Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ölkənin avtomobil yolları şəbəkəsinin və yol infrastrukturunun bərpasına və yenidən qurulmasına güclü təkan vermiş, yeni avtomobil yollarının salınması, nəqliyyat qovşaqlarının və körpülərin tikintisi geniş vüsət almışdır. Yol hərəkətini tənzimləyən qanunvericiliyin müddəalarının pozulmasına görə məsuliyyət tədbirləri sərtləşdirilmiş, bu sahədə sui-istifadə hallarına qarşı ciddi tədbirlər görülmüş, yol patrul xidməti əməkdaşlarının sosial müdafiəsi gücləndirilmişdir. Görülən tədbirlər ölkə ərazisində yol hərəkətinin fasiləsiz və təhlükəsiz təmin edilməsində mühüm əhəmiyyət kəsb etmişdir.

Buna baxmayaraq son zamanlar sürücülərin təhlükəsizlik tələblərini pozmaqla, o cümlədən sərxoş halda, sürət həddini aşmaqla nəqliyyat vasitələrini idarə etməsi ilə əlaqədar ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisələrinin sayı artmışdır.

Yol-nəqliyyat hadisələrinin baş vermə səbəblərinin aradan qaldırılması, bu hadisələrlə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı yol verilən korrupsiya və digər sui-istifadə hallarının qarşısının alınması və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası iki ay müddətində:

1.1. nəqliyyat vasitəsini idarə etmə hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi qaydalarının təkmilləşdirilməsi və bu sahədə şəffaflığın artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. yol-nəqliyyat hadisələrinin sərxoş halda, nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmış və ya belə hüququ olmayan şəxs tərəfindən törədilməsi ağır nəticələrə səbəb olduğu hallarda cinayət məsuliyyətinin sərtləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2.  Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bir ay müddətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin;

2.2.  Bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

3.1. bu sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan vəsaitin istifadəsi zamanı şəffaflığın təmin edilməsi məqsədi ilə ciddi tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bir ay müddətində nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. yol-nəqliyyat hadisəsi yerlərinə baxışın nəticələrinin rəsmiləşdirilməsinin qanunun tələblərinə ciddi əməl edilməklə həyata keçirilməsini təmin etsin;

3.4. yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altındadırsa, həmin hadisədən dərhal sonra müvafiq görüntülərin elektron daşıyıcıda təhqiqat və ya istintaq materiallarına əlavə edilməsini təmin etsin;

3.5. yol-nəqliyyat hadisələrinin törədilməsinə səbəb olan və ya şərait yaradan halların aradan qaldırılması üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə nazirlikləri müvafiq olaraq məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizaları və məhkəmə-tibb ekspertizalarının qanunun tələblərinə əməl edilməklə vaxtında və obyektiv aparılmasına nəzarəti gücləndirsin, bu sahədə mövcud olan nöqsanları aradan qaldırsın və qanunun tələblərini pozan ekspertlər barəsində ciddi intizam tənbeh tədbirləri görsün.

5. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki:

5.1. yol-nəqliyyat hadisələrinin təhqiqatında və istintaqında qanunların icrasına  nəzarətin gücləndirilməsini və aşkar olunan pozuntuların aradan qaldırılmasını təmin etsin;

5.2. bu sərəncamın 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan hərəkətlərin təhqiqat və istintaq orqanları tərəfindən icra olunmasına nəzarət etsin;

5.3. yol-nəqliyyat hadisəsinin törədilməsi nəticəsində zərər çəkmiş şəxslərin sağlamlığına yetirilmiş xəsarətlərin ağırlıq dərəcəsi ilə bağlı məhkəmə-tibb ekspertizası rəylərinin cinayət işinin digər materialları ilə yanaşı, həmin şəxslərlə bağlı təcili tibbi yardım, tibb müəssisələrində müalicə və müayinə sənədləri ilə müqayisəli şəkildə qiymətləndirilməsini, ekspert rəylərinin əsaslılığına şübhələr olduqda təkrar ekspertizaların təyin edilməsini və qanun pozuntusuna yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etsin;

5.4. açılması təmin edilməmiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri ilə bağlı əməliyyat-axtarış və istintaq hərəkətlərinin vaxtında, tam və hərtərəfli həyata keçirilməsinə nəzarəti gücləndirsin;

5.5. yol-nəqliyyat hadisələri ilə bağlı aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etsin.

6. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, məhkəmə orqanları tərəfindən yol-nəqliyyat hadisələrinə dair işlərə baxılması ilə əlaqədar mövcud məhkəmə təcrübəsini ümumiləşdirsin və bu kateqoriyadan olan işlərə baxarkən öz qərarları ilə ədalətli məhkəmə təcrübəsini formalaşdırsın.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2012-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında