Prezident İlham Əliyev fevralın 10-da Goranboy rayonuna səfəri çərçivəsində 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan və birinci mərhələdə 165 ailənin məskunlaşacağı yeni yaşayış məhəlləsinin istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə iştirak etmişdir.
Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi Sədaqət Ağayarovanın evində oldu. Mənzildə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı çay süfrəsi arxasında ailənin üzvləri ilə söhbət etdi.
Prezident İlham ƏLİYEV: Bu evə köçməyiniz münasibətilə təbrik edirəm. Burada bütün şərait yaradılıb, hər şey var, bütün imkanlar var, gözəl binalardır. Burada rahat yaşamaq mümkündür. Siz buna layiqsiniz, uzun illərdir erməni təcavüzkarların işğalçı siyasətindən əziyyət çəkirsiniz, uzun illər yararsız binalarda yaşamısınız. İndi isə bizim soydaşlarımız bu gözəl binalarda, gözəl mənzillərdə yaşayacaqlar.
Bilirsiniz ki, Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük işlər görür. Hər il binalar, fərdi evlər tikilir. Bu siyasət davam etdiriləcəkdir. Elə etməliyik ki, hazırda hələ də çətin vəziyyətdə yaşayan soydaşlarımız da yaxşı evlərə köçürülsünlər. Əlbəttə, bu, böyük vəsait, böyük peşəkarlıq tələb edir. Bilirsiniz ki, dövlət proqramı icra olunur. Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, sizin vəziyyətinizi yaxşılaşdırsın. Çünki bir daha demək istəyirəm ki, siz buna layiqsiniz, siz yaxınlarınızı itirmisiniz.
Xocalı soyqırımı XX əsrin ən böyük cinayətlərindən biridir. Əfsuslar olsun ki, bu cinayəti törədənlər hələ ki ədalət qarşısında cavab verməyiblər, amma o gün gələcəkdir. Mən şübhə etmirəm və əminəm ki, siz də Xocalıya qayıdacaqsınız. Bu, müvəqqəti məskunlaşma yeridir, amma buna baxmayaraq, biz istəyirik ki, müvəqqəti də olsa, şərait yaxşı olsun.
Sədaqət AĞAYAROVA: Cənab Prezident, biz şəhid ailəsiyik - mən, üç balam, bir də bacım, onun üç balası. Şəxsən mən beş gecə meşədə qarın içində qalmışam. Üzr istəyirəm, övladlarım burada dünyaya gəliblər. Biz, bütün qaçqın-köçkünlər Sizə arxalanırıq, Sizə güvənirik. Biz Sizinlə, xanımınızla fəxr edirik. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, övladınız Xocalı faciəsi barədə həqiqəti hər yerə yayırlar.
Prezident İlham ƏLİYEV: Elə də olmalıdır, çünki bilirsiniz ki, ermənilər xaricdəki imkanlarından istifadə edərək, dünya birliyinə Xocalı faciəsi haqqında təhrif edilmiş məlumatlar çatdırmağa cəhd etmişlər. Əfsuslar olsun ki, uzun illər ərzində buna müvəffəq olmuşlar. Dünya birliyi Xocalı haqqında məlumatsız idi. Ermənilər Azərbaycandan olan bəzi adamların çox çirkin bəyanatlarından istifadə edib, Xocalı faciəsi haqqında müəyyən dərəcədə tam yalan təsəvvür yarada bilmişdilər. Ona görə bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız bu vəziyyəti, demək olar ki, tamamilə dəyişdirdi. İndi Xocalı haqqında dünyada bilirlər, Xocalı faciəsi haqqında kifayət qədər məlumatlar var. Biz bütün ölkələrdə kampaniyalar keçiririk, həm səfirliklər, həm də Heydər Əliyev Fondu vasitəsilə. Bildiyiniz kimi, fond bu məsələ ilə çox fəal məşğul olur. Bizim təşəbbüsümüzlə yaradılmış İslam Konfransı Təşkilatının Gənclər Forumu da bu məsələ ilə bağlı çox fəal işləyir. Bununla bağlı nəinki islam ölkələrində kitablar nəşr edir, müxtəlif tədbirlər keçirir, həm də Avropa ölkələrində, bütün qitələrdə başqa təşkilatlarla birlikdə Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırır. Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir. Amma yenə də deyirəm, hələ ki, dünyada ikili standartlar siyasəti mövcuddur, erməni lobbisi, dünya erməniliyi və onların havadarları çalışırlar ki, erməniləri bu vəziyyətdən çıxarsınlar. Biz isə bundan sonra da çalışacağıq ki, bütün dünya Xocalı haqqında bilsin. Bizim indi imkanlarımız da artır, o cümlədən təbliğat imkanlarımız genişlənir. Biz istənilən ölkədə diaspor təşkilatlarımızın xətti ilə, dövlət xətti ilə istənilən tədbiri, konfransı keçirə bilərik. Bunu edirik və bu həqiqətləri bütün dünyaya çatdırırıq. Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir.
* * *
Sonra dövlətimizin başçısı yeni məhəllədə inşa olunmuş Xocalı şəhər 1 saylı orta məktəbin həyətində pəhləvan Məzahir Qəhrəmanovun nümunəvi çıxışına baxdı və aşıq musiqisini, gənc ifaçıları dinlədi.
Sonra dövlətimizin başçısı qəsəbə sakinləri ilə görüşdü.
Prezident İlham ƏLİYEV qəsəbədə yeni mənzil almış məcburi köçkünləri təbrik edərək dedi:
- Əziz dostlar, əziz bacılar və qardaşlar. Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu evlərin istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm. Burada çox gözəl şərait yaradılıbdır. Beşmərtəbəli 3 bina tikilib, hələ 9 bina da tikiləcəkdir. Böyük bir qəsəbə salınacaq ki, bizim soydaşlarımız, işğaldan əziyyət çəkən, uzun illər yararsız binalarda məskunlaşan soydaşlarımız yaxşı şəraitdə yaşasınlar. Bilirsiniz ki, bu bizim siyasətimizdir və uzun illərdir aparılır. Bildiyiniz kimi, Dövlət Neft Fondundan ilk vəsaitlər ulu öndər Heydər Əliyevin tapşırığı ilə məhz məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilmişdir. O vaxtdan bu günə qədər on minlərlə soydaşımız yeni mənzillərə, fərdi evlərə köçürülmüşdür. Son 7 il ərzində qaçqınların və məcburi köçkünlərin sosial məsələlərinin həlli üçün 1 milyard 800 milyon manat vəsait xərclənmişdir. 90 min nəfər yeni evlərə köçürülmüşdür. Bütün çadır şəhərcikləri ləğv edilmişdir və yeni yaradılmış şərait bax, bu səviyyədədir. Siz buna layiqsiniz və Azərbaycan dövləti bundan sonra da əlindən gələni edəcək ki, erməni işğalından əziyyət çəkən insanlara yaxşı şərait yaradılsın. Amma mən həmişə demişəm ki, bunlar müvəqqəti məskunlaşma yerləridir. Bizim torpaqlarımız azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl binalar tikəcəyik. Bütün şəhərləri bərpa edəcəyik və öz vətəndaşlarımızı doğma torpaqlara qaytaracağıq. O gün gələcək, mən buna inanıram, şübhə etmirəm. Əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir.
Uzun illər biz işğaldan əziyyət çəkirik. Erməni işğalçı qüvvələri torpaqlarımızı zəbt edib və bu işğala son qoymaq istəmirlər. Baxmayaraq ki, danışıqlar gedir, amma hələ ki, danışıqların nəticəsi yoxdur. Biz isə öz tərəfimizdən çalışırıq ki, məsələni sülh yolu ilə həll edək. Ancaq bununla bərabər, bütün başqa variantları da istisna etmirik. Azərbaycan güclənib, son illər ərzində həm iqtisadi inkişaf, həm də hərbi potensial baxımından çox böyük və şərəfli yol keçmişdir. İndi bizim güclü ordumuz var, o, istənilən anda hərbi yolla doğma torpaqlarımızı işğalçılardan azad edə bilər. Bu amil danışıqlar prosesində də öz müsbət rolunu oynayır. Ancaq Ermənistanın qeyri-konstruktiv siyasəti, qeyri-konstruktiv mövqeyi və müxtəlif yollarla danışıqları uzatmaq taktikası hələlik imkan vermir ki, məsələ öz həllini tapsın. Lakin Azərbaycanın ərazi bütövlüyünün bərpası mütləq baş verəcək, bütün beynəlxalq təşkilatlarda bizim mövqeyimiz üstünlük təşkil edir, beynəlxalq hüquq normaları bizim tərəfimizdədir. Biz bundan sonra da bütün imkanlardan istifadə edərək, ərazi bütövlüyümüzün tezliklə bərpası üçün səylərimizi davam etdirəcəyik.
Xocalı soyqırımı XX əsrin ən dəhşətli, ən böyük cinayətlərindən biri idi, erməni faşizminin vəhşi və eybəcər sifətini göstərmişdir. Əfsuslar olsun ki, uzun illər ərzində dünya erməniliyi, onun xaricdəki havadarları və erməni lobbisi Xocalı haqqında həqiqətləri gizlədirdilər.
Dünya birliyinə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilmirdi. Bizim də imkanlarımız məhdud idi, xüsusilə müstəqilliyimizin ilk illərində imkanımız yox idi ki, bu həqiqətləri dünya birliyinə çatdıraq. Ancaq indi vəziyyət tam başqadır, Azərbaycanın imkanları var, geniş diaspor şəbəkəsi var. Azərbaycanın ictimai təşkilatları, dövlət qurumları Xocalı soyqırımı ilə bağlı kifayət qədər materiallar dərc edirlər, kitablar nəşr olunur, bütün dünyada konfranslar, digər tədbirlər keçirilir. Yəni Xocalı soyqırımı haqqında dünya birliyi artıq tam məlumatlıdır. Ancaq o da həqiqətdir ki, dünyada ikili standartların mövcud olması bizim işimizi çətinləşdirir. İkili standartlar özünü demək olar ki, hər bir sahədə göstərir. Bəzi hallarda biz Azərbaycana qarşı ədalətsiz münasibət, beynəlxalq təşkilatlarda Ermənistanda baş verən hadisələrə fikir verməmək hallarını görürük. Eyni zamanda, Azərbaycandakı kiçik bir hadisəni şişirdib onu dünya ictimaiyyətinə çatdırmaq istəyirlər. İkili standartlar bax, bu məsələlərdə özünü büruzə verir. Biz bilirik ki, indi beynəlxalq hərbi tribunallarda başqa ölkələrin rəhbərləri törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb olunublar. Nə üçün Ermənistanın indiki rəhbərlərinə qarşı, - hansılar ki, bilavasitə Xocalı soyqırımında iştirak etmişlər, əlləri Azərbaycan xalqının qanına batmışdır, - beynəlxalq tribunal təşkil olunmur, nə üçün onlar qınaq obyektinə çevrilmirlər? Yəni bütün bunların təməlində ikili standartlar dayanır. Dünya erməniliyinin fəaliyyəti, onların havadarlarının, xarici dairələrin ədalətsiz mövqeyi dayanır. Ancaq ədalət bizim tərəfimizdədir. 600-dən çox dinc əhali ermənilər tərəfindən qətlə yetirildi, onların 100-dən çoxu uşaqlar idi. Bir daha demək istəyirəm ki, bu, XX əsrin ən qəddar cinayətlərindən idi. Xocalı soyqırımı, Xocalı genosidi - bunun adı belədir. Bu gün artıq Azərbaycanın artan imkanları bizə şərait yaradır ki, bu həqiqətləri dünya birliyinə çatdıraq. Biz bunu etməliyik və edəcəyik. Baxmayaraq ki, artıq beynəlxalq təşkilatlarda, bəzi ölkələrin qanunvericilik orqanlarında, hökumətlərində bu məsələ müzakirə olunur, Xocalı soyqırımı artıq dünya birliyi tərəfindən tanınır, ancaq biz yenə də bu istiqamətdə səylərimizi davam etdirəcəyik.
O ki qaldı qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə, Azərbaycan dövləti bundan sonra da bu istiqamətdə öz səylərini göstərəcəkdir. Biz bu il investisiya proqramı və Dövlət Neft Fondunun proqramı çərçivəsində daha da böyük işlər görəcəyik. Eyni zamanda, Prezidentin Ehtiyat Fondundan vaxtaşırı vəsait ayrılır. Bax, bu binalar məhz Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına tikilmişdir. Bizim soydaşlarımız narahat olmasınlar, köçkünlər üçün tikilmiş bütün binalar - istər mənzillər, istərsə də fərdi evlər bu səviyyədə olacaqdır. Çünki bəzi hallarda belə məlumat gəlir ki, biz köçkünləri yararsız sanatoriyalardan, pansionatlardan köçürmək istəyəndə, onlarda müəyyən fikirlər olur, müəyyən şübhələr olur.
Bax, bu binalar tikiləndə də belə şübhələr olmuşdur. Ancaq indi hamı görür ki, burada şərait ən yüksək səviyyədədir. Yəni biz bütün bu işləri ən yüksək səviyyədə görməliyik. Vaxtilə imkanımız yox idi, çadır şəhərcikləri qurulmuşdu. Amma artıq 4 ildir ki, çadır şəhərcikləri Azərbaycanın xəritəsindən silinibdir. Onların əvəzinə belə gözəl binalar, fərdi evlər tikilib, özü də Goranboy rayonunun mərkəzində.
Biz bu siyasəti davam etdirəcəyik, köçkünlərin sosial problemlərinin maksimum dərəcədə həlli üçün çalışacağıq. Köçkünlərin məşğulluq məsələləri ilə ciddi məşğuluq ki, bu sahədə də vəziyyət yüksək səviyyədə olsun.
Əziz dostlar, bu gün mən sizi bir daha ürəkdən salamlayıram və ümid edirəm ki, bu binalarda rahat yaşayacaqsınız.
* * *
Məcburi köçkün Tamilla BİLALOVA onlara yaradılan şəraitə və göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi: Cənab Prezident, icazə verin, göstərdiyiniz qayğı və diqqətə, bizim üçün yaratmış olduğunuz bu gözəl şəraitə görə Xocalı rayonundan olan məcburi köçkünlər adından minnətdarlığımızı bildirək və sizə "Xoş gəlmisiniz!" deyək. Son illərdə respublikamızda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində böyük işlər görülmüşdür. Müasir tələblərə cavab verən 67 qəsəbə istifadəyə verilmişdir. 100 mindən çox qaçqın və məcburi köçkün hər bir şəraiti olan fərdi yaşayış evləri və mənzillərlə təmin edilmişdir. Bütün qaçqın və məcburi köçkünlər kimi, xocalılılar da Sizin qayğı və diqqətinizi daim hiss edirlər. Xocalı köçkünləri üçün Goranboy rayonunun Aşağı Ağcakənd ərazisində 4 yeni qəsəbə salınmışdır. Həmin qəsəbələrə yeni qaz xətləri çəkilir və yaxın vaxtlarda təbii qaz veriləcəkdir.
Bu gün isə Naftalan şəhəri ərazisindəki sanatoriya binalarında müvəqqəti məskunlaşmış xocalılıların bir hissəsi bu gözəl məhəlləyə köçürülür. Belə gözəl şəraitə görə yeni mənzillərin sakinləri adından Sizə öz minnətdarlığımızı bildiririk.
Cənab Prezident, ümummilli liderimiz, dünya miqyaslı siyasətçi Heydər Əliyevin bu xalqın gələcəyini Sizə etibar edərkən yanılmadığı bir daha sübut olundu.
Siz onun istədiyi, uğrunda həyatını, sağlamlığını fəda etdiyi Yeni Azərbaycanı yaratdınız. Siz Azərbaycanı iqtisadi, siyasi, mədəni cəhətdən inkişaf etdirərək, dünya miqyasında nüfuzlu, tanınmış bir dövlətə çevirdiniz.
Cənab Prezident, Siz xalqa söz vermişdiniz ki, mən bütün rayonları inkişaf etdirərək, mərkəzin səviyyəsinə çatdıracağam. Həqiqətən də, bu gün gördüyünüz işlər verdiyiniz vədlərin söz olaraq qalmadığını sübut edir. Ona görə də xalqımız Sizinlə fəxr edir, Sizə arxalanır və Sizinlə qürur duyur.
Cənab Prezident! Bütün sahələrdə uğurlu islahatlar aparmaqla yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində də prinsipial, qətiyyətli mövqe nümayiş etdirirsiniz. Sizin tapşırığınızla Xocalı faciəsinin ildönümü dünya ölkələrində də qeyd edilir. Siz Xocalı faciəsini, Xocalı soyqırımını dünya dövlətlərinə tanıtmaq və qəbul etdirmək baxımından böyük işlər görmüsünüz. Xocalı həqiqətlərini dünyaya yaymaqda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və fondun vitse-prezidenti Leyla xanım Əliyevanın da xüsusi xidmətləri vardır. Fond müasir tələblərə cavab verən videomateriallar vasitəsilə Xocalı həqiqətlərini, Xocalı soyqırımını, ermənilərin törətdikləri vəhşilikləri bütün dünyaya yayımlayır. Dəhşətli Xocalı faciəsini yaşamış bir insan, torpaqlarımız uğrunda həlak olmuş şəhidin həyat yoldaşı, habelə şəhid bacısı kimi mən haqqa, ədalətə olan inamımı heç vaxt itirmirəm. Göz açdığı torpaqda ata nəvazişi ilə böyümək qismət olmayan övladlarımı da, təlim-tərbiyəsi ilə məşğul olduğum şagirdlərimi də vətənpərvər ruhda tərbiyə etməyə çalışıram. Bizə düşmənlərimiz olan ermənilərlə qonşu yaşamaq qismət olmuşdur. Ermənilər başa düşmürlər ki, buna biz Allah-taala tərəfindən məhkum olmuşuq. Lakin inanırıq ki, Sizin apardığınız siyasət nəticəsində biz qalib gələcəyik. Biz buna inanırıq və o günlərin ümidi ilə yaşayırıq. Cənab Prezident, inanırıq ki, Siz yaxın zamanda torpaqlarımızı, Xocalımızı bizə qaytaracaqsınız. Belə gözəl binaları, məktəbləri Xocalıda inşa etdirəcəksiniz. Arzu edirəm ki, Xocalıda tikiləcək məktəbin açılışında Sizin qarşınızda bir daha çıxış edim.
Cənab Prezident! Yeni inşa edilmiş qəsəbəni və qoyulmuş abidəni Xocalı faciəsinin ildönümü ərəfəsində ziyarət etdiyiniz üçün bütün xocalılılar adından Sizə öz minnətdarlığımızı bildiririk. Bizə göstərdiyiniz qayğı və diqqətə görə bir daha minnətdarlıq edirik. Sizə çətin işlərinizdə uğurlar, cansağlığı arzulayırıq. Diqqətinizə görə minnətdarıq!
Prezident İlham ƏLİYEV: - Sağ olun, çox sağ olun! Siz tamamilə haqlısınız ki, həyat bizi ermənilərlə yanbayan yaşamağa məcbur etmişdir.
Tarixdən də yaxşı bilirik ki, ermənilər bizim torpaqlarımıza, Qarabağ ərazisinə 19-cu əsrdə köçürülmüşlər, qonaq kimi gəlmişlər. Amma ondan sonra bizə qarşı torpaq iddiası ilə çıxış etmişlər. Biz də çalışırıq ki, dünya birliyinə bu həqiqətləri çatdıraq. Son illər ərzində kifayət qədər kitablar yazılmış, məqalələr dərc edilmişdir. Digər vasitələrlə də bu həqiqətləri dünya birliyinə çatdırırıq ki, bu, bizim torpağımızdır. Erməni dilində Qarabağ sözü yoxdur, onun mənası yoxdur. Qarabağın baş şəhəri Xankəndidir, Stepanakert deyil. Stepanakert bolşevik-erməni quldur dəstəsinin rəhbəri Stepan Şaumyanın adını daşıyır. Yəni əgər o şəhərin tarixi adı olsaydı, şübhəsiz ki, ermənilər onu bərpa edərdilər.
Bütün başqa toponimlər də Azərbaycan xalqının tarixini əks etdirir. Bu, heç kimə sirr deyil, sadəcə olaraq, dünya birliyi bundan xəbərsiz idi. Belə bir təəssürat yaranmışdı ki, guya Qarabağ tarixi erməni torpağıdır, kiminsə göstərişi ilə 1920-ci illərdə Azərbaycanın tərkibinə verilmişdir. Halbuki, biz hamımız yaxşı bilirik ki, bu, belə deyildir. Ermənilər çar Rusiyasının o vaxtkı rəhbərləri tərəfindən Türkiyənin, İranın müəyyən bölgələrindən oraya köçürülmüşdür. Bu, tarixi həqiqətdir.
Tarixdə artıq bir dəfə Azərbaycanın əzəli torpaqlarında erməni dövləti yaradılmışdır, o da bugünkü Ermənistandır. O torpaqlar bizim doğma, ata-baba torpaqlarımızdır. İrəvan xanlığı, Zəngəzur mahalı - bütün o adlar Azərbaycan toponimləridir. Hətta indi ermənilər özləri də etiraf edirlər ki, 20-ci əsrin əvvəllərində İrəvan şəhərinin əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Bunu təsdiq edən sənədlər var, şəkillər var, rəsm əsərləri var. Artıq bir dəfə Azərbaycan torpağında erməni dövləti yaradıldı, özü də Azərbaycanın o vaxtkı rəhbərliyinin icazəsi ilə. Bilirsiniz ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi İrəvanı Ermənistanın paytaxtı kimi ermənilərə bəxş etdi.
Halbuki, mən hesab edirəm ki, bu, çox yanlış və dözülməz bir addım idi və bugünkü tarix onu göstərir. Əgər o vaxt bu addım atılmasaydı, indi heç Qarabağ məsələsi də olmazdı. Amma o vaxt oldu və bunu da tarixi sənədlər sübut edir. Yaxşı, əsrin əvvəlində belə bir hadisə oldu. Ermənilər əsrin sonunda, Azərbaycan torpaqlarında indi ikinci erməni dövləti yaratmaq istəyirlər? Biz heç vaxt buna imkan verə bilmərik. Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu deyəndə mən nəinki Dağlıq Qarabağın keçmiş inzibati hüdudlarından kənarda yerləşən rayonları nəzərdə tuturam. Yox! Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan suverenliyi orada tətbiq olunmalıdır.
Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanmalıdır. Bizim məqsədimiz budur. Məhz buna görə danışıqlar bu qədər vaxt aparır. Biz hansısa yarımçıq, yaxud da bizi tam qane etməyən varianta razı ola bilmərik ki, bizə bir neçə rayon qaytarılsın, qalan rayonların müqəddəratı qeyri-müəyyən olsun. Biz buna heç vaxt gedə bilmərik. Necə ola bilər? Burada alverdən söhbət gedə bilməz! Bu, bizim torpağımızdır, tarixi torpağımızdır, əzəli torpağımızdır. Bir daha deyirəm ki, bunu tarixi sənədlər sübut edir. Beynəlxalq hüquq baxımından bu, bizim torpağımızdır.
Azərbaycan 1991-cı ildə müstəqilliyə qovuşanda onun ərazi bütövlüyü bütün dünya birliyi tərəfindən tanındı. Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanındı. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına Dağlıq Qarabağ daxil olmaqla üzv oldu və bu sərhədlər bütün ölkələr tərəfindən tanınır. Hətta bu gün ermənilərə, Ermənistana siyasi, hərbi, iqtisadi dəstək verən ölkələr də bunu tanıyır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyildir. Bizim məqsədimiz o bölgələrdə tam şəkildə öz suverenliyimizi bərpa etməkdən ibarətdir və o gün gələcəkdir.
Bu gün artıq Ermənistan Azərbaycanla ayaqlaşa bilmir. Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Bu fərq özünü hər bir yerdə göstərir. Xüsusilə keçən il və 2009-cu ildə böhran zamanı Ermənistanın iqtisadiyyatı 15 faiz tənəzzülə uğramışdı. Azərbaycanın iqtisadiyyatı isə iki il ərzində 15 faiz artmışdır. İndi baxın, Azərbaycanın sənaye imkanları, iqtisadi imkanları, hərbi potensialı müqayisəedilməz dərəcədədir. Biz ancaq hərbi xərclərə Ermənistanın bütün ölkəyə sərf etdiyi qədər, ondan da 50 faiz, 30 faiz çox sərf edirik və gələcəkdə bu fərq artacaqdır. Yəni vaxt bizə işləyir. Mən buna tam əminəm. Bəzi xarici müşahidəçilər, xarici dairələr isə çalışırlar bizi inandırsınlar ki, vaxt bizə işləmir, tezliklə bu məsələ həll olunsun. Bu məsələnin tezliklə həll olunmasını ən çox siz istəyirsiniz və mən istəyirəm. Bizdən çox bunu istəyən ola bilməz. Heç bir xarici məsləhətçi bunu istəyə bilməz. Amma nəyin bahasına biz bunu əldə etməliyik? Məsələ bundadır.
Mən əminəm ki, vaxt gələcək, biz öz suverenliyimizi tam bərpa edəcəyik. Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanacaqdır. Xocalıya biz qayıdacağıq və orada siz dediyiniz kimi, bundan da gözəl binaları tikəcəyik. Biz bu vaxtı hər an öz səylərimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
* * *
Görüşdən sonra xatirə şəkli çəkdirildi.
Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə çoxmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı barədə məlumat verdi. Bildirildi ki, 20 hektar sahədə salınan məhəllə bütün müvafiq sosial-texniki infrastrukturu olan 12 beşmərtəbəli binadan, 360 şagird yerlik məktəbdən, 150 yerlik uşaq bağçasından, musiqi məktəbindən və inzibati binadan ibarət olacaqdır. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi əsasında salınan məhəlləyə Naftalan şəhərindəki sanatoriyalarda müvəqqəti məskunlaşmış 688 məcburi köçkün ailəsi köçürüləcəkdir.
Birinci mərhələdə 3 yaşayış binası inşa edilmişdir. Onların ümumi sahəsi 11 min 235 kvadratmetrdir. Məhəllədə park və yaşıllıqlar salınmış, Xocalı soyqırımı qurbanlarına xatirə abidəsi də ucaldılmışdır. Buraya elektrik, qaz və içməli su xətləri çəkilmişdir.
Daha sonra Prezident İlham Əliyev Xocalı şəhər 1 saylı orta məktəbdə yaradılmış şəraitlə tanış oldu. İkimərtəbəli məktəb binasının foyesində ümummilli lider Heydər Əliyevin 2002-ci ilin sentyabr ayında Goranboyun Aşağı Ağcakənd qəsəbəsinin açılışında iştirakı ilə bağlı fotoguşə yaradılmışdır. Məktəbin sinif otaqlarından əlavə informatika, fizika və riyaziyyat kabinetləri, kimya laboratoriyası, kitabxanası, emalatxana və yeməkxanası da var. İdman zalında isə basketbol, güləş və voleybolla məşğul olmaq mümkündür. Dövlətimizin başçısı burada gənc idmançıların çıxışını izlədi.
Məktəbin ikinci mərtəbəsində ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən, habelə Xocalı faciəsinə dair fotoguşələr yaradılmışdır.
Məktəb binasının qızdırılması üçün ayrıca qazanxana da inşa olunmuşdur.
Məktəblə tanışlıqdan sonra Prezident İlham Əliyev yeni yaşayış məhəlləsindəki Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Prezident İlham Əliyev yeni salınmış məhəllədə görüləcək işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.{nl}
AzərTAc
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.