsəlman ölkələrinə qan və viranəliklər törətmiş “demokratiya”nı Azərbaycana gətirməsinə imkan verilməyəcək.

Bu xalq öz siyasi yolunu müəyyənləşdirib, cəmi 26 ildə dünya ölkələrinə çoxsaylı nümunələr göstərib və gələcək yolunu davam etdirmək üçün aprelin 11-də seçki məntəqələrində öz qəti sözünü deyib. Bəzi avropalılar öz nahaq yollarından dönmürlərsə, biz nə üçün öz haqq yolumuzdan dönməliyik?  Bizim yolumuz ulu öndər Heydər Əliyevin  siyasi yolu, liderimiz isə aprelin 11-də səs verdiyimiz dünya şöhrətli siyasi xadim İlham Əliyevdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında