Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib

Göygöl rayonunun Aşağı Zurnabad qəsəbəsi ərazisindəki 3 MVt-luq “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra avqustun 19-da istismara verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyanın yenidənqurmadan sonra açılışında iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiya barədə məlumat verdi.

Bildirildi ki, 1927-ci ildə inşa edilmiş bu su elektrik stansiyası 1997-ci ildə sel nəticəsində tamamilə dağılaraq istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Respublikası Prezidentinin ölkə iqtisadiyyatına özəl investisiyaların cəlb edilməsi tapşırığına uyğun olaraq, stansiya hazırda investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Burada əsaslı yenidənqurma işləri aparılıb, yeni avadanlıq quraşdırılıb.

Diqqətə çatdırıldı ki, stansiyanın turbin zalı, üçmərtəbəli idarəetmə və inzibati binası da müasir səviyyədə qurulub. Stansiyada hər birinin gücü 1 MVt olan 3 hidroturbin və 3 hidrogenerator quraşdırılıb. Yenidənqurma işləri çərçivəsində stansiyada 35/6/0,4 kV-luq yarımstansiyalar yaradılıb və elektrik verilişi xətləri çəkilib. Stansiyanın su hövzəsinin tutumu 153 min kubmetr, bəndinin hündürlüyü 10, uzunluğu 134, qaşının eni 5, dibinin eni isə 60 metrdir. Burada suburaxma qabiliyyəti saniyədə 65 kubmetr olan sutullayıcı, suburaxma qabiliyyəti saniyədə 10 kubmetr olan suqəbuledici quraşdırılıb. Stansiyanın derivasiya kanalının en kəsiyi 5 kvadratmetr, uzunluğu isə 3800 metrdir. Burada, həmçinin uzunluğu 500 metr, diametri 1600 millimetr olan boru quraşdırılıb.

Qeyd edildi ki, “Çiçəkli” Su Elektrik Stansiyası iqtisadi və sosial cəhətdən olduqca əhəmiyyətlidir. İldə 20 milyon kVt-saat elektrik enerjisi istehsaletmə gücünə malik olan bu stansiya Göygöl rayonunun tələbatının 15 faizini, Göygöl şəhərinin tələbatının isə 75 faizini ödəyəcək. Stansiyanın tikintisində 80 işçi çalışıb. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb, abadlıq işləri aparılıb və yaşıllıq zolaqları salınıb. Burada 20 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda elektroenergetika sahəsində mühüm uğurlar əldə edilib. “Azərenerji” ASC bu istiqamətdə işləri uğurla davam etdirir. Bu günədək 14 su elektrik stansiyası istifadəyə verilib. Hazırda isə ümumi gücü təqribən 15 MVt olan dörd stansiya inşa olunur.

Dövlətimizin başçısı “Çiçəkli” Su Elektrik Stansiyasını işə saldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında