Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2015-ci ilin dekabr ayında Azərbaycanda bütün bilik sahələrinə aid sistemli məlumatların toplandığı ilk ensiklopediyanın nəşrini təmin etmiş Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi tamam olur. 1976-1987-ci illərin on cildlik “Azərbaycan Sovet Ensiklopediyası” keçmiş sovet ideologiyasının ciddi təsiri altında yazılmasına baxmayaraq, Azərbaycan xalqının tarixi-mədəni nailiyyətlərini müfəssəl əks etdirən fundamental əsər idi.

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövr ərzində ölkə həyatında baş vermiş əsaslı dəyişikliklər yeni çoxcildli universal milli ensiklopediyanın meydana gətirilməsini zəruri edirdi. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında" 2004-cü il 5 may tarixli Sərəncamı ilə təsis edilmiş “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin gerçəkləşdirdiyi belə bir nəşr mükəmməl informasiya mənbəyi olaraq cəmiyyətin intellektual potensialının zənginləşdirilməsində müstəsna əhəmiyyətə malikdir. İndiyədək “Azərbaycan” xüsusi cildi yüksək poliqrafik keyfiyyətdə hazırlanıb oxucuların istifadəsinə verilmişdir.  Beş cildi artıq işıq üzü görmüş Milli Ensiklopediyanın növbəti cildləri üzərində mütəmadi iş aparılır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Milli Ensiklopediyasının milli sərvət kimi ölkənin ictimai-siyasi, elmi-mədəni həyatının əlamətdar hadisəsi olduğunu nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında