Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Zəngin tarixə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb, lakin parlaq inkişaf yolu keçərək Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında özünəməxsus yer tutmuş, ölkəmizin inkişafında hər zaman əhəmiyyətli rol oynamışdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də dinamik inkişaf edən Muxtar Respublikada infrastrukturun müxtəlif sahələrində irimiqyaslı layihələr həyata keçirilmiş, elektrik stansiyaları istismara verilmiş, yeni yollar çəkilmiş, müasir sənaye və kənd təsərrüfatı müəssisələri yaradılmış, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm ocaqları inşa olunmuş, nəticədə minlərlə iş yeri açılmışdır.

Şəhər və rayon mərkəzlərində, ayrı-ayrı yaşayış məntəqələrində əsaslı abadlıq-quruculuq işləri görülmüş, istirahət bağları və parklar salınmış, müasir üslublu tikililər, milli arxitekturalı binalar ucaldılmış, tarixi memarlıq abidələri bərpa edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 yanvar 2017-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında