Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il
14 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir


 

Ə  S  A  S  N  A  M  Ə

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi (bundan sonra - Agentlik) geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya və kartoqrafiya, həmçinin dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması sahələrində işlərin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əsasnaməsini, qərarlarını, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Agentlik bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və yerli bölmələri vasitəsilə həyata keçirir.

1.4. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Agentlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

1.6. Agentliyin saxlanma xərcləri Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr, habelə tabeliyində olan qurumların fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə alınan haqlardan daxil olan vəsaitlərdən maliyyələşdirilir.

1.7. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, qravimetriya, kartoqrafiya və xəritəçəkmə fəaliyyətini həyata keçirir;

2.1.2. ərazi vahidlərinin sərhədlərinin müəyyən edilməsi işlərini həyata keçirir;

2.1.3. dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılmasını təmin edir;

2.1.4. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirir;

2.1.5. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

3. Agentliyin vəzifələri

3.1. Agentlik bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, xəritəçəkmə, qravimetriya, kartoqrafiya ilə bağlı işləri təşkil etmək və həyata keçirmək, habelə ərazi vahidlərinin sərhədlərini müəyyən etmək;

3.1.2. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək;

3.1.3. dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək;

3.1.4. dövlət topoqrafik xəritələrin və planların hazırlanmasını, ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən peyk geodeziya və qravimetrik şəbəkələrin yaradılmasını və işçi vəziyyətində saxlanmasını təmin etmək;

3.1.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası, demarkasiyası və redemarkasiyası işlərini həyata keçirmək;

3.1.6. dəqiqliyinə və məzmununa görə ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət topoqrafik xəritələrin, habelə qrafiki, rəqəmli, fotoqrafik və başqa formalı planların yaradılması, yeniləşdirilməsi və nəşri, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), qravimetriya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsində, materialların istifadəsində dövlətin müdafiəsini və təhlükəsizliyini təmin etmək;

3.1.7. vahid dövlət koordinat, yüksəklik, qravimetrik ölçmə sistemlərinin, topoqrafik xəritə və planların miqyas sıralarını təyin etmək və geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının metroloji təminatını həyata keçirmək;

3.1.8. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya sahəsində dövlət proqramlarını hazırlamaq və aidiyyəti orqanlarla birlikdə onları yerinə yetirmək;

3.1.9. geodeziya, topoqrafiya, qravimetriya və kartoqrafiya sahələrində beynəlxalq təşkilatlarla, xarici ölkələrlə elmi-texniki əməkdaşlıq etmək, onların təcrübəsini öyrənmək və tətbiq etmək, müvafiq müqavilələrə uyğun olaraq xarici ölkələrin ərazisində geodeziya, topoqrafiya, qravimetriya və kartoqrafiya işlərinin yerinə yetirilməsini təşkil etmək;

3.1.10. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmasına nəzarət etmək;

3.1.11. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı məsələlərə dair təlimatların və metodiki göstərişlərin yerinə yetirilməsini təmin etmək və icrasına nəzarət etmək;

3.1.12. Azərbaycan Respublikasının ərazisində baş verən dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan bütün dəyişikliklərin yeni nəşr olunan xəritələrdə əks etdirilməsini təmin etmək;

3.1.13. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin müəyyən edilməsi və xəritələrinin hazırlanması üçün məlumatları aidiyyəti dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan almaq;

3.1.14. vahid koordinat və hündürlük sistemində obyekt və sənaye komplekslərinin, şəhər və başqa yaşayış məntəqələrinin ərazisinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli topoqrafik planaalmasını, habelə ərazi vahidlərinin ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə qədər olduqda - 1:25000, 100 kv.km-dən artıq olduqda - 1:50000 miqyasda tərtib edilməsini həyata keçirmək;

3.1.15. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla aerofotoplanaalma işlərini həyata keçirmək və digər təşkilatları həmin məlumatlarla müəyyən olunmuş qaydada təmin etmək;

3.1.16. Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya, kartoqrafiya, hidroqrafiya və digər işləri, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə isə delimitasiya və demarkasiya işlərini həyata keçirmək;

3.1.17. torpaq, su, meşə, şəhər və digər kadastr işlərinin aparılması üçün geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), istinadın yaradılması, topogeodeziya və kartoqrafiya plan və xəritələrinin tərtibatı, yeniləşdirilməsi və təminatı işlərini həyata keçirmək;

3.1.18. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiyanın inkişafı üçün aerokosmik məlumatlar əsasında yer səthinin torpaq və bitki örtüyünü tədqiq etmək;

3.1.19. ölkə ərazisində aparılan geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işlərinin nəticələri və kartoqrafiya təminatı haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumatlar vermək;

3.1.20. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq ölkə ərazisi üzrə bütün təşkilatların icra etdikləri geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, qravimetriya və kartoqrafiya məlumatlarının saxlanılmasını və istifadəsini təmin edən tədbirlər hazırlamaq və həyata keçirmək;

3.1.21. torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlamaq, geodeziya tədqiqatları əsasında geodinamik (zəlzələ, sürüşmə və s.) və digər fövqəladə təbii hadisələrin proqnozlaşdırılması məqsədilə tədbirlər görmək, bu barədə digər icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat vermək;

3.1.22. ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, xəritəçəkmə, qravimetriya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi işlərinin maliyyələşdirilməsinə dair təkliflər hazırlamaq, büdcədən ayrılan vəsait əsasında dövlət sifarişlərini yerinə yetirmək və onun məqsədyönlü istifadəsinə öz səlahiyyətləri daxilində nəzarət etmək;

3.1.23. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin xəritəsini, o cümlədən topoqrafik və dəniz xəritələrini hazırlamaq;

3.1.24. xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və cihazlarının uçotunu aparmaq;

3.1.25. coğrafi obyektlərin mövcud və yeni verilən adlarını qeydiyyata almaq və onların uçotunu, habelə coğrafi obyektlərin adlarının dövlət kataloqunu aparmaq;

3.1.26. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya materiallarının və məlumatlarının, xüsusi təyinatlı avadanlıq və cihazların ticarət dövriyyəsinə daxil edilməsi, idxalı, ixracı, uçotu və tətbiqi üçün lazımi tədbirlər görmək və müvafiq qaydada təsdiq edilmiş siyahılarla və istifadəsi üzrə metodik sənədlərlə dövlət orqanlarını təmin etmək;

3.1.27. Azərbaycan Respublikasının ərazisində quraşdırılmış Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyaları Şəbəkəsində olan məlumatlardan istifadə etmək;

3.1.28. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya və kartoqrafiya sahəsində texniki normativ hüquqi aktların hazırlanmasının və tətbiqinin vahid rejim və normativ hüquqi aktlar əsasında həyata keçirilməsini təmin etmək;

3.1.29. kargüzarlıq işini təşkil etmək, geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla), topoqrafiya, qravimetriya, kartoqrafiya və bununla bağlı digər məsələlərin həllinə dair şikayət və təkliflərə baxmaq, öz səlahiyyətləri daxilində həmin məsələləri həll etmək, lazımi hallarda bu barədə müvafiq təkliflər hazırlamaq;

3.1.30. kartoqrafiya məhsullarında və texniki normativ hüquqi aktlarda Azərbaycan Respublikasının dövlət sərhədlərinin, ərazilərinin və obyektlərinin düzgün çəkilməsinə nəzarət etmək;

3.1.31. Azərbaycan Respublikasının ərazisindəki dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirilməsi üçün müntəzəm olaraq operativ-məlumat xəritəsinin müasirliyini təmin etmək;

3.1.32. fəaliyyət istiqamətləri üzrə tabeliyində olan qurumların göstərdiyi xidmətlərə görə xidmət haqlarından daxilolmaların mühasibat və statistik uçotunu aparmaq, həmin vəsaitin vaxtında və tam həcmdə aidiyyəti üzrə köçürülməsini təmin etmək, göstərilən xidmətlər müqabilində alınan xidmət haqlarından təsdiq edilmiş maliyyə smetasına uyğun Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən olunmuş qaydada istifadə etmək;

3.1.33. aşkar olunan qanun pozuntuları haqqında tədbirlər görülməsini təmin etmək;

3.1.34. Agentliyin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təkliflər vermək;

3.1.35. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.36. geodeziya və kartoqrafiya fəaliyyəti sahəsində kadr hazırlığını, mütəxəssislərin hazırlanması və əlavə təhsilini təmin etmək;

3.1.37. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya materiallarının, məlumatlarının dövlət qəbulunu, uçotunu və qeydiyyatını aparmaq;

3.1.38. geodeziya təyinatlı ölçmə vasitələrinin sınağı, geodeziya ölçmələrində vahidliyin təmin edilməsi, geodeziya, topoqrafiya və kartoqrafiya məhsullarının sertifikatlaşdırılmasını həyata keçirmək;

3.1.39. fəaliyyət istiqamətlərindən irəli gələn digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqları

4.1. Agentlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirmək;

4.1.2. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya fəaliyyəti sahəsində dövlət nəzarətinin həyata keçirilməsi zamanı aşkar edilən qanun pozuntularının müəyyən olunmuş müddətdə təqsirkarlar tərəfindən aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

4.1.3. dövlət qeydiyyatına (patent) alınmamış, yaxud sertifikatlaşdırılmamış geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işlərini müvəqqəti dayandırmaq, qanunvericiliyin tələblərinə uyğun gəlməyən işlərin dayandırılması barədə müvafiq orqanlar və ya məhkəmə qarşısında məsələ (iddia) qaldırmaq;

4.1.4. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya işlərinin, habelə onların nəticələri olan materialların və məlumatların hazırlanmasının və istifadəsinin vahid rejim və texniki normativ hüquqi aktlar əsasında həyata keçirilməsinə nəzarət etmək;

4.1.5. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.6. öz səlahiyyətlərinə aid olan məsələlər barəsində qanunvericilik aktlarının və texniki normativ hüquqi aktların layihələrini hazırlamaq və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etmək;

4.1.7. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya materiallarının və məlumatlarının seçilməsinə, surətlərinin çıxarılmasına və istifadəyə verilməsinə, Azərbaycan Respublikasının geodeziya və kartoqrafiya fondundan istifadəyə, geodeziya-istinad məntəqələrindən və mühəndis-texniki vasitələrdən istifadəyə, yerin səthində, suda və fəzada yerləşən obyektlər barədə verilən məlumatlara və fəaliyyət istiqamətləri üzrə göstərdiyi xidmətlərə görə xidmət haqları almaq və bu sahədən daxil olan vəsaitlərdən müəyyən olunmuş qaydada istifadə etmək;

4.1.8. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.1.9. geodeziya (xüsusi (sahəvi) təyinatlı geodeziya istisna olmaqla) və kartoqrafiya qanunvericiliyinin pozulması ilə inzibati xətalar haqqında işlərə baxmaq və təqsirkar şəxslər barədə inzibati tənbeh tədbirləri tətbiq etmək;

4.1.10. xarici, yerli hüquqi və fiziki şəxslərdən qrant və yardımlar almaq;

4.1.11. fəaliyyət istiqamətlərindən irəli gələn digər hüquqları həyata keçirmək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentliyin tərkibinə onun aparatı, yerli bölmələri və tabeliyində olan qurumları (hüquqi şəxslər, təşkilatlar və sair) daxildir.

5.2. Agentliyə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.

5.3. rəis bu Əsasnamə ilə Agentliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.4. Agentliyin rəisinin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən iki müavini vardır.

5.5. Agentliyin rəisi:

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. müavinləri arasında vəzifə bölgüsü aparır;

5.5.3. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının, yerli bölmələrinin və tabeliyində olan qurumlarının (hüquqi şəxslər, təşkilatlar və sair) strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edir;

5.5.4. Agentliyin rəis müavinləri, Agentliyin aparatının şöbələrinin rəhbərləri, Agentliyin yerli bölmələrinin və tabeliyində olan qurumlarının (hüquqi şəxslər, təşkilatlar və sair) rəhbərləri və müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbeh tədbirləri görür, habelə tabeliyində olan qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) işçilərinin vəzifəyə təyin edilməsinə və vəzifədən azad edilməsinə razılıq verir;

5.5.5. Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təkliflər verir;

5.5.6. səlahiyyətləri daxilində Agentliyin fəaliyyət dairəsinə aid məsələlər üzrə beynəlxalq danışıqlarda iştirak edir;

5.5.7. Agentliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı məhkəmədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən səlahiyyətlər daxilində Nazirliyi təmsil edir;

5.5.8. Agentliyin xərclər smetasına uyğun olaraq, ona ayrılmış vəsaitin istifadəsinə sərəncam verir;

5.5.9. Agentliyin aparatının və yerli bölmələrin işçiləri tərəfindən aparılan tədbirlərə müvafiq qaydada nəzarət edir;

5.5.10. işçilərin əlavə təhsili və onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;

5.5.11. Agentliyin yerli bölmələrinə və tabeliyində olan qurumlarına (hüquqi şəxslər, təşkilatlar və sair) icrası məcburi olan əmr və göstərişlər verir və müvafiq qaydada onların icrasını yoxlayır;

5.5.12. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;

5.5.13. Agentliyin fəaliyyəti barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə mütəmadi olaraq hesabat verir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında