Prezident İlham Əliyev Tərtərdə 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi ilə tanış olub

Noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.

Dövlətimizin başçısının 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na Prezidentin 2011-ci il 21 fevral tarixli Sərəncamı ilə edilmiş əlavələrə uyğun olaraq, Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi salınıb.

Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın yeni mənzillərlə təmin olunması istiqamətində son illərdə əhəmiyyətli tədbirlər görülüb. 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində qaçqın və məcburi köçkünlər üçün indiyədək 3,2 milyon kvadratmetr yaşayış sahəsi olan müasir qəsəbələr və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb. İndiyədək 50 mindən çox ailənin və ya 250 mindən çox qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 2,3 milyard manat vəsait sərf olunub. Bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün indiyədək 6,6 milyard manat vəsait xərclənib. Sahibkarlığın inkişafı məqsədilə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 24 min məcburi köçkünə 14,8 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib. Bu mikrokreditlərin əksəriyyəti kənd təsərrüfatı layihələrinə yönəldilib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Bununla da məcburi köçkünlər arasında yoxsulluq həddi son 14 ildə 75 faizdən 12 faizədək azalıb. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət göstərir. Belə ki, bu ilin mayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən “Ümid Yaşayış Kompleksi”nin təməli qoyulub. Abşeron rayonunun Masazır, Mehdiabad, o cümlədən Sabunçu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. 1170 məcburi köçkün ailəsi üçün Tərtər rayonunda inşa olunan dördmərtəbəli 34 yaşayış binasının tikintisi də başa çatdırılıb.

Prezident İlham Əliyev Ağdam rayonundan məcburi köçkün Pakizə Məmmədovanın mənzilində oldu, yaradılan şəraitlə maraqlandı.

Pakizə MƏMMƏDOVA: Xoş gəlmisiniz.

Prezident İlham ƏLİYEV: Sizi təbrik edirəm.

Pakizə MƏMMƏDOVA: Çox sağ olun. Bizə belə bir şərait yaratdığınıza görə çox minnətdaram.

Prezident İlham ƏLİYEV: Şərait necədir, xoşunuza gəlir?

Pakizə MƏMMƏDOVA: Çox xoşumuza gəlir. Gələndə buralara baxdım, heç gözümə inanmadım. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. O, yerində belə davamçı qoyub. Allah-Təala Sizi həmişə uca eləsin, bayrağımızı Xankəndidə, Şuşada, Kəlbəcərdə yüksəltsin. Mehriban xanımla bərabər başınızın üstündən heç vaxt yaman yellər əsməsin. O da əlil uşaqlara, böyüklərə şərait yaradır, bizim üçün əziyyət çəkir, çox sağ olsun. Allah Sizə də, ona da uzun ömür versin. Allah həmişə Sizdən razı olsun. Xalqın, köçkünlərin qeydinə qaldığınıza görə çox sağ olun.

Prezident İlham ƏLİYEV: İndi yeni, çox gözəl, yaraşıqlı mənziliniz var. Burada rahat yaşamaq olar.

Pakizə MƏMMƏDOVA: Çox gözəldir, çox yaxşıdır. Allah Sizə həmişə ömür versin.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, 1170 mənzilin ümumi sahəsi 88 min kvadratmetrdir. Mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürüləcək.

Qeyd olundu ki, 50 hektarlıq torpaq sahəsində inşa edilən yeni yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub. Musiqi məktəbində siniflərin hamısı musiqi alətləri ilə təchiz olunub. 280 yerlik uşaq bağçasında da balacaların təlim-tərbiyəsi üçün bütün imkanlar var. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada balacaların ilkin biliklərə yiyələnmələri üçün bütün tələblər nəzərə alınıb.

Yaşayış kompleksindəki məktəblə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, bu təhsil ocağı 1200 şagird yerlikdir. Burada şagirdlərin elmin sirlərinə yiyələnmələri üçün bütün imkanlar var.

Prezident İlham Əliyevə məlumat verildi ki, bu yaşayış kompleksi ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 97-ci şəhərcikdir. Kompleks salınarkən elektrik, su, qaz, istilik təchizatı və suvarma sisteminin, rabitə və televiziya şəbəkəsinin qurulmasına xüsusi diqqət göstərilib, yol, küçə və kanalizasiya şəbəkəsi yaradılıb. Ümumiyyətlə, indiyə qədər salınan yeni yaşayış kоmplеkslərində 152 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib, kilometrlərlə yol, su, hava elektrik və qaz xətləri çəkilib.

Burada ermənilərin Azərbaycana qarşı ərazi iddialarını ifşa edən “Marağa-150” abidəsi barədə də məlumatlar var. Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan bu abidə Tərtər rayonunun Şıxarx qəsəbəsindədir və 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Lakin mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, o, yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.

Məktəbin kompüter otağında şagirdlər informasiya texnologiyalarının sirlərinə yiyələnəcəklər. İdman zalı da zəruri avadanlıqla təchiz olunub və burada şagirdlərin bədən tərbiyəsi ilə məşğul olmaları üçün hər cür imkan var. Akt zalında müxtəlif tədbirlər keçirmək mümkün olacaq.

Prezident İlham Əliyev məktəbin yeməkxanasında, o cümlədən kitabxanada yaradılan şəraitlə tanış olduqdan sonra Tərtər rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

 

Prezident İlham Əliyevin çıxışı

 

– Bu gün biz Tərtər rayonunda köçkünlər üçün salınmış yeni şəhərciyin açılışında görüşürük. Burada yaşayacaq bütün köçkünləri bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Bu, çox böyük layihədir, 1170 ailə bundan sonra 34 çoxmərtəbəli binadan ibarət bu şəhərcikdə rahat yaşayacaq. Burada 1200 şagird yerlik bu gözəl məktəb, uşaq bağçası, musiqi məktəbi, tibb məntəqəsi tikilib. Burada rahat yaşamaq üçün bütün şərait var, infrastruktur yaradılıb - istilik, qaz, işıq, su.

Bu, bir daha onu göstərir ki, köçkünlərin problemləri daim diqqət mərkəzindədir və bizim üçün prioritet təşkil edir. Bu, sayca 97-ci qəsəbədir ki, Azərbaycan dövləti köçkünlər üçün istifadəyə verir. Bu qəsəbələrdə 250 mindən çox insan evlərlə, mənzillərlə təmin edilibdir. Bu il 2300 ailə yeni mənzillərə, evlərə köçürülür, gələn il də bu proses davam etdiriləcəkdir. Gələn il ən azı 4 min köçkün ailəsi yeni mənzillərə, evlərə köçürüləcəkdir. Bu, Azərbaycan dövlətinin siyasətini göstərir. Onu göstərir ki, məcburi köçkünlərin problemlərinin həlli bizim üçün əsas məsələdir. Təsadüfi deyil ki, Dövlət Neft Fondunun ilk vəsaiti ulu öndər Heydər Əliyevin göstərişi ilə məhz köçkünlərin problemlərinin həllinə istiqamətləndirilmişdir. Bu siyasət bu gün də davam etdirilir, hər il kifayət qədər böyük vəsait nəzərdə tutulur və bu il də belədir, gələn il də belə olacaq. Hələ də çətin vəziyyətdə yaşayan köçkünlər var, onların problemləri də öz həllini tapacaq. Qeyd etdiyim kimi, gələn il ən azı 4 min ailə yeni evlərlə təmin ediləcək və beləliklə, tədricən biz bu problemi həll edəcəyik. Bu şəhərcikdə yaşayacaq köçkünlər bu günə qədər çox ağır vəziyyətdə yaşayırdılar. Kimsə kirayədə, kimsə yararsız binalarda, uşaq bağçalarında yaşayırdı. İndi onların həyatında yeni dövr başlayır və bu, doğrudan da çox əlamətdar hadisədir. Onu da qeyd etməliyəm ki, bu şəhərcik qısa müddət ərzində tikilib istifadəyə verilir. Tikintinin başlanmasından heç bir il keçməyib. Bu, onu göstərir ki, bu məsələləri qısa müddət ərzində həll etmək üçün bizim kifayət qədər böyük imkanlarımız var.

Dövlət Neft Fondunun fəaliyyətinin bir istiqaməti də ölkə üçün ən önəmli layihələrdə maliyyə mənbəyi kimi iştirak etməkdir. Ölkəmiz üçün strateji əhəmiyyət daşıyan bir neçə layihənin maliyyə mənbəyi Dövlət Neft Fondudur. O cümlədən, ilk növbədə, köçkünlərin problemlərinin həlli üçün salınan qəsəbələrin mütləq əksəriyyəti Dövlət Neft Fondunun maliyyə mənbələri hesabına yaradılmışdır. Bu, onu göstərir ki, - mən həmişə bunu demişəm, - biz Azərbaycanda qara qızılı insan kapitalına istiqamətləndiririk. Neftdən əldə edilən gəlirlər həm ölkə iqtisadiyyatının inkişafına, infrastruktur layihələrinin icrasına, eyni zamanda, sosial məsələlərin həllinə yönəldilibdir və beləliklə, bu ağır problem tədricən öz həllini tapır.

Bu il köçkünlərin həyatında digər önəmli hadisə baş vermişdir. Uzun fasilədən sonra Cocuq Mərcanlı kəndinə həyat qayıtdı. Cocuq Mərcanlı kəndinin bərpası istiqamətində indi son addımlar atılır. Birinci mərhələdə biz bu il 50 evin istifadəyə verilməsini qeyd etmişik. Mən o mərasimdə iştirak etmişəm. İndi isə əlavə 100 evin tikintisi başa çatıb və tezliklə o evlərə də Cocuq Mərcanlı kəndinin sakinləri yerləşəcəklər. Orada da bütün infrastruktur yaradılıb, məktəb, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikilib. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Cocuq Mərcanlı kəndinin bərpası xüsusi məna, rəmzi xarakter daşıyır. Onu göstərir ki, Azərbaycan xalqı və Azərbaycan dövləti heç vaxt işğalla barışmayıb və barışmayacaq. Uzun illər ərzində digər yerlərdə yaşayan Cocuq Mərcanlı sakinləri imkan yarandıqca öz doğma kəndinə qayıtmışlar. Onlar bu arzu ilə yaşamışlar və artıq bu arzu həyatda öz əksini tapdı. Onlar bu arzuya çatdılar. Ona görə Cocuq Mərcanlının bərpası çox böyük rəmzi məna daşıyan bir hadisədir.

Eyni zamanda, Cocuq Mərcanlının bərpası aprel döyüşlərinin uğurlu nəticəsi hesabına mümkün olmuşdur. Keçən il Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək minlərlə hektar torpağı düşməndən azad etmişdir və bundan sonra Cocuq Mərcanlıda yaşamaq mümkün olmuşdur. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir, Azərbaycan əsgərinin qələbəsidir, Azərbaycan dövlətinin qələbəsidir. Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir. Bir daha sübut etdik ki, heç vaxt Azərbaycan indiki vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, dəstəklənir, bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz sözlərini demişlər. Onların arasında ən mötəbər təşkilat BMT-dir. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Yəni, beynəlxalq aləm bu məsələ ilə bağlı öz sözünü deyib. Tarixi ədalət də bizim tərəfimizdədir. Biz hamımız yaxşı bilirik və indi dünya da bilir ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülmüşdür. Bunu əks etdirən bir çox tarixi sənədlər var və bu sənədlərin bir hissəsi, o hadisəni əks etdirən eksponatlar bu gün açdığım Tərtər Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir. Bu, elmi kitablarda da öz əksini tapıb. 1978-ci ildə tikilən və ermənilərin İrandan Dağlıq Qarabağa köçürülməsini əks etdirən abidə də bunu təsdiqləyir. O vaxt ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyi qeyd olunmuş və bunu əks etdirən abidə ucaldılmışdır. Münaqişə başlayan kimi ermənilər o abidəni dağıtmışlar. Ancaq axıra qədər dağıda bilməmişlər. O abidənin qalıqları tapılıb, bərpa edilib və əyani sübut kimi artıq qorunur. Bu, bütün dünyaya göstərir ki, ermənilər bu ərazidə gəlmədirlər, köçürülüblər. Necə köçürülüblər, kim tərəfindən köçürülüblər – biz bunu da yaxşı bilirik və tarix bunu təsdiqləyir.

Ona görə, mən həmişə deyəndə ki, Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır, bunu tarixi həqiqətə əsaslanıb deyirdim. Bizim ümumi işimiz ondan ibarətdir ki, bütün dünya bunu bilsin və artıq biz bunu görürük. Bizim səylərimiz və yorulmaz fəaliyyət nəticəsində dünyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı fikir formalaşıb. Qeyd etdiyim kimi, bütün mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bunu təsdiqləyən bir çox qərar, qətnamələr qəbul edilmişdir. Dağlıq Qarabağın tarixi keçmişi haqqında biz bütün dünyaya məlumatlar təqdim edirik. Bu yaxınlarda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə qəbul edilmiş yekun Bəyannamədə də Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü bir daha təsdiqlənib və dəstəklənib. Bu, bizim böyük diplomatik nailiyyətimizdir. Ona görə münaqişənin həlli yolları bu tarixi həqiqətə, ədalətə və beynəlxalq hüquqa əsaslanmalıdır. Əminəm ki, belə də olacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Heç vaxt biz imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın.

Vaxtilə işğal edilmiş və tamamilə dağıdılmış Cocuq Mərcanlıya aprel döyüşləri nəticəsində bu il Azərbaycan vətəndaşları qayıdıblar. Eyni zamanda, vaxtilə işğal altında olmuş bu ərazidə bu gün, bax, bu gözəl şəhərcik salınıb. Bu, bir daha onu göstərir ki, biz öz torpağımızda yaşayırıq, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycana məxsus olan ərazidir, torpaqdır. İndi biz sizinlə bu torpaqda – işğalçılardan azad edilmiş torpaqda görüşürük. Burada Azərbaycan vətəndaşları yaşayacaq və Azərbaycan bayrağı dalğalanır.

Mən Tərtər rayonuna müntəzəm olaraq gəlirəm. Keçən il iki dəfə gəlmişdim. Keçən il içməli su layihəsinin açılışını birlikdə qeyd etmişik. Şadam ki, bu layihə indi Tərtər sakinlərinə gözəl xidmət edir. İndi şəhər əhalisi içməli su ilə tam təmin olunub, bir neçə kəndə də içməli su xətti çəkilibdir. Bu, çox gözəl layihədir, gözəl hadisədir. Eyni zamanda, digər infrastruktur layihələri də uğurla icra edilir. Qazlaşdırma artıq 94 faizə çatıbdır və əminəm ki, yaxın gələcəkdə Tərtərin bütün yaşayış məntəqələri qazla tam təmin ediləcək. Elektrik enerjisi ilə problem yoxdur. Kənd yolları salınır. Bir yolun açılışını bu gün qeyd etdik. Artıq bir neçə kənd yolu layihəsi icra edilibdir. Gələn il də bir neçə kəndi birləşdirən yolların salınması nəzərdə tutulub. Bir sözlə, əminəm ki, gələn ilin sonuna qədər Tərtər rayonunun kəndlərinin mütləq əksəriyyəti gözəl yollarla təmin ediləcəkdir. Sənaye istehsalı, sosial məsələlər öz həllini tapır. Gözəl xəstəxana, Gənclər Mərkəzi, Şahmat Məktəbi tikilmişdir. Bu gün Tarix-Diyarşünaslıq Muzeyi açıldı.

Tərtərdə kənd təsərrüfatı uğurla inkişaf edir. Pambıqçılıq bərpa edilir. Onu da qeyd etməliyəm ki, mənə mütəmadi olaraq pambıq yığımı ilə bağlı məlumat verilir. Görürəm ki, Tərtər rayonu məhsuldarlığa görə birinci yerdədir. Bu, çox gözəl hadisədir. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm.

Pambıqçılığın ənənələri bərpa edilir. Gələcəkdə daha da böyük ərazidə kənd təsərrüfatı məhsulları yetişdiriləcəkdir. Bu, həm məşğulluq deməkdir, həm də maddi rifahı yaxşılaşdıran təşəbbüsdür. Biz hamımız yaxşı bilirik ki, ulu öndər Heydər Əliyevin dövründə pambıqçılıq nə qədər inkişaf etmişdi. Əfsuslar olsun ki, ondan sonra biz demək olar, bu sahəni itirmişdik, indi isə bərpa edirik. Biz iki il ərzində çox böyük uğurlara imza atdıq. Əgər 2015-ci ildə təqribən 30 min ton pambıq yığılmışdırsa, artıq bu gün, - hələ ki, yığım davam edir, ilin sonuna qədər davam edəcəkdir, - 190 min tondan çox pambıq tədarük olunub. Planlarımız isə ondan ibarətdir ki, biz istehsalı artıraq, xüsusilə məhsuldarlıq hesabına. Ona görə hesab edirəm ki, Tərtər zəhmətkeşlərinin təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır. Çünki heç də hər bir rayonda məhsuldarlıq sizdə olduğu kimi deyil. Ona görə burada görülən aqrotexniki tədbirlər, suvarma və texnikadan istifadə ilə bağlı təcrübə gərək təhlil edilsin və məhsuldarlığı az olan rayonlara tövsiyə kimi göndərilsin. Mən bu tapşırığı verirəm. Düzdür, indi plan yoxdur, ancaq hədəf var. Çox şadam ki, Tərtər o hədəfə artıqlaması ilə çatdı. Tərtər hədəfi təqribən 25 faiz səviyyəsində üstələdi. Bu, çox sevindirici haldır. Kənd təsərrüfatının digər sahələrində də yaxşı nəticələr var.

Bir sözlə, bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar.

Bu gün, eyni zamanda, mən yeni tikilmiş hərbi hissənin açılışında da olacağam. Azərbaycanın hərbi qüdrəti gündən-günə artır. Qeyd etdiyim kimi, bizim Ordumuz beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır. Ordumuzun bütün ehtiyacları təmin edilir. Ən müasir silahlar, texnikalar alınır, şəhərciklər salınır, infrastruktur, hərbi bazalar yaradılır. Əlbəttə, bir daha qeyd etmək istəyirəm ki, Tərtər və tərtərlilər düşmənlə üz-üzə ön xətdə möhkəm dayanıblar.

Sizi bir daha salamlayıram və belə gözəl hadisə münasibətilə təbrik edirəm.

* * *

Ağdərə rayonundan məcburi köçkün İlqar QASIMOV çıxış edərək dedi:

– Cənab Prezident, mən Sizi bu yeni qəsəbəyə köçürüləcək məcburi köçkünlər, soydaşlarım və bütün qarabağlılar adından səmimi qəlbdən salamlayıram. Bu qəsəbənin ətrafında gördüyünüz o yüksəkliklərdən - 2016-cı ilin aprel zəfəri zamanı azad olunmuş Talış kəndi ətrafındakı və ona paralel digər yüksəkliklərdən – Keçəldağ, Murovdağ yüksəkliklərindən bu qəsəbə ovuc içi kimi görünür. Bizim mənfur düşmənlərimiz orada kol-kos arasından bizi görürlər. Siz burada onların gözü qarşısında bir dağ ucaltmısınız, göz dağı ucaltmısınız.

Ümumiyyətlə, Sizin Azərbaycana rəhbərliyiniz dövründə ailə üzvlərinizlə, Birinci vitse-prezidentimiz Mehriban xanımla ölkəmizin iqtisadiyyatının, sənayesinin, kənd təsərrüfatının inkişafı ilə bağlı birlikdə gördüyünüz qiymətli işlər dövlətimizin gələcəyinin təmin olunmasına yönəlib.

Mənim diqqətimi bu yaxınlarda Belçikanın Brüssel şəhərində iki məqam cəlb etdi. Birincisi, Birgə Bəyannamənin qəbul olunduğu Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammiti, ikincisi isə NATO-nun toplantısı idi. Hər iki tədbirdə Siz israrla “Azərbaycanda ikinci erməni dövləti yaradılmayacaq” ifadəsini işlətdiniz. Cənab Prezident, mən fəxr edirəm ki, ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə yaxın xaricdə təhsil almışam. Onun tövsiyəsi ilə Azərbaycana - öz doğma yurduma qayıtmışam. Bu gün o biliklərimdən istifadə edərək Sizin qarşınızda çıxış edirəm.

Baxın, mənfur düşmənlərimizin torpaqlarımızda yaratmağa çalışdıqları qondarma “Dağlıq Qarabağ respublikası”nın uydurma “gerb”ində qartal caynağında pilləkən şəkli var. Bunun mənası aydındır. Onlar pillə-pillə, pilləkən-pilləkən kiminsə torpaqlarında özlərinə dövlət qurmaq istəyirlər. Amma Siz əvvəlcə Cocuq Mərcanlıda, bu gün dayandığımız Ağdərə torpağında pillə-pillə tikərək, quraraq Qarabağa doğru irəliləyirsiniz. Onlar şəkildə, Siz isə əməldə. Fərq, bax, bundan ibarətdir.

Cənab Prezident, Allah bir insanı cəzalandırmaq istəyəndə əvvəlcə onun ağlını alır. Ağlı alınmış insan isə özünə elə cəza fikirləşir ki, Allah-Təala yeni cəza tapa bilmir. Ermənilər qara əllərini Qarabağa uzadanda Allah-Təala onların ağlını almışdı. İndi qalıblar Qarabağda - nə qaça, nə də qala bilirlər. Bax, məsələ budur.

Bir azərbaycanlı kimi, iki məqamı da nəzərinizə çatdırmaq istəyirəm. Siz bütün ilboyu Birinci vitse-prezidentimizlə birlikdə əlinizdə qayçı lentlər kəsirsiniz. Bəzən qəsəbələrə, kəndlərə, rayonlara çəkilmiş yeni yollarda asfaltın keyfiyyətini öz xidməti avtomobilinizlə yoxlayırsınız. Bu, mənə şəxsən qürur verir. Mənim bir arzum var - Siz o qayçı ilə işğaldan azad olunacaq bütün rayonlarımızda – Şuşada, Laçında, Xankəndidə, Kəlbəcərdə lentlər kəsəsiniz. Arzu edirəm ki, öz avtomobilinizlə Şuşa yolunun keyfiyyətini yoxlayasınız. Diqqətinizə görə sağ olun.

* * *

Tərtər sakini Tofiq HACIYEV dedi:

– Möhtərəm cənab Prezident, mən də tərtərlilər adından Sizi salamlayır, Sizə “Xoş gəldiniz” deyirəm. Sizin hər dəfə Tərtərə gəlişiniz hamımızı sevindirir. Cənab Prezident, Siz tərtərlilər üçün çox iş görmüsünüz. Onların firavan yaşamaları üçün hər şəraiti yaratmısınız. Bizim gözəl məktəblərimiz, abad yollarımız, daimi içməli suyumuz, işığımız, qazımız var.

Tərtərin cəbhə bölgəsində yerləşməsinə baxmayaraq, tərtərlilər özlərini çox sərbəst hiss edirlər. Onlar bir an da olsun öz əmək fəaliyyətlərindən, təsərrüfat işlərindən əl götürmürlər. Çünki onlar Sizə, aprel döyüşlərində öz qüdrətini sübut etmiş, Ali Baş Komandanı olduğunuz şanlı Azərbaycan Ordusuna inanırlar. Bütün bunlara görə biz tərtərlilər Sizə minnətdarıq.

Çox sağ olun. Allah Sizi qorusun.

* * *

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında