2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya- kommunikasiya texnologiyaları ili” elan edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012-ci illər)” gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaratmışdır. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Respublikamızda ən yeni texnologiya - 4G-nin tətbiqi, milli irsimiz və mədəniyyətimizlə bağlı materialların virtual məkanda daha dolğun şəkildə  yerləşdirilməsi, azərbaycandilli internet resurslarının zənginləşdirilməsi, internet-radio və internet-televiziya proqramları, elektron qəzet və jurnalların yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi informasiya-kommunikasiya texnologiyalarının inkişafının əyani göstəricisidir. Elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verəcək kosmik sənayenin yaradılması ilə bağlı dünyanın aparıcı xarici mütəxəssislərinin iştirakı ilə Azərbaycanın süni telekommunikasiya peykinin orbitə çıxarılması üzrə işlərin artıq həlledici mərhələyə qədəm qoyması informasiya-kommunikasiya texnologiyalarının potensialından daha dolğun istifadə üçün möhkəm zəmin yaradır. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzlərinin yaradılması da elektron hökumətin formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

BMT Baş Assambleyasının qəbul etdiyi “Minilliyin Bəyannaməsi” və “İnformasiya və kommunikasiya texnologiyalarından inkişaf naminə istifadə” haqqında qətnamələri nəzərə alaraq, qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilsin.

2. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə 2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsinə dair tədbirlər planını hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,  16 yanvar 2013-cü il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında