Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər. 

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda bir daha salamlamaq istəyirəm. Çox şadam ki, ölkəmizə səfərə gəlmisiniz. Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında qısa görüşümüz olub. Dəvəti qəbul edib Azərbaycana səfərə gəldiyinizə görə minnətdaram. Bu, ölkəmizə Sizin ilk səfərinizdir. Əminəm ki, səfər çox uğurlu olacaq.

Tərəfdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı bu gün artıq fikir mübadiləsi apardıq. Əminəm ki, bölüşdüyümüz ideyalar ölkələrimiz arasında daha geniş əməkdaşlığa yol açacaq. Siyasi və iqtisadi sahələrdə əməkdaşlığın səviyyəsindən məmnunuq. Lakin əminəm ki, iqtisadi sahədəki potensialımız bu gün mövcud olan potensialdan daha üstündür. Bu cür yaxşı siyasi münasibətlərə malik olmaqla yanaşı, biz ticarət, investisiya sahələrinə və digər sahələrə də diqqət yetirməliyik. Nəticədə tərəfdaşlığımız daha da genişlənəcək və şaxələnmiş olacaq.

Bolqarıstan bizim üçün çox sıx tərəfdaşdır, dost ölkədir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də çox fəal əməkdaşlıq edirik. Səfəriniz bir daha göstərir ki, biz yaxın dostuq və əməkdaşlığımız uğurla davam edəcək.

Sizə Azərbaycanda xoş səfər arzulayıram. Bir daha ölkəmizə xoş gəlmisiniz.

Bolqarıstan Prezidenti Rumen ­RADEV dedi:

– Cənab Prezident, əvvəlcə, icazə verin dəvətə və gözəl ölkənizə səfər etmək imkanına görə nümayəndə heyətim adından Sizə təşəkkürümü bildirim.

Ölkələrimizin rəhbərliyi arasında müzakirələrin aparılması və dialoqun davam etdirilməsi üçün burada olmağımızdan şadıq. Hesab edirik, siyasi dialoqun intensivliyi göstərir ki, xalqlarımız və ölkələrimiz arasında çox yaxşı münasibətlər var. Bununla belə, Siz də qeyd etdiyiniz kimi, siyasi dialoqun səviyyəsi əməkdaşlığımızın bir çox digər sahələrdə inkişafı üçün yaxşı şərait yaradır. İndicə iqtisadi və enerji əməkdaşlığını, imkanlarını və potensialını müzakirə etdik. Biz “Cənub” Qaz Dəhlizinə dəstək veririk. Azərbaycan Şərqi və Mərkəzi Avropada şaxələndirmə imkanlarının təmin edilməsində mühüm rol oynayır. Buna görə, biz həmin layihəyə dəstəyimizi veririk. Daşımalar, nəqliyyat dəhlizinin yaradılması ilə bağlı çox böyük potensial var. Biz, həmçinin ölkələrimiz üçün vacib olan Bakı ilə Sofiya arasında birbaşa uçuşları müzakirə etdik. Əgər həmin hava xəttini aça bilsək, bütün digər sahələrin inkişafına töhfə vermiş olacağıq. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında