Azərbaycan Prezidenti İlham Əliyev Abşeron rayonu ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də Bakı-Şamaxı yolunun 15-ci kilometrliyində, Abşeron rayonu ərazisində inşa olunmuş AZMDF zavodunun açılışında iştirak etmişdir.
Müəssisənin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
Zavodun ərazisi ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, mebel hazırlanmasında geniş istifadə edilən MDF materialların istehsalında xammal - ağac materialları Rusiyadan vaqonlarla gətirilərək 50 min kvadratmetr sahəsi olan ağac deposuna boşaldılır və növlərinə görə çeşidlənir. Hazırda 3 növ ağacdan istifadə olunur. İstehsalın ilkin mərhələsi xammalın hazırlanmasıdır. Bu məqsədlə əvvəlcə ağac gövdələri qabıqdan təmizlənərək növbəti istehsal prosesinə ötürülür.
Qeyd edildi ki, indiyədək dünyanın müxtəlif ölkələrindən idxal edilən MDF materialları artıq Azərbaycanda ən yüksək keyfiyyətlə istehsal olunacaqdır.
Prezident İlham Əliyev müəssisənin işə düşməsini bildirən düyməni basdı, istehsal prosesini izlədi, zavodun fəaliyyətindən bəhs edən filmə baxdı.
Bildirildi ki, 2006-cı ildə özəl investisiyalar əsasında təsis olunmuş AZMDF şirkətinin inşa etdirdiyi zavodun ərazisində ağac deposu, daşınma və qəbuletmə, əsas istehsal qurğuları, nümayiş zalı və inzibati ofis yerləşir. İstehsal prosesi doğrama, lifləmə, presləmə, cilalama, üzləmə sexləri və anbardan ibarətdir.
Qeyd edildi ki, zavodda Almaniyanın "Siemens" və Yaponiyanın "Mitsubishi" şirkətlərinin idarəetmə proqramları ilə təmin olunmuş müasir texniki avadanlıq quraşdırılmışdır. Keyfiyyətli məhsulun əldə olunması üçün müəssisədə ən son mikrobioloji, fiziki-kimyəvi avadanlıqla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir. Zavodda kimyəvi-bioloji prosesləri həyata keçirən 3 min kubmetr həcmində xüsusi sutəmizləyici qurğu quraşdırılmışdır. Müəssisənin elektrik təchizatı üçün 100/10/0,4 kilovatlıq yarımstansiya fəaliyyət göstərir. Zavodun istehsal gücü ildə 85 min kubmetr plitə təşkil edir. Bu isə o deməkdir ki, AZMDF MDB məkanında və qonşu dövlətlər arasında bu profilli ən böyük zavoddur. Tam istehsal gücünə çatdıqda müəssisədə 500 işçi çalışacaqdır.
Bildirildi ki, texnoloji standartına uyğun gələn xırda hissələr lifin hazırlanması üçün yuyulma aparatına göndərilir. Yuyulma mərhələsində taxta qırıntıları tozdan təmizlənir və lifin hazırlanması üçün tam hazır vəziyyətə gətirilir. Texnologiyaya görə lifləmə prosesi ən önəmli mərhələlərdən biridir. Bu, ağac lifinin hazırlanması prosesidir. Yuyulmuş taxta hissələri rifaynerin şaquli çənlərinə göndərilir və burada buxara verilir. Rifaynerin çıxışında lifə sintetik yapışqan və parafin əlavə olunur. Yapışqanla qarışdırılmış ağac lifləri boruların içində isti hava ilə qurudulur. Ağac lifləri hələ çox yumşaq olduğu üçün ilkin presləmə üsulu ilə sıxılır, xalça formasına salınır və müvafiq ölçüdə kəsilir.
Dövlətimizin başçısına məlumat verildi ki, MDF istehsalı xətti tam kompyuterləşdirilmiş və avtomatlaşdırılmışdır. Operatorlar yalnız texnoloji parametrləri tənzimləyərək prosesə nəzarət edirlər.
Cilalama sexi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, məhz bu sex MDF materiallarının istehsalında xüsusi rol oynayır. Cilalama mərhələsində MDF plitələri dünya standartlarına cavab verən son yoxlama və sertifikatlaşma işlərinə hazır olur. Sonuncu istehsal mərhələsi isə hazır MDF plitələrinə zahiri yaraşıq verən üzləmə prosesidir. Burada MDF plitələri laminə olunur.
Hazır məhsullara baxan dövlətimizin başçısına məlumat verildi ki, MDF digər materiallardan bir sıra keyfiyyətlərinə görə fərqlənir. Beləliklə, yeni zavodun fəaliyyəti keyfiyyətcə xarici analoqlarından geri qalmayan yerli MDF materialları istehsal etməyə və bununla hazırlanan məhsulların indiyədək mövcud olan qiymətlərinin aşağı düşməsinə müsbət təsir göstərəcəkdir.
Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi, müvafiq tövsiyə və tapşırıqlarını verdi.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında