Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin (bundan sonra – şəxsiyyət vəsiqəsi) tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

1.1. şəxsiyyət vəsiqəsi verən yerli orqanlarının və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinin təkmilləşdirilməsini, onların zəruri proqram-texniki vasitələrlə təchiz olunmasını;

1.2. “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin (bundan sonra – İAMAS) şəxsiyyət vəsiqələri üzrə alt sisteminin təkmilləşdirilməsini;

1.3. şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilən və dəyişdirilə bilən məlumatlarda dəyişikliklər edilməsi üçün müvafiq infrastrukturun yaradılmasını;

1.4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə birlikdə, şəxsiyyət vəsiqəsi ilə ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrinin proqram-texniki vasitələrinin təkmilləşdirilməsini;

1.5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün “ASAN xidmət” mərkəzlərində və əhaliyə səyyar xidmət göstərən nəqliyyat vasitələrində müvafiq proqram-texniki vasitələrin təchizatını və quraşdırılmasını təmin etsin.

2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

2.1. yeni sertifikat xidmətləri mərkəzinin və onun ehtiyat mərkəzinin yaradılmasını və şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqələrin elektron daşıyıcısına daxil edilməsi üçün İAMAS vasitəsilə verilən sertifikat sorğuları əsasında vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi mərkəzlərinə real vaxt rejimində ötürülməsini;

2.2. şəxsiyyət vəsiqəsi sahibinin gücləndirilmiş elektron imzasından istifadə ilə əlaqədar vətəndaşlardan daxil olan sualların operativ cavablandırılması məqsədi ilə telefon məlumat xidmətinin yaradılmasını və fəaliyyətini təmin etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə tapşırılsın ki, şəxsiyyət vəsiqəsinin verilməsi (dəyişdirilməsi) haqqında vətəndaşın ərizə-anketindəki məlumatların real vaxt rejimində yoxlanılması və nəticələrinin İAMAS-a təqdim olunması məqsədi ilə müvafiq dövlət informasiya sistemlərinin inteqrasiyasını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birlikdə təmin etsinlər.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına daxil edilən və dəyişdirilə bilən məlumatlarda dəyişikliklər edilməsi üçün müvafiq informasiya sistemlərinin təkmilləşdirilməsini, avadanlığın gücləndirilməsini və zəruri infrastrukturun yaradılmasını təmin etsinlər.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bu sərəncamın, müvafiq olaraq, 1 - 4-cü hissələrində nəzərdə tutulan işlərin şəxsiyyət vəsiqələrinin hazırlanması məqsədi ilə görülən tədbirlərlə bərabər aparılmasını və 2015-ci il dekabrın 1-dək başa çatdırılmasını təmin etsinlər.

6. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu sərəncamın 5-ci hissəsinə uyğun olaraq şəxsiyyət vəsiqələrinin hazırlanması və tətbiqi məqsədi ilə görülən tədbirlərin əlaqələndirilməsini təmin etsin.

7. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

7.1. şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqənin elektron daşıyıcısına vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatlarının daxil edilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu sərəncamın 1-4-cü hissələrində nəzərdə tutulan işlərin 2015-ci il dekabrın 1-dək başa çatdırılması üçün həmin işlərin aidiyyəti dövlət orqanlarının əsaslandırılmış müraciətləri əsasında maliyyələşdirilməsini təmin etsin;

7.3. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2014-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında