Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət müəssisələrinin və hüquqi şəxslərin nizamnamə kapitalında dövlətə məxsus səhmlərin (payların) idarə edilməsinin səmərəliliyinin artırılması məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 599; 2009, № 3, maddə 163; 2010, № 2, maddə 80, № 7, maddə 610; 2014, № 5, maddə 477)  ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 7.9.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 7.9.4-cü yarımbənd əlavə olunsun:

“7.9.4. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərinin və birgə müəssisələrin idarəetmə orqanlarında dövlətin nümayəndəsini təyin edir.”.

2. 9.2-ci bəndin birinci və ikinci cümlələri aşağıdakı redaksiyada verilsin:

“Dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan  təyinatı üzrə səmərəli istifadə olunmasına, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə nəzarət  Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Nəzarətin həyata keçirilməsi məqsədi ilə dövlət orqanları, sahə mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, bütün dövlət müəssisələri  təsdiq olunmuş forma üzrə hər ilin əvvəlinə xüsusi hesabatlarını 1 aprel tarixindən gec olmayaraq, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim etməlidirlər.”.

3. 9.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“9.3. Dövlət əmlakının idarə edilməsinə və ondan səmərəli istifadə olunmasına nəzarət etmək məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, tabeliyindən və sahə mənsubiyyətindən asılı olmayaraq, dövlət müəssisələrində, nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərdə monitorinq və araşdırmalar aparır, onların nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, həmçinin müvafiq dövlət orqanlarına məlumat verir.”. 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2016-cı il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında