Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ölkənin enerji balansında alternativ və bərpa olunan enerji mənbələri hesabına əldə edilən enerjinin payının artırılması, istehlakçıların dayanıqlı elektrik enerjisi ilə təchizatını, generasiya mənbələrinin istehlakçılara yaxın ərazilərdə yaradılması vasitəsilə texniki və texnoloji itkilərin azaldılmasını və mövcud resursların səmərəli idarə olunmasını təmin etmək elektrik enerjisi sektorunda aparılan islahatların prioritetlərindəndir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəf və prioritetlərə nail olmaq, ölkədə külək enerjisindən istifadənin səmərəliliyinin artırılması, habelə külək enerjili elektrik qurğularının elektrik şəbəkəsinə inteqrasiyasının test variantında tam sınaqlarının təşkili məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin balansında olan aşağıdakı dövlət əmlakı “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalına yönəldilsin:
1.1. Bakı şəhəri, Xızı rayonu, Yeni Yaşma qəsəbəsi, Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən, 20 ədəd külək enerjili elektrik qurğusundan ibarət Külək Elektrik Parkı;
1.2. Bakı şəhəri, Xızı rayonu, Şurabad qəsəbəsi, Bakı-Quba yolunun 55-ci kilometrliyində yerləşən, 2 ədəd külək enerjili elektrik qurğusundan, külək ölçmələri və təlim mərkəzindən və 16 ədəd külək turbininin quraşdırılması üçün monolit beton oturacaqlardan ibarət Külək Elektrik Parkı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının balansdan balansa verilməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində tədbirlər görsün;
2.5. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan dövlət əmlakı və 4-cü hissəsində nəzərdə tutulan vəsait hesabına “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasını üç ay müddətində təmin etsin;
2.6. “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının bu Sərəncam qüvvəyə mindikdən sonra “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətinə (balansına) veriləcək külək enerjisi qurğularının “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsini və həmin əmlak hesabına “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının artırılmasını təmin etsin;
2.7. bu Sərəncamın 2.5-ci və 2.6-cı bəndlərində nəzərdə tutulan işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.8. Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə birlikdə enerji sektorunda aparılacaq islahat tədbirləri barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.9. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti:
3.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan külək elektrik parklarının istismara hazır vəziyyətə gətirilməsi və ümumi paylayıcı şəbəkəyə qoşulması ilə bağlı tədbirlər görsün;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan külək elektrik parklarının normal fəaliyyətinin təmin edilməsi üçün müvafiq rekonstruksiya-quraşdırma işlərinin görülməsi, material ehtiyatı bazasının yaradılması, beynəlxalq təcrübə nəzərə alınmaqla, qeyd olunan sahə üzrə kadr potensialının formalaşdırılması və digər zəruri işlərin həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün 10,0 (on) milyon manat ayrılsın.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 4-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2017-ci il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.