Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2011-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.
Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdı.
SSRİ-nin süqutunun qaçılmaz şəkil alması onun tərkibinə daxil olan bütün müttəfiq respublikalara müstəqillik əldə etmək imkanı yaratdı. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi "Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı" ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi. Qısa bir müddətdə dünya birliyi ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaqla o, beynəlxalq hüququn subyektinə çevrildi. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edildi və onun yarandığı 28 may günü Respublika Günü kimi qeyd olunmağa başladı.
Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyillərinə son qoydu və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı.
1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın neft strategiyasının reallaşması üçün imkan verdi və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin etdi. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil oldu.
1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir.
Keçid dövrünü başa vuran respublikamız bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkədir. Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır. Mühüm sosial əhəmiyyətə malik obyekt olan Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilmişdir. Tarixi İpək Yolunun bərpası ilə bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və yeni limanın tikilməsi kimi irimiqyaslı strateji layihələr gerçəkləşdirilir.
Azərbaycanda ordu quruculuğu prosesi böyük uğurla gedir. Silahlı Qüvvələrimizin peşəkar hazırlıq səviyyəsi, maddi-texniki bazası və döyüş qabiliyyəti möhkəmləndirilir. Ölkəmizdə müdafiə sənayesi inkişaf etdirilir, ilk süni peykimizlə bağlı layihə həyata keçirilir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər informasiya cəmiyyətinin qurulması üçün möhkəm zəmin yaradır.
Regionların inkişafı proqramı çərçivəsində böyük nailiyyətlər əldə edilmişdir. Təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi tikilən yüzlərlə məktəb, yaranan tibb müəssisələri, yeniləşən mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman kompleksləri və olimpiya mərkəzləridir. Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün paytaxtımız yeni görkəm almaqdadır, şəhər və rayonlarımız ildən-ilə gözəlləşir. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunmuş, yeni iş yerləri açılaraq yoxsulluğun səviyyəsi bir neçə dəfə azaldılmışdır.
Azərbaycan çoxsaylı uğurlara hələ də yaşadığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi şəraitində nail olmuşdur. Beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə baxmayaraq ölkəmizin ərazi bütövlüyü indiyədək bərpa olunmamışdır. Danışıqlar prosesində Azərbaycanın tələbi ölkəmizin zəbt olunmuş torpaqlarının işğaldan beynəlxalq hüquq normaları çərçivəsində azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsindən ibarətdir. Bu, Azərbaycanın qəti və dəyişməz mövqeyidir. Hazırda ölkəmizin zəbt olunmuş torpaqlarının işğalına son qoymaqdan daha vacib vəzifəmiz yoxdur.
Münaqişə öz həllini tapana qədər məcburi köçkünlərin sosial müdafiəsi təmin olunmaqdadır. Bu gün Azərbaycan ərazisində çadır şəhərciyi qalmayıbdır. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, evlər tikilib və bu istiqamətdə görülən işlər davam etdirilir.
İyirmi illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, artıq tam müstəqil ölkədir. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir.
2010-cu ildə Azərbaycanda Dövlət Bayrağı Meydanının açılışı olmuş və dünyanın ən yüksək bayrağı ucaldılmışdır. Bu meydan Azərbaycanın son iyirmi ildə keçdiyi inkişaf yolunun rəmzinə çevrilmişdir.
Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğunu nəzərə alaraq, müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliğini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ölkəmizdə dövlət səviyyəsində təntənəli surətdə qeyd olunsun.
2. "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı" təsdiq edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etsin və bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 yanvar 2011-ci il

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında