Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:

1. Neftçala rayonunda Neftçala Sənaye Məhəlləsi yaradılsın.

2. Müəyyən edilsin ki, kiçik və orta sahibkarlığa dəstək məqsədi ilə Neftçala Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır.

3. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Neftçala Sənaye Məhəlləsinin fəaliyyəti üçün 10 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:

5.1. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, torpağın istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) təkmilləşdirilməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;

5.2. Neftçala Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, inkişafı, istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin;

5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 fevral 2015-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında