Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

XX əsrin ortalarında su elektrik stansiyasının tikilməsi ilə əlaqədar yaradılmış Mingəçevir şəhəri, sonralar xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı, şəxsi təşəbbüsü və qətiyyətlə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublikamızın energetika mərkəzi olmaqla yanaşı, həm də iri sənaye şəhərinə çevrilmişdir. Burada ölkənin enerji təminatında müstəsna əhəmiyyət kəsb edən İstilik Elektrik Stansiyası, habelə elektroenergetika, maşınqayırma, neft-kimya, yüngül və yeyinti məhsulları sənayesi müəssisələri tikilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində son illərdə Mingəçevir şəhərində mühüm infrastruktur layihələri yerinə yetirilmiş, bir sıra yeni istehsal və emal müəssisələri açılmış, “Kür” Olimpiya Tədris İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı yenidən qurulmuş, Heydər Əliyev Mərkəzi, Gənclər evi  inşa edilmiş, “Sahil” və “Dostluq” parklarında genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmiş, məcburi köçkün ailələri üçün 10 ədəd 9 mərtəbəli binalardan ibarət məhəllə salınmışdır.

Bununla yanaşı son 20 ildə əhalisinin 20 faizə qədər artaraq yüz min nəfərə çatması, 21 min nəfər məcburi köçkünün məskunlaşması Mingəçevir şəhərinin əsaslı şəkildə inkişaf etdirilməsini, əhalinin məşğulluq probleminin həlli məqsədi ilə sənaye potensialının genişləndirilməsini, xüsusilə də yeni müəssisələrdən ibarət iri texnoparkların yaradılmasını zəruri etmişdir. Eyni zamanda, əhaliyə göstərilən sosial xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən Olimpiya idman kompleksinin tikilməsi, mərkəzi xəstəxananın əsaslı təmiri, 13 məktəb binasının inşası və ya yenidən qurulması, qazlaşdırma işlərinin başa çatdırılması, su-kanalizasiya sistemlərinin tikintisinin sürətləndirilməsi, çoxmənzilli yaşayış binalarında təmir-bərpa işlərinin aparılması, lift təsərrüfatının və istilik sisteminin əsaslı şəkildə yenidən qurulması tələb olunur.

Mingəçevir şəhərinin kompleks inkişafı və respublikanın sənaye mərkəzlərindən birinə çevrilməsi üçün, o cümlədən sosial xidmət infrastrukturunun yeniləşdirilməsi, müasir şəhərsalma prinsiplərinə ciddi riayət etməklə geniş abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş digər tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 aprel 2013-cü il

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında