ATƏT DTİHB, ATƏT PA və AŞPA müşahidə missiyalarının qərəzli hesabatı Azərbaycan ictimaiyyəti və media təmsilçiləri tərəfindən ciddi etirazla qarşılandı

Aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkilərinin nəticələri barədə dünyanın 60 beynəlxalq təşkilatını və 59 ölkəsini təmsil edən 890 beynəlxalq müşahidəçinin verdiyi müsbət rəylər reallığın parlaq ifadəsidir. Regionda marağı olan elə bir ölkə yoxdur ki, onun kütləvi informasiya vasitələri 11 aprel seçkilərinin nəticələrini təqdir etməsin. Hamı o fikirdədir ki, seçkilər beynəlxalq təcrübəyə, ölkəmizin Seçki Məcəlləsinə və müvafiq qanunlara tam şəkildə cavab verdi. Belə bir vəziyyətdə müəyyən qərəzli qüvvələrə xidmət edən dairələrin qeyri-obyektiv mövqeyi təəssüf doğurur.

Bu yazıda həm böyük məsuliyyətlə hazırlaşıb uğurla başa çatdırdığımız seçki barədə eşitdiyimiz səmimi rəylər, həm də bədxahlarımızın diktəsi ilə işləyən insanların məkrli münasibətləri barədə söz açacağıq. Ancaq əvvəlcə türkiyəli şair, folklor tədqiqatçısı Osman Başın bizim 11 aprel seçkilərimiz barədə dediyi fikirləri yada salaq: “Azərbaycan Prezidenti öz xalqının qanında uzun onillərdən bəri yaşayan Xalq Cümhuriyyətinin 100 illiyini bayram etmək barədə rəsmi dövlət sənədi imzalayanda və 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edəndə dostlarımızdan biri bildirmişdi ki, bu qədrbilənlik nümunəsi azərbaycanlıların tarixinin yaşadılması istiqamətində elə bir dəyərə malikdir ki, xalq heç zaman İlham Əliyevin borcunu qaytara bilməz. Amma aprelin 11-də keçirilən seçki sübut etdi ki, İlham Əliyev xalqına layiq olduğu qədər də, Azərbaycan xalqı İlham Əliyevə layiqdir. Çünki bu xalq həmin gün çox ədalətli bir seçim etdi.

... Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin yekun nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında dedi ki, seçki məntəqələrinin 92 faizindən çoxundan – 5201-dən səsvermənin nəticələrinə dair məlumatlar Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinə daxil olub. Həmin məlumatlar araşdırılarkən 3 milyon 712 min 120 səs etibarlı sayılıb. Bu səslər sayılarkən məlum olub ki, prezidentliyə namizəd Əliyev İlham Heydər oğlu – 3 milyon 192 min 522 səs toplayaraq, seçicilərin 86 faizinin etimadını qazanıb. Beləliklə, etibarlı səslərin 86 faizini qazanan İlham Heydər oğlu Əliyev prezident seçkilərində böyük üstünlüklə liderlik edir.

Səsvermənin çox sakit, Azərbaycan seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verən şəraitdə keçirildiyini bildirən Məzahir Pənahov qeyd edib ki, səsvermə zamanı heç bir xoşagəlməz hala yol verilmədi. Bu, Azərbaycan ictimaiyyətinin seçki mədəniyyətinin kifayət qədər yüksək olmasının göstəricisidir. Baxmayaraq ki, seçkilərdə 6 siyasi partiyanın namizədləri, ümumilikdə, 8 namizəd mübarizə aparırdı. Bütün proseslər qanunvericiliyin tələbinə uyğun keçdi. Məntəqə, dairə seçki komissiyaları öz vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəldilər. Gün ərzində təhlükəsizliyin təmin edilməsi baxımından da heç bir problem yaşanmadı. Azərbaycan polisi öz fəaliyyətini Seçki Məcəlləsinin tələbinə uyğun qurduğu üçün bununla bağlı Mərkəzi Seçki Komissiyasına heç bir narazılıq daxil olmayıb.

“Euronews” kanalı kimi nüfuzlu beynəlxalq informasiya vasitəsinin Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı yayımladığı reportajda bu həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırıldı. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycandakı prezident seçkilərini müşahidə etmək üçün dünyanın aparıcı KİV-lərindən, 120-yə yaxın jurnalist ölkəmizə gəlmişdi. Onların arasında “The Washington Times”, “The Hill”, “The Jerusalim Post”, “The Times of  Israel”, “Daily Caller”, “Muslim World Today”, “The Algemainer”, “ Independent Journal Review”, “RAI” TV, “New Europe”, “Al Jaazeera”, ORT, RTR, Rossiya Seqodnya, Daily Times, TRT World və digər KİV-lərin nümayəndələri var idi.

Xatırladılmalı məqamlardan biri də odur ki, “Sivil dialoq” adlı beynəlxalq müşahidə qrupunun  birinci missiyasının Azərbaycandakı prezident seçkiləri ilə bağlı yaydığı bəyanat bu siyasi kampaniyaya qiymət verilməsi baxımından olduqca dəyərli idi. Belə ki, adıçəkilən missiyanın üzvü – İtaliya Xarici Əlaqələr Komitəsinin üzvü Antonio Radze bildirib ki, müxtəlif seçki məntəqələrində müşahidə aparılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb: “Seçki prosesi demokratik və şəffaf olub. Barmaq izinin “skan” olunması çox innovativ bir sistemdir, bununla heç vaxt rastlaşmamışdım. Bu gün xalqın İlham Əliyevin yüksək səs toplaması ilə bağlı bayram etdiyini  gördüm. Azərbaycanın gələcəkdə daha da çiçəklənməsini arzu edirəm”.

İtaliya parlamentinin üzvü Cakomo Bedze isə bildirib ki, Azərbaycanda çox yüksək seçici fəallığı müşahidə edib: “Seçki prosesi mükəmməl təşkil olunub, seçicilərin mühafizəsinə xüsusi diqqət yetirilir. Kaş ki, İtaliyada da seçkilər belə yüksək keçiriləydi. İki ölkə arasında münasibətlərin daha da yaxşılaşacığını arzu edirəm”.

Azərbaycanda keçirilən prezident seçkilərinin hətta Avropa ölkələri üçün nümunə ola biləcəyini deyən əcnəbi müşahidəçilər də var idi. Məsələn, Finlandiya senatının fəxri üzvü, belçikalı Frank Kriyerman seçkilərin Avropa standartlarına uyğun keçirildiyini bildirib: “Hətta Belçikada bu cür şəffaflıq yoxdur. Bakı İslam və Qərb mədəniyyətinin birləşdiyi məkandır. İlham Əliyevin bunda rolu çox böyükdür. Güman ki, İlham Əliyev qalib gələcək, çünki ölkəni dünya standartlarına uyğun idarə edir”.

Çox təəssüf ki, Azərbaycan xalqının müqəddəs amal naminə həyata keçirdiyi bu demokratik seçkiyə qeyri-obyektiv, qərəzli münasibət bəsləyən müşahidəçilər də tapıldı və dünən onların bəzilərinin ədalətsiz münasibətinin şahidi olduq.

Məlum oldu ki, Azərbaycanda seçkilərin demokratik, şəffaf və obyektiv keçirilməsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi antiazərbaycan qüvvələrin ölkəmizə qarşı qısqanclıq hisslərini daha da artırır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTHİB) ATƏT PA və AŞPA-nın müşahidə missiyalarının ölkəmizə qarşı qərəzli olması, demokratik proseslərə kölgə salmaq cəhdləri xüsusi qeyd olunmalıdır. Hər dəfə ölkəmizdə seçkilər keçiriləndə bu qurum öz qərəzli hesabatını dərhal ortaya qoyur. Açıq şəkildə hiss olunur ki, hesabat seçki başlamazdan əvvəl Azərbaycanın maraqlarına düşmən kəsilmiş dairələr tərəfindən hazırlanıb. Çünki hesabatda elə “nöqsanlar”dan söhbət gedir ki, onlar bütünlüklə uydurma və böhtandır. Bu da həmin qurumun ikili standartlardan əl çəkməməsi Qərbin bəzi dairələrinin sifarişi ilə ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaq cəhdindən irəli gəlir. Görünür, Azərbaycanın 26 illik müstəqillik tarixində belə uğurlar qazanması, iqtisadi qüdrətinin sürətlə artması, güclü ordu formalaşdırması, beynəlxalq aləmdə mövqelərini getdikcə möhkəmləndirməsi Avropanın və Qərbin bəzi dairələrini narahat edir. Ona görə də onlar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu kimi “sözəbaxan” qurumlarından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Biz aprelin 11-də keçirilən prezident seçkilərində bir daha bu qərəzin, ölkəmizə təzyiq vasitələrinin, şər-böhtanın şahidi olduq.

Seçkiləri müşahidə etmiş 890 beynəlxalq müşahidəçinin böyük əksəriyyəti, o cümlədən dünyanın aparıcı, nüfuzlu KİV nümayəndələri prezident seçkilərinin demokratik və şəffaf şəraitdə keçdiyi barədə müsbət rəy versələr də, ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın müşahidəçiləri deyirlər ki, Azərbaycanda seçkilər hüquq və azadlıqların məhdudlaşdırıldığı bir mühitdə, həqiqi rəqabətin olmadığı bir şəraitdə keçirilib.

Dünən bu qurumun keçirdiyi mətbuat konfransında səsləndirdikləri qərəzli fikirlər ciddi narazılıq yaratdı. Onların ölkəmiz haqqında qərəzli mövqeyi, hazırladıqları hesabatların isə yalan və böhtan üzərində qurulduğu bir daha təsdiqini tapdı.

Seçki zamanı rastlaşdıqları “nöqsan”ların öz təsdiqini tapmadığını görən ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın müşahidəçiləri rüsvay oldqlarını hiss etdikdə mətbuat konfransını yarımçıq tərk etdilər. Sonradan yenidən jurnalistlər qarşısına çıxan müşahidəçilər utanıb-çəkinmədən yalanlarını davam etdirdilər.

Artıq hər kəsə bəllidir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT PA və AŞPA-nın müşahidəçiləri bir qayda olaraq, öz fəaliyyətini ABŞ Dövlət Departamentindən aldığı təlimatlar əsasında qurur. Bir ay öncə Ermənistanda “keçirilən” biabırçı prezident seçkiləri barəsində bir kəlmə də olsun danışmayan, işğalçı ölkənin  vətəndaşı olmayan bir şəxsi kənardan gətirərək, heç bir rəqibi olmadan prezident təyin edilməsinə səsini çıxarmayan beynəlxalq təşkilatlar, o cümlədən özünü insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT PA və AŞPA-nın müşahidəçiləri ölkəmizdə keçirilən şəffaf və obyektiv seçkilər haqqında mənfi rəy formalaşdırmağa cəhd etməsi ikili standartların və ədalətsizliyin bariz nümunəsidir.

Qəribə olan məqamlardan biri də o idi ki, “hesabat” müəllifləri MSK-nın peşəkarcasına fəaliyyət göstərdiyini qeyd edir, başqa abzasda isə seçki prosedurunun pozulduğunu söyləyirlər. Bu isə artıq özünüinkardır.

Bu qurumun keçirdiyi mətbuat konfransında prezident seçkilərində “mediaya aid olan son dərəcə məhdudlaşdırıcı qanunlar ifadə və mətbuat azadlığına çətinliklər yaradır” fikrinin hesabatda öz əksini tapması mətbuat işçilərində ciddi narazılıq yaratmışdır. Çünki seçkiləri müşahidə etmiş xarici kütləvi informasiya vasitələrinin nümayəndələri də etiraf ediblər ki, həmişə olduğu kimi, aprelin 11-də keçirilən prezident seçkilərində də səhər tezdən axşama qədər bütün seçki məntəqələri mətbuat işçilərinin üzünə açıq olmuşdur. Biz – yerli media nümayəndələri istədiyimiz dairə və məntəqə seçki komissiyalarına sərbəst daxil olub istənilən məlumatı heç bir problem olmadan əldə etmişik. Hətta media nümayəndələri üçün bülletenlərin sayılmasını da müşahidə etməyə şərait yaradılıb.

Şəffaflığın təmin olunmasının məhdudlaşdırılması barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT PA və AŞPA-nın müşahidəçilərinin mətbuat konfransında səsləndirdikləri fikirlərin heç bir əsası yoxdur. Çünki mindən artıq seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə seçkinin gedişini hətta canlı izləmək mümkün idi. Barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsi isə Avropada ölkələrin çoxunda tətbiq edilmədiyi halda, cəmi 26 illik müstəqillik tarixi olan respublikamızda neçə illərdir ki, tətbiq olunur. Hətta bəzi beynəlxalq müşahidəçilər bu üsulun öz ölkələrində də tətbiq olunması barədə məsələ qaldıracaqlarını deyiblər. Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədiyini bildirən nümayəndə heyətinin üzvləri, görünür unudurlar ki, ATƏT 25 ildir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarbağ münaqişəsinin nizamlanmasında hələ də ikili standart nümayiş etdirir, qərəzli mövqedən əl çəkmir. Biz aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticəsi ilə əlaqədar həmin qurumun hazırladığı hesabatda da bunun şahidi olduq.

Başqa sözlə, ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın müşahidəçiləri öz qərəzli mövqeyi ilə milyonlarla azərbaycanlı seçicinin iradəsinin üstünə kölgə salmağa cəhd etdi. Ancaq alınmadı. Çünki aprelin 11-də elliklə seçki məntəqələrinə gedib öz gələcəyinə səs verən xalqın qətiyyətini heç bir qərəzli qurum və ya məkrli siyasət sındıra bilməz.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT PA və AŞPA-nın müşahidəçilərinin Azərbaycanda keçirilən seçkilərlə bağlı qərəzli və ədalətsiz bir hesabat hazırlamaqla 59 xarici ölkədən gələrək seçkilərin demokratik və şəffaf keçirildiyini bəyan edən beynəlxalq müşahidəçilərin obyektiv rəylərinə kölgə salmaq cəhdləri quruma başucalığı gətirmir. ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın müşahidəçiləri bu barədə düşünməli və qərəzli mövqeyindən əl çəkməlidir.

İttifaq MİRZƏBƏYLİ,
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında