Şriftin ölçüsü:
25.04.2010 09:10 | Oxunma sayı: 368
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Moskvanın və Bütün Rusiyanın patriarxı Kirilli qəbul etmişdir.
Azərbaycan dövlətinin başçısı patriarx Kirilli qarşıladı.
Prezident İlham ƏLİYEV qonağı salamlayaraq dedi:
- Zati-müqəddəsləri, Sizi Azərbaycanda ürəkdən salamlamaq istəyirəm. Ölkəmizə xoş gəlmisiniz.
Nisbətən qısa müddətdə bu, sizin Azərbaycana ikinci səfərinizdir. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, Sizin ölkəmizə xeyirxah münasibətinizin əyani göstəricisidir. Biz Sizi Azərbaycanın böyük dostu, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına layiqli töhfə verən insan kimi tanıyırıq. Sizin Rusiyanın rifahı naminə, xalqlar arasında qlobal miqyasda əməkdaşlıq naminə fəaliyyətinizi izləyirik. Əlbəttə, ölkəmizə Sizin növbəti səfəriniz geniş spektrli məsələlər barəsində fikir mübadiləsi aparmaq üçün növbəti imkandır.
Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla, dinamik inkişaf edir. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri kimi səciyyələndirir və bu ifadə bütün çoxşaxəli müştərək fəaliyyət sahəsini əhatə edir. Əlbəttə, bu münasibətlərdə xüsusən xalqlarımızın yanaşı yaşamasının, müştərək fəaliyyətinin, rus və Azərbaycan xalqları arasında ənənəvi dostluq münasibətlərinin çoxəsrlik tarixini nəzərə alsaq, xalqlar arasında münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Biz çox şadıq ki, ciddi bu ənənələr möhkəmlənir, davam edir və Sizin bu işə böyük töhfənizi bir daha qeyd etmək istərdim.
Azərbaycan dövləti bunları, eləcə də dünyada bütün konfessiyalar arasında dialoqun inkişafı işində böyük xidmətlərinizi nəzərə alaraq Sizi yüksək dövlət ordeni - "Şərəf" ordeni ilə təltif etmişdir. İndi mən böyük məmnunluqla bu ordeni Sizə təqdim etmək istərdim.
Prezident İlham Əliyev patriarx Kirillə "Şərəf" ordenini təqdim etdi. Rus Pravoslav kilsəsinin başçısı bu ordenə Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə layiq görülmüşdür.
Moskvanın və Bütün Rusiyanın patriarxı KİRİLL Azərbaycan dövlətinin başçısına təşəkkürünü bildirərək dedi:
- Zati-aliləri, çox hörmətli cənab Prezident!
Mənə Azərbaycanın dövlət ordenini təqdim etməklə məni layiq gördüyünüz bu yüksək şərəfə, həmişə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə ürəkdən təşəkkür etmək istərdim. Lakin ən başlıcası, Azərbaycan xalqının və MDB xalqlarının rifahı naminə əməyinizə görə Sizə təşəkkür etmək istərdim.
Mən Moskvadan gəlmişəm və buna görə əlbəttə, Rusiya-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulamaq istərdim. Bu sahədə Sizin töhfəniz olduqca qiymətlidir. Siz rəhmətlik valideyninizin, Rusiyanın böyük dostunun yeritdiyi xətti davam etdirirsiniz və biz bu münasibətlərin necə sürətlə inkişaf etdiyini görürük. Bu münasibətlərdə yeni dinamizm Sizin adınızla bağlıdır və mənim fikrimcə, xalqlarımız arasında tərəfdaşlıq, dostluq münasibətləri həm Qafqaz regionunda, həm də bütün dünyada sülhün qorunub saxlanması üçün çox böyük əhəmiyyət kəsb edir.
Mən dinlərarası münasibətlərdə Sizin rolunuzu xüsusi vurğulamaq istərdim. Azərbaycan dövlətində insanların əksəriyyəti islam dininə etiqad edir. Lakin burada pravoslav və yəhudi icmaları da ənənəvi olaraq mövcuddur və Azərbaycanda heç vaxt dinlərarası münaqişələr olmamışdır. Müasir terminologiyadan istifadə etsək, bu gün tolerantlığın yüksək səviyyədə olduğunu deyərdik. Əvvəllər insanlar bu cür qəliz sözlər işlətmir, daha sadə danışırdılar. Biz birgə yaşayırıq, bayramlarımızı birgə qeyd edirik, bir-birimizin sevincini və kədərini bölüşürük.
Mən Azərbaycanın pravoslav icması adından Sizin xalqınızın həyatına xas olan bu sülhsevərlik ruhuna görə, həm Azərbaycanın daxili həyatı üçün, həm də Azərbaycanın onu əhatə edən ölkələrlə, zənnimcə dünyanın bütün ölkələri ilə münasibətlərinin qurulması üçün çox böyük əhəmiyyət kəsb edən mehriban dinlərarası münasibətlərə görə Sizə ürəkdən təşəkkür etmək istərdim. Mən həm də Sizə Rus Pravoslav kilsəsi tərəfindən dərin təşəkkürümü və minnətdarlığımı bildirmək və teleqramı oxumaq istərdim.
"Xeyirxah əməl sahibi olan hər kəsə eşq olsun.
Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikasında dinlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə sanballı töhfə verdiyinə görə Rus Pravoslav kilsəsinin "I dərəcəli Şöhrət və Şərəf" ordeni ilə təltif edilir". Mən ordeni Sizə təqdim edirəm.
Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill ordeni Prezident İlham Əliyevə təqdim etdi.
Prezident İlham ƏLİYEV:
- Çox sağ olun, Zati-müqəddəsləri. Bu cür yüksək ordenlə təltif edilməyim mənim üçün böyük şərəfdir. Bu ordeni şəxsən Sizin əlinizdən qəbul etmək mənim üçün ikiqat xoşdur. Sizi, Azərbaycanın bütün vətəndaşlarını, ölkəmizdə yaşayan bütün millətlərin və xalqların nümayəndələrini, bütün dinlərin nümayəndələrini əmin edə bilərəm ki, mən bundan sonra da öz fəaliyyətimdə ölkəmizdə millətlərarası, konfessiyalararası dialoq işinə töhfə verməyə çalışacağam. Əminəm ki, ölkəmizdə bizim fəxr etdiyimiz dinc yanaşı yaşamaq ənənələri davam etdiriləcək, ölkəmizin bütün vətəndaşları sülh, qardaşlıq, dostluq şəraitində yaşayacaq və ümumi rifah naminə fəal işləyəcəklər. Sağ olun.
* * *
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvanın və Bütün Rusiyanın patriarxı Kirilli salamladı.
Rus Pravoslav kilsəsinin başçısı Mehriban xanımı görməyə şad olduğunu dedi. O, Azərbaycanın birinci xanımına gül dəstəsi və hədiyyə təqdim etdi.
* * *
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin adından Moskvanın və Bütün Rusiyanın patriarxı Kirillin şərəfinə şam yeməyi verildi.
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.