2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)

Əlavə 1
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 28 dekabr tarixli sərəncamı ilə təsdiq edilmişdir

I. Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin xərc istiqamətləri
1.1. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi;
1.2. Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə transfert;
1.3. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə yeni su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi;
1.4. Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi;
1.5. Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi;
1.6. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi.
II. Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya siyasəti
2.1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun investisiya siyasətinin məqsədi
2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (bundan sonra - Neft Fondu adlandırılacaq) investisiya siyasətinin məqsədi Neft Fondunda toplanan vəsaitin aşağı risk və aşağı qiymət dəyişkənliyi şəraitində idarə edilməsi və bu siyasətə uyğun olan gəlirliliyin əldə edilməsidir. Qarşısında qoyulan məqsədə nail olmaq üçün 2011-ci ildə Neft Fondunun vəzifəsi mühafizəkar, əsas kapitalın itirilməməsinə və təminatlı gəlirin əldə edilməsinə imkan verən investisiya siyasətinin yeridilməsidir.
2.2. Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan həcmi
İnvestisiya portfeli - Neft Fondunun büdcəsində təsdiq edilmiş xərclərin aparılması üçün konvertasiya edilərək manat hesablarına köçürülmüş vəsait çıxıldıqdan sonra qalan xarici valyutada ifadə olunan aktivlərdən ibarətdir.
2011-ci il üzrə Neft Fondunun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (orta çəkili həcmi) 19,4 milyard manata bərabər götürülür. İnvestisiya portfelinin məcmu dəyəri investisiya portfelinə daxil olan aktivlərin aylıq olaraq yenidən qiymətləndirilməsi əsasında müəyyən edilir.
2.3. Neft Fondunun vəsaitinin likvidliyi üzrə tələblər
Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi nağd vəsait və ya onun ekvivalentlərində saxlanmalıdır. Bu vəsaitin göstərilən məbləğdən az olması halı 7 təqvim günündən çox davam etməməlidir.
2.4. Neft Fondunun investisiya portfelinin valyuta tərkibi (səbəti) üzrə tələblər
ABŞ dolları Neft Fondunun investisiya portfelinin baza valyutası müəyyən edilir.
Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin:
- 50 faizi ABŞ dollarında ifadə olunan aktivlərə;
- 40 faizi AVRO-da ifadə olunan aktivlərə;
- 5 faizi İngiltərə fun- sterlinqində ifadə olunan aktivlərə yerləşdirilir.
Neft Fondunun investisiya portfelinin məcmu dəyərinin 5 faizi isə "A" (Standart and Purz, Fiç) və ya "A2" (Mudiz) kredit reytinqindən aşağı olmayan uzunmüddətli ölkə (suveren borc) reytinqinə malik olan ölkələrin valyutalarında və ya ABŞ dollarında və xüsusi çəkidəki mütənasiblik əsasında bölüşdürülərək ABŞ dolları, AVRO və İngiltərə funt-sterlinqində ifadə olunan aktivlərə yerləşdirilə bilər.
2.5. Risklərin idarə olunması üzrə tələblər
Faiz dərəcəsi riski - Neft Fondunun investisiya portfelinin faktiki ortaçəkili investisiya müddəti (durasiyası) dünya bazarlarındakı cari vəziyyətdən asılı olaraq Fond tərəfindən müəyyən edilir və 48 ayı üstələməməlidir.
Kredit riski - Neft Fondunun valyuta vəsaiti yalnız investisiya kredit reytinqli aktivlərdə və ya investisiya kredit reytinqli emitentlərin qiymətli kağızlarında yerləşdirilə bilər.
Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində müəyyən edilir.
Neft Fondunun valyuta vəsaitinin 600 milyon ABŞ dollarından artıq olmayan hissəsi Xəzər dənizində həyata keçirilən mədən hasilatı sənayesindən gəlirlərin alınmasına imkan yaradan və özü və ya əsas təsisçisi uzunmüddətli investisiya reytinqinə malik olan emitent tərəfindən buraxılan qiymətli kağızlara investisiya edilə bilər.
2.6. Neft Fondunun valyuta vəsaitinin xarici menecerlərin idarə edilməsinə verilməsi üzrə tələblər
Xarici menecerlərin idarə edilməsinə verilən vəsaitin həcmi aşağıdakı kimi müəyyən edilir:
- xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi - investisiya portfelinin məcmu dəyərinin 60 faizindən artıq olmayan hissəsi;
- bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimal həcmi investisiya portfelinin məcmu dəyərinin 15 faizindən artıq olmayan hissəsi.
Neft Fondunun vəsaitinin idarə edilməsinə cəlb edilən xarici menecerlərin investisiya siyasəti Neft Fondu ilə bu menecerlər arasında bağlanan investisiya sazişində əks etdirilməlidir.
2.7. İnvestisiya portfelinin idarə edilməsinin proqnozlaşdırılan gəlirlilik səviyyəsi
Neft Fondunun investisiya portfelindəki aktivlərin (investisiya portfelinin idarəetmə xərcləri çıxılmaqla) idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi Britaniya Bankirlər Assosiasiyası tərəfindən müvafiq valyuta üzrə dərc edilmiş 3 (üç) aylıq LIBOR faiz dərəcəsi götürülür.
2.8. Neft Fondunun valyuta vəsaitinin idarə edilməsi üzrə məhdudiyyətlər
Neft Fondunun valyuta vəsaiti Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"da nəzərdə tutulan investisiya aktivləri və onların əldə edilməsi üçün zəruri əməliyyatların aparılması istisna olmaqla, başqa istiqamətlərə, o cümlədən qiymətli metalların və daşların, hər hansı daşınmaz əmlakın, malların alınmasına investisiya edilə bilməz.
Neft Fondunun valyuta vəsaiti bu Əlavənin 2.4-cü bəndində göstərilən valyutalardan əlavə digər valyutaların alınmasına yalnız həmin valyutaların ABŞ dollarına qarşı məzənnə dəyişkənliyi riskinin sığortalanması (hec) şərti ilə investisiya edilə bilər.
Neft Fondunun valyuta vəsaiti idarə edilərkən valyuta arbitrajı, svop, forvard, fyüçers, opsion tipli törəmə qiymətli kağızlarla əməliyyatlar yalnız maliyyə bazarlarında əməliyyatların aparılması zamanı qiymətin, yaxud məzənnənin dəyişməsi ilə əlaqədar mümkün olan riskin minimuma endirilməsi (hecinq) və ya investisiya portfelinin valyuta tərkibinin və aktivlər strukturunun optimallaşdırılması məqsədilə həyata keçirilə bilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında