Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsini verməkdədir. Energetika sahəsinin inkişafı ilə bağlı görülən işlər arasında müxtəlif gücə malik yeni elektrik stansiyalarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasını göstərmək olar. Bu sahədə aparılan islahatlar nəticəsində elektrik stansiyaları həm texniki, həm də görünüş baxımından müasirləşir, onların gücü artırılır. Son 14 ildə ölkədə 30 yeni elektrik stansiyası tikilərək istismara verilib, mövcud generasiya müəssisələri yenidən qurularaq modernləşdirilib. Elektrik enerjisinin istehsal potensialı ölkədaxili tələbatı tam ödəməklə yanaşı, ixrac imkanı da yaradıb.
Azərbaycanın enerji təminatında Mingəçevir Su Elektrik Stansiyasının xüsusi yeri və çəkisi var. Son dövrlərdə stansiyanın müasir tələblər səviyyəsinə çatdırılması və texniki cəhətdən müasirləşdirilməsi istiqamətində olduqca mühüm işlər görülüb. Mingəçevir Su Elektrik Stansiyası uzun illər Azərbaycan əhalisinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayıb. Hələ 1941-ci ildə bu stansiyanın tikintisi və 1945-ci ildə birinci növbəsinin istismara verilməsi barədə qərar qəbul edilib. Lakin İkinci Dünya müharibəsinin başlanması tikinti işlərinin təxirə salınmasına səbəb olub. Nəhayət, 1945-ci ildə Mingəçevir su qovşağının və onun üzərində elektrik stansiyasının tikintisinə başlamaq mümkün olub. 1951-ci ildə burada ilk aqreqat istifadəyə verilib. Tikinti işləri isə 1955-ci ildə tamamlanıb. Beləliklə, Mingəçevir Su Elektrik Stansiyası 360 meqavat tam gücü ilə işə salınıb. Tənzimlənən su qovşağı illik orta su axını 12,5 milyard kubmetr olduqda ildə 1,4 milyard kilovat-saat elektrik enerjisi istehsal edilməsinə, 1,2 milyon hektar məhsuldar torpağın suvarılmasına və balıqçılığın inkişafına imkan verib. Su qovşağına yuyulma üsulu ilə yaradılan torpaq bənd, Su Elektrik Stansiyasının suqəbuledicisi, suburaxıcıları, baş bina, elektrotexniki qurğular, Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının suqəbulediciləri daxildir. Stansiyanın su anbarı öz tutumuna görə uzunmüddətli istifadə üçün kifayət qədər su ehtiyatına malikdir.
Diqqətə çatdırıldı ki, müstəqillik illərində Mingəçevir Su Elektrik Stansiyasında yenidənqurma işlərinin aparılmasına ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə başlanılıb. Bu prosesin davamı olaraq, 2010-2017-ci illərdə burada əsaslı yenidənqurma işləri həyata keçirilib. Stansiyada maşın zalının aşağı səviyyəsində yerləşən və işçi heyətin təhlükəsizliyi baxımından standartlara uyğun olmayan idarəetmə mərkəzi müasir tələblərə tam cavab verən yeni idarəetmə mərkəzi ilə əvəz edilib.
Mərkəzin binasında ulu öndər Heydər Əliyevin büstü qoyulub.
Hidroaqreqatlarda və stansiyanın yarımstansiyalarında quraşdırılmış lokal idarəetmə sistemləri stansiyanın mərkəzi idarəetmə sistemi ilə inteqrasiya olunub və enerji sistemi mərkəzi idarəetmə sistemi ilə birbaşa əlaqələndirilib.
Dövlətimizin başçısı Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə saldı.
Bildirildi ki, istismara yararsız iki turbin və generator görülən işlər çərçivəsində gücü 71,5 meqavat olan turbin və generatorla əvəz edilib. 200 meqavat gücündə avtotransformator quraşdırılıb, gərginlikləri 330, 220 və 110 kV olan yarımstansiyalar yerli idarəetmə sistemləri ilə birlikdə yenidən tikilib istismara verilib. Bu yarımstansiyaların dayanıqlı istismarını və onların bir-biri ilə, eyni zamanda, stansiya ilə əlaqələrini təmin etmək üçün 100 kilometrdən artıq güc, nəzarət və ölçü kabelləri çəkilib. Görülən işlər nəticəsində stansiyanın gücü 284 meqavatdan 424 meqavata çatdırılıb. Burada, həmçinin müasir tələblərə cavab verən yeni inzibati bina inşa edilib, aşağı gərginlikli paylayıcı qurğular və sabit cərəyan avadanlıqları tamamilə dəyişdirilib. Suqəbuledici qurğuda 6 dəst sipər və onların hidravlik qaldırıcıları bütün avadanlığı ilə birlikdə yeni avtomatik tənzimlənən hidravlik qaldırıcılarla əvəz olunub. Stansiyada 6 dəst işçi sipər, 4 dəst təmir sipəri və 3 xüsusi qaldırıcı kran əsaslı təmir edilib, 5300 millimetr diametrli 4 disk bağlayıcısı yeniləri ilə əvəzlənib. Stansiyanın maşın zalında əsaslı təmir-bərpa işləri aparılıb.
Mingəçevir Su Elektrik Stansiyası quraşdırılmış hidroaqreqatların manevr imkanlarına, tənzimlənmə diapazonuna və xarakteristikalarına görə tezliyin tənzimlənməsinin standartla müəyyən edilmiş normalar çərçivəsində aparılmasını təmin edən yeganə elektrik stansiyasıdır. Hazırda burada 130 işçi çalışır.
Ərazidə genişmiqyaslı abadlıq işləri həyata keçirilib, 5 mindən çox ağac əkilib, 15 min kvadratmetr sahəyə asfalt döşənib.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.