Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmişdir

 

1. GİRİŞ

Azərbaycan Respublikasında həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafında mühüm irəliləyiş əldə edilmişdir. Aparıcı beynəlxalq qurumların hesablamalarına əsasən, respublikamızın iqtisadiyyatı hazırda rəqabət qabiliyyətinə görə dünya ölkələri arasında 40-cı yerədək yüksəlmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası” ölkədə uzunmüddətli, uğurlu və dayanıqlı inkişafın təmin olunması üçün biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulmasının zəruriliyini müəyyən etmişdir. Bu məqsədə nail olmaq üçün qarşıda duran əsas vəzifələrdən biri müasir dəyərlərə və prinsiplərə əsaslanan informasiya cəmiyyətinin inkişaf etdirilməsidir.

Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının (bundan sonra - İKT) sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 17 fevral tarixli 1146 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012)”nın və onun icrası ilə bağlı qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi nəticəsində təhsil, səhiyyə və digər sosial sahələrdə, iqtisadiyyatda, biznes fəaliyyətində, gündəlik həyatda İKT-nin imkanlarından istifadə səviyyəsi nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkədə ən son texnoloji yeniliklər tətbiq edilmiş, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılmışdır. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilmişdir. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artmışdır. Mobil sektor sürətlə inkişaf etmiş, 3G və 4G xidmətləri tətbiq olunmuşdur. İlk telekommunikasiya peyki “Azerspace-1” və yer səthinin müşahidə peyki “Azersky” orbitə çıxarılmış və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulmuşdur. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilmiş, “elektron hökumət” üzrə genişmiqyaslı layihələr həyata keçirilmiş və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilmişdir.

Azərbaycanda informasiya cəmiyyətinin formalaşdırılması sahəsində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi” hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları-2016” hesabatında Azərbaycan Respublikası “Şəbəkə hazırlığı indeksi” göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülmüşdür.

Ölkədə informasiya cəmiyyətinin formalaşdırılması üzrə siyasətin davam etdirilməsi, yeni inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, dövlət idarəçiliyində, biznes sektorunda və ümumilikdə cəmiyyətdə hər bir vətəndaşın İKT-nin imkanlarından faydalanması üçün əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli 359 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair  2014–2020-ci illər üçün Milli Strategiya” (bundan sonra - Milli Strategiya) təsdiq edilmişdir.

Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” (bundan sonra - Dövlət Proqramı)  hazırlanmışdır. Dövlət Proqramında Milli Strategiya ilə müəyyən edilmiş 8 istiqamətdən 7-si üzrə konkret tədbirlər nəzərdə tutulmuşdur. Milli Strategiyanın “elektron hökumət”in inkişafı” istiqamətinin yerinə yetirilməsi üzrə tədbirlər digər dövlət proqramı çərçivəsində həyata keçiriləcəkdir.

Dövlət Proqramının hazırlanmasında beynəlxalq təcrübə, texnoloji yeniliklər və inkişaf meyilləri nəzərə alınmış, vətəndaş, cəmiyyət, dövlət prioritetləri və onların informasiya cəmiyyətinin imkanlarından səmərəli istifadəsi əsas götürülmüşdür. Dövlət Proqramı ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə özəl sektorun və qeyri-hökumət təşkilatlarının fəal cəlb olunması, vətəndaş və ictimai təşəbbüslərin irəli sürülməsi və onların reallaşdırılmasında birgə fəaliyyətə şərait yaradılması planlaşdırılır.

2. Dövlət Proqramının məqsəd və vəzifələri

2.1. Dövlət Proqramının məqsədi Milli Strategiyada informasiya cəmiyyətinin inkişaf etdirilməsi üzrə qarşıya qoyulan əsas məqsəd və vəzifələrin, fəaliyyət istiqamətlərinin həyata keçirilməsinin təmin edilməsidir.

2.2. Dövlət Proqramının məqsədinə nail olunması üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

2.2.1. İKT infrastrukturunun cari və gələcək tələbatı nəzərə alınmaqla inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlər göstərilməsi və onlara çıxış imkanlarının təmin olunması;

2.2.2. ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi, beynəlxalq internet magistrallarına alternativ və yüksəksürətli birləşmələrin təmin edilməsi;

2.2.3. rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların istehsalı və onların dünya bazarına çıxışına şərait yaradılması, yerli və xarici investisiyaların stimullaşdırılması, qabaqcıl təcrübənin və yeni texnologiyaların idxalı və texnoloji transferin təmin olunması;

2.2.4. yüksək texnologiyalar sahəsində elmi-texniki potensialın gücləndirilməsi, nüvə, nano və kosmik texnologiyaların, biotexnologiyaların inkişafı üzrə elmi tədqiqatların genişləndirilməsi, informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və texnologiyaların yaradılması və yayılması;

2.2.5. informasiya cəmiyyəti şəraitində normativ hüquqi tənzimləmə sisteminin təkmilləşdirilməsi, vətəndaşların informasiya əldə etmək hüququnun səmərəli təmin edilməsi və qorunması;

2.2.6. yüksək texnologiyalar sahəsinin tələblərinə cavab verən elmi və ixtisaslı kadrların hazırlanması, alim və mütəxəssislərin elmi fəaliyyətinin, gənclərin yeni təşəbbüslərinin və “start-up” layihələrinin dəstəklənməsi;

2.2.7. ölkədə işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, rəqabətədavamlı kadr potensialının formalaşdırılması məqsədi ilə peşə təhsili sistemində multimedia texnologiyalarının, distant təhsil və digər müasir tədris formalarının tətbiqinin genişləndirilməsi;

2.2.8. cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi və yeni texnologiyalara inamın artırılması;

2.2.9. informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin yüksəldilməsi;

2.2.10. milli kontentin zənginləş­diril­məsi, müasir texnologiyaların tətbiqi ilə ölkənin milli-mədəni irsinin qorunub saxlanılması və əhalinin ondan istifadəsinin genişləndirilməsi;

2.2.11. informasiya cəmiyyəti quruculuğunda dövlət-sahibkar–vətəndaş tərəfdaşlığının gücləndirilməsi, həmçinin beynəlxalq əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə genişləndirilməsi.

3. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə təminatı

3.0. Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

3.0.1. müəssisə və təşkilatların vəsaitləri;

3.0.2. kreditlər və qrantlar;

3.0.3. qanunvericiliyə zidd olmayan digər mənbələr.

4. Gözlənilən nəticələr

4.0. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

4.0.1. ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdiriləcək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatı təmin olunacaq;

4.0.2. sosial-iqtisadi sahələrdə və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndiriləcək, vətəndaşların, xüsusilə aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsinə əlverişli şərait yaradılacaq;

4.0.3. əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında “rəqəmli fərqlilik” azaldılacaq;

4.0.4. informasiya cəmiyyəti şəraitində vətəndaşların informasiya əldə etmək hüquqlarının təmin olunmasına hərtərəfli şərait yaradılacaq;

4.0.5. ölkənin qlobal internet şəbəkəsinə çıxış potensialı artırılacaq, tranzit informasiya xidmətləri genişləndiriləcək;

4.0.6. ümumi daxili məhsulda İKT-nin, poçt və informasiya sektorunun payı artırılacaq;

4.0.7. İKT sahəsinin sürətli inkişafında xarici və yerli investisiyaların, o cümlədən vençur maliyyələşmənin payı artırılacaq;

4.0.8. yüksək texnologiyalar sektoru ilə elmi tədqiqatlar arasında əlaqə möhkəmləndiriləcək, kosmik, nano və nüvə texnologiyaları, biotexnologiya, elektronika və yeni informasiya texnologiyaları üzrə elmi tədqiqatlar və onların nəticələrinin tətbiqi genişləndiriləcək;

4.0.9. yüksək texnologiyalar, o cümlədən İKT sektorunda rəqabətqabiliyyətli, ixracyönlü və innovativ iqtisadi potensial gücləndiriləcək, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və dünya bazarına çıxış imkanları genişləndiriləcək;

4.0.10. yüksək texnologiyalar sahəsinin ixtisaslı mütəxəssislərə və elmi kadrlara olan ehtiyacının ödənilməsinə şərait yaradılacaq;

4.0.11. təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək;

4.0.12. vətəndaşların elektron sağlamlıq kartı ilə təmin olunması səviyyəsi artırılacaq;

4.0.13. distant təhsil, elektron elm, elektron ticarət, telesəhiyyə və digər müasir fəaliyyət formalarının tətbiqi genişləndiriləcək;

4.0.14. ölkənin informasiya məkanının təhlükəsizliyi qorunacaq, əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində hazırlıq və məlumatlılıq səviyyəsi artırılacaq;

4.0.15. milli-mədəni irsin qorunması üzrə elektron resursların sayı artırılacaq və Azərbaycan dilində internet resursları inkişaf etdiriləcək;

4.0.16. ölkəmizdə informasiya cəmiyyətinin inkişafı üzrə əldə olunan nailiyyətlərin beynəlxalq aləmdə təbliği gücləndiriləcək.

5. Dövlət Proqramının həyata keçirilməsi üzrə
TƏDBİRLƏR PLANI

Sıra №-si

Tədbirin adı

İcraçı təşkilatlar

İcra müddəti (illər üzrə)

5.1. İKT infrastrukturu və xidmətləri

5.1.1.

Telekommunikasiya və informasiya infrastrukturunun əhalinin artan tələbatına uyğun yeni texnologiyalar əsasında inkişaf etdirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016-2020

5.1.2.

Ölkə ərazisini əhatə edən yüksəksürətli optik şəbəkəyə əsaslanan genişzolaqlı internet infrastrukturunun qurulması və onun normativ hüquqi əsaslarının yaradılmasına dair tədbirlərin görülməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016-2020

5.1.3.

Müxtəlif müasir texnologiyaların tətbiqi ilə son mil probleminin həllinə dair tədbirlərin davam etdirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016-2020

5.1.4

“Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin reallaşdırılmasına dair zəruri tədbirlərin davam etdirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi

2016-2020

5.1.5.

Beynəlxalq internet magistrallarına alternativ və yüksəksürətli birləşmələrin təmin edilməsi və internet tutumlarının həcminin artırılması üzrə tədbirlərin görülməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2017-2020

5.1.6.

Data mərkəz xidmətlərinin inkişaf etdirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2016-2017

5.1.7.

Rəqəmli televiziya yayımına keçidin başa çatdırılması və analoq yayımın dayandırılması

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Televiziya və Radio Şurası

2016

5.1.8.

Respublikanın efir məkanının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni texnologiyaların tətbiqi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016-2020 

5.1.9.

Peyk infrastrukturunun və xidmətlərinin inkişaf etdirilməsi, bu xidmətlərə keyfiyyətli çıxışın təmin edilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016-2020

5.1.10.

İKT sahəsində xidmətlər bazarının monitorinqinin aparılması, sağlam rəqabət mühitinin inkişaf etdirilməsinə dair təkliflər hazırlanması və həyata keçirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi

2016-2019

5.1.11.

Genişzolaqlı internet xidmətlərinin universal xidmətlər siyahısına daxil edilməsi ilə bağlı müvafiq təkliflərin hazırlanması və həyata keçirilməsi üçün tədbirlərin görülməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2017-2018

 

5.2. Yüksək texnologiyalar sektorunun inkişafı

5.2.1.

Yüksəkixtisaslı beynəlxalq ekspertlərin cəlb olunması ilə yüksək texnologiyalar sahəsində innovativ və elmi-texniki fəaliyyətin normativ hüquqi bazasının təkmilləşdirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2016-2020

5.2.2.

Yüksək texnologiyalar sahəsində patent alınması və elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması mexanizmlərinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması və həyata keçirilməsi üçün tədbirlərin görülməsi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2016-2019

5.2.3.

Qlobal rəqəmli şəbəkədə əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərdən istifadə edilməsinə “one-stop-shop” formatında və onlayn qaydada icazə verilməsinə əsaslanan rəqəmli hüquqları idarəetmə sisteminin yaradılması

Müəllif Hüquqları Agentliyi

2016-2017

5.2.4.

Elmtutumlu və yüksək texnoloji məhsulların yeni milli təsnifatının hazırlanması və tətbiqi üçün tədbirlərin görülməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası

2016-2017

5.2.5.

İKT sahəsində innovativ sahibkarlığın inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların yaradılması və tətbiqi layihələrinə dəstək göstərilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Energetika Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2016-2020

5.2.6.

Yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərin məhsul və xidmətlərinin tanıdılması məqsədi ilə həmin şirkətlərin Azərbaycan Respublikasında və xaricdə təşkil olunan biznes forum və sərgilərə cəlb olunması

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi

2016-2020

5.2.7.

Yüksək texnologiyalar sahəsində fəaliyyət göstərən şirkətlərin ixrac fəaliyyətinin dəstəklənməsi üçün bu sahədə bilik və bacarıqların artırılması üzrə təlim kurslarının təşkil edilməsi

İqtisadiyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi

2016-2020

5.2.8.

Yüksək texnologiya məhsulları bazarının inkişaf etdirilməsinə dair təkliflərin hazırlanması və həyata keçirilməsi üçün tədbirlər görülməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Müəllif Hüquqları Agentliyi

2016-2020

5.2.9.

İnternet şəbəkəsi vasitəsilə həyata keçirilən biznes münasibətləri üzrə qanunvericiliyin təkmilləşdirilməsi və internet biznes fəaliyyətinin təşviqinə dair tədbirlərin görülməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, İqtisadiyyat Nazirliyi

2016-2020

5.2.10.

Yüksək texnologiyalar sahəsində innovativ təşəbbüslərə (“start-up”lara) dəstək verilməsi, müsabiqələrin, təbliğat tədbirlərinin, seminar və təlimlərin keçirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016-2020

5.3. Yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi

5.3.1.

Yüksək texnologiyalara dair elmi tədqiqat işlərinin reyestrinin yaradılması

Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

2016-2017

5.3.2.

Yüksək texnologiyalar sahəsində dövlət, elm, təhsil, biznes və vətəndaş cəmiyyəti əlaqələrinin gücləndirilməsi üçün forumlar, konfranslar, dəyirmi masalar və digər tədbirlər keçirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

2016-2020

5.3.3.

Xaricdə yüksək texnologiyalar sahəsində çalışan azərbaycanlı alim və mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və proqramların həyata keçirilməsi üçün tədbirlərin görülməsi

Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

2016-2020

5.4. İKT - cəmiyyətin inkişaf amili kimi

5.4.1.     E-təhsil

5.4.1.1.

Genişzolaqlı internetə qoşulan təhsil müəssisələrinin sayının artırılması

Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016-2020

5.4.1.2.

“İnformatika” fənni üzrə yüksəkixtisaslı pedaqoji kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin daim artırılmasına dair tədbirlərin həyata keçirilməsi

Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2016-2020

5.4.1.3.

Təhsilin bütün pillələri üçün informatikanın vahidlilik və davamlılıq prinsipi əsasında tədrisinin təşkili üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi

Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2016-2018

5.4.2.     E-səhiyyə

5.4.2.1.

Tibb müəssisələrinin genişzolaqlı internetə qoşulmasının təmin olunması üçün tədbirlərin görülməsi və Milli Səhiyyə şəbəkəsinin yaradılmasına dair təkliflər hazırlanması

Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016-2020

5.4.2.2.

Ümumi istifadə üçün tibbi resursların yaradılması

Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2016-2020

5.4.2.3.

Telesəhiyyə xidmətlərinin tətbiqinin genişləndirilməsinə dair tədbirlərin görülməsi

Səhiyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti

2016 -2020

5.4.2.4.

Tibb işçilərinin İKT biliklərinin artırılmasına dair təkliflərin hazırlanması və həyata keçirilməsi üçün tədbirlərin görülməsi

Səhiyyə Nazirliyi

2016-2020

5.4.3.     E-vətəndaş

5.4.3.1.

Əhalinin, o cümlədən məhdud fiziki imkanlı şəxslərin İKT həlləri üzrə bilik və bacarıqlarının artırılması üçün təlimlərin, kursların təşkili

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

5.4.3.2.

İKT-nin cəmiyyətdə kütləviləşdirilməsi üçün müxtəlif konfransların, forumların, seminarların, dəyirmi masaların, sərgilərin keçirilməsi, KİV vasitəsilə təbliğat-təşviqat işlərinin aparılması

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası,

mütəmadi

5.4.3.3.

Gənclərin İKT biliklərinə yiyələnməsinin stimullaşdırılması üçün müsabiqə, viktorina, olimpiada və digər həvəsləndirici tədbirlərin keçirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

mütəmadi

5.4.3.4.

Kiçik və orta sahibkarlar tərəfindən İKT həllərinin tətbiqinin genişləndirilməsi üçün maarifləndirici və təşviqedici tədbirlərin görülməsi

İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016-2020

5.4.3.5.

Teleiş üzrə dünya təcrübəsinin öyrənilməsi və onun tətbiqi mexanizmləri ilə bağlı təkliflərin hazırlanması

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016 -2017

5.4.3.6.

“ASAN 2.0” Konsepsiyasının tətbiqi ilə xidmətlər göstərilməsində innovativ texnologiyalardan istifadənin genişləndirilməsi

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2016-2020

5.4.3.7.

Genişzolaqlı internetə qoşulan gənclər evlərinin və olimpiya mərkəzlərinin sayının artırılması

Gənclər və İdman Nazirliyi

2016-2020

5.5.     Kadr hazırlığı

5.5.1.

İKT sahəsində beynəlxalq sertifikatların əldə edilməsi imkanlarının genişləndirilməsi üçün tədbirlərin görülməsi

Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2016-2020

5.5.2.

Ali təhsil müəssisələrində İKT sahəsində fəaliyyət göstərən tanınmış xarici və yerli şirkətlərin tədris və təcrübə laboratoriyalarının yaradılmasının genişləndirilməsinə dair tədbirlər görülməsi

Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2016-2020

5.5.3.

İKT ixtisasları üzrə təhsil alan tələbələrin sahə üzrə aparıcı şirkətlərdə və müəssisələrdə təcrübə keçməsi imkanlarının genişləndirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi

2016-2020

5.5.4.

İnformasiyanın kriptoqrafik və texniki mühafizəsi, xüsusi telekommunikasiya sistemləri və şəbəkələri ixtisasları üzrə mütəxəssis hazırlığının təşkili

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Təhsil Nazirliyi

2016-2017

5.5.5.

Yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə dair maarifləndirmə işlərinin aparılması, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “açıq qapı” günlərinin keçirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi

2016-2020

5.6.     İnformasiya təhlükəsizliyinin təmin edilməsi

5.6.1.

Beynəlxalq təcrübə əsasında kibertəhlükəsizlik üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Müdafiə Nazirliyi

2016-2020

5.6.2.

Dövlət orqanlarının internet informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqinin həyata keçirilməsi

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi

mütəmadi

5.6.3.

“Elektron hökumət” infrastrukturunun əsas komponentlərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər həyata keçirilməsi

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

mütəmadi

5.6.4.

İnformasiya təhlükəsizliyi sahəsində digər ölkələrdəki analoji strukturlarla və beynəlxalq təşkilatlarla əməkdaşlığın qurulması və inkişaf etdirilməsi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2016-2020

5.7.     Milli kontentin inkişaf etdirilməsi

5.7.1.

Qlobal informasiya məkanında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların genişləndirilməsi

Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

2016-2020

5.7.2.

Azərbaycan həqiqətlərinin virtual məkanda təbliği və yayılmasının genişləndirilməsi üzrə tədbirlər görülməsi

Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

2016-2020

5.7.3.

Yerli xalqların və milli azlıqların adət-ənənələrinin qorunmasına dair müxtəlif elektron informasiya resurslarının yaradılması

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və yerli icra hakimiyyəti orqanları

2016-2020

5.7.4.

Onlayn medianın inkişaf etdirilməsi üçün tədbirlər görülməsi

Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

2016-2020

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında