Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2015-ci il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə şiddətli yanğın baş vermişdir. Ağır hava şəraiti və güclü qasırğa qəza yerində olan şəxslərin xilas edilməsi işlərinin aparılmasını çətinləşdirmişdir. Buna baxmayaraq, görülmüş tədbirlər nəticəsində  32 nəfər xilas edilərək təxliyə olunmuşdur. İlkin məlumata görə 1 nəfər həlak olmuşdur. Hazırda itkin düşənlərin axtarışı və xilas edilməsi tədbirləri davam etdirilir.

Xilasetmə işlərinin sürətləndirilməsi, aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, baş vermiş qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:

Komissiyanın sədri:

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Komissiyanın üzvləri:

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Natiq Əliyev – Azərbaycan Respublikasının energetika naziri

Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Mədət Quliyev – Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Hüseynqulu Bağırov-Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Səlim Müslümov – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Qüdrət Qurbanov – Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi

2. Dövlət Komissiyası:

- itkin düşənlərin axtarışı və xilasetmə işlərinin sürətləndirilməsini təmin etsin;

- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirsin və həyata keçirsin;

- qəza nəticəsində zərər çəkmiş şəxslərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etsin;

- qəza nəticəsində xəsarət alanların müalicəsini təmin etsin;

- qəza nəticəsində dərin dəniz özülünün yararlılıq vəziyyətinin və  ona dəymiş zərərin müəyyənləşdirilməsini təmin etsin;

- görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat versin.

3. Azərbaycan Respublikası Baş Prokurorluğu Daxili İşlər, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirlikləri ilə birlikdə baş vermiş hadisənin səbəblərinin araşdırılması üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirsin.

4. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında