“Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1119-IVQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1119-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2014-cü il
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2014-cü il
Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında yerin müşahidəsi sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında yerin müşahidəsi sahəsində əməkdaşlığa dair 2014-cü il mayın 12-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Fransa Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2014-cü il
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.