“Azərxalça” ASC-nin Şəmkir filialının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 20-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Şəmkir filialının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisə barədə məlumat verdi. Bildirildi ki, “Azərxalça” ASC-nin Şəmkir filialının binasının tikintisinə 2016-cı ildə başlanılıb və inşaat işləri bu il başa çatdırılıb. Ümumi sahəsi 1100 kvadratmetr olan filial binasında 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və Gəncə, Şəmkir, Samux, Daşkəsən, Göygöl, Gədəbəy, Goranboy rayonlarının kəndlərində toxunan orijinal Gəncəbasar xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi şəkildə iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Hazırlıq-tədris kursları filial fəaliyyətə başladıqdan sonra da davam etdiriləcək və məzunlara “Azərxalça” ASC-nin sertifikatı veriləcək. Satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatının sərgilənməsi və satışı həyata keçiriləcək.

Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xalçaçılarla görüşdü.

Xalçaçı İlhamə MƏMMƏDOVA dedi:

– Cənab Prezident, bizə belə bir müəssisəni bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Mənim uşaqlıqdan arzum bu idi ki, xalça toxuyum. Xalça toxumaq biz Azərbaycan qadınlarının qanında var. Bizim nənələrimiz də xalça toxuyublar. Təəssüf ki, mən onlardan birini görüb öyrənə bilməmişdim. Çox sevinirəm ki, məhz Sizin sayənizdə burada yaradılmış müəssisədə qısa müddət ərzində xalça toxumağı öyrəndim. İndi burada mənim gözəl kollektivim və daimi iş yerim var. Bunun üçün Sizə çox minnətdaram.

Mən buraya Şəmkirin Qapanlı kəndindən gəlirəm. Buraya işləmək üçün rayonumuzun Qaracaəmirli, Seyfəli və digər kəndlərindən, həmçinin Gəncəbasardan gələnlər var. Biz müxtəlif ölçülərdə xalçalar toxuyuruq. Biz işimizdən çox razıyıq. Sizə çox minnətdarıq ki, bizim üçün belə şərait yaratmısınız. Göstərdiyiniz bu qayğıya və diqqətə görə çox sağ olun. Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Prezident İlham ƏLİYEV dedi:

– Çox sağ olun. Mən də sizi xalça fabrikinin açılışı münasibətilə təbrik edirəm. Çox gözəl hadisədir. Bu, artıq ikinci xalça fabrikidir ki, Azərbaycanda açılır. Birinci fabriki biz keçən il Füzuli rayonunun Horadiz şəhərində açmışıq. Orada 150 iş yeri yaradılmışdır. Burada da 150 nəfər işlə təmin olunacaq. Burada işləyənlərin demək olar ki, hamısı qadınlardır. Bu xalça fabriklərinin yaradılması çox əlamətdar hadisədir.

Bir müddət bundan əvvəl mənim sərəncamımla “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Cəmiyyətin qarşısında vəzifə qoyulmuşdur ki, tezliklə ölkəmizin bütün bölgələrində xalça fabrikləri yaradılsın. Bu il 10 fabrik, gələn il də 10, 2019-cu ildə də əlavə 10 fabrik yaradılacaq. Beləliklə, Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq. Bu fabriklərdə 5 mindən çox insan, - onların mütləq əksəriyyəti qadınlar olacaq, - daimi işlə təmin ediləcək. 

Bu, çox gözəl təşəbbüsdür. Çünki xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Əsrlər boyu biz bu sənəti yaşadırıq. Biz haqlı olaraq hesab edirik ki, xalçaçılıq bizim milli sənətimizdir. Azərbaycan xalçaçılığın vətənidir. Bu, bizi çox qədim vaxtlara aparan bir tarixdir. Ölkəmizin müxtəlif bölgələrində xalçalılıq məktəbi mövcuddur və sizin kimi gözəl insanlar bu sənəti yaşadırsınız.

Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində, müxtəlif ölkələrin saraylarında nümayiş etdirilir. Bakıda möhtəşəm Xalça Muzeyi yaradılmışdır. İndi xalçaçılıq sənətinin inkişafı ilə bağlı əlavə tədbirlər də görülür və bu fabriklərin yaradılması bunun bir hissəsidir. Çünki bu, həm iş yerləridir, həm biz tarixi sənətimizi, sərvətimizi qorumuş oluruq, həm də qadınlar üçün iş yerləri yaradılır. Bu da çox vacibdir ki, qadınlar işlə təmin olunsunlar, ailə büdcəsinə öz töhfəsini versinlər və işlə məşğul olsunlar, xüsusilə belə gözəl şəraitdə.

Bu fabrik ən müasir standartlara cavab verir. Burada ən gözəl dəzgahlar quraşdırılıb. Sizin istehsal etdiyiniz xalçalar həm daxili bazarlarda, həm də xaricdə satılacaq. Ölkəmizə daha çox valyuta gələcək, ölkəmiz və qədim xalçaçılıq sənətimiz dünyada nümayiş etdiriləcək. İndi bir çox ölkələrdə bilirlər ki, Azərbaycanda xalçaçılıqda çox gözəl ənənələr var və xarici bazarlara çıxmaqla biz bu məqsədi də təmin etmiş oluruq. Ölkəmizin təbliğatı, tanıdılması istiqamətində bunun çox böyük mənası var.  

Növbəti mərhələlərdə əyirici-boya fabrikinin yaradılması nəzərdə tutulur ki, biz boyalarla bağlı xaricdən asılılığı azaldaq. Yun tədarükü məsələləri öz həllini tapır. Eyni zamanda, bilirsiniz ki, Azərbaycanda ipəkçilik də sürətlə inkişaf etdirilir. İpək xalçaların toxunması da gündəlikdədir. Yəni, “Azərxalça”nın yaradılması həm xalçaçılıq sənətinin qorunmasına, həm də qeyri-neft sektorunun inkişafına çox böyük təkan vermişdir.  

Şadam ki, ikinci fabrik Şəmkir rayonunda yaradılıb. Şəmkir qədim Azərbaycan diyarıdır. Bu gün Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən eksponatlar, fotoşəkillər bunu bir daha göstərir. Burada böyük arxeoloji ekspedisiya fəaliyyət göstərir və qədim Şəmkir şəhərinin tarixi tapıntıları artıq nümayiş etdirilir.

Şəmkirin inkişafına çox böyük diqqət göstərilir. Bu gün şəhər gözəlləşir, abadlaşır. Deyə bilərəm ki, Şəmkir ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilib. Şəmkirdə həm abadlıq-quruculuq işləri, eyni zamanda, infrastruktur məsələləri həll olunur. Dörd il bundan əvvəl mənim iştirakımla şəhərin içməli su təminatı layihəsi istifadəyə verilmişdir. Bu gün 200 çarpayılıq böyük xəstəxananın tikintisi davam etdirilir, gələn il istifadəyə veriləcək. Yeni yollar salınır. Bu gün biz yol layihəsinin də açılışını etdik.

Elektrik enerjisi ilə təminat yaxşılaşır, qazlaşdırmanın səviyyəsi 90 faizdən çoxdur, 30-dan çox məktəb tikilib, təmir edilib. Yəni, rayonun hərtərəfli inkişafı təmin olunur.

Şəmkir rayonunun çox böyük iqtisadi potensialı var. Burada kənd təsərrüfatı, emal sənayesi inkişaf edir. Şəmkirçay su anbarının istifadəyə verilməsi nəticəsində on minlərlə hektar torpaqda əkin işləri aparılır. Ölkəmizin ən böyük aqroparkı yaradılır. Bu gün Logistika Mərkəzinin açılışı da nəzərdə tutulur. Belə gözəl fabrikin açılışı da Şəmkir rayonunun iqtisadiyyatına növbəti töhfədir. Mənim göstərişim “Azərxalça” tərəfindən layiqincə yerinə yetirilir. Qısa müddət ərzində biz ikinci fabrikin açılışına nail olduq. Bu iki fabrikdə 300 iş yeri yaradılmışdır və qeyd etdiyim kimi, bu iş yerlərinin sayı 5 minə çatacaq.

Sizə uğurlar arzulayıram. Arzu edirəm siz öz biliyinizi gənc nəslə də ötürəsiniz ki, Azərbaycanda xalçaçılıq sənəti daim yaşasın. 

İlhamə MƏMMƏDOVA: Cənab Prezident, Siz Horadizdə xalça fabrikinin açılışını edəndə evdə baxıb deyirdim ki, kaş bizim də rayonumuzda belə bir müəssisə açılardı. Mən bunu çox arzulayırdım. Xalçaçılıq sənətini çox sevirəm. Hər dəfə hana arxasında əyləşib xalça toxuyarkən Sizə dua edirəm, ilk növbədə ona görə ki, öz sevimli peşəmə qovuşmuşam. 

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Onu da qeyd etməliyəm ki, qonşu rayonlarda da xalça fabriklərinin açılışı nəzərdə tutulur.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi MURADOV:

Cənab Prezident, Tovuz, Ağstafa və Qazaxda da bu ilin sonuna qədər fabriklərin açılması nəzərdə tutulur. O rayonların toxucuları da burada hazırlıq kursu keçirlər, biz həm də onları işə götürmüşük. Fabriklər hazır olandan sonra həmin üç rayonda 450 nəfər işlə təmin olunacaq.

Prezident İlham ƏLİYEV: Bu zonanın xalçaçılıq sənəti çox zəngindir, qədim ənənələri var.

Xalçaçı Zəminə İSGƏNDƏROVA dedi:

– Xoş gəlmisiniz, cənab Prezident. Bu gün bizim sevincimizin həddi-hüdudu yoxdur. Həm Sizi görməyi, Sizinlə söhbət etməyi Allah bizə qismət etdi. Həm də bizə belə gözəl iş yerləri yaratdığınıza görə Sizə minnətdarıq. Sizə kollektivimiz adından təşəkkür edirik.

Mən Şəmkir rayonunun Tatarlı kəndindənəm. Bu sənəti çox sevirəm. Nənəmizdən, anamızdan görüb-götürdüyümüz bir sənətdir. Bu sənəti qızıma da öyrədirəm. Biz nənələrimizin davamçılarıyıq, qızlarımız da bizim davamçılarımız olacaqlar. Cənab Prezident, sizə çox minnətdarıq. Biz Sizi çox istəyirik.

Prezident İlham Əliyev: Sağ olun. Mən də sizi çox istəyirəm.

Xalçaçı Solmaz CƏLİLOVA dedi:

– Cənab Prezident, mənim birinci arzum odur ki, Allah Sizə uzun ömür, möhkəm cansağlığı versin. Çox sevinirik. Biz Sizinlə fəxr edirik. Bizə yaratdığınız bu şəraitə görə çox sevinirik.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Mən sizdən çox sevinirəm. 

Solmaz CƏLİLOVA: İki şəhid bacısı, iki veteran anası kimi mənim ikinci arzum odur ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunsun, Cocuq Mərcanlı kimi abadlaşsın, gözəlləşsin. Sizə böyük nailiyyətlər, xoş günlər, əsas nemət olan cansağlığı arzulayıram.

Prezident İlham Əliyev: Sağ olun. 

Xalçaçılar: Cənab Prezident, xahiş edirik bizim salamlarımızı Mehriban xanıma çatdırın.

* * *

Prezident İlham Əliyev fabrikdə toxunması başa çatmış xalçanı kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında