Prezident İlham Əliyevin və Prezident Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü

Avqustun 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.

Dövlət başçıları görüşdə çıxış etdilər.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Hörmətli Qurbanqulu Məlikquluyeviç!

Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfəriniz Türkmənistan–Azərbaycan dostluq, qardaşlıq əlaqələrinin inkişafında çox mühüm addım olacaq.

Bizim xalqlarımızı tarix birləşdirir. Biz əsrlər boyu bir yerdə yaşamışıq, dostluq etmişik, qardaşlıq şəraitində yaşamışıq. Bu gün isə iki müstəqil dövlət kimi uğurla inkişaf edirik. Sizin səfəriniz bizim əlaqələrimizə yeni dinamika gətirəcək. Biz bir sıra sahələrdə çox uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq dərinləşəcək. Siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat və digər sahələrdə inkişaf və əməkdaşlıq üçün çox yaxşı imkanlar var.

Sizi bir daha səmimiyyətlə salamlayıram, “Xoş gəlmisiniz” deyirəm. Əminəm ki, səfəriniz çox uğurlu olacaq. 

* * *

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV dedi:

– Əziz qardaşım, icazə verin Azərbaycana səfərə dəvət olunduğumuza görə bizim bütün nümayəndə heyəti adından Sizə minnətdarlığımı bildirim.

Bu səfər böyük əhəmiyyət kəsb edir. Siyasətin ən mühüm postulatlarından biri  qonşularla yaxşı münasibətləri saxlamaqdır. Bu münasibətlər müxtəlif istiqamətlər üzrə çoxtərəfli əməkdaşlığın və qarşılıqlı fəaliyyətin necə reallaşdırılmasından asılıdır.

Müasir dövrdə Türkmənistan-Azərbaycan münasibətləri özünün yeni mərhələsini yaşayır, yeni məzmun kəsb edir. Bu, həm siyasətdə, həm iqtisadiyyatda, həm də mədəni-humanitar sahədə müşahidə olunur. Xüsusi qeyd etmək lazımdır ki, həm Türkmənistan, həm də Azərbaycan dünyada təhlükəsizlik, firavanlıq, sabitlik və inkişaf üçün hər şeyi edir. Bizim ölkələrimiz bu siyasəti həyata keçirmək üçün Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyət göstərir, bir-birini dəstəkləyirlər.

Biz Sizə minnətdarıq ki, Siz Türkmənistanın neytral statusa əsaslanan siyasətini həmişə dəstəkləyirsiniz. Ticari-iqtisadi münasibətlərə gəldikdə, bu gün həm Türkmənistan, həm də Azərbaycan energetika, nəqliyyat və digər sahələrdə iri layihələri reallaşdırmaqla nəinki regionda, həm də dünya miqyasında xüsusi yer tuturlar. Bu, təkcə iki ölkənin, yalnız regionun inkişafına töhfə verməklə məhdudlaşmır, ölkələrimizin reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir və dünyada da müəyyən rol oynayır.

Mədəni-humanitar sahəyə gəldikdə, Siz düzgün olaraq qeyd etdiniz ki, bizim dillərimizin, tariximizin, mənəvi dəyərlərimizin kökləri əsrlərin dərinliklərindən başlanır, onlar bir-birinə yaxın və oxşardır. Bütün bunları qoruyub saxlamaq və növbəti nəsillərə çatdırmaq mühüm məqamdır.

Əziz qardaşım, hörmətli cənab Prezident, mən Sizə dövləti fəaliyyətinizdə, Türkmənistan-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə, Azərbaycanın firavanlaşmasına yönəlmiş fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Fürsətdən istifadə edib, Sizi Aşqabadda keçiriləcək qapalı məkanlarda döyüş sənəti üzrə V Asiya Oyunlarının təntənəli açılış mərasimində iştiraka dəvət edirəm. Açılış sentyabrın 17-də olacaq. Sizi və Sizin nümayəndə heyətinin üzvlərini böyük ehtiramla dəvət edirəm.

Qardaş Azərbaycan xalqına inkişafda böyük uğurlar və firavanlıq arzu edirəm. Gözəl ölkənizə səfərə dəvət olunduğumuza görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında