Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində iştirak etmişdir

Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarına döyüş bayrağının təqdim olunması mərasimində iştirak etmişdir.
Prezident İlham Əliyev Mülki Müdafiə Qoşunlarının "N" hərbi hissəsinə gəldi.
Fövqəladə hallar naziri, general - polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev Ali Baş Komandana raport verdi.
Dövlətimizin başçısı, Ali Baş Komandan əsgərləri salamladı.
Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının döyüş bayrağı haqqında Azərbaycan Prezidentinin sərəncamı oxundu.
Sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev döyüş bayrağını hərbi hissəyə təqdim etdi.
Şəxsi heyət əsgəri şərəf, şücaət və şöhrət rəmzi olan döyüş bayrağını göz bəbəyi kimi qoruyacağına, Vətənə, xalqa sədaqətlə xidmət edəcəyinə, Ali Baş Komandanın əmrlərinin icrasına daim hazır olacağına and içdi.
Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı şəxsi heyət qarşısında çıxış etdi.{nl}

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışı

{nl}

- Əziz əsgərlər, zabitlər, generallar!
Sizi döyüş bayrağı almağınız münasibətilə ürəkdən təbrik edirəm, fəaliyyətinizdə uğurlar arzulayıram.
Fövqəladə Hallar Nazirliyinin yaranmasından beş il keçir. Bu müddət ərzində nazirliyin bütün strukturları formalaşdı və bu gün müasir tələblərə cavab verir. Fövqəladə Hallar Nazirliyinin yaranması ölkəmizin həyatında çox əlamətdar bir hadisə idi. Həyat göstərdi ki, nazirliyin yaranmasında böyük zərurət var idi.
Son beş il ərzində nazirliyin maddi-texniki bazası yaradıldı, müasir texniki vasitələr, avadanlıq alındı. Nazirliyin bütün strukturlarında formalaşma prosesi, demək olar ki, başa çatmışdır və nazirliyin fəaliyyəti hazırda ən yüksək standartlara cavab verir. Bu müddət ərzində nazirliyin əməkdaşları nəinki ölkə daxilində, xaricdə peşəkarlıqlarını nümayiş etdirmişlər. Başqa ölkələrdə baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işində nazirliyin əməkdaşları Azərbaycanı ləyaqətlə təmsil etmişlər, bizim üçün dost olan ölkələrdə təbii fəlakətlərlə mübarizədə böyük uğurlar əldə etmişlər. Nazirliyin əməkdaşlarının fəaliyyəti digər ölkələrdə də qiymətləndirilir.
Bu müddət ərzində alınmış texniki vasitələr nəticəsində ölkə daxilindəki istənilən hadisənin qarşısının alınması və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün nazirliyin əməkdaşları öz peşəkarlıqlarını nümayiş etdirmişlər. Keçən il Azərbaycanda tarixdə misli görünməmiş sel və daşqınlar baş vermişdir, ölkə ərazisinin müəyyən hissəsi, daha doğrusu, on minlərlə hektar sahə su altında qalmışdır, bir neçə min ev dağılmışdır.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bütün başqa dövlət qurumları ilə birlikdə çox operativ fəaliyyət göstərərək insanların təhlükəsiz yerlərə köçürülməsi ilə məşğul olmuşlar. Bu fəaliyyət nəticəsində bu böyük təbii fəlakət Azərbaycanda itkisiz keçmişdir. Bu, böyük uğurdur, böyük nailiyyətdir. İnsanların sağlamlığı, təhlükəsizliyinin qorunması bizim üçün həmişə olduğu kimi, başlıca vəzifədir. Ondan sonra sel və daşqınlara məruz qalmış bölgələrdə tikinti-quruculuq işləri aparılmışdır. Bir neçə ay ərzində minlərlə yeni ev tikilmişdir və soydaşlarımız, fəlakətdən əziyyət çəkmiş insanlar o evlərə köçürülür. Bu, bir tərəfdən onu göstərir ki, nazirliyin strukturları artıq tam formalaşmışdır və istənilən vəzifəni icra edə bilərlər. Digər tərəfdən, onu göstərir ki, Azərbaycan güclü dövlətdir. Biz bu böyük təbii fəlakətin nəticələrini aradan qaldırdıq və insanlar üçün yaxşı şərait yaratdıq. Əgər vaxtilə Fövqəladə Hallar Nazirliyi yaranmasa idi, yəqin ki, bu təbii fəlakətlər bizim üçün ağır keçə bilərdi.
Azərbaycanda bütün strukturlar, bütün dövlət qurumları müasir tələblərə cavab verməlidir. Ölkəmiz inkişaf edir, müasirləşir. Azərbaycan bu gün dünya miqyasında özünə layiq yerini tuta bilmişdir. Ölkə daxilindəki proseslər müsbət istiqamətdə gedir. Ölkəmiz son illər ərzində böyük və şərəfli yol keçmişdir. Müstəqilliyimizin möhkəmləndirilməsi işində çox önəmli addımlar atılmışdır, böyük nailiyyətlərimiz vardır. Ölkəmizin uğurlu və uzunmüddətli inkişaf strategiyası icra edilir. Ölkəmiz yeniləşir, abadlaşır, gözəlləşir.
Əlbəttə, peşəkar kadrların hazırlanması sahəsində görülmüş işlər bu gün bu reallıqları mümkün edir. Azərbaycanda düşünülmüş iqtisadi və sosial siyasət aparılır, bütün ixtisaslar üzrə peşəkar kadrlar hazırlanır. Biz elə etməliyik ki, Azərbaycanda bütün dövlət qurumları, bütün nazirliklər müasir tələblərə cavab versinlər. Ən qabaqcıl texnologiyalar Azərbaycana gətirilir və gətiriləcəkdir. Biz bunu Fövqəladə Hallar Nazirliyinin timsalında görürük. Ən müasir texniki vasitələr, yanğınsöndürən təyyarələr, helikopterlər, ən müasir maşınlar alınır ki, maddi texniki bazanın möhkəmləndirilməsi işində biz bütün lazım olan səviyyəyə qalxa bilək. Bununla bərabər, peşəkarlığın artırılması mühüm məna daşıyır və bu sahədə böyük uğurlar vardır.
Belə olan halda müasir tələblərə cavab vermək arzumuz, sadəcə, olaraq hansısa bir məqsədə çatmaq üçün deyildir. Bunun əsas mənası və məğzi ondan ibarətdir ki, Azərbaycanın bütün qurumları operativlik, çeviklik və peşəkarlıq nümayiş etdirərək fəaliyyət göstərsin, müasir standartlara cavab versin və ölkəmiz öz uğurlu inkişafını davam etdirsin.
Qarşımızda çox gözəl perspektivlər açılır. Azərbaycanda ictimai-siyasi sabitlik möhkəmdir və möhkəm qorunur. Ölkədə iqtisadi və siyasi islahatlar aparılır. Azərbaycanda bütün sahələrdə müasirləşmə prosesi gedir. Biz ən qabaqcıl və inkişaf etmiş ölkələrin sırasına düşməliyik və qarşıya bu məqsəd qoyulubdur. Bunu etmək üçün iqtisadi, siyasi islahatlar, struktur islahatları aparılır və aparılacaqdır. Azərbaycanın bütün qurumları yüksək standartlara cavab verməlidir.
Azərbaycanın sürətli inkişafı özünü bütün sahələrdə göstərir. Fövqəladə Hallar Nazirliyinin funksiyalarının biri də ondan ibarətdir ki, tikintilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi işlərinə daha da böyük diqqət göstərilsin. Aparılan tikintilər keyfiyyətli olsun və insanların təhlükəsizliyi tam şəkildə təmin edilsin. Bunu etmək üçün, yenə də demək istəyirəm ki, xüsusi avadanlıqlar alınmışdır və nazirliyin bu sahədəki fəaliyyəti daha da gücləndirilməlidir. Nəzərə alsaq ki, Azərbaycan bu gün böyük bir tikinti meydançasına çevrilibdir, hər yerdə quruculuq, abadlıq, tikinti işləri aparılır, nazirliyin bu sahədəki funksiyaları daha da böyük məna daşıyır.
Baxmayaraq ki, keçən il və 2009-cu ildə dünyada iqtisadi və maliyyə böhranı hökm sürmüşdür, Azərbaycan bu çətin sınaqdan şərəflə keçmişdir, sosial müdafiə məsələləri maksimum dərəcədə həllini tapmışdır. Bütün iqtisadi layihələr və sənaye layihələri icra edilmişdir, investisiyaların qoyuluşu davam etdirilmişdir. Bir sözlə, Azərbaycan bir daha göstərdi ki, müstəqil ölkə kimi, özünü təmin edən ölkə kimi istənilən çağırışa hazırdır. Baxmayaraq ki, dünyadakı iqtisadi və maliyyə böhranı hələ başa çatmayıb və onun nəticələri Azərbaycanda da özünü büruzə verir, uğurlu fəaliyyətimiz nəticəsində bu böhranın fəsadları Azərbaycanda minimum səviyyəsinə endirilmişdir.
Bir sözlə, qeyd etmək istəyirəm ki, Fövqəladə Hallar Nazirliyinin yaranması, formalaşması və bugünkü uğurlu fəaliyyəti Azərbaycanın inkişafı üçün çox müsbət rol oynamışdır. İstər mülki məsələlərdə, istər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini biz görürük, Azərbaycan ictimaiyyəti də görür və bunu yüksək qiymətləndirir.
Mən sizi bir daha döyüş bayrağının verilməsi münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əminəm ki, bundan sonrakı illərdə də Fövqəladə Hallar Nazirliyi öz üzərinə düşən vəzifələrini şərəflə yerinə yetirəcək, nazirliyin bütün şəxsi heyəti Vətənə sədaqətlə xidmət edəcəkdir. Sağ olun.
* * *
Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti təntənəli hərbi marşın sədaları altında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşısından keçdi.
Prezident İlham Əliyev hərbi hissədə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış oldu.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına məlumat verdi ki, qurum ölkədə mülki müdafiə sisteminin yaradılmasına böyük diqqət göstərir. Bu məqsədlə Mülki Müdafiə Qoşunlarının balansında olan binalarda, bu sahədə ixtisaslaşan hərbi hissələrdə dünya standartları səviyyəsində əsaslı təmir və yenidənqurma işləri aparılır. Məhz bunun nəticəsində nazirliyin fövqəladə hallarda cavab tədbirlərinin görülməsində, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, hadisələrə çevik və operativ reaksiya verilməsində göstərdiyi səylər xarici tərəfdaşlar tərəfindən də yüksək qiymətləndirilir.
Dövlətimizin başçısına yaxın gələcəkdə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları üçün Bakıda tikiləcək hospitalın layihəsi barədə məlumat verildi. Bildirildi ki, orijinal memarlıq üslubunda inşa olunacaq binada tibbin ən son yenilikləri tətbiq ediləcək və hospital müasir avadanlıqla təchiz olunacaqdır.
Prezident İlham Əliyev hərbi hissənin tibb məntəqəsində yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, məntəqə müasir tibbi avadanlıq və bütün zəruri dərman preparatları ilə təmin edilmişdir.
Mülki Müdafiə Qoşunlarının üçmərtəbəli tədris korpusunda yaradılan şəraitlə tanış olan Ali Baş Komandana məlumat verildi ki, buradakı müasir sinif otaqları əyani vəsaitlər və təşviqat materialları ilə təmin edilmişdir. Məşğələlərdə zabit və əsgərlərin vətənpərvərlik ruhunun yüksəldilməsinə xüsusi diqqət yetirilir. Korpusda ixtisaslaşmış sinif otaqları ilə yanaşı, dövlət rəmzləri, hərb tariximizə dair xeyli əyani vəsait yerləşdirilmişdir. Bundan əlavə, şəxsi heyətə nazirliyin Mülki Müdafiə Qoşunlarına aid hissələrin beynəlxalq, o cümlədən ölkədə keçirilən təlimlərdə iştirakı barədə də məlumatlar verilir.
Siniflərdə fərdi mühafizə vasitələri və zərərsizləşdirmə qaydaları, bioloji vasitələrin yaratdığı xəstəliklər, güclü təsiredici zəhərləyici maddələrin xassələri haqqında da əyani vəsaitlər yerləşdirilmişdir. Bununla bərabər, şəxsi heyət artilleriya mərmiləri və döyüş başlıqları, təhlükəsizlik qaydaları, fuqaslı və qəlpəli piyada və tank əleyhinə minalar barədə də təlimatlandırılır.
Ali Baş Komandan tədris korpusunda yaradılmış Heydər Əliyev Muzeyi ilə tanış oldu. Bildirildi ki, muzeydə nümayiş olunan fotolarda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin müxtəlif dövrlərində həyata keçirdiyi çoxşaxəli fəaliyyətin ayrı-ayrı anları əksini tapmışdır. Dahi rəhbərin Azərbaycan tarixindəki mühüm fəaliyyəti ilə bağlı fotolar xüsusi maraq doğurur. Bu fotolarda ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən fəaliyyət proqramlarının müxtəlif anları əks olunur.
Binanın 300 yerlik akt zalında Mülki Müdafiə Qoşunları Komandanlığının və hərbi hissənin tədbirlərinin keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Mülki Müdafiə Qoşunları Komandanlığının mərkəzi aparatının yerləşdiyi bina ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, burada da əsaslı yenidənqurma işləri aparılmışdır. Binada komandanlığın və zabitlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait vardır.
Dövlətimizin başçısı hərbi hissənin yataqxanasına baxdı. Diqqətə çatdırıldı ki, binada şəxsi heyətin istirahəti və əsgərlərin məişət şəraiti yüksək səviyyədə təşkil edilmişdir.
Hərbi hissənin idman kompleksi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, burada müasir məşq qurğuları quraşdırılmışdır və müxtəlif yarışlar keçirmək mümkündür. Örtülü idman zalında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotolardan ibarət guşə yaradılmışdır. Nazirliyin və Mülki Müdafiə Qoşunları idmançılarının müxtəlif yarışlarda qazandığı uğurları əks etdirən kuboklar burada nümayiş olunur. Kompleksdə trenajor, boks zalları, stolüstü tennis və bilyard bölmələri, basketbol və voleybol meydançaları vardır.
Sonra Prezident İlham Əliyev Mülki Müdafiə Qoşunları Komandanlığının tabeliyinə verilən texniki vasitələrlə tanış oldu, xilasetmə əməliyyatlarında istifadə edilən avtomobillərə və mobil diaqnostika maşınına baxdı. Bildirildi ki, stasionar avtomobil parkı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müxtəlif təyinatlı maşın və mexanizmlərlə təmin edilmişdir.
Prezident İlham Əliyev daha sonra yeməkxana ilə tanış oldu. Bildirildi ki, 600 nəfərlik yeməkxanada əsgər və zabitlərin keyfiyyətli qidalanması üçün hər cür şərait yaradılmışdır.
Dövlətimizin başçısı, Ali Baş Komandan hərbi hissədə yaradılmış şəraitdən razılığını bildirdi.

{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında