Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verdi.
Azərbaycanın regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisinə tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Hazırda respublikamızın bölgələrindəki energetika qurğuları həm müasir görünüşü, həm də texniki üstünlükləri ilə əvvəlkilərdən qat-qat üstündür. Bütün bu yeniliklər regionların sosial-iqtisadi inkişafına əsaslı töhfələrdir. Aparılan yenidənqurma tədbirləri elektrik enerjisinə durmadan artan tələbatın ödənilməsində də mühüm rol oynayır. Paylayıcı şəbəkələrin müasirləşdirilməsi gündən-günə sürətlənir və daha geniş ərazini əhatə edir. Ötən əsrin 60-cı illərindən istismarda olan və tamamilə yararsız vəziyyətə düşən elektrik təsərrüfatında hazırda, sözün həqiqi mənasında, inqilabi dəyişikliklər aparılır. Yeni qurğular təkcə rayon mərkəzləri və iri yaşayış məntəqələrinin deyil, eləcə də ətraf kəndlərin elektrik enerjisi ilə etibarlı təchizatında böyük rol oynayır. “Azərişıq” regionlarda sənaye və aqrar bölmənin, eləcə də turizmin inkişafı üçün nəzərdə tutulan tədbirlərin dolğun həyata keçirilməsinə hərtərəfli dəstək vermək üçün silsilə işlər görür. Reallıq göstərir ki, kommunal xidmətlərin inkişafına dair bu quruma aid üç strateji hədəf, üç prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə işlər maksimum diqqətdə saxlanır. Aparılan yenidənqurma tədbirləri qarşıdakı on il üçün müəyyənləşdirilən elektrik enerjisinə tələbatın proqnozuna və dinamikasına, yəni, “Azərişıq” ASC üzrə 2015-2025-ci illəri əhatə edən fəaliyyət planına uyğun həyata keçirilir.
Bildirildi ki, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Bundan başqa, mərkəz yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqində, elektrik şəbəkələrində açılma və qoşulmaların real vaxt rejimində qeydiyyatının aparılmasında müstəsna rol oynayacaq.
Mərkəzdə işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqla yanaşı, nəzarət-monitorinq, avtomat idarəetmə, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satış İdarəsi də ötən müddətdə Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Kürdəmir, Ağdaş, Naftalan, Goranboy, Ucar, Ağsu, Göyçay şəhər və rayonları üzrə 1 milyon 200 min nəfər əhalini əhatə edən 261 min abonentə xidmətin səviyyəsinin yüksəldilməsi üçün kompleks tədbirlər reallaşdırıb. Ağsu rayonunda 110 kilovoltluq 3 və Ağdaş rayonunda 35 kilovoltluq 8 yarımstansiya tikilib, 490 yeni transformator məntəqəsi quraşdırılıb, 5700 transformator məntəqəsi əsaslı təmir olunub. Həmçinin 10,2 kilometr 110 kilovoltluq, 127 kilometr 35 kilovoltluq, 870 kilometr 6-10 kilovoltluq, 710 kilometr 0,4 kilovoltluq hava xətləri, 2300 kilometr özünüdaşıyan izolyasiyalı naqillər çəkilib. Habelə 11 min yeni sayğac quraşdırılıb və 51 min sayğac yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində texniki itkilər 13,5 faizdən 11,1 faizə enib, elektrik enerjisinin satışında yığım 65,5 faizdən 94,1 faizə yüksəlib.
Prezident İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzini işə saldı.
Sonda xatirə şəkli çəkdirildi.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.