Azərbaycan regionda həyata keçirilən transmilli layihələrdə aparıcı rol oynayır

 

 

 

Türkiyənin İstanbul şəhərində keçirilən “Xəzər forumu”nda müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İlin Xəzər dövlət

adamı” mükafatına layiq görülmüşdür.

Dövlət başçısına  bu mükafat regionda həyata keçirilən transmilli layihələrdə liderliyinə görə verilmişdir. Xatırladaq ki, Azərbaycanın təşəbbüskarı və əsas iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP, “Azərbaycan-Gürcüstan-Türkiyə Enerji Körpüsü” layihələrinin və digər transmilli layihələrin iştirakçısı olan ölkələr siyasi, maliyyə-iqtisadi, sosial dividendlər qazanır, nəinki regionda, eləcə də beynəlxalq müstəvidə nüfuzlu tərəf-müqabil qismində çıxış edirlər. Azərbaycanın və Orta Asiya regionunun enerji resurslarının Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarına nəql edilməsi, ölkələrimizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaması regionun əhəmiyyətini daha da artırır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də yaxın gələcəkdə  Asiya və Avropa arasında nəqliyyat dəhlizinin yaradılması istiqamətində strateji rol oynayacaqdır.

Şübhəsiz ki, bütün bunlar dahi öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin müasir dünyada dövləti geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradəsi hesabına reallaşmışdır. Xalqımızın xoşbəxtliyidir ki, bu gün Azərbaycana İlham Əliyev kimi beynəlxalq aləmdəki  siyasi-iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir. Ölkə rəhbəri öz vətənini,  xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir şəxsiyyətdir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə   son on ildə həyata keçirilən tədbirlərə nəzər salanda,  görülən işlərin müqayisəli şəkildə təhlilini aparanda  yuxarıda qeyd edilən fikirlər  bir daha öz təsdiqini tapır. Sözügedən dövrdə neft gəlirləri əsasında yaradılmış möhkəm maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik inkişafı və ölkə iqtisadiyyatının diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli dövlət dəstəyi, regionların tarazlı inkişafı, keyfiyyətli insan kapitalının formalaşdırılması, səmərəli beynəlxalq iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına inteqrasiya və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət  dəyişikliklər baş vermişdir.

Azərbaycan iqtisadiyyatı bu dövr ərzində öz dinamik inkişafını qoruyub saxlamış, Cənubi Qafqazda  lider ölkəyə çevrilmişdir. İqtisadi inkişaf tempinə görə, hazırda dünyanın 10 aparıcı dövləti  sırasındayıq. Ölkəmiz artıq keçid dövrünü tamamilə başa vurmuş, orta gəlirli ölkələr siyahısında öz mövqeyini daha da möhkəmləndirmiş,  yoxsulluğun səviyyəsi xeyli aşağı düşmüşdür. Təxmini olaraq bu göstərici 49 faizdən 5,1 faizə qədər enmişdir.

Son on ildə respublikamız dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Bu dövrdə elə bir sahə olmamışdır ki, orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin. On il ərzində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır.

On ildə ölkə iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83 faiz, məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003-2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır.

Dünyada nüfuzu davamlı olaraq artan Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvüdür. Davos İqtisadi Forumunun, Krans Montana, mədəniyyətlərarası, humanitar forumların, Avroviziya müsabiqəsinin və digər əhəmiyyətli tədbirlərin keçirildiyi məkandır. 2015-ci ildə isə Azərbaycan birinci Avropa Oyunlarına ev sahibliyi edəcəkdir. Beynəlxalq təşkilatların, siyasi dairələrin, transmilli şirkətlərin, sərmayədarların ölkəmizə marağı artmaqda davam edir.

Bu gün Azərbaycan milli və dini tolerantlığı ilə seçilir, ölkəmiz siyasi kataklizmlərdən uzaqdır, respublikamızda milli azlıqlara, əcnəbilərə, müxtəlif konfessiyalara qarşı ayrı-seçkilik göstərilmir, onların hüquqları etibarlı şəkildə qorunur.

Azərbaycanda əlverişli biznes və investisiya mühiti yaradılmışdır. İnvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şərait yaradılması nəticəsində  iqtisadiyyata 156 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da təqribən yarısı xarici investisiyalardır.

Azərbaycanda iqtisadi siyasətin prioritet istiqamətlərindən biri də sahibkarlığın inkişafıdır. Biznes mühitinin davamlı inkişafı məqsəilə inzibati prosedurlar sadələşdirilmiş, şəffaf mexanizmlər tətbiq olunmuş, “elektron hökumət”in tətbiqi üçün zəruri tədbirlər görülmüşdür. Bu gün ÜDM-də özəl sektorun payı 80 faizi ötmüş, geniş sahibkar təbəqəsi formalaşmışdır. Nəticədə “Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, hesabatda davamlı olaraq öz mövqelərini qorumuşdur.

Ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaşdır. Azərbaycanın təşəbbüskarı olduğu transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. TransAnadolu və TransAdriatik qaz kəmərləri isə enerji əməkdaşlığını genişləndirərək Azərbaycanı Avropanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcəkdir.

Azərbaycan regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzidir və bu da ölkənin cəlbediciliyini daha da artırır. Son 10 ildə ölkəmizdə 6 beynəlxalq hava limanı istifadəyə verilmiş, TRASEKA və Şimal-Cənub dəhlizləri çərçivəsində magistral yollar yenidən qurulmuş, gəmiqayırma zavodu işə salınmışdır. Ölkənin tranzit imkanlarının reallaşdırılması istiqamətində həyata keçirilən layihələr hazırda da davam etdirilir. Beynəlxalq Dəniz Ticarət Limanının və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Azərbaycanı Avrasiya nəqliyyat dəhlizlərinin mühüm əhəmiyyətli halqasına çevirəcəkdir.

Azərbaycanın siyasi xəttində mühüm mövqe tutan bir cəhətə də nəzər salaq. Son illərdə enerji təhlükəsizliyi dünyanın ən mühüm məsələlərindən birinə çevrilib. Bu,  hətta bir sıra hallarda beynəlxalq aləmdə cərəyan edən siyasi prosesləri müəyyənləşdirir. Azərbaycanda da bu amilə mühüm önəm verilir və ölkəmiz enerji layihələrini tərəfdaşları ilə birlikdə həyata keçirir. İndi respublikamızın təşəbbüsü və iştirakı olmadan həmin layihələri reallaşdırmaq mümkün deyil. Enerji sahəsində Azərbaycan postsovet məkanında Qərb ilə əməkdaşlıq edən ən nüfuzlu dövlətdir. Məhz elə buna görə də Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri və Cənubi Qafqaz qaz kəməri kimi regional layihələrin uğurla reallaşdırılması dünyada Cənubi Qafqaz regionunun əhəmiyyətini artırıb, qlobal enerji təhlükəsizliyinə mühüm  töhfə verib, Avropa üçün yeni həyati əhəmiyyətli enerji mənbələrinin əsasını qoyub. Ümumiyyətlə,  karbohidrogen ehtiyatları ilə strateji coğrafi mövqedə yerləşməsi ölkəmizi əhəmiyyətli enerji mənbəyinə və beynəlxalq əhəmiyyətli enerji təchizatı sisteminin vacib tərkib hissəsinə çevirib. Bu gün Azərbaycan dünyaya sübut edir ki, gələcəyini özü müəyyənləşdirir. Bir az əvvəl vurğuladığımız kimi, bölgədə onun iştirakı və razılığı olmadan heç bir qlobal layihə reallaşa bilməz.

Azərbaycanın ikitərəfli əməkdaşlıqda qonşu dövlətlərlə əlaqələri mühüm əhəmiyyət daşıyır. Ölkəmiz dövlət müstəqilliyini bərpa edəndən rəsmi Bakı bu məqama xüsusi diqqət yetirib, mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi naminə səyini əsirgəməyib. Bu fikri Türkiyənin timsalında nəzərdən keçirək. Qardaş və dost Türkiyə ilə əlaqələr daim  yüksələn xətlə inkişaf edir. Həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verən Cənubi Qafqaz enerji dəhlizi, ilk növbədə, Azərbaycan və Türkiyənin siyasi iradəsi ilə gerçəkləşib. Hazırda bu dəhlizi daha da gücləndirmək üçün yeni bir  layihəyə başlanılıb. Başqa sözlə, Azərbaycandan nəql olunacaq təbii qazın Türkiyə üzərindən tranzit daşınması məqsədilə boru xəttinin inşasını nəzərdə tutan TANAP layihəsinə start verilib. Həmçinin bu gün  Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşdırılması da   uğurla  davam edir. Heç bir xarici şirkətin və beynəlxalq maliyyə təşkilatının iştirakı olmadan məhz Azərbaycanın təşəbbüsü ilə gerçəkləşdirilən bu layihə Şərq-Qərb nəqliyyat dəhlizinin fəallaşmasına, yükdaşımaların əhəmiyyətli dərəcədə artmasına və nəticə etibarilə regional inkişafın sürətlənməsinə gətirib çıxaracaq. Eləcə də bununla Azərbaycan qardaş Türkiyənin iqtisadiyyatına böyük həcmdə investisiya qoyur. Başqa sözlə, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu ildən-ilə möhkəmlənir, bu tendensiya dönməz xarakter alır.

Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində qəbul olunan və ictimai-siyasi, sosial-iqtisadi, humanitar-mədəni həyatın çoxşaxəli spektrini əhatə edən 60-a yaxın konseptual-strateji mahiyyətli sənəd və dövlət proqramları hazırda icra edilməkdədir. On ilə yaxın bir müddətdə görülən işlər və nəticələr bu gün deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.

Prezident İlham Əliyev eyni zamanda ulu öndərin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirmişdir. Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarının maksimum səviyyədə qorunmasına nail olmuşdur. Xatırladaq ki, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçımızın  xarici siyasətinin əsas istiqamətləridir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında