Qaradağ Sənaye Parkının yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

1. Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılsın.

2. Müəyyən edilsin ki, Qaradağ Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi ilə rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələrinin təşkili, xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına əlverişli şərait yaradan ərazidir.

3. Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli fərmanının 4-cü hissəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - Cəmiyyət) tərəfindən həyata keçirilir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Qaradağ Sənaye Parkının fəaliyyəti üçün Bakı şəhərinin Qaradağ rayonu ərazisində Bakı-Astara magistral yolunun 25-ci kilometrində yerləşən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan 72 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Cəmiyyətin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. gəmiqayırma sənayesinin uzunmüddətli inkişafını təmin etmək məqsədi ilə sənaye parkları üçün nəzərdə tutulmuş stimullaşdırıcı tədbirlərlə yanaşı, Qaradağ Sənaye Parkında digər stimullaşdırıcı tədbirlərin də tətbiqi barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:

5.1. Qaradağ Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun yaradılması, sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün zəruri tədbirlər görsün;

5.2. Cəmiyyətə Qaradağ Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək etsin, habelə gəmiqayırma sənayesi üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin;

5.3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında