Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

{nl}

Zəngin tarixi olan qədim Şamaxı şəhəri Azərbaycan dövlətçiliyinin, incəsənətinin və ədəbiyyatının inkişafına böyük töhfələr vermiş, ölkəmizin mühüm sosial-iqtisadi, siyasi və mədəni mərkəzlərindən biri kimi tanınmışdır.
Şamaxı müxtəlif dövrlərdə təbii fəlakətlərə məruz qalsa da, öz iqtisadiyyatını və mədəniyyətini yenidən bərpa edə bilmişdir. Şəhərdə qorunub saxlanan arxeoloji abidələr və memarlıq nümunələri, həmçinin mədəni irsimizin dəyərli inciləri sırasına daxil olan qədim Cümə məscidi, Gülüstan qalası və Yeddi günbəz türbələr kompleksi mühəndis-memarlıq həllinin kamilliyi baxımından bu gün də iftixar hissi doğurur.
Azərbaycan elminə və mədəniyyətinə dəyərli simalar bəxş edən Şamaxı Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir və Abbas Səhhət kimi görkəmli söz ustaları yetirmişdir.
Son illər ərzində Şamaxıda infrastruktur, o cümlədən yol-nəqliyyat sahəsində bir sıra layihələr uğurla həyata keçirilmiş, müasir Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, istirahət obyektləri inşa olunmuş və sənaye müəssisələri açılmış, əhalinin içməli su ilə təchizatı sisteminin əsaslı şəkildə yenidən qurulmasına başlanmışdır. Dünyanın nüfuzlu elm ocaqlarından biri kimi şöhrət qazanmış Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında və ən qədim müsəlman məbədlərindən olan Cümə məscidində hazırda əsaslı təmir-tikinti işləri davam etdirilir. Şamaxının memarlıq ənənələrimizi yaşadan tarixi abidələri, füsunkar təbiəti və mövcud infrastrukturu şəhərin baş plan əsasında, turizmin inkişafı perspektivləri də nəzərə alınmaqla, yenidən qurulmasını və abadlaşdırılmasını, onun sel sularından və digər təbiət hadisələrindən qorunmasını zəruri edir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şamaxının qədim tarixi-mədəni irsinin, memarlıq abidələrinin mühafizəsini, müasir turizm infrastrukturunun yaradılmasını və abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 (beş) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 sentyabr 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında