Samux rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Samux Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.
Prezident İlham ƏLİYEV görüşə toplaşanlara müraciətlə dedi: - Mən sizi ürəkdən salamlayıram. Samux rayonunda çox əlamətdar hadisədir - icra hakimiyyətinin yeni inzibati binası istifadəyə verilibdir. Çox əlamətdar hadisədir. Həm burada işləyənlər üçün yaxşı şərait yaradılıb, eyni zamanda, - icra hakimiyyətinin ətrafında binalar tikiləcək, yeni mərkəz yaradılacaq və Samux şəhəri inkişaf edəcəkdir.
Samux rayonunda sənaye müəssisələri açılır. Bu gün mən meyvəqurutma müəssisəsinin açılışında iştirak etmişəm. Çox gözəl, keyfiyyətli məhsullar istehsal olunur. Mənə verilən məlumata görə, quşçuluq fabriki tikilibdir. Orada da həm iş yerləri açılır, həm də ki, yerli istehsal yaradılır. Elə etməliyik ki, özümüzü maksimum dərəcədə yerli məhsullarla təmin edək. Xüsusilə quşçuluq sahəsində, çünki biz bu sahədə özümüzü hələ 70-75 faiz səviyyəsində təmin edirik. Ona görə quşçuluğun inkişafı indi prioritet xarakter daşıyır. İki-üç ilə biz tamamilə bu sahədə də öz istehsalımızı təmin edəcəyik.
Samuxda qazlaşdırma işləri uğurla davam edir. Mənə verilən məlumata görə, əksər kəndlərdə qazlaşdırma başa çatıbdır. Elektrik enerjisi ilə təchizat yaxşı səviyyədədir. Bu gün mən yeni böyük yardımçı stansiyanın açılışında iştirak edəcəyəm. Həm bütün bölgəyə dayanıqlı elektrik enerjisinin verilməsi üçün bu stansiyanın böyük əhəmiyyəti var, həm də Gəncədə tikilməkdə olan böyük metallurgiya kompleksinin fəaliyyəti üçün mütləq belə bir güc yaradılmalı idi.
Bir sözlə, hər bir rayonda olduğu kimi, Samuxda da quruculuq, abadlıq işləri aparılır, yeni müəssisələr yaradılır, sosial məsələlər öz həllini tapır, rayon abadlaşır, gözəlləşir. Mən hesab edirəm ki, gələcək illərdə bu müsbət dinamika davam etdiriləcəkdir. Çünki bizim həyata keçirdiyimiz bütün layihələr, bütün proqramlar gələcəyə yönəldilibdir. Həm bugünkü uğurlu dinamik inkişafımızı təmin edirik və ən əsası isə, bütün bu işlər uzunmüddətli inkişaf strategiyamız çərçivəsində görülür. İqtisadi inkişaf, sosial məsələlərin həlli, infrastruktur layihələri, abadlıq-quruculuq işləri, yeni müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar Azərbaycanda kompleks şəkildə və uğurla icra edilir.
Bu gün mən səhərdən qərb zonasındayam. Böyük işlərin görülməsinin şahidi oluram. Hər dəfə bu bölgədə olarkən sevinirəm ki, qərb zonası çox uğurla inkişaf edir. Həm kənd təsərrüfatı inkişaf edir, sənaye müəssisələri, sosial obyektlər tikilir, həm də yeni parklar, yollar salınır. Biz Bakı-Gürcüstan sərhədi magistral yolunun çəkilişinə nail ola bilmişik, rahat yolla gəlib-getmək mümkündür.
Gələcək illərdə biz ölkəmiz üçün lazım olan bütün layihələri icra edəcəyik. Bir müddət əvvəl Şəmkirçay su anbarının tikintisinə başlamışdıq. Onun istifadəyə verilməsi nəticəsində minlərlə hektar sahə suvarılacaqdır. Təkcə Samux rayonunda 20 min hektardan artıq torpaq istifadəyə veriləcəkdir. Qonşu rayonlarda - Şəmkirdə, digər rayonlarda da suvarılan torpaqların sahəsi artacaq, beləliklə, Azərbaycanda kənd təsərrüfatı daha çox inkişaf edəcəkdir. Bu yaxınlarda verdiyim tapşırıqlar əsasında indi Azərbaycanda taxılçılığın inkişafı üçün böyük fermer təsərrüfatlarının yaradılmasından ötrü boş torpaq sahələri axtarılır. Yaxın vaxtlarda o torpaqlar müəyyən ediləcək və dövlət tərəfindən bütün infrastruktur təminatı - elektrik enerjisi, su təminatı təşkil ediləcək ki, Azərbaycanda kənd təsərrüfatı, xüsusilə taxılçılıq sahəsində daha da böyük uğurlara nail olaq. Biz elə etməliyik ki, əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Artıq bu yolda çox böyük uğurlara biz nail olmuşuq. Hazırda bitkiçilikdə və quşçuluq sənayesində özümüzü təmin etmək imkanlarımız təxminən 70 faiz səviyyəsindədir. Ət, süd məhsulları, bitki yağları, şəkər və digər əsas ərzaq məhsulları ilə demək olar ki, biz özümüzü 100 faiz, yaxud da 90-95 faiz təmin edirik. Bu bizə nə verəcək? İlk növbədə, yerli istehsalın inkişafı daha da sürətlə gedəcək, digər tərəfdən, ərzaq təhlükəsizliyimizi təmin edəcəyik. İndi dünyada ərzaq təhlükəsizliyi haqqında ciddi söhbətlər gedir, müzakirələr aparılır. Çox böyük narahatlıq var ki, ərzaq təhlükəsizliyi məsələləri dünya miqyasında qabarıq şəkildə birinci plana çıxa bilər. Belə olan halda, əlbəttə ki, insanlar böyük çətinliklərlə üzləşə bilərlər. Biz elə etməliyik ki, Azərbaycanda istehlak olunan ərzaq məhsullarının 100 faizi ölkəmizdə istehsal olunsun. Bundan əlavə, biz öz məhsullarımızla xarici bazarlara da çıxmalıyıq. Bizim məhsullarımız həm təbiidir, həm keyfiyyətlidir, həm də hazırda yeni texnologiyalar əsasında tikilmiş zavodlar, fabriklər dünya səviyyəli məhsul istehsalına şərait yaradır. Azərbaycanın hər bir rayonu üzrə konkret proqram var, iş cədvəli var. Yerli icra orqanları bu işləri aparır və aparmalıdırlar. Mərkəzi orqanlar tərəfindən görülən işlər, verilən tövsiyələr, ayrılan vəsait isə əlbəttə ki, bu işlərin daha da səmərəli aparılmasına xidmət göstərir. Samux rayonuna mən birinci dəfə deyil ki, gəlmişəm, əvvəllər də gəlmişdim. Hər dəfə gələndə sevinirəm ki, burada hansısa bir yeniliyi görürəm, inkişafı, abadlığı görürəm. Bu gün bu inzibati binanın açılışı da, yenə də deyirəm, böyük məna daşıyır. Bu, sadəcə iş yeri deyil, Samux şəhərinin inkişafı üçün, inkişaf etmiş rayona çevrilməsi üçün atılmış vacib addımdır. Sizə yeni uğurlar, cansağlığı arzulayıram. Arzu edirəm ki, Samux rayonunda hər şey yaxşı olsun.
* * *
Rayon sakini, əməkdar müəllim Göyçək NAMAZOVA samuxlular adından minnətdarlıq edərək dedi: - Möhtərəm cənab Prezident, sonsuz məhəbbətlə səfərinizi gözləyən, bu fərəhli anların sevincini yaşayan bütün Samux camaatı adından Sizi salamlayır, xoş gəlmisiniz deyirik. Böyük minnətdarlıq və qürur hissi ilə bildiririk ki, ölkəmizin hər yeri kimi, Samux rayonu da uğurla inkişaf edir. Bir neçə il bundan əvvəlki Samuxu indiki ilə müqayisə etmək heç mümkün deyildir.
Bundan əvvəl rayon mərkəzinin yerləşdiyi Nəbiağalı kəndi köhnə binaları, əyri və palçıqlı yolları olan bir neçə küçədən ibarət idi. Sizin sərəncamınızla 2008-ci ilin may ayında şəhər statusu almış Samux diqqət və qayğınız sayəsində böyümüş, abadlaşmışdır. Hazırda şəhərdəki bu geniş meydan, prospekt və küçələr, parklar, müasir görünüşlü tikililər çoxlarının qibtə yerinə çevrilə bilər. Təzə yaranmış, magistral yollardan kənarda yerləşən, bəzən sanki unudulmuş Samux rayonu Sizin diqqət və qayğınız sayəsində inkişaf yoluna qədəm qoydu, öz simasını dəyişərək abad bir diyara çevrildi. Kəndlərimiz də sürətlə inkişaf edir, abadlaşır, hər yerdə tikinti-quruculuq işləri aparılır. Bütün bunlar Sizin sayənizdə yeni iş yerlərinin açılması, insanların gəlirinin artması nəticəsində həyat şəraitinin yaxşılaşdırılmasının ən bariz göstəricisidir.
Cənab Prezident, mən gənc müəllim kimi işə başladığım 1990-cı illəri bu gün də kədərlə xatırlayıram. Açıq deyim ki, həyatımızın hər bir sahəsi kimi, təhsilimiz də acınacaqlı vəziyyətdə idi. Şagirdlər qışda qızdırılmayan, oturmağa partası belə olmayan məktəblərdə oxuyurdular. Müəllimlər sinfə girməyə, şagirdlərin qarşısına çıxmağa belə utanırdılar. Belə vəziyyətdə hansı sağlam nəsildən, hansı təlim-tərbiyədən, hansı savaddan söhbət gedə bilərdi? Ulu öndərin gənc nəslin sağlam və savadlı böyüməsinə göstərdiyi qayğını, 1990-cı illərin sonlarında təhsildə başlatdığı inqilabi dəyişikliyi Siz bir ürək yanğısı ilə davam etdirdiniz. Qısa zaman kəsiyində yüzlərlə məktəb, idman, səhiyyə obyektləri tikdirdiniz, özü də ən gözəlini, ən yaxşısını, ən möhtəşəmini, ən yaraşıqlısını. Çünki Siz dəfələrlə demisiniz: sağlam və savadlı nəsil bu millətin gələcəyidir, Azərbaycanımızın sabahıdır. Budur əsl azərbaycançılıq, budur xalqı, milləti sevmək nümunəsi!
Sizin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili çox hörmətli Mehriban xanım Əliyevanın köməyi ilə son beş-altı ildə rayonumuzda 8 məktəb binası tikilərək istifadəyə verilmiş, işlədiyim Qarayeri kənd 1 saylı məktəb də daxil olmaqla, 13 məktəb binası əsaslı təmir edilmişdir. Bununla da məktəblərin rayonumuzda 60 faizi yeni görkəm almışdır. Bizim üçün möcüzəyə çevrilmiş bu inkişafı 10-15 il bundan əvvəl xəyalımıza belə gətirə bilməzdik.
Mən əməyi Sizin tərəfinizdən yüksək qiymətləndirilən, "Əməkdar müəllim" fəxri adına layiq görülmüş yüzlərlə təhsil işçisindən biriyəm. Cənab Prezident, hər gün şagird və valideynlərlə görüşən bir müəllim kimi öz sevincimi Sizinlə bölüşmək, gənc nəslə, təhsil işçilərinə göstərdiyiniz qayğıya görə rayon sakinlərinin ən səmimi minnətdarlığını Sizə və Mehriban xanıma çatdırmaq istəyirəm.
Möhtərəm Prezident, sadaladığım bütün bu uğurlar Sizin gərgin əməyinizin nəticəsi, regionların inkişafına göstərdiyiniz qayğının bəhrəsidir. İnsanlar ancaq Sizə - öz Prezidentinə güvənərək, böyük ümidlə və inamla yaşayırlar. Ulu Tanrı Sizi qorusun!
* * *
Görüşdən sonra xatirə şəkli çəkdirildi.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında